• cümə, 29 Mart, 00:40
  • Baku Bakı 7°C

“Qırmaqdan, dağıtmaqdan, sındırmaqdan qorxmayın” - Ixtira

08.04.16 10:17 4151
“Qırmaqdan, dağıtmaqdan, sındırmaqdan qorxmayın” - Ixtira
Utopik düşünür. Amma düşündüklərini həyata keçirməyə qadir olan Azərbaycan gəncidir. Bu gün elektriklə işləyən maşın icad edib, sabahkı planı isə elektriklə uçan təyyarədir... Uşaqlıqdan uçan maşın düzəltmək xəyalı ilə yola çıxan gəncimiz demək olar ki, yolun yarısını qət edib. Kim bilir, bəlkə elə uçan maşınlar ilk dəfə Azərbaycanda istehsal olunacaq...
Müsahibimiz beynəlxalq robot yarışmasında hakimlik etmiş, 2 elektrikli layihə ixtiraçısı, patent sahibi, mühəndis, Qafqaz Universitetinin müəllimi Samir Nağıyevdir.
1988-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra İstanbul Texnik Universitetində Kompyuter mühəndisliyi, Marmara Universitetində Mexanika mühəndisliyi fakültələrini bitirib. Rus, Azərbaycan, gürcü, alman, türk, ingilis dillərində səlis danışır. Məzun olduqdan sonra Azərbaycana qayıdıb və hazırda Qafqaz Universitetində mexanika mühəndisi, müəllim kimi fəaliyyət göstərir. Tələbələri ilə birlikdə universitetdə elektrikli maşın ixtira edib. Biz də italyan dilindən tərcümədə ədalətli mənasını verən EQUE adlı elektrikli maşının hazırlanma prosesindən danışdıq.
- Necə oldu ki, mühəndisliyə maraq göstərdiniz?
- Uşaqlıqdan uçan maşın ixtira etmək xəyalım olduğu üçün məqsədimdən dönmədim. Maşınlara və texnologiyaya marağım var idi. Mühəndisliyin gücünə isə dayımın sayəsində inandım. Dayım uşaqlıqdan yaşadığı travmaya görə kardır. Onun “VAZ-2107”-sinin motorunda çox pis səs var idi. Amma özü bunu eşitmirdi. Dayıma izah etdim ki, motordan səs gəlir. 10 yaşım olardı. Maşının kapotunu açdı və məni yanına çağırdı. Dəmir borunu verdi ki, bunu qulağına tut, motorun üstü ilə gəzdir, ən çox səs gələn yeri mənə göstər. Səs gələn yeri tapıb ona göstərdim. Özü açıb-sökdü və düzəltdi. Orada anladım ki, mühəndislikdə limit yoxdur. Yəni müğənnisinizsə, qulağınız kar olanda işiniz bitir. Həkimsinizsə, əliniz əsirsə, sənətiniz bitdi. Amma kar, kor, şikəst olmaq mühəndisliyin qarşısını almır. Dünyanın ən güclü alimi Havkinq qüsurludur. Bundan sonra məndə həvəs yarandı və yeni texnologiyaları ölkəmizə gətirməyə çalışıram. Türkiyədə oxuyarkən laboratoriyada öz testlərimizi aparırdıq. Orada gördüklərim mühəndisliyi mənə daha çox sevdirdi. Sərgilərə gedirdim, tərcüməçilik edirdim. Dilləri bildiyim üçün orada özümə müştəri tuturdum. Sərgilər mexaniki sərgilər olurdu. Məsələn, ərəbdir, nəsə istehsal etmək istəyir. Pulu var, amma necə istehsal edəcəyini bilmir. Bütün ləvazimatları onunla birgə alırdıq. Ərəbistana gedib işi başa salırdım və onun istədiyini həyata keçirirdim. Daha sonra zəng vururdu ki, bundan da böyüyünü istəyirəm. Beləliklə, özümü keçindirmək üçün pul qazanırdım. Amma bu sahədə çətinlik yaşımla bağlıdır. Evim, maşınım, firmam olmadığından, ağ saçlarım və saqqalım olmadığı üçün qarşımdakını inandırmaq çətin idi. Nə qədər dərin düşünsən belə, qarşındakı gənc olduğun üçün sənə inanmır.
- Elektrikli maşın düzəltmək fikri necə meydana gəldi?

