• cümə axşamı, 18 aprel, 16:26
  • Baku Bakı 22°C

Qışda tənhalaşan uzaq, mavi ada...

08.08.19 11:22 15074
Qışda tənhalaşan uzaq, mavi ada...
Çeşmədən hər günYunanıstanın Xios, Samos və Koc adalarına sərnişin gəmiləri yola düşür. Səhər 9.00-da sərhəd-gömrük xidməti qarşısında növbədə durub müxtəlif şirkətlərin gəmiləri ilə təxminən bir saata yaxın müddətdə Xiosa - türklərin "Sakız”, yunanların "Hora” adlandırdığı adaya çatmaq olur. Adaya çatınca, yunanların sərhəd-gömrük məntəqəsində uzun-uzadı növbə gözləmək lazım gəlir. Ta o vaxta qədər ki, dəniz limanından çıxıb mərkəzə doğru irəliləyərək fərqli bir mədəniyyət, dil və tarixlə üz-üzə qalasan...
Beşinci böyük ada
Adanın tarixçəsi ilə tanış olmaq üçün elə limanda broşurlar sərgilənib. Bu tarix neolit dövrünə qədər uzanmaqdadır. Tapıntılar o dönəmdə iqtisadi və mədəni həyatın olduğuna işarət edir. Ada müxtəlif dövrlərdə ionların 12 şəhər dövlətindən biri olmuş, antik dönəmin önəmli ticarət mərkəzlərinə çevrilmişdir. Böyük İsgəndərin hakimiyyəti ilə adada dəyişikliklər yaşanıb. Hökmdar göndərdiyi məktubla adanın demokratik düzəninin qorunmasını tələb edib. Bu məktub hazırda Xios adasının Arxeoloji muzeyində sərgilənir. Sonralar farsların, ərəblərin hücumlarına tuş gələn adada həmçinin, romalılar min il hökmdarlıq ediblər. O dövrdə şəhərdə bir çox tarixi binalar tikilib.
Xios adası böyüklüyünə görə Yunanıstanın beşinci adasıdır. Memarlıq abidələri ilə seçilən xüsusi özəlliyə məxsusdur. Adanın orta əsrlər dövrünə aid 64 kəndi, daş evləri, məşhur saqqız ağaclarına malik kəndləri var.
Xios adası olduqca zəngin və köklü bir keçmişə sahibdir. Elə təkcə Troya müharibəsindən bəhs edən "Homer və İliada” əsərinin müəllifi Homerin doğulduğu yer kimi məşhur olması bunu təsdiqləyir.

1566-1912-ci illərdə adada Osmanlı hakimiyyəti hökm sürüb. 1912-ci ildə Xios adası müstəqilliyinə qovuşaraq Yunanıstana bağlanıb.
Adaya dəniz və hava yolu ilə gəlmək mümkündür. Xiosun hava limanı Avropanın ən kiçik hava limanlarından biridir. Bu limandan Afinaya və Salonikiyə hər gün 35 dəqiqəyə qədər sürən səfərlər həyata keçirilir. Gəmilərlə isə digər adalara getmək mümkündür.
Adalılar ingiliscə yaxşı bilmirlər. Ancaq 400 ilə yaxın davam edən Osmanlı hökmranlığı bu gün də yunanların və türklərin dil və mətbəxlərində bir-birilərini anlamasına yardımçı olur.

