• cümə, 19 Aprel, 21:45
  • Baku Bakı 24°C

Qırmızı araxçınlı Qırmızıpapaq

31.10.16 11:43 3932
Qırmızı araxçınlı Qırmızıpapaq
Nağıllar bizim uşaqlığımızın ayrılmaz bir parçasıdır. Hansımız körpəykən Qırmızıpapağın, keçinin, qoğalın, Məlikməmmədin, Maşanın və digərlərinin nağıllarını sevə-sevə izləmədik, televizorda verilərkən acgözlüklə baxmadıq, hətta özümüzü bu nağıllardakı bəzi obrazların yerində xəyal etmədik?!
Lakin bu personajları canlı görmək bir başqadır. Düzdür bayramlarda, tətil günlərində teatrlarımız bu personajların olduğu tamaşalarla balacaların görüşünə gəlir. Amma Dövlət Kukla Teatrı məhz körpələrin teatrı olduğundan burada uşaqlığımızın qəhrəmanları ilə demək olar ki, hər gün görüşə bilərik.
Adəti üzrə maraqlı və rəngarəng repertuarı olan Dövlət Kukla Teatrı bu dəfə də yeni bir tamaşa ilə gözləntiləri doğrultdu. Belə ki, teatrın 85 illik yubileyi münasibətilə baş rejissor Qurban Məsimov Şarl Perronun "Qırmızıpapaq” əsəri əsasında maraqlı bir tamaşa hazırlamışdı. Əsərin klassik nağıl nümunəsi olmasına baxmayaraq, hadisələr və obrazlar qalsa da, rejissor daha müasir, daha canlı, dinamik, al-əlvan, bol musiqilərlə dolu yeni bir tamaşa yarada bilmişdi. Təbii ki, burada rejissorla bərabər quruluşçu rəssam Rəvanə Yaqubova, bəstəkar, əməkdar artist Vüqar Camalzadə və teatrın əsas aparıcı aktyorlarının (Cəmilə Allahverdiyeva, Elmira Hüseynova, Rəhilə İbadova, Cavid Telman, Elnur Xəlilov, Aygün Ağayeva, Samirə Nəcəfova, Sona Quliyeva, Vüsal Hüseynov, Araz Həsənov) zəhmətləri danılmazdır. Milli rəqslərlə yanaşı Vüqar Camalzadənin yazdığı mahnıları səhnə əsərində xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, əməkdar artistlər Tünzalə Aayeva, Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa etmişdilər.
Tamaşanı izlərkən Qırmızıpapaq (əslində nağıldan fərqli olaraq buradakı Qırmızıpapaq Qırmızı araxçınlı qız idi) öz şıltaqlığı, dəcəlliyi, hər kəsin sevimlisi olmaqla yanaşı, aramsız verdiyi sualları ilə məşhur "Maşa və ayı” cizgi filmindəki Maşanı xatırladırdı. Bəlkə də, rejissor hansısa məqamlarda məhz həmin Maşadan yararlanmışdı. Qurban Məsimovun hazırladığı tamaşa sanki sehirli bir aləm idi. Tamaşa bəzən səhnə effektindən ekran effektinə keçirdi. Dekorlar, obrazlar, musiqilər –hər şey bir-birini elə tamamlayırdı ki, elə bil ya teletamaşaya baxırsan, ya da hansısa kinoteatrdasan. Aktyorların qara libaslarda kuklaları elastik səkildə hərəkətə gətirmələri onların (yəni aktyorların) səhnədə varlığını belə unutdururdu. Son tamaşalarda bəzi personajların yalnız baş nahiyyəsinin kukladan olması və həmin kuklaya geyindirilən paltarı aktyorların geyinərək idarə etməsi obrazları daha da canlı edir.
Tamaşa boyu dovşanı ovlamaq istəyən iki ovçunun hərəkətləri, danışıq manerası nədənsə hərdən Novruz personajlarını xatırladırdı. Tamaşa sonda doğrudan da bir bayram əhval-ruhiyyəsi ilə sona çatırdı.
Əslində hamımızın çox yaxşı bildiyi, sevdiyi "Qırmızıpapaq” nağılının Kukla Teatrında öz missiyası vardı. Əlbət ki, 85 illik yubiley öz yerində, lakin hər zaman körpələri düzgün istiqamətləndirməyi, faydalı məsləhətlər verməyi özlərinə borc bilən teatrın kollektivi bu dəfə də buna sadiq qalaraq tamaşa boyu istər personajların dilindən səslənən sözlərlə, istərsə dəVüqar Camalzadənin mahnıları ilə kiçik balalara böyüklərin sözündən çıxmamaq, deyilənlərə əməl etmək, yad insanlara aldanmamaq və bu kimi lazimi məsləhətlər verməyə çalışırdılar. Qurban Məsimovun müğənni seçimi də dəqiq alınmışdır, sanki rejisson öncədən hansı personajı hansı müğənni səsləndirsə daha uyğun və yerində olacağını xəyalında canlandırmışdı. İstər olsun nənə - Flora Kərimova, istər olsun qarğa - Tünzalə Ağayeva, istər olsun qırmızı papaq - Lalə Məmmədova və digərlərinin səsi obrazlara tam uyuşmuşdu.
Biz də öz növbəmizdə Dövlət Kukla Teatrını 85 illik yubiley münasibətilə təbrik edir və uğurlar diləyirik.
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər