• şənbə, 27 Aprel, 08:25
  • Baku Bakı 12°C

“Qlobal istiləşmə” termininin müəllifi öldü, problem isə...

20.02.19 10:00 2622
“Qlobal istiləşmə” termininin müəllifi öldü, problem isə...
Son dövrlər bütün dünyanı narahat edən problemlərdən biri də qlobal istiləşmədir. Xüsusilə də bəzi ölkələrdə müşahidə edilən qlobal istiləşmə diqqət mərkəzində saxlanılan məsələlərdəndir. İlk olaraq qlobal istiləşmə ilə bağlı bəzi nüansları qeyd edək. Qlobal istiləşmə XX və XXI əsrlərdə qurunun və dünya okeanının atmosferinin orta illik dərəcəsinin tədricən yüksəlməsidir. İqlimDəyişmələri üzrə Dövlətlərarası Ekspertlər Qrupunun (İDDEQ)2007-ci ildəki məruzəsinə görə, iqlim sisteminin istiləşməsi inkar olunmaz faktdır. Bunuhavavəokeanların artan temperaturları üzərində müşahidələrdən, qar vəbuzlaqların əriməsinin artmasından, okeanların orta səviyyəsinin qalxmasından görmək olar.Temperatur dəyişməsinin yüzillik trendi (1906-2005-ci illər) 0,76-ya bərabərdir. 1856-2005-ci illər dövründəki istiləşmə trendi 1906-2005-ci yüzillikdəkindən iki dəfə çoxdur.
Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. Buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəkləməsi, atmosfer havasının temperaturunun yüksəlməsi – bütün bunlar qlobal iqlim dəyişmələrinin əlamətləri hesab edilir. Son 150 il ərzində axırıncı 12 ilin 11 ili bütün dövrlərin ən isti illəri sayılır. Yer tarixində 20 dəfə rekord isti yay dövrü olmuşdur ki, bunlar da 1980-ci ildən indiki dövrə qədər təsadüf edir. Deqradasiyaya məruz qalmış, həyat qabiliyyətini itirmiş ölü zonalar getdikcə artır. Bu ekoloji fəlakətin bir səbəbi evtrofikasiya – dəniz sularında üzvi maddələrin (xüsusən azot və fosfor tərkibli) ifrat konsentrasiyası ilə bağlıdır. BMT-nin "Minilliyin astanasında ekosistemin qiymətləndirilməsi” mövzusundakı 2005-ci il hesabatında qeyd edilir ki, 1860-cı ildən 1990-cı ilədək dənizə atılmış azot birləşməli maddələrin miqdarı 80% artmışdır. Beləcə, bütün bunlar qlobal istiləşmələrin müşahidə olunması ilə nəticələnib.
Onu da qeyd edək ki, "qlobal istiləşmə” terminini ilk dəfə geoloq Uolles Smir Broker 1975-ci ildə "Sciene” jurnalındakı məqaləsində istifadə edib. Fevralın 18-də "qlobal istiləşmə” terminini elmə gətirən Uolles Broker 87 yaşında dünyasını dəyişib. Geoloq dünyasını dəyişsə də, onun "qlobal istiləşmə” termini öz aktuallığını saxlayır. Bu problemin hazırda hansı səviyyədə olduğunu, ilk dəfə işləndiyi vaxtdan bu günə qədər nə kimi dəyişikliyin olduğunu və bu problemin qarşısını almaq üçün hansı addımların atıla biləcəyini öyrənməyə çalışdıq.