Qışı yayından gözəl Gürcüstan - Fotolar
Gürcüstanı Qara dənizi, Batumisi, Borjomisi,
Kabuletisi ilə məşhur bir ölkə olaraq tanıyırıq. Hər il yay aylarında istirahət
üçün əsasən qonşu ölkənin bu bölgələrinə üz tuturuq. Amma qonşu ölkənin həm də
gözəl və sərfəli qış turizmi imkanları var.
Ötən həftə Gürcüstanın İqtisadiyyat və Davamlı
İnkişaf Nazirliyinin Beynəlxalq Turizm Təşviqi İdarəsinin təşkilatçılığı ilə Gürcüstanın
qış turizmi ilə yaxından tanış olduq. Bir qrup azərbaycanlı jurnalistin iştirak
etdiyi tur zamanı aydın oldu ki, Güctüstanı gəzməklə, görməklə bitmir. Gəzdikcə
insanlarının xoş rəftarını, zəngin mətbəxini, tarixi abidələrini, istirahət
üçün ucqar bölgələrində belə yaradılan şəraiti gördükdə, bu ölkəyə daha çox bağlanırsan.
Səfərimiz Tbilisi beynəlxalq hava limanından başladı.
Oradan 5 saatlıq yolla Kutaisiyə çatdıq. Kutaisidə müəyyən yerləri gəzdikdən
sonra qış turizmi üçün daha çox turist cəlb edən Mestiaya yollandıq. Mestiada
gördüklərimiz bizi əmin etdi ki, bir ölkənin mədəniyyətini və istirahət
məkanlarını araşdırmaq üçün onun daxilinə girmək və ucqar bölgələrini gəzmək
əsas şərtlərdən biridir. Mestia da məhz belə diyarlardandır.
Tarixi diyarın qoynunda qış turizmi
Mestia Qafqaz dağlarında, 1500 metr yüksəklikdə
yerləşir. Svaneti bölgəsində yer alan Mestia çox möhtəşəm qış mənzərəsinə
malikdir. Qonağı olduğumuz ərazidə etnik svanlar yaşayır ki, onların özlərinə
məxsus mədəniyyəti və dilləri var. Svanlar 1000 illik mədəniyyətlərini qorumağa
davam edirlər.
Burada keçmişdən qalan orta boylu, möhtəşəm
görünüşlü tarixi Svan qüllələri yerləşir. Bələdçinin dediyinə görə, bu qüllələr
XIII yüzilliyə məxsusdur. Həmin qüllələrin tarixi orta çağ dövrünə qədər gedib
çıxır. Həmin illər bu qalalar döyüş zamanı müdafiə və soyğunçulardan qorunmaq
məqsədi ilə tikilibmiş. 25 metr hündürlüyü, 4 və 7 mərtəbəsi olan bu qüllələr
daşdan inşa edilib. Onun yuxarı hissəsi isə əsas gövdədən bir az enlidir. Beləcə,
düşmənlərin üst tərəfdən hücum etməsinin qarşısı alınıb. Hətta deyilənlərə görə,
bu bölgədə qan davası çox yayılıb. Və insanlar öz davalarından qorunmaq üçün bu
qüllələrə sığınıb. Savaş bitdikdən sonra insanlar qüllələri tərk edib. Sonralar
bu qüllələr tövlə və heyvanlara yem saxlamaq üçün anbar kimi istifadə edilib.
Bəziləri isə hələ də boşdur.
Bu qüllələri görmək üçün dünyanın müxtəlif
yerlərindən turistlər buraya axın edir. Mestiaya qonaq olduğumuz gün aramsız
qar yağmağa başladı. Hər tərəfi bürümüş qalın örtüklü qar Mestiaya ayrı bir
ab-hava bəxş edirdi. Məhz qarın çox yağması səbəbindən qüllələrin üzərinə
çıxaraq şəhəri yüksəklikdən izləmək şansımız olmadı. Mestia böyük dağların
arasında olduğu üçün bura çox soyuq idi. Burada tikilən kiçik hostellər,
otellər turistlə dolu idi. İnsanlar buraya daha çox xizək sürmək və kanata
minmək üçün gəlirlər.
Yaxınlıqdakı Hatsvali kəndində yeni istifadəyə
verilmiş xizək mərkəzi fəaliyyət göstərir. Mestianın mərkəzindən Hatsvaliya qədər
asfalt yol çəkilib. Bu qış turizmi mərkəzi Svaneti bölgəsində yerləşən yeni
xizək mərkəzlərindən biridir. Yayda bura sıx meşələr və tarixi abidələrə görə
gələn turistlər, qışda da xizək turizmindən bəhrələnə bilərlər. Orada olduğumuz
gün daha çox yerli vətəndaşların burada xizək sürdükləri və kanatdan istifadə
etdiklərinin şahidi olduq. Şam ağaclarının üzərindəki bəyaz qar ümumi mənzərəni
daha da gözəlləşdirirdi. İkitərəfli kanatın olduğu bu məkanda restoranlar,
otellər də fəaliyyət göstərir.
Bir sözlə, Hatsvalinin möhtəşəm təbiəti və şam
ağacları bu turizm obyektini daha da maraqlı edir, turistləri özünə cəlb edir. Burada
böyüklərlə bərabər, uşaqlar da əylənir, xizək sürür və kanat vasitəsi ilə
sıldırım qayaları görmək imkanı əldə edirlər.
