“Qış Parkı”nın vaxtsız “qışı” - REPORTAJ + FOTOLAR
Biganəlik
o yerə çatıb ki, yeraltı keçidlərdə işıqlandırma sistemlərinin sıradan
çıxmasından, sındırılıb dağıdılmasından, qaranlıq guşələrə çevrilməsindən
istifadə edən "bomjlar” buraları özlərinin yataq yerinə çeviriblər
Bakının
Füzuli və Mirzağa Əliyev küçələri arasında inşa edilən yeraltı avtomobil
dayanacağı, yerüstü park, bağ, fəvvarələr kompleksi 2013-cü ildə istifadəyə
verilib. Hamımızın "Qış parkı” kimi tanıdığımız bu kompleks şəhərimizin simasının
daha da yenilənməsi, paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.
Baxımsızlıq və səhlənkarlıq
Təəssüf doğuran haldır ki, şəhərin mərkəzində yerləşən
belə gözəl, müasir park kompleksi baxımsızlıqdan, aidiyyəti qurumların səhlənkarlığından
göz önündə dağılıb gedir, aşınmalara məruz qalır. Park ərazisində əhalinin hərəkəti
üçün nəzərdə tutulan yerlərə döşənən qranit plitələr torpaq sürüşməsindən, üzərinə
düşən ağırlıqdan ya çöküb, ya da qabarıb. Nəticə etibarilə insanların sərbəst hərəkəti
üçün nəzərdə tutulan ərazilərdə maneələr yaranıb. Hərəkət məhdudiyyəti olan şəxslərin
yeraltı avtomobil dayanacağına sərbəst enib-qalxması üçün nəzərdə tutulan liftlərin
işlək vəziyyətdə olmamağı bir yana, liftin düymələri sınıb, dağılıb.
Kimin əlinə nə keçirsə…
Yerüstü ərazidə liftin ətrafına vurulan üzlük
daşlar da tökülüb. Ortaya heç də yaxşı olmayan mənzərə çıxıb. Liftlərin və
yeraltı keçidlərdə eskalatorların işləməməsi, pandusların beynəlxalq
standartlara uyğun şəkildə qurulmaması hərəkət məhdudiyyətli şəxslərin bu parka
gediş-gəlişini çətinləşdirib. Bir vətəndaş kimi onların da bu parkda istirahət
etmək hüququ əllərindən alınıb. Parkın bəzi ərazilərində yeraltı avtomobil
dayanacağına enmək və yuxarı qalxmaq üçün nəzərdə tutulan keçidlər, pilləkənlər,
sözün əsl mənasında zibilxanaya çevrilib. Kimin əlinə nə keçsə, bu
"zibilxanaya” atır. Bəzi yerlərdə belə keçidlər ayaqyolu kimi istifadə
olunduğundan üfunət iyi ətrafı bürüyüb. Bəzi keçidlər isə təyinatına görə
deyil, park ərazisindəki iaşə obyektlərinin anbarı kimi istifadə olunur. Kafe
sahibləri əllərinə keçən artıq əşyaları buraya yığır, saxlanc yeri kimi keçiddən
yararlanırlar.
Biganəlik o yerə çatıb ki…
Parkın, demək olar ki, hər yerində, eləcə də keçidlərdə
kamera nəzarəti olmasına baxmayaraq, belə natəmizliklər nədənsə nə mühafizə
xidmətinin, nə də parkın ərazisindəki yaşıllıq zolaqlarına, səliqə-sahmana, təmizliyə
məsul olan şəxslərin diqqətini çəkməyib. Biganəlik o yerə çatıb ki, yeraltı
keçidlərdə işıqlandırma sistemlərinin sıradan çıxmasından, sındırılıb
dağıdılmasından, qaranlıq guşələrə çevrilməsindən istifadə edən "bomjlar”
buraları özlərinin yataq yerinə çeviriblər. Parkın üstündə olduğu kimi
altındakı avtodayanacaqda da biganəlik hökm sürür. Avtomobillərin hərəkəti üçün
nəzərdə tutulmuş beton və ya asfalt örtüyün dağılması buna əyani misaldır. Nədənsə
illərdir davam edən bu vəziyyət, "mənzərə” heç kimi narahat etmir.