- Maşın istehsal etmək uşaqlıq xəyalım idi. Uçan maşınlar ixtira etmək istəyirdim. O vaxt üçün bu düşüncə utopik görünürdü. Böyüdükcə insan reallığı daha çox anlayır. İndi benzinlə işləyən maşınlar olduğu üçün elektrik maşınları populyardır. Gələcəkdə elektrik maşınları o qədər çox olacaq ki, uçan maşınlar populyar olacaq və bu, xəyal olmaqdan çıxıb reallığa çevriləcək. Günümüzdəki maşınlar sərfəli deyil. Çox xarab olurlar, problemləri, naz-qəmzələri çoxdur. Daha doğrusu, maşının məqsədi insana qulluq eləməkdir. Amma bizdə insanlar maşına qulluq edir. Mən də elə bir maşın ixtira etmək istədim ki, o, insanlara qulluq etsin. Maşınların çox xarab olmasının səbəbi ehtiyat hissələrinin çoxluğudur. Normal maşınlarda 30-35 minə qədər ehtiyat hissəsi olur. Amma biz düzəltdiyimiz maşınlarda 4 min hissədən istifadə olunub. Müasir maşınlardan 9 dəfə az olduğuna görə, xarab olma ehtimalı da 9 dəfə azdır. Üstəlik, maşında ən problemli yer motor, ötürücülər qutusu və differensial sistemdir. Biz bunları yığışdırdıq, ən sərfəli olan motor tipli daha effektiv qurğu düzəltdik. Maşınımızın adını EQUE qoyduq. Bu, ədalətli deməkdir. Biz həm təbiətə ədalətli, həm də insanlara istifadə üçün ədalətli oluruq. Təbiətdən az material götürüb 4 min ehtiyyat hissələri ilə işi bitirirəm və insanlara xidmət edən maşın düzəldirəm. Siz bu maşını 10 il sürürsüz. Bu müddət ərzində nə yağını, nə suyunu, nə də filtrini dəyişirsiniz. Çünki maşında bunların heç biri yoxdur. Səhər maşını işə salanda isinməyini gözləmirsiniz. Bir yerə getdikdə enerji yığması üçün hansısa koordinat nöqtəsinə getməyə ehtiyac yoxdur. Harada cərəyan görsəniz, orada şarj edə bilərsiniz. Elektrik maşınları daha az enerji istifadə etdiyi üçün şəhər kənarında və şəhər içində istifadəsi daha rahatdır.
Motorlarını maşının təkərlərinin içinə qoyduq. Maşının içində heç nə yoxdur. Maşının arxası da, qabağı da boşdur. Normal maşınlarda maşının qabağında motorxana olur. Bizim düzəltdiyimiz maşında arxa da, qabaq da baqajdır. Bu, təhlükəsizlik üçün də yaxşıdır. Elektrikli maşınlar həm insanın cibinə qulluq edir, həm təhlükəsizliyini qoruyur, həm də təbiəti çirkləndirmir. 2 növ maşın düzəltdik. Biri idman maşınıdır, maksimum sürət 165-dir. Bir enerji yığımı ilə 300 km. yol gedir. Adi 5 min kubsantimetr motorlu maşını keçə biləcək qədər maşın yığmışıq. Ağırlığı 250-300 kq. civarındadır. Bir avtobus tipli maşın yığmışıq, 8 nəfər adam daşıya bilər. Üstündə günəş paneli var. Günəş paneli batareyalarla birləşib harmoniya yaradır. 220 km. yol qət edə bilir. Avtobus 60 sürətlə gedir. Konstruksiyaları Azərbaycanda dizayn olunub, özümüz də onu patentləşdirib haqlarımızı götürmüşük. Maşının hazırlanmasında bütün ideya özümüzə aiddir. 12 faiz parçadan istifadə edilib, 88 faiz əldəyığılmadır. Avtobusun şosesi dəmirdəndir, idman maşınında isə alüminiumdur. Maşınımızın qabaq təkəri dönəndə arxa təkəri də dönür. Bu bizə ona görə lazımdır ki, qabaq təkər dönəndə arxa təkəri sanki arxasınca sürüklədiyi üçün effektivlik aşağı düşür. Bunu avtobuslara tətbiq etməyi düşünürük ki, dar küçələrdən rahatlıqla çıxa, dayanacaqlara rahat yanaşa bilsin. Həm effektiv, həm ucuz, həm də yerli mal… Ən əsası odur ki, mən maşınlarımın xarab olmaması ilə bağlı 10 illik zəmanət verə bilərəm.
- Elektrikli maşını kütlə necə qarşıladı?

