• şənbə, 20 Aprel, 14:56
  • Baku Bakı 23°C

“Qış Parkı”nın vaxtsız “qışı” - REPORTAJ + FOTOLAR

18.09.21 12:15 1599
“Qış Parkı”nın vaxtsız “qışı” - REPORTAJ + FOTOLAR
Biganəlik o yerə çatıb ki, yeraltı keçidlərdə işıqlandırma sistemlərinin sıradan çıxmasından, sındırılıb dağıdılmasından, qaranlıq guşələrə çevrilməsindən istifadə edən "bomjlar” buraları özlərinin yataq yerinə çeviriblər
Bakının Füzuli və Mirzağa Əliyev küçələri arasında inşa edilən yeraltı avtomobil dayanacağı, yerüstü park, bağ, fəvvarələr kompleksi 2013-cü ildə istifadəyə verilib. Hamımızın "Qış parkı” kimi tanıdığımız bu kompleks şəhərimizin simasının daha da yenilənməsi, paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.


Baxımsızlıq və səhlənkarlıq

Təəssüf doğuran haldır ki, şəhərin mərkəzində yerləşən belə gözəl, müasir park kompleksi baxımsızlıqdan, aidiyyəti qurumların səhlənkarlığından göz önündə dağılıb gedir, aşınmalara məruz qalır. Park ərazisində əhalinin hərəkəti üçün nəzərdə tutulan yerlərə döşənən qranit plitələr torpaq sürüşməsindən, üzərinə düşən ağırlıqdan ya çöküb, ya da qabarıb. Nəticə etibarilə insanların sərbəst hərəkəti üçün nəzərdə tutulan ərazilərdə maneələr yaranıb. Hərəkət məhdudiyyəti olan şəxslərin yeraltı avtomobil dayanacağına sərbəst enib-qalxması üçün nəzərdə tutulan liftlərin işlək vəziyyətdə olmamağı bir yana, liftin düymələri sınıb, dağılıb.


Kimin əlinə nə keçirsə…

Yerüstü ərazidə liftin ətrafına vurulan üzlük daşlar da tökülüb. Ortaya heç də yaxşı olmayan mənzərə çıxıb. Liftlərin və yeraltı keçidlərdə eskalatorların işləməməsi, pandusların beynəlxalq standartlara uyğun şəkildə qurulmaması hərəkət məhdudiyyətli şəxslərin bu parka gediş-gəlişini çətinləşdirib. Bir vətəndaş kimi onların da bu parkda istirahət etmək hüququ əllərindən alınıb. Parkın bəzi ərazilərində yeraltı avtomobil dayanacağına enmək və yuxarı qalxmaq üçün nəzərdə tutulan keçidlər, pilləkənlər, sözün əsl mənasında zibilxanaya çevrilib. Kimin əlinə nə keçsə, bu "zibilxanaya” atır. Bəzi yerlərdə belə keçidlər ayaqyolu kimi istifadə olunduğundan üfunət iyi ətrafı bürüyüb. Bəzi keçidlər isə təyinatına görə deyil, park ərazisindəki iaşə obyektlərinin anbarı kimi istifadə olunur. Kafe sahibləri əllərinə keçən artıq əşyaları buraya yığır, saxlanc yeri kimi keçiddən yararlanırlar.


Biganəlik o yerə çatıb ki…

Parkın, demək olar ki, hər yerində, eləcə də keçidlərdə kamera nəzarəti olmasına baxmayaraq, belə natəmizliklər nədənsə nə mühafizə xidmətinin, nə də parkın ərazisindəki yaşıllıq zolaqlarına, səliqə-sahmana, təmizliyə məsul olan şəxslərin diqqətini çəkməyib. Biganəlik o yerə çatıb ki, yeraltı keçidlərdə işıqlandırma sistemlərinin sıradan çıxmasından, sındırılıb dağıdılmasından, qaranlıq guşələrə çevrilməsindən istifadə edən "bomjlar” buraları özlərinin yataq yerinə çeviriblər. Parkın üstündə olduğu kimi altındakı avtodayanacaqda da biganəlik hökm sürür. Avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş beton və ya asfalt örtüyün dağılması buna əyani misaldır. Nədənsə illərdir davam edən bu vəziyyət, "mənzərə” heç kimi narahat etmir.