Osmanlı izləri

Limandan uzanan yol, əsrlərdir ticarət mərkəzi kimi özəlliyini qoruyub saxlayır. Bizans dönəmində ticarət meydanı kimi tanınan yol, Osmanlı dövründə əsgərlərin təhsil aldığı bölgə olması səbəbindən "Qılınc meydanı” adlandırılıb.
Adada minə yaxın kilsə və monastır var. Osmanlı dövründə tikilən üç məscid isə ibadətə açıq deyil. Dörd yüz ilə yaxın hökmranlıqları dövründə təbii ki, osmanlıların adada qurub yaratdıqları memarlıq abidələri az deyil. Sultan Əbdül Məcid zamanında inşa edilən «Məcidiyyə camisi», «Əbdül Həmid çeşməsi», 1768-ci ildə Mehmet Melek Paşa tərəfindən inşa edilən «Melek Paşa çeşməsi», «Osmaniyyə camisi», «Bayraqlı cami», «Osmanlı məzarlığı», «Osmanlı hamamı» və s. abidələr Osmanlı hökmranlığı dövründən yadigar qalıb.
Xios adası muzeylərlə zəngindir. Koparis kitabxanası, Damla Saqqız Muzeyi, Sitrus Muzeyi, Arxeoloji Muzey, Bizans Muzeyi, Dənizçilik və Folklor muzeyləri turistlərin çox ziyarət etdikləri yerlərdir. UNESCO tərəfindən Dünya Mədəniyyət Mirası elan edilərək qorunan "Nea Moni” monastırını adaya gələnlər həvəslə ziyarət edirlər.
Daskalopetra da adanın tarixi məkanlarındandır. "Öyrətmən daşı” anlamını verən yer, adanın ən qədim yadigarlarından biridir. Adanı ziyarət edən hər kəs bu əraziyə mütləq baş çəkərək daşın üzərində oturur. Çünki vaxtilə burada böyük Homerin öz tələbələrinə dərs keçdiyi ehtimal edilir. Ada xalqı bu rəvayətə çox inanır.
Turistləri Xios adasına cəlb edən həmçinin mavi, təmiz suların yuduğu çimərliklərdir. Adanın bir-birindən fərqli gözəlliklərə malik 97 çimərliyi var. Bəzisi vulkanik daşları, bəzisi qızıl qumları ilə tanınır.
Ada sahilindəki tavernalarda çeşidli balıq yeməkləri ( 8 avrodan başlayan qiymətlər), salatlar və s. təklif edilir. Burada həmçinin, yunan salatının (5-6 avro), milli supun (5 -6 avro), məzələr 5-6 avro), pivə (3-4), kofe (2-4), pizzanın (6-8 avro) və s. dadına baxmaq olur. Hətta restoranlarda kiloqramı 50 avro olan balıqlar da təklif olunur. Suyu isə çox vaxt süfrəyə pulsuz gətirirlər. Yerli əhali axşam yeməyinə adətən 21.00- 22.00-dan sonra başlayır. Xoşagələn adətlərdən biri də qarsonun, yemək qurtarmadan süfrəyə yaxınlaşmamasıdır. Bunu müştəriyə qarşı nəzakətsiz davranma hesab edirlər.
Həftənin bəlli günləri var ki, mağazalar, super marketlər işləmir. Qanunsuz işləyənlər cərimə oluna bilərlər. Ona görə, adalılar öz bazarlıq ehtiyatlarını qabaqcadan görürlər.