- Texnologiya dərin və yeni olduğundan kütlə bunu yetərincə anlaya bilmir. Mən onları inandırmağa çalışıram ki, dünyada pul gətirən sənayeyə baxsaq, birinci yerdə neft sektorudursa, ikinci yerdə avtomobil sənayesidir. Bunu ölkədə qurmaq, bu fəaliyyətlə məşğul olmağın ölkəyə faydası daha çox olar. Hazırda sənayenin inkişafı üçün xeyli sayda işlər görülür. Elektrik maşınlarının istehsalçısı olmaq ölkəyə istər iqtisadi, istərsə də siyasi baxımdan böyük populyarlıq gətirər.
- Maşınların qiymətləri necədir?

- Maşının ən bahalı hissəsi batareyalardır. Bizim istifadə etdiyimiz batareyalar kiçikdir. Yeni texnologiyalar gəlir ki, bir dəqiqəyə maşın 400-500 km yol qət edəcək enerjini yığa bilir. Əgər bu batareyaları gətirə bilsək, ailə maşınlarımızı 30-35 min dollara, cip versiyasını 45-35 min dollara, avtobusları isə ən bahalı halda 80 min dollara verə bilərəm. Hər istədiyimi hazırlaya bilirəm. Məni limitləyən məkan, zaman və ətrafdır. Bəzən düşünürəm ki, ölkədə belə bir zavod qursam, 90 faiz uğursuzluğa düçar olmağa məhkumam. Çünki mənə ilk olaraq 1500-2000 mühəndis lazımdır. Amma indi ətrafıma maksimum 120-130 adam yığa bilərəm. Azərbaycanda bu işi bacaran çox az sayda adam var. Bu, problemdir. Ölkəmizdə maşın infrastrukturu geniş qurulmadığı üçün yan sənaye yoxdur. Üçüncüsü isə, insanların yerli məhsullara inancı o qədər yüksək deyil. Alıcı potensialı olduqca aşağıdır. İnsanlar maşın alarkən toplumun fikrini daha çox önəmsəyirlər. Məsələn, baxır ki, ən çox “Mersedes” alırlar, o da alır. Mən maşınlarımı satmaq üçün piar və reklama kifayət qədər çox pul xərcləməliyəm. Bu, mümkündür, amma xərclədiyim enerji qarşısında olduqca aşağı nəticə olur. Çox istərdim, elə bir ətrafım olsun ki, hamısında potensial olsun. Belə texnologiyaya inanc gətirmək üçün bunların indiyə qədər olması lazım idi. Dar çərçivəmiz var. Bu çərçivədə inkişaf etməkdə çətinlik çəkirik.
-Sizcə, gənclərin problemi nədir?