Müasir parkın "onlayn təqdimatı”
"Qış parkı” ilə bağlı diqqət çəkən daha bir
çatışmazlıq isə bu istirahət mərkəzinin onlayn təqdimatı üçün yaradılan
resursların yenilənməməsidir. Belə ki, 2013-cü ilin may ayında istifadəyə
verildikdən təxminən iki ay sonra "Qış parkı”nın "Facebook”da rəsmi səhifəsi
yaradılıb. Bu səhifədə parkla bağlı ilk iki paylaşım 3 avqust 2013-cü il
tarixində olub. Üçüncü paylaşım 11 may 2017-ci ilə təsadüf edib. Növbəti 4
paylaşım isə 5, 6, 7 və 10 dekabr 2020-ci il tarixlərində olub. Bununla da
müasir parkın onlayn təqdimatı yekunlaşıb.
Rəsmi qurumların ötür-ötür oyunu
Müşahidə etdiyimiz çatışmazlıqları həm aidiyyəti
qurumların diqqətinə çatdırmaq, həm də münasibət öyrənmək üçün Bakı Şəhər İcra
Hakimiyyətinin (BŞİH) tabeliyində olan Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə əlaqə
saxladıq. Qeyd etdilər ki, onlar yalnız yaşıllıqlara qulluq edirlər. Mövcud
problemlərlə bağlı BŞİH-ə müraciət etməyi tövsiyə elədilər. BŞİH-in Mətbuat
xidmətinin rəhbəri Mətin Hüseynov bizi dinləyib problemlə tanış olduqdan sonra
bildirdi ki, təmsil etdiyi qurum "Qış parkı”na nəzarət etmir. O söylədi ki,
parka, yaşıllığa nəzarət Yasamal Rayon İcra Hakimiyyətinin, oradakı piyada
keçidlərinə, yeraltı dayanacaqlara və oraya giriş-çıxışa nəzarət isə Bakı Nəqliyyat
Agentliyinə həvalə olunub. Məcbur olub Yasamal Rayon İcra Hakimiyyəti ilə də əlaqə
yaratdıq. İcra Hakimiyyətindən Media və ictimaiyyətlə əlaqələrə məsul şəxsin Habil
müəllim olduğunu bildirərək, onunla əlaqə saxlamağı tövsiyə etdilər. Amma (012)
533-08-00 nömrəli telefona dəfələrlə zəng vursaq da, dəstəyi götürən olmadı.
"İşlər mərhələli şəkildə aparılır”
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Məhəmməd
Füzuli və Mirzağa Əliyev küçələri arasındakı yeraltı avtomobil dayanacağı təhvil
alınarkən oradakı avadanlıqların texniki vəziyyəti, ümumiyyətlə, obyektin real
durumunun qiymətləndirilməsi məqsədi ilə təhlillər aparılıb. Onun sözlərinə görə,
bu zaman bir sıra qurğuların, o cümlədən də lift və eskalatorların işində müəyyən
nöqsanların olduğu aşkar edilib: "Bu vəziyyətdə onların istismarı istifadəçilərin
təhlükəsizliyi baxımından doğru olmazdı. Hazırda aşkar edilən çatışmazlıqların
aradan qaldırılması üçün tədbirlər görülməkdədir. İşlər mərhələli şəkildə
aparılır. Artıq yeraltı avtomobil dayanacağının normal iş fəaliyyətinin təmini
baxımından zəruri olan istiqamətlər - ödəmə sistemləri, kamera-nəzarət sistemləri
saz vəziyyətə gətirilib. Lift və eskalatorların da işlək vəziyyətə gətirilməsi
üçün müvafiq tədbirlər görülür. Həmçinin dayanacağın döşəməsinin dəyişdirilməsi
də nəzərdə tutulan tədbirlər sırasındadır”.
Ciddi narahatlıq doğuran məsələ
Yeraltı avtomobil dayanacağının bəzi giriş-çıxış
hissələrinə tullantıların atılmasına gəlincə, BNA rəsmisi deyib ki, bu məsələ
ciddi narahatlıq doğurur: "Demək olar, ay ərzində bir neçə dəfə həmin pilləkənlərdə
təmizlik işləri aparılır. Amma buna baxmayaraq, yenə də insanlar tərəfindən həmin
əraziyə məişət tullantıları atılır. Bu məsələdə vətəndaşlarımız da bir qədər
diqqətli olmalıdır. Çünki heç bir halda ictimai məkanlarda bu cür davranışlara
yol vermək doğru deyil”.
Sonda onu da xatırladaq ki, BNA rəsmisindən mövzuya dair açıqlama aldıqdan bir neçə saat sonra parkdan yeraltı avtomobil dayanacağına girişlərdəki tullantılar təmizləndi. Bəzi girişləri anbar kimi istifadə edən iaşə obyekti sahibləri də oradakı artıq əşyalarını ərazidən götürdülər.
Rufik İSMAYILOV
Fotolar müəllifindir