Saqqız ağaclı kəndlər

Xios adasında fəaliyyət göstərən turizm agentlikləri adanın kəndlərinə hər gün turlar təşkil edir. 20 avro ödəməklə bələdçinin müşayiəti ilə bir neçə tarixi kəndə səfər etmək mümkündür. «Turyol» şirkətinin təşkil etdiyi belə səfər isə bizim üçün unudulmaz təəssüratlarla yadda qaldı.
Qeyd edim ki, Saqqız Adası kəndlərinin yalnız 24-ü Damla Saqqız ağacları ilə zəngindir. Adanı 10 bölgəyə ayırırlar. Ən çox tanınan bölgəsi saqqız kəndlərini birləşdirən Mastika-Horiya bölgəsidir.
Damla saqqızının çox qiymətli olduğu zamanlardan bəri qoruma altında olan bu kəndlərin hər biri açıq hava altında muzey kimidir. Kambos, Mesta, Pirgi və Olimpi kimi kəndlər ziyarətçilərinə ən xoş hisləri yaşadır. Qala şəklində inşa edilən bu kəndlər Avropada örnəyi olmayan özəlliklər daşıyır.
Bələdçi məlumat verir ki, bu gün 55 min əhalisi olan adanın yaşayış qaynağı dənizçilik, damla saqqızı ticarəti, əkinçilik və turizmdir. Xios adasının özü də iki kiçik adadan ibarətdir. 30 min insan mərkəzdə, qalanları isə kəndlərdə yaşayır.
Adada elektrik xidməti çox bahadır. Qış vaxtı hər ailə elektrikə görə, minimum 100 avro ödəyir. Limanda 1000 avroya yaxın icarə haqqı ödəyən kafe sahibi bir o qədər də elektrik pulu ödəyir.
Mikonas və Samos adalarında şirin su mənbələri olmadığı üçün su ilə bağlı müəyyən problemlər olsa da, Xios adasında su sarıdan problem yoxdur. Xüsusən kəndlərdə su qaynağı vardır ki, sakinlər içmək üçün həmin sulardan istifadə edirlər.
Kəndlərə doğru yolumuzda ziyarətçiləri ilk qəbul edən Kambos kəndidir ki, 700 illik tarixə malik yaşayış evləri, naringi bağçaları ilə zəngindir. Kənd həm Yunanıstan, həm də Avropa üçün böyük önəm daşıyır. Belə ki, Avropaya naringi ixrac edən təsərrüfatlara malikdir.
Kənddə evlər 2 və ya 3 mərtəbəli inşa edilib. Yol və körpülər ağacların kölgəsi, çiçəklərin qoxusu ilə əhatələnib. Gözəl dizaynlı evlər ABŞ-da və İngiltərədə yaşayan yunanlara məxsusdur ki, onlar yay tətillərini adada keçirməyi xoşlayırlar. «10 ildir ki, Yunanıstanda iqtisadi böhran yaşanır. Təbii ki, bu böhran ölkə üçün problemlər yaradıb”- deyə türk bələdçimiz Gülseren məlumat verir: "Gənclərin 55 faizi işsizdir. Odur ki, onların çoxu Amerikaya üz tutur. Orada yunan lobbisi güclüdür. Həmçinin, yunan gənclərinin ABŞ-da oturum və iş izni alması o qədər də çətin deyil. Maaşlar yarıbayarı azalıb. Məsələn, vaxtilə 1800 avro əməkhaqqı alan gənc, indi 800 avro civarında pul alır. Bir müəllimin maaşı təxminən 600 avro civarındadır. Ev kirayələri 300 avrodan başlayır. 2011-ci ildən bəri Yunanıstanda 20 min insan intihar edib. Bununla mübarizə apara bilməyən ölkə yollar axtarır. İnsanlar düşünürlər ki, 30 il bundan sonra da vəziyyət düzəlməyəcək”. Bələdçinin sözlərinə görə, Xios adasının yunan adaları içərisində iqtisadi baxımdan dövlətdən asılı olmayan iqtisadiyyatı var ki, bunun da əsasını dənizçilik təşkil edir: "Bu adada istisnasız, hər ailədə dənizçi var. Adada balıqçılıqla məşğul olan şirkətlər fəaliyyət göstərir. Məlumatlara görə, onların illik gəliri 200 milyon avro təşkil edir. Bu, çox ciddi gəlir