Müasir parkın "onlayn təqdimatı”

"Qış parkı” ilə bağlı diqqət çəkən daha bir çatışmazlıq isə bu istirahət mərkəzinin onlayn təqdimatı üçün yaradılan resursların yenilənməməsidir. Belə ki, 2013-cü ilin may ayında istifadəyə verildikdən təxminən iki ay sonra "Qış parkı”nın "Facebook”da rəsmi səhifəsi yaradılıb. Bu səhifədə parkla bağlı ilk iki paylaşım 3 avqust 2013-cü il tarixində olub. Üçüncü paylaşım 11 may 2017-ci ilə təsadüf edib. Növbəti 4 paylaşım isə 5, 6, 7 və 10 dekabr 2020-ci il tarixlərində olub. Bununla da müasir parkın onlayn təqdimatı yekunlaşıb.


Rəsmi qurumların ötür-ötür oyunu

Müşahidə etdiyimiz çatışmazlıqları həm aidiyyəti qurumların diqqətinə çatdırmaq, həm də münasibət öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə əlaqə saxladıq. Qeyd etdilər ki, onlar yalnız yaşıllıqlara qulluq edirlər. Mövcud problemlərlə bağlı BŞİH-ə müraciət etməyi tövsiyə elədilər. BŞİH-in Mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bizi dinləyib problemlə tanış olduqdan sonra bildirdi ki, təmsil etdiyi qurum "Qış parkı”na nəzarət etmir. O söylədi ki, parka, yaşıllığa nəzarət Yasamal Rayon İcra Hakimiyyətinin, oradakı piyada keçidlərinə, yeraltı dayanacaqlara və oraya giriş-çıxışa nəzarət isə Bakı Nəqliyyat Agentliyinə həvalə olunub. Məcbur olub Yasamal Rayon İcra Hakimiyyəti ilə də əlaqə yaratdıq. İcra Hakimiyyətindən Media və ictimaiyyətlə əlaqələrə məsul şəxsin Habil müəllim olduğunu bildirərək, onunla əlaqə saxlamağı tövsiyə etdilər. Amma (012) 533-08-00 nömrəli telefona dəfələrlə zəng vursaq da, dəstəyi götürən olmadı.


"İşlər mərhələli şəkildə aparılır”

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Məhəmməd Füzuli və Mirzağa Əliyev küçələri arasındakı yeraltı avtomobil dayanacağı təhvil alınarkən oradakı avadanlıqların texniki vəziyyəti, ümumiyyətlə, obyektin real durumunun qiymətləndirilməsi məqsədi ilə təhlillər aparılıb. Onun sözlərinə görə, bu zaman bir sıra qurğuların, o cümlədən də lift və eskalatorların işində müəyyən nöqsanların olduğu aşkar edilib: "Bu vəziyyətdə onların istismarı istifadəçilərin təhlükəsizliyi baxımından doğru olmazdı. Hazırda aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməkdədir. İşlər mərhələli şəkildə aparılır. Artıq yeraltı avtomobil dayanacağının normal iş fəaliyyətinin təmini baxımından zəruri olan istiqamətlər - ödəmə sistemləri, kamera-nəzarət sistemləri saz vəziyyətə gətirilib. Lift və eskalatorların da işlək vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görülür. Həmçinin dayanacağın döşəməsinin dəyişdirilməsi də nəzərdə tutulan tədbirlər sırasındadır”.


Ciddi narahatlıq doğuran məsələ

Yeraltı avtomobil dayanacağının bəzi giriş-çıxış hissələrinə tullantıların atılmasına gəlincə, BNA rəsmisi deyib ki, bu məsələ ciddi narahatlıq doğurur: "Demək olar, ay ərzində bir neçə dəfə həmin pilləkənlərdə təmizlik işləri aparılır. Amma buna baxmayaraq, yenə də insanlar tərəfindən həmin əraziyə məişət tullantıları atılır. Bu məsələdə vətəndaşlarımız da bir qədər diqqətli olmalıdır. Çünki heç bir halda ictimai məkanlarda bu cür davranışlara yol vermək doğru deyil”.

Sonda onu da xatırladaq ki, BNA rəsmisindən mövzuya dair açıqlama aldıqdan bir neçə saat sonra parkdan yeraltı avtomobil dayanacağına girişlərdəki tullantılar təmizləndi. Bəzi girişləri anbar kimi istifadə edən iaşə obyekti sahibləri də oradakı artıq əşyalarını ərazidən götürdülər.

Rufik İSMAYILOV
Fotolar müəllifindir








banner

Oxşar Xəbərlər