• cümə axşamı, 28 mart, 20:58
  • Baku Bakı 13°C

«Qırmızıpapaq» və “Buratino”nun atası - Fotolar

02.03.19 10:00 1185
«Qırmızıpapaq» və “Buratino”nun atası - Fotolar
«Lyonya yaşaya bilərdi, əgər biz onu vaxtında xəstəxanaya çatdırsaydıq...» - deyə «Qırmızıpapaq» və «Buratinonun macəraları»nın yaradıcısı, rejissor Leonid Neçayevin keçmiş həyat yoldaşı Olqa Neçayeva inamla söyləyir. Rusiya mətbuatında isə "Məhəbbətlə dolu rusiyalı rejissor həyatı çox sevirdi, amma inciklik üzündən həyatını dəyişdi” deyə yazılır.

Həqiqətən də uşaqlar üçün bir çox gözəl filmlər çəkmiş bu rejissor həyatsevər insan idi. Onun çəkdiyi filmlər elə parlaq, musiqili və zarafatla dolu idi ki, Sovet İttifaqının az qala yarısı «Qırmızıpapaq haqqında» filminə baxdıqdan sonra «A-a-a timsahlar-begemotlar!» - deyə oxumağa başlamışdı. Onu bu nikbinliyinə görə sevir və bir çox nöqsanlarını bağışlayırdılar. Rusiyanın Xalq artisti ölkədə ilk dəfə olaraq "Buratino mükafatı”nın kavalari idi.

Uşaq filmlərinin sevimli rejissorunun keçmiş həyat yoldaşlarından bəziləri bir-biri ilə dostluq edirdilər. Aralarındakı yaş fərqinin böyük olmasına və həyat yoldaşının bir neçə dəfə evlənməsinə baxmayaraq, onunla bir yerdə yaşamağın nə demək olduğu haqda Olqa Neçayeva gülümsəyərək danışır.

Ümumilikdə 9 nəfər

- Olqa, siz Leonid Alekseyeviçlə necə tanış oldunuz?
- Məni Leonid Neçayevin «Ağılsız Lori» filmində təlimçi qadın roluna çəkilmək üçün dəvət etmişdilər. Sonradan sevgi "romanı”na çevrilən tanışlığımız da elə orada baş verdi. Əlbəttə ki, mən onun bütün filmləri ilə tanış idim, axı, aramızda 20 il yaş fərqi vardı. Amma «Ağılsız Lori»yə yalnız işləmək üçün getmişdim. Yeri gəlmişkən, Neçaevə yalnız uşaqlar və onların valideynləri deyil, mənim ev heyvanlarım da pərəstiş edirdi. Axı o, heç vaxt çox məşhur olmamışdı, bir uşaq kimi tamamilə köməksiz idi. Mən həmişə onu mühafizə etmək istəmişəm. Amma həm də özümü onun yanında arxamda möhkəm divar varmış kimi hiss etmişəm.

Mən - itlərim, pişiklərim, kirpilərim və başqa heyvanlarımla birgə onun yanına köçdüm. Əvvəlki 3 ili qeydiyyatsız yaşadıq. Bir gün o: «Sabah şəxsiyyət vəsiqəsi ilə yola çıxırıq»- deyə bildirdi. Mən: «Hansı mənada?» - deyə təəccüblənəndə Leonid «Nigaha düşməyə» -deyə cavab verdi. Mən ağlayaraq «Düşünməyə vaxt ver» - deyə yalvardım. – "Yaxşı, saat 11-də səni şəxsiyyət vəsiqənlə gözləyəcəyəm”- deyə son sözünü bildirdi. Əlbəttə ki, mən "ZAQS”a getdim. Mən Lyonyanın qərarına hörmət və sevgi ilə yanaşırdım. Həm də elə düşünürdüm ki, yəqin bu, sonuncu evliliyi olacaq.

- Deyirsiniz ki, Leonid Alekseyeviç uşaq kimi idi. O, məişətdə də belə idi?
- Yox, siz nə danışırsınız? Neçayev gözəl yeməklər bişirirdi, gözəl əl qabiliyyəti var idi. O, bütün günü balkonda nəsə hazırlayırdı – rəflər düzəldir, mebelin dağılmış hissələrini təmir edirdi. Lyonya həm də ailəcanlı idi. Bizim öz uşaqlarımız yox idi, onun keçmiş nikahdan olan uşaqları tez-tez gəlirdilər.