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Soltanovun fikrincə, istiləşmənin qarşısını almaq üçün ilk növbədə atmosferi çirkləndirən qazların miqdarı azaldılmalıdır: "Müasir dövrün ən böyük problemlərimdən biri də qlobal istiləşmədir. Vaxtı ilə dünya miqyasında əhalinin sayı az olduğu üçün atmosferdə gedən proseslər qlobal istiləşməyə təsir göstərmirdi. Amma hazırda əhalinin sürətlə artması və elmi texnikanın inkişafı nəticəsində atmosferə buraxılan qazların miqdarı çoxalıb. Aramid effekti yarandığı üçün də qlobal istiləşməyə təsir edir. Günümüzdə bu proses qlobal xarakter aldığı üçün Birləşmiş Millətlər Təşkilatı və bu kimi beynəlxalq digər təşkilatlar atmosferə buraxılan zəhərli qazları azaltmaq məqsədi ilə müəyyən tədbirlərin həyata keçirilməsi üçün konvensiyalar qəbul ediblər. Amma çox təəssüflər olsun ki, bəzi ölkələr həmin konvensiyanın müddəalarına əməl etmir. Əgər ABŞ və inkişaf etmiş digər kapitalist ölkələri atmosferin çirklənməsinin qarşısını almaq üçün ərazilərindəki bəzi sənaye obyektlərinin bağlamalı və ya müasir texnologiyalardan istifadə etməklə qlobal istiləşmənin qarşısını almalıdırlar. İstiləşmənin qarşısını almaq üçün ilk növbədə atmosferi çirkləndirən qazların miqdarı azaldılmalıdır. Bu istiqamətdə görülən tədbirlər az effekt verdiyi üçün qlobal istiləşmə hazırda ən böyük problemlərdən birinə çevrilib. Alimlərin fikrincə, dünya miqyasında bir azdan soyuqlaşma prosesi başlayacaq. Yəni iqlim dəyişiklikləri ilə əlaqədar olaraq təxminən 15-20 il sonra soyuqlaşma müşahidə edilə bilər”.
AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, iqlimşünas Məhərrəm Həsənov deyir ki, iqlim dəyişmələri hazırda bütün dünyada müşahidə edilən bir problemdir: "Qlobal istiləşmə 1961-1990-cı illərin materiallarını Ümumdünya Meteorologiya Təşkilatı norma kimi qəbul edib. 1991-ci ildən bu günə kimi temperaturun yüksəlməsi müşahidə edilir. Ümumilikdə götürüləndə isə son 50 il ərzində yer kürəsinin orta temperaturu təqribən 1 dərəcəyə qədər yüksəlib. Qeyd edilən dərəcə az deyil. Qlobal istiləşmə nəticəsində dünyada olan buzlaqlar əriyər, dünya okeanının səviyyəsi yüksələr və bunun nəticəsində okean sahildə yerləşən ərazilər su altında qala bilər. Digər tərəfdən temperaturun belə yüksəlməsi gələcəkdə quraqlığın artması ilə ərzaq probleminin yaranmasına səbəb olar. Həmçinin su ehtiyatlarının azalması da problemlər yaradar. İstiləşmənin əsas səbəbi isə indiki dövrdə antropogen amillərdir. Bu antropogen amillərin əsasını atmosferə atılan karbon qazının miqdarının artması təşkil edir. Məhz karbon qazının artması ilə atmosferdə istixana effekti deyilən bir şərait yaranır ki, bu da yer kürəsində temperaturun qalxmasına təsir edər. Bu da bir sıra problemlərin baş verməsinə səbəb ola bilər. 2015-ci ilin dekabr ayında Parisdə bir sıra dövlət rəhbərlərinin iştirakı ilə sammit keçirildi və orada bir daha təsdiq edildi ki, son 50 il müddətində yer kürəsinin orta temperaturu yüksəlib. Yəni qlobal istiləşmə davam etməkdədir. Buna təbii fəlakət kimi baxmaq lazım deyil. Bəzi ölkələr öhdəlik götürüblər ki, atmosferə atılan karbon qazı 1992-ci il səviyyəsinə endirilsin və həmin səviyyədə saxlanılsın. Bunun üçün də ilk növbədə müəyyən sənaye müəssisələrində təmizləyici qurğular qurulmalıdır. Həmçinin avtomobillərdən havaya buraxılan zərərli qazları azaltmaq üçün hibrid maşınların istehsalı artmalıdır ki, yanacaqdan az istifadə edilsin”.
Günel Azadə
banner

Oxşar Xəbərlər