- Əslində Azərbaycanda 10 milyon əhalinin içində bilən insanların sayı digər ölkələrlə müqayisədə çoxdur. Azərbaycanda həqiqətən talantı basdırılmış gənclərimiz var. Sadəcə, biz uşaqlıqdan düzgün böyüdülmürük. Tək məqsədimiz məktəbi bitirim, universitetə gedim, diplomum, işim olsundur. Maşın alım, ev alım, evlənim, “səhər 8, axşam 6” rejimində işləyim. Bununla da həyat bitir. Bütün enerji bunlara yönələndə beynin məhsulunu ortaya qoya bilmirsən. Mən həmişə məsləhət görürəm ki, gənclər dünyaya at eynəyindən baxmasınlar, geniş baxsınlar. Utopik düşünsəniz, kiçik nailiyyətləriniz ölkə daxilində böyük sayıla bilər. Bu gün düzəltdiyim elektrik maşınından 20 faiz məmnunamsa, ətrafımdakı insanlar 500 faiz məmnundurlar. Potensial var, amma inkişaf etdirmək lazımdır. Tələbələrimə bir çox şeyi təbliğ edirəm. İnsanların fobiyaları olduqca böyükdür. Layihədə uşaqlara öyrətdim ki, qırmaqdan, dağıtmaqdan, sındırmaqdan qorxmayın. Biz mühəndisik, insan olaraq elə yaradılmışıq ki, problemi bizə verirlər, biz bunu həll etməliyik. Problemə dəyib qayıdırıq, ətrafına keçirik, üstündən tullanırıq, içinə düşürük - amma həll edirik. Beynin söndüyü an sən ölmüş insansan. Problem varsa, o, həll etmək üçündür. Uşaqlar çox çəkinirlər. Mən sual verəndə qorxa-qorxa cavab verirlər ki, səhv edərəm. İnsan səhvlərinin üstündə öyrənməlidir. İnsanlar böyük düşünməli, limitləri aşmalıdır. Problemi həll etmək və problemdən səhv çıxmaqdan qorxmasalar, qalan hər şey özü gələr.
- Müəllim kimi Azərbaycan gəncinə nə demək istərdiniz?

- Səhv etməkdən qorxmayın. Nə olurlar-olsunlar, ən yaxşısı olsunlar. Almaniyada zibilyığan zibili elə səliqəli yığır, öz işinə o qədər sevgisi var ki, insan heyran qalır. Zibilyığanın məqsədi var, mən zibilimi super yığacağam. Bu, öz işinə hörmətdir. Hər nə sənətdə olursan-ol, işinin ən yaxşısı ol. Çünki ən yaxşı olduğun halda, həmişə yarış içində olursan. Yarış sənə yenilik gətirir. Başqa cür ayaqda durmaq mümkün deyil. Beyin, bilgi azadlığı olan yerdə aşılmayacaq heç bir problem yoxdur.
- Gənclərin bilgili yetişməsində ailənin rolu nədir?

- Anam da, atam da mühəndisliyi oxuyub. Ailəm mənə azadlıq verib. Mən uşaqlıqda demişəm uçan maşın düzəldəcəyəm, onlar mənə lağ edib gülməyiblər. Deməyiblər ki, “gic-gic şeylərlə məşğul olma, get çörək al”. Hətta bizə qonaq gələndə belə, onun lağ etməsindən də məni qoruyublar. Nə fikirləşmişəmsə, mənə dəstək olublar. 18 yaşında özbaşına Türkiyəyə getdim, mənə mane olmadılar. Hər bir şeyi özüm həll etdim, özbaşıma yaşadım. Özüm öz ehtiyaclarımı ödədim. Məncə, ailələr öz övladlarını 18 yaşından sonra məcburi şəkildə özlərindən ayırmalıdırlar. Təhsil alırsa, yataqxanaya yerləşsin, qoy çətinliklərə öyrəşsin. Həftəlik 10 manat ver, 10 manatla yaşamağa öyrənsin. İnsan çətinliklərlə üzləşirsə, bir o qədər bərkiyir. Uşaq xəyallarından qurtulur, həyatın nə qədər ciddi olduğuna inanır.
Aygün ƏZİZ
.Ixtira"> Ixtira"> Ixtira"> Ixtira">

banner

Oxşar Xəbərlər