Lyonya həm də hədsiz romantik idi. O, hədiyyəni gözəl təqdim etməyi bacarırdı. Bir dəfə yeni il ərəfəsində məni yolkanın yanına çağırıb: «Öz hədiyyəni tap» - dedi. Mən yolkanın altına baxdım, heç nə yox idi. Gözümü qaldıranda yolkada yunan qozunu gördüm. O, qızılı rəngdə idi. Açdım, içərisində gözəl, mirvari qaşlı üzük vardı. Lyonya qozun qabığını çıxarıb, rəngləyib və içərisinə üzüyü qoyub yapışdırmışdı. Bunu düşünmək lazım idi. Nikah tək borş və yataqdan ibarət deyil axı, gərək sənə sevinc gətirən nələrsə də olsun...

«Qayıt gəl, sarışınım!»

- "Bu evlilik həyatımın ən uzun nikahı olub” deyə etiraf edirdimi?
- Birlikdə 12 il yaşadıq. Bizə qədər onun evlilikləri və sadəcə eşq macəraları çox olmuşdu. Mən onun 8-ci həyat yoldaşı idim. Neçayevin ümumilikdə 9 həyat yoldaşı olmuşdu. Əvvəlki qadınlarının çoxuna Neçaev yox, onun pulları və mövqeyi lazım olub. Mənə isə yalnız onun özü lazım idi. Neçaev yaxşı bilirdi ki, mən ona görə həyatımdan da keçərəm. O, mənə mənzili satıb ümumi ev almağı təklif edirdi. Düzü, mən tərəddüd edirdim. «Birdən sən yeni film çəkmək istəyərsən, burdan da yeni romanın meydana çıxar…» - deyə imtina edirdim. İstəmirdim ki, bizim münasibətlərimiz sonradan səs-küylü qalmaqala çevrilsin. Biz hər zaman bir-birimizə qarşı dürüst və sədaqətli idik. Bəlkə başqa həyat yoldaşları ilə müqayisədə evliliyimizin daha uzunömürlü olmasının səbəbi də bu idi.

Neçayevin uşaqları ilə münasibətləri yaxşı deyildi. Mən sakitcə, addım-addım onları bir-birinə yaxınlaşdıra bildim. Məsələn, qızı Varya özünü atası tərəfindən atılmış kimi hiss edirdi. Axı, atası onlardan ayrılmışdı. Mən yoldaşıma təklif etdim ki, bayramlarda qızına hədiyyələr alıb göndərsin, hərdən onu evimizə qonaq da çağırsın. Beləcə, biz onun keçmiş həyat yoldaşı və qızı Varvara ilə dostlaşdıq. Sonradan o biri övladlarının da ailələri bizim kampaniyaya qoşulmağa başladılar. Mən onların hamısını birləşdirdim. O, buna normal yanaşırdı. Yoldaşlarından çoxu onu ürəkdən sevirdi. İnsanı sevmək başqa hissdir. Hətta, əgər o başqası ilə münasibət qurursa, yenə də həyatından silə bilmirsən. Neçayev əlbəttə, əvvəllər mənim onun qadınları ilə dostlaşmağıma ağılsızlıq kimi baxırdı. Amma sonradan başa düşdü ki, belə daha yaxşıdır. Axı, onun uşaqları var idi. Uşaqlar isə hamını birləşdirir. Məsələn, Lenagilə və başqa bir yoldaşıgilə tez-tez qonaq gedirdik. Biz Olimpiyskdə, onlar isə yaxınlıqda – «Alekseyevski»də yaşayırdılar.

Əgər bir "qulp” olmasaydı, yəqin ki, bizim evliliyimiz daha uzun sürərdi. Neçayevin alkoqolla bağlı problemi vardı. Mən onu bacardığım qədər xilas etməyə çalışırdım. Səhərlər onun halı pisləşəndə turşu almaq üçün bazara qaçırdım. O, bunu qiymətləndirirdi, amma içkiyə heç cür son verə bilmirdi. Mən isə artıq buna dözməyib bir gün çıxıb getdim. Mənim də səbrimin həddi-hüdudu vardı.

«Qayıt gəl, sarışınım»

- Bəs o, təzə sevgisini tapdımı?
- Əlbəttə, belə olmasaydı, Nadyanı tapmasaydı heç Neçayev olmazdı. Aralarındakı yaş fərqi 40 il idi. Mən əvvəlcə onu o qədər də qəbul etmirdim, amma sonralar münasibət qurmağa başladıq. Bu, normaldır. Həyat budur və çox qısadır. Nə üçün onu çəkişmələrə və nifrətə xərcləyək?

