• çərşənbə, 17 Aprel, 03:09
  • Baku Bakı 14°C

Qiymətli tədqiqat əsəri

04.05.19 10:30 671
Qiymətli tədqiqat əsəri
AMEA-nın Gəncə bölməsinin "Elm” nəşriyyatında AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov, dosent, biologiya üzrə fəlsəfə doktoru Yeganə Aslanova, biologiya üzrə fəlsəfə doktoru Ramidə Quliyevanın "Kiçik Qafqazın qaya və töküntü bitkiliyi və senopopulyasiyalarının dinamikası” adlı monoqrafiyası çapdan çıxmışdır. Monoqrafiya, müəlliflərin çoxillik tədqiqatları əsasında respublikada bu istiqamətdə hazırlanmış ilk tədqiqat əsəridir.

Problemin indiyə qədər həll olunmamasının əsas səbəbi qaya və töküntülərin rast gəlindiyi yerlərin il boyu əlçatmaz olmasıdır. Başqa ərazilərdə olduğu kimi, Kiçik Qafqazın yüksək dağlığının qaya və töküntüləri "ağ ləkə” kimi qalmışdır. Bu problemin həlli sitogenezin qanunauyğunluqlarını dərk etmək, nadir, endemik və relikt növləri aşkar etmək və ekologiyasını öyrənməklə, son nəticədə səmərəli istifadə etmək yollarını müəyyən etməkdən ibarətdir
Qaya və töküntü bitkiliyinin arasında yüksək keyfiyyətli yem bitkilərinə rast gəlinir ki, onların toxumlarından yüksək dağ çəmənlərinin bərpası üçün istifadə oluna bilər. Yem bitkilərindən əlavə, qaya və töküntülərdə dekorativ, qayabərkidici və başqa qrup qiymətli bitkilər yayılır ki, onlardan seleksiya işlərində başlanğıc material kimi istifadə etmək olar. Qaya və töküntülər qeyri-əlverişli iqlim şəraitində özünə sığınacaq tapmış bitkilər üçün təbii rezervatorlardır. Qaya və töküntülərdə özünəməxsus edafik və mikroiqlim şəraiti keçmiş, geoloji dövrlərin xüsusiyyətlərini özündə əks etdirən çoxlu növlər mövcuddur.
Ətraf mühitə antropogen təsir yükünün gücləndiyi indiki şə­raitdə müasir botanikanın əsas problemlərindən biri də bioloji müxtəlifliyin qorun­ma­­sını, səmə­rə­li istifadəsini təmin etmək üçün növün senopopulyasiya səviyyə­sin­də öy­rənilməsi və dərk edilməsidir. Senopopulyasiya nö­vün təbiətdə mövcud­luğu­nun real formasıdır. O, mürəkkəb tərkibi və spesifik funksiyası ilə xarakterizə olunur. Senopopulyasiyanı tədqiq etmədən, bioloji müxtəlifliyin qorunmasını təmin etmək mümkün deyil. Növün biologiyası və strukturu haqqında anlayışlar senopopulya­siya­nın proqnozunun əsasını təşkil edir. Populyasiya səviyyəsində növün öyrənilməsi abiotik, biotik və antropogen amil­lərə növün reaksiyasını aydınlaşdırmağa imkan verir. Bitkinin strategiyasını dərk etmək üçün ona kompleks yanaşılmalıdır. Monoqrafiyada göstərilən məsələlərin elmi-praktiki həlli yolları şərh olunmuşdur.
Monoqrafiya biologiya, coğrafiya, geologiya, ekologiya istiqamətli elmi-tədqiqat müəssisələri, ali məktəblər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Vaqif Tanrıverdiyev






banner

Oxşar Xəbərlər