Gürcüstanın digər bir qış turizm məkanı isə
Uşqulidir. Uşquli Avropanın ən yüksək dağlıq ərazisidir. Svanetinin
şərqində, 2,200 metr hündürlükdə yerləşir. İnguri çayının mənbəyində, Şıxara
dağının ətəyində (5068 metr) qərar tutub. Mestia rayon mərkəzindən - əsas yol
boyunca şərqdən təxminən 33 km
məsafədədir. Uşquli dörd kənddən - başı qarlı dağları ilə insanları valeh edən Zhibiani,
Chvibiani, Chazhashi və Murkmelidən ibarətdir.
İki ildir istifadəyə verilən Qoderdzi Passı görənə
qədər elə hesab edirdik ki, Hatsvali qış turizm komleksi Gürcüstanın ən gözəl
və ən müasir texnologiyalarla hazırlanmış qış turizm kompleksidi, Uşquli isə ölkənin
ən hündür dağlıq ərazisi...
Mestiadan 4 saat yol qət edərək Batumiyə, oradan da
4 saata Goderdzi qış turizm komplesinə üz tutduq. Əvvəllər dağ yürüşçülərinin
üz tutduğu bu ərazi hazırda dinamik şəkildə inkişaf etdirilərək müasir xizək
kurortuna çevrilib.
Bəyaz səhra və soyuq Qoderdzi
Qoderdzi Acariyanın ən yüksək nöqtəsidir və
nisbətən dənizə yaxın olması səbəbiylə bura tez-tez yağış yağdığını deyirlər. Qoderdzi
Pass Gürcüstanda görüləcək qış istirahət mərkəzlərinin yəqin ki, ən birincisidir.
Yeni xizək mərkəzi ölkənin qərb bölgəsindəki Acara şəhərində, Qoderdzi Pass-da,
dəniz səviyyəsindən 2366 metr yüksəklikdə, Qara dəniz sahilindən 100 kilometr
uzaqlıqda nadir bir iqlim zonasında yerləşir.
Qoderdzi qış turizm mərkəzi olaraq Hatsvalidən çox
fərqlənir. Əvvəla ona görə ki, bura sıx meşələrlə örtülməyib. Qoderdzidə
səhraya bənzəyən qar örtüyü mövcuddur. Burada müasir, bağlı kabinəli kanatlar
fəaliyyət göstərir, xizək sürmək üçün uzun, ucu-bucağı görünməyən ərazi
ayrılıb. Bu da onu Gürcüstanda yerləşən digər qış turizm bölgələrindən
fərqləndirir. Burada xizək sürən polislər də fəaliyyət göstərir ki, onlar xarici
turistlərin və bu turizm kompleksinə üz tutan yerli vətəndaşların təhlükəsizliyini
təmin edirlər. Bu ərazidəki kanatlarda turistlərin təhlükəsizliyi üçün nəinki
polislər, eyni zamanda tibb xidməti də fəaliyyət göstərir.
İkinci kanat yüksəkliyə doğru qalxdıqca hava daha
da soyuyur. Yüksəklikdə kanatdan endikdə isə, sanki ucsuz-bucaqsız bir qar
səhrasına düşürsünüz. Külək Günəşin şüasından parıldayan qar dənələrini havaya
sovurur, əllərində xizək çubuqları olan uşaqlar ətrafımızda qaçışırlar.
Burada qiymətlər də çox münasibdir. Belə ki, əgər
gün ərzində bütün kanat yollarından istifadə edəcəksinizsə, 25 larinizdən (təxminən
16 manat) keçməli olacaqsınız. Bura həftə içi saat 10:00-dan 16:00-a qədər
fəaliyyət göstərir. Həftə sonları isə 10:00-dan 17:00-a qədər açıqdır.
Tetnuldi - xizəkçilərin
məkanı
Gürcüstanda yeni xizək kurortlarından biri də Tetnuldidir.
Qafqaz dağlarının əsas zirvələrindən biri olan Mount Tetnuldi (Mavi Dağ)
Gürcüstanın ən maraqlı yeridir. Bura Mestia kəndindən 20 km məsafədə yerləşən Upper
Svaneti ərazisində yerləşir. Onun hündürlüyü 4869 metrdir. Bura xizək sürmək
üçün ən ideal məkan kimi qiymətləndirilir.
Bələdçi deyir ki, Gürcüstan əfsanələr diyarıdır.
Tetnuldi dağının tez-tez qalın sis, dumanla örtülməsi ilə bağlı buranın insanları
əfsanələr danışır. Deyilənlərə görə, Tetnuldi çox utancaqdır və daim ondan
sonra görünən ikinci dağ zirvəsi Uşbadan gizlənir. Sis, duman Tetnuldinin üzünü
Uşbadan gizlədirən örtükdür. Biz də bələdçinin söylədiyi hekayələri dinləyərək,
başı qarlı həmin dağları seyr edirik. Gözəl təbiət mənzərələrindən doymaq
mümkün olmasa da, buradan ayrılmaq məcburiyyətindəyik.
Qış ab-havasından çıxmamış, yenidən Batumiyə geri
dönürük. Gecə görünüşü ilə bizi özünə valeh edən Batumiyə.
Ardı var...
Xəyalə Rəis