- Leonid Alekseyeviçin özü danışardı ki, axırıncı həyat yoldaşı hərdən onun yanından həmyaşıdları ilə əylənməyə gedərdi.
- Nadya ondan imtina edib nənəsinin yanına getmişdi. Çünki Neçayev içdiyi anlarda onunla yaşamaq çətin olurdu. Bir dəfə Nadya ondan mənə şikayət etməyə başladı. Mən ona dedim ki: «Nadya, ağzını yum! Sən "sevirəm” deyib ona ərə gedəndə və onun yanına daşınanda bunu düşünməli idin. Axı sən bilirdin ki, nələrə qatlaşmalısan». Nadya isə: «Elə bilirdim ki, uşaq doğulandan sonra o, dəyişəcək» - deyə etiraf etdi. O, artıq cavan deyildi. Uşaqlarını dəlicəsinə sevsə də, təzə doğulmuş əkizlərlə ona çox ağır idi. Və bundan sonra nə dəyişəcəkdi? Mən də ondan ayıq vaxtı olmadığına görə ayrılmışdım. Amma bir neçə gün keçdikdən sonra Neçayev mənə zəng vurub: «Qayıt gəl, sarışınım» deyə yalvardı. Mən də qayıtdım. Əgər Nadya düşüncəli olsaydı, faciədən qaçmaq olardı. Təsəvvür edin, axşam insan sağ idi, səhərisi isə o, artıq ölmüşdü.

- Yazırdılar ki, o insultdan ölüb…
- Heç bir insult-filan olmayıb. O, evə içkili gəlib. Nadya otaqda imiş. Neçayevin ayağı ilişib yıxılıb və başı yarılıb, yaradan qan gəlməyə başlayıb. Nadya təcili yardım çağırıb. Həkim onun başını sarıyandan sonra xəstəxanaya getməyi təklif edib. Neçayev isə bundan qəti surətdə imtina edib. Həkim Nadyaya bir sutka ona nəzarət etməsini tapşırıb. Ancaq Lyonya 3 gün otağında tək yatıb və oradan çıxmayıb. Nadya isə körpələrlə məşğul olub. «Nə üçün onun otağına baş çəkməmisən?» - deyə Nadyadan soruşanda «O, içkili gəlmişdi, buna görə ondan incimişdim»- deyə cavab verdi. Lyonya nəhayət qalxıb küçəyə çıxmaq istəyəndə çəkmələrini geyinən zaman huşunu itirmişdi. Xəstəxanada başında böyük yaranı görən həkimlər kəllə-sümük əməliyyatı etmişdilər.

Neçayev xəstəxanaya düşdüyü zaman Nadya dərhal mənə zəng vurdu. Təcili xəstəxanaya getdim. Biz onunla birgə əməliyyatın qurtarmasını gözləyirdik. Əməliyyatdan sonra evə gedib səhəri xəstəxanaya qayıtdığım zaman Nadya mənə sevinclə "Lyonya özünə gəlib, onu palataya keçiriblər” deyə xəbər verdi. Mən təəccübləndim: «Necə yəni keçiriblər? O, axı reanimasiyada idi».

Biz onun yatdığı palataya daxil olduq. Lyonya "acından ölürəm” deyə pıçıldadı. Nadyanın isə yanında pul yox idi ki, yemək alsın. Mən mağazaya gedib onun sevdiyi hər şeydən bir az alıb qayıtdım. Neçayev məmnun oturub çox sevdiyi zeytunlu bişmişdən elə yeyirdi ki... Biz söhbət edir, deyib-gülürdük. Mən söz verdim ki, xəstəxanadan evə yazılanda toyumuzda bizə bağışlanan sevimli itimizlə gəlib onu evə aparacağam. Sağollaşıb evə qayıtdım. Səhəri gün saat 10-da Nadya mənə zəng vurub «Neçaev öldü» xəbərini verdi. Ciyərlərinə maye dolmuşdu… Yer ayaqlarımın altından qaçdı...

Mən bugünə kimi Nadyanı səhlənkarlığına görə bağışlaya bilmirəm. Bir çox yaradıcı insanlar kimi Neçayevin də problemləri vardı. Əgər onu vaxtında xəstəxanaya çatdıran olsaydı, indiyə kimi yaşayardı. Neçayevin xanımlarından heç biri bu səhlənkarlığa görə Nadyanı danışdırmır.

Mənsə onunla tez-tez görüşür, Neçayev haqqında xatirələr danışırıq. Bu, mənim ürəyimdə sağalmayan yaradır. Neçayevdən sonra həyatımda başqaları da olub, - amma əfsus… Belə şəxsiyyəti unutmaq çox çətindir.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər