• cümə, 19 Aprel, 12:47
  • Baku Bakı 25°C

Qırğız-tacik gərginliyi səngimir

24.01.20 16:19 2085
Qırğız-tacik gərginliyi səngimir
Ərazi mübadiləsi qanlı toqquşmalara son qoyacaq?

Qırğızıstan və Tacikistan hakimiyyət orqanları sərhəd ərazilərdə silahlı qarşıdurma və toqquşmaları həll etdiklərini bəyan etsələr də, problem hələ də ciddiliyini saxlayır. Yanvar ayının əvvəlində delimitasiya və demarkasiya prosesi yenidən start götürüb. Topoqrafik işçi qruplara Qırğızıstanın Batken rayonu ilə Tacikistanın İsfar şəhəri arasında torpaq, qarşılıqlı mübadilə məsələlərini həll etmək üçün martın 1-nə kimi vaxt verilib. Fevralın 15-nə kimi isə onlar dövlət sərhədinin 114 km-lik ərazisində "layihə xəttini” təqdim etməlidirlər. İki ölkə arasında sərhəd uzunluğu 976 km. təşkil edir, bütövlükdə isə 504 km. delimitasiya və demarkasiya olunub. Tək ötən il sərhəd ərazisində 14 toqquşma qeydə alınıb. Ən qanlı hadisələr isə sentyabr ayında yaşanıb - tərəflər bir-birini razılaşdırılmamış hərbi obyektlər tikməkdə ittiham ediblər. Hərbçilər arasında baş verən atışmada hər iki tərəfdən dörd nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb. Bu il də qanlı hadisələrlə başlayıb. Düzdür, insan ölümü baş verməsə də, qırğızlar arasında xəsarət alanlar olub. Kok-Taş kəndinin sakinlərini təhlükəsizlik baxımından digər yerlərə köçürüblər. Qırğızıstan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, naməlum şəxslər qırğızların evlərini daşa basıblar. Bişkekdə iddia edirlər ki, Tacikistan tərəfindən atəş səsləri kəsilmir. Qarşı tərəf bunu təkzib etsə də, yanvar qarşıdurması zamanı tacik hakimiyyət orqanları təxribatlarda şübhəli bilinən bir neçə nəfəri həbs edib. Beləliklə, bu məsələdə hansısa bir canlanmanın başlaması üçün nə az, nə çox, düz 30 il və Qırğızıstanda beş prezidentin dəyişilməsi gərək olub. Ekspertlər sərhəddə baş verən bu cür halları "SSRİ-nin mənfur irsi” adlandırır və bu fikirdə də müəyyən mənada haqlıdırlar. Lakin tam yox. Məsələn, Qazaxıstana bu "irs” elə də ciddi maneçilik yaratmadı. Qazaxlar mübahisəli sərhəd məsələlərini tamamilə həll etməyə müvəffəq oldular. Özbəkistanda isə yeni prezident Şavkat Mirzoyeyev prioritet məsələ kimi qonşularla sərhədlə bağlı mübahisəli məsələləri (İslam Kərimovun dövründə Özbəkistanın mübahisə vəziyyətində olduğu qonşu dövlət demək olar ki, qalmamışdı) dərhal həll etməyə start verdi. Bu "ağrılı” məsələ həqiqətən də ciddidir. O ki qaldı Tacikistan və Qırğızıstana burada ciddi problem sovet dövründə də var idi - otlaq və su sahələrinə nəzarət etmək üstündə ziddiyyətlər olurdu. Bəzi ekspertlər isə bu qənaətdədir ki, bu münaqişəni millətlərarası problem kimi nəzərdən keçirmək də olar. SSRİ dağıldıqdan sonra problemlər daha da ciddi xarakter alıb - sərhəd demək olar ki, insanların evinin ortasından keçir. Və bu "irs” Qırğızıstanda Vorux anklavının yaranmasına gətirib çıxarıb. Tərəflər öz iddialarında sovet dövrünün xəritəsinə istinad edir - yəni hərə yorğanı öz tərəfinə çəkməyə çalışır. Münaqişə, hətta artıq vaxtilə sakit hesab edilən ərazilərdə də qızışmağa başlayıb. İndi belə bir ümid yaranıb ki, ərazi mübadiləsi, gərginliyi müəyyən qədər zəiflədə bilər. Lakin bu, uzunmüddətli olacaqmı? Hər iki ölkə həddən artıq yoxsuldur, ərazilərdə depressiya səviyyəsi yüksək olaraq qalır. Mahiyyət etibarilə onlar Çin mallarının qaçaqmalçılığı ilə yaşayırlar. Bundan əlavə vəziyyət həm də onunla gərginləşir ki, hər iki dövlətin ərazisindən əfqan narkoticarəti sürətlə davam edir. Bu səbəbdən də, iştirakçıların, yumşaq ifadə etsək, gizli iqtisadiyyatda payları yüksək olaraq qalır. "Rosbalt” yazır ki, "sadə quldurlara” sərhəddə sakitlik sərf etmir. Bu səbəbdən də permanent gərginlik radikal qruplaşmalara sərf edir. Nəşr yazır ki, Düşənbənin Avrasiya İqtisadi İttifaqına meyillənməsi də müəyyən qrupları qane etmir. Martın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsində bu məsələ yenidən gündəmə gətirilə bilər.
Beləliklə, gəlinən qənaət budur ki, hər iki ölkə ərazi mübadiləsinə getməkdə qətidirlər. Lakin bir qədər tələsiblər - sərhəd ərazilərin sakinləri buna hazır deyilər, onların mövqeyini öyrənməyiblər. Ümumiyyətlə, məsələnin sivilizasiyalı yolla həlli üçün hələ sivilizasiya vəziyyəti mövcud deyil. Problem çox ciddidir və onu həll etmək üçün tərəflərə ciddi siyasi iradə gərəkdir. Əgər Bişkek və Düşənbə bu məsələni ikitərəfli əsasda həll edə bilməsələr - onda məsələ Şanxay Əməkdaşlıq Təşkilatı, ya da Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı səviyyəsində qaldırıla bilər. Hər iki dövlət ŞƏT-də təmsil olunur. Lakin görünən odur ki, hər iki təşkilatdan heç biri yerindən tərpənmək fikrində deyil. Halbuki, söhbət minimum Mərkəzi Asiya regionun təhlükəsizliyindən gedir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər