• cümə axşamı, 28 mart, 17:59
  • Baku Bakı 16°C

Qırılmış qəlb sindromu

25.07.17 10:40 7825
Qırılmış qəlb sindromu
Təqribən bir il əvvəl işlədiyim kardioloji mərkəzə 60 yaşında infarkt keçirən Səmra adında bir xanım yatırmışdılar. Səmra xanımın ürək damarlarında tıxanma olub-olmadığını müəyyənləşdirmək üçün koroner anjiyoqrafiya etdim. Ancaq ürək damarlarında hər hansı bir tıxanma və ya daralmanın olmadığı müəyyənləşdi. Səmra xanımdan bu yaxınlarda stress keçirib-keçirmədiyini soruşanda, bir gün öncə oğlunun amansız xəstəlikdən vəfat etdiyini və bu səbəbdən də çox kədərləndiyini söylədi. Bir həftə əvvəl isə həmin kardioloji mərkəzə 63 yaşında infarkt keçirən Məltəm adında başqa bir xanım yatırmışdılar. Məltəm xanımı da koroner anjiyoqrafiya etdim, ancaq ürək damarlarının tamamilə normal olduğunu, hər hansı bir tıxanma və ya daralmanın olmadığını müəyyən elədim. Məltəm xanımdan da yaxınlarda stress keçirib-keçirmədiyini soruşanda "İstanbuldakı sel fəlakəti nəticəsində ticarətlə məşğul olduğum obyektimi su basdı, ciddi maddi ziyan dəydi və bundan ötrü çox kədərləndim” cavabını verdi. Həm Səmra xanıma, həm də Məltəm xanıma "Qırılmış qəlb sindromu” diaqnozunu qoydum.
27 il əvvəl tapılan xəstəlik
Qorxu, kədər, təşviş, üzüntü və sairə kimi neqativhissləri keçirmək ciddi infarkta səbəb ola bilir. Buna "Qırılmış qəlb sindromu” ("Broken Heart Syndrome”) deyilir. Bu xəstəliyin bir xüsusiyyəti var: xəstələr infarkt keçirsələr də, ürək damarlarında tıxanma və ya daralma olmur. Əslində "Qırılmış qəlb sindromu” fiziki stressdən sonra da ortaya çıxa bilir. Bu xəstələrin 36 faizi infarkt keçirməzdən əvvəl neqativ emosional hisslər, 28 faizi fiziki stress, 8 faizi isə həm emosional, həm də fiziki stress keçirmiş xəstələrdir. Adətən 50 yaşından sonra ortaya çıxan bu xəstəliyin bir digər adı da "Takotsubo sindromu”dur. Bu xəstəliyin tarixi çox qədim deyil. İlk dəfə 1990-cı ildə yapon həkim Sato tərəfindən müəyyən edilib. Biz neqativ emosional hissləri keçirdiyimiz zaman sempatik sinir sistemimiz normadan çox fəaliyyət göstərir. Nəticədə nəbzimiz sürətlənir, təzyiqimiz qalxır və ürəyi qidalandıran damarlar büzülür. Ayrıca, qanımızda adrenalin və noradrenalin kimi stress hormonlarımızın miqdarı da artar. Bütün bu proseslər infarkt keçirməyimizə səbəb olur. "Qırılmış qəlb sindromu”nun ortaya çıxdığı xəstələr adətən oğlunu, qızını, həyat yoldaşını və ya çox sevdiyi bir insanı itirən; silah gücü ilə soyulan; xəyanət edilən, boşanan, yoldaşı ilə mübahisə edən; zəlzələ, sel və daşqın kimi təbii fəlakətlər nəticəsində evini, yerini, yurdunu və ya hər hansı maddi gəlir mənbəyini, işini, qumarda pulunu itirən və bu səbəbdən üzüntü, kədər hissi keçirən insanlardır. Üzüntü və ya kədər hissi keçirdikdən sonra xəstələrin çoxu (təqribən 76 faizi) sinələrində şiddətli ağrı hiss edərlər. Ancaq bəzi xəstələrdə ağrı olmaz və yeganə şikayət təngnəfəslik ola bilər. Bəzi xəstələrdə isə yeganə şikayət ürəkdöyünmə ola bilər. Təəssüf ki, bəzi xəstələr də anidən vəfat edirlər. Qorxu, kədər, təşviş, üzüntü və sairə kimi neqativ hisslər keçirdikdən sonra şiddətli sinə ağrısı və ya təngnəfəslik şikayətləri olan hər kəs ətraflı müayinə edilməli, mütləq elektrokardioqram çəkilməli və lazım olarsa, qan testinə baxılmalıdır.