qaynağıdır. Digər tərəfdən, adanın saqqız ağaclarından böyük gəliri var. İşlənə bilən keyfiyyətli saqqız adanın cənubunda yetişir. Hərçənd, saqqız ağacı bütün Aralıq dənizi boyunca var. Ancaq o ağaclardan saqqız toplanmır və heç bir qiyməti yoxdur. Bu adaya ona görə Saqqız adası deyilir ki, məhsul işlənə bilir və ölkəyə gəlir qazandırır. Məhsulun ən böyük alıcısı ABŞ və Yaponiyadır ki, dərman sənayesində istifadə edirlər. Avropa ölkələri kosmetika istehsalında, ərəb ölkələri isə mətbəxlərində istifadə etmək üçün məhsulu alırlar”.
Səfər etdiyimiz Mesta kəndi də ən çox qorunan kəndlərdəndir. Kənardan baxanda qalanı xatırladan kənd, dar küçələri ilə bir labirinti xatırladır. Kənddəki "Taksiarhis” kilsəsi XVIII əsrdə inşa edilib. Yunanıstanın ən böyük kilsələrindən biri olmaqla, dünyanın hər yerindən turistləri cəlb edir. Mesta, damla saqqız ağacları ilə məşhur kənddir. Kənddə cəmi 250 nəfər yaşayır ki, onlar da əsasən yaşlılardır.
Pirgi kəndi isə adanın ən böyük kəndidir. Ölkənin iqtisadi böhran keçirdiyi dövrə qədər 2000 insanın yaşadığı kənddə hazırda 500 yaşlı insan qalıb. Kəndin ağ-qara divarlı süslənmiş evləri var. Bu bənzərsizlik kəndə turistlərin axınını çoxaldır. Kənd meydanında yerləşən 13-cü və 17-ci əsrə aid kilsələri turistlər maraqla seyr edirlər. Pirgi həmçinin, böyük səyyah Xristofer Kolumbun yaşadığı evlə də tanınır. Kənddəki evlərin balkonlarının divarlarından ipə keçirilərək asılan pomidor, badımcan, bibərlər turistlərdə bu kəndin adət-ənənəsi haqqında suallar yaradır. Bələdçi deyir ki, bu tərəvəzlər yay boyunca quruyur və qışda istifadə olunur. Buralarda rütubət olmadığı üçün çürümür. Evlərin qapılarının üzərində açarlar görünür. Tənha insanlar qapılarını açıq qoyurlar ki, qonşular, yaxın insanlar onları axtarsınlar. Bu kənddə hamı bir-biri ilə qohum və tanış olduğundan, etibarlılıq yüksək səviyyədədir.
Digər bir adətləri isə yaslanınca, qara geyinmələridir. Hətta gənclər də yaslı olduqlarını göstərmək üçün qara rəngli qısa ətəkdə gəzirlər. Bəziləri isə ümumən, qara paltarı əyinlərindən çıxarmamaqla «dünyəvi işlərdən əlimi çəkdim» və ya «təkrar evlənməyi düşünmürəm» demək istəyirlər. Kişilər isə yaslı olduqlarını göstərmək üçün qollarına qara ip bağlayırlar.
Adada kişilərin orta ömrü 78, qadınlarınkı 83-dür. Buradakı insanlar mehriban və nəzakətlidir. Səhərlər dənizin dalğalarının və kilsənin zənginə yuxudan oyanan adalıların ən yaşlıları belə, dənizdə məharətlə üzür, gününü balıq tutmaqla və ya kafelərdə domino oynamaqla keçirirlər. Gedəcəyimiz ünvanı soruşduğumuz qadın baqajımızı maşınına alaraq bizi nəinki ünvana çatdırdı, hətta telefon nömrəsini verərək "kömək lazım olsa, zəng edin” dedi. Yollarda tanıdı-tanımadı, hamı "sabahınız xeyir” deyib üzünə gülümsəyir və ya avtomobildən salamlaşırlar. "Yayda adaya çoxlu turistlər gəlir. Qışda isə biz tənha oluruq” deyə qaldığımız evin sahibi Mariya dedi: "Adaya həmişə qonaq gəlin. Onda biz sevinirik”.
Uzaq, mavi ada qonaqlarını belə mehribanlıqla qarşılayır və yola salır...

Təranə Məhərrəmova
Çeşmə-Xios-Bakı















banner

Oxşar Xəbərlər