• şənbə, 20 Aprel, 13:40
  • Baku Bakı 23°C

Qlifosat böcəklərdə simbiotik bakteriyaları məhv edir

12.05.21 19:30 823
Qlifosat böcəklərdə simbiotik bakteriyaları məhv edir
Taxıl böcəyi bakteriyalarla simbiotik assosiasiyada yaşayır. Həmin bakteriyalar həşəratı qoruyan ekzoskeletin yaranmasında "tikinti blokları” rolunu oynayır.
AZƏRTAC"Max Planck Society” saytına istinadla xəbər verir ki, İohan Qutenberq Universitetindən (Mayns), Maks Plank Kimyəvi Ekologiya İnstitutundan (Yena) və Yaponiya Qabaqcıl Sənaye Elmləri və Texnologiyalar Milli İnstitutundan bir qrup alimin apardığı tədqiqata görə, qlifosat taxıl böcəyindəki simbiotik bakteriyaların fəaliyyətinə mane olur. Bu maddənin təsirinə məruz qalan böcək bakteriyalardan zəruri "tikinti materialını” ala bilmir. Qlifosat bakteriyalara təsir etməklə yanaşı, dolayı yolla həşəratlara zərər verə bilər, onların azalmasına səbəb olar. Tədqiqatın nəticələri "Communications Biology” nəşrində dərc edilib.
Araşdırmalar göstərir ki, simbiont mikrobdan asılı vəziyyətə düşən sahib-həşərat bəzən ondan ayrı halda sağ qalmır.
Qlifosat kənd təsərrüfatında geniş istifadə edilən pestisidlərdən biridir. O, bitki və mikroorqanizmlərin çoxunda baş verən şikimat yolun – metabolik yolun qarşısını almaqla bitkilərin böyüməsini selektiv şəkildə dayandırır. Digər tərəfdən, heyvanlar şikimat yolunu kodlaşdırmır və buna görə də qlifosatın onlara ziyan vurmadığı hesab edilir. Lakin heyvanlar onlara lazım olan aminturşuları yaratmaq üçün simbiotik mikroblarla mutualistik əlaqədə olur. Bu halda qlifosatın onlara həmin bakteriya vasitəsilə təsir etməsi aydındır. O da məlumdur ki, qlifosat bal arısının bağırsağındakı mikroorqanizmlərə mənfi təsir göstərir və bu həşəratları müxtəlif stres amillərinə qarşı həssas edir.
Alimlər bildirirlər ki, qlifosat taxıl yeyən böcəyin mutualistik bakteriyalarına mənfi təsir göstərir və bunun nəticəsində həşəratı qoruyan kutikulanın yaranması prosesi baş vermir.
Tədqiqatçılar simbiontun böcəklə bağlı genomunu sekvenləyiblər. Həmin genom şikimat yolu ilə aromatik aminturşuları sintez edən xüsusiyyətləri daşıyır. Maraqlıdır ki, bu genom xurma böcəyindəki bakteriyaların genomunu xatırladır. İki müxtəlif bakteriya tipində və bir-birinə uzaq olan böcək ailələrində aşkar edilmiş ekvivalent simbiotik münasibətlər böcəklərdə kutikulanı yaradan simbiozların vacibliyini göstərir.
Alimlər böcəklərin rasionuna aromatik aminturşu əlavə etməklə onların simbionlarının aradan qaldırılmasını kompensasiya ediblər. Qlifosata məruz qalma böcəyin bütün inkişafı müddətində simbiotik bakteriyaların yaranmasına mane olub və kutikulanın sintezini tam aradan qaldırıb.
Tədqiqatçılar, həmçinin qlifosatın bakteriyalardan asılı olan həşəratlar üçün ümumi təhlükə törədib-törətmədiyi barədə düşünüblər. Onlar filogenetik analiz vasitəsilə bakteriyaların qlifosata həssas ferment kodlaşdırdığını müəyyən ediblər. Bu həssaslıq isə sahib-həşərat üçün "Axilles” dabanıdır.
banner

Oxşar Xəbərlər