Niyə əsasən qadınlar?
"Qırılmış qəlb sindromu” olan xəstələrin 90-95 faizi qadınlardır və qadınların nəyə görə daha böyük risk altında olduqlarının dəqiq səbəbi bilinmir. Ancaq ən çox qəbul edilən fikir, qadınların ürəyinin stress zamanı bədəndə ortaya çıxan hormonal dəyişiklərə daha həssas olmasıdır. Son vaxtlarda qarşımıza daha çox çıxan bu xəstəlik heç də nadir xəstəlik deyil. Əslində "Qırılmış qəlb sindromu” da bir növ infarkt keçirmə halıdır və bütün infarkt keçirmə hallarının 1-2 faizini təşkil edir. İnfarkt keçirən bir insanın ürək damarları, adətən tıxanmış olur. Ancaq maraqlısı odur ki, "Qırılmış qəlb sindromu”nun olduğu insanlara anjiyoqrafiya elədiyimiz zaman, damarları adətən tərtəmiz çıxır, ürək damarlarında ciddi daralma və ya tıxanma olmur. Ayrıca, bu xəstələrin ürəklərinin müəyyən bölümləri anormal dərəcədə genişlənir. Sizə daha maraqlı bir məlumat verim. "Qırılmış qəlb sindromu”nun ortaya çıxdığı qadınların çoxu menopauzaya girmiş qadınlardır. Bu qadınların ortalama yaşları təqribən 66-dır. Menopauzaya qədər yumurtalıqlardan qana ifraz olunan esterogen hormonu qadınları infarkt keçirməkdən qoruyur. Ancaq qadın menopauzaya girdikdən sonra qandakı esterogen hormonu azalır və bunun nəticəsində qadınlar infarkt keçirmə baxımından daha həssas olurlar. Bu xəstələri bəzi dərmanlarla çox yaxşı şəkildə müalicə edirik və hər hansı bir problem olmadan xəstəxanadan evə göndəririk. Ancaq çox təəssüf ki, "Qırılmış qəlb sindromu” bəzi xəstələrimiz üçün öldürücü də ola bilir. Belə ki bu diaqnozla yatırılan xəstələrin 4 faizi xəstəxanada dünyasını dəyişir. Ancaq xəstələrin çoxu 1-2 həftə içində tamamən normal sağlamlıqlarına dönürlər. Bir insanda "Qırılmış qəlb sindromu” ortaya çıxıbsa, bu xəstəliyin həmin insanda təkrar ortaya çıxma riski hər il 2 faiz artar.
Xoşbəxt qəlb sindromu
Qorxu, kədər, üzüntü və sairə kimi neqativ hisslərin infarkta səbəb ola biləcəyini çox yaxşı bilirik. Ancaq təəssüf ki sevinc, qürur hissi, xoşbəxtlik kimi pozitiv, müsbət emosiya hissləri yaşadığımız zaman da ciddi infarkt keçirə bilərik. Buna da "Xoşbəxt ürək Sindromu” ("Happy Heart Syndrome”) deyilir. "Qırılmış qəlb sindromu”nda olduğu kimi pozitiv emosiya hissi zamanı və ya sonrası infarkt keçirənlərin də 95 faizi qadınlardır. Qadınların nəyə görə daha böyük risk altında olduqları haqqında bəzi fikirlər səsləndirilsə də, dəqiq səbəb bilinmir. Sevinc hissinin keçirildiyi zaman infarkt keçirənlərin 90 faizi sinəsində ağrı hiss edərlər. Ancaq təngnəfəslik şikayəti də ortaya çıxa bilər.
Son söz: Nadir bir xəstəlik olmayan və son zamanlar tez-tez rastlaşdığımız "Qırılmış qəlb sindromu” insan ürəyinin stressə qarşı reaksiya verməsi nəticəsində ortaya çıxan bir infarkt keçirtmə halıdır. Xüsusi ilə menopauzaya girmiş qadınlar bu xəstəlik üçün risk altındadırlar. Bu insanlarda anjioqrafiya elədiyimiz zaman, damarları adətən tərtəmiz çıxır, ürək damarlarında ciddi daralma və ya tıxanma olmur. Bu xəstəliyin ortaya çıxmasında stress çox önəmli bir faktordur. Ona görə də xüsusi ilə menopauzaya girmiş qadınların stressdən uzaq durmaları çox önəmlidir.
Dr. Yalçın Velibey
Kardiologiya uzmanı
banner

Oxşar Xəbərlər