• cümə axşamı, 28 mart, 18:36
  • Baku Bakı 13°C

“Qəzet istehsal edənlər rəqabət aparmalı olacaqlar” - Müsahibə

12.02.19 20:50 5187
“Qəzet istehsal edənlər rəqabət aparmalı olacaqlar” - Müsahibə
Fevralın 11-də Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Toplantıda kütləvi informasiya vasitələrinin dövlət tərəfindən maliyyələşməsinin vəziyyəti, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) tərəfindən maliyyələşmə şərtlərinin bir qədər sərtləşdirilməsi, çap mediasının qarşılaşdığı problemlər ətrafında geniş müzakirələr aparılıb, həmçinin şuranın 2018-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib. İclasda müzakirə mövzusu olan məsələlərlə bağlı "Kaspi” qəzetinin suallarını Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov cavablandırır.
- Əflatun müəllim, KİV DF-nin qəzetlərin maliyyələşməsi ilə bağlı şərtləri dəyişdirməsindən sonra yaranmış durumu necə dəyərləndirirsiniz? Sizcə, bu dəyişikliklər hansı zərurətdən irəli gəlib?
- Bildiyiniz kimi, şərtlər qəzetlərin tirajı və yayımı ilə bağlıdır. Əlbəttə, ilk baxışdan radikal addım kimi görünə bilər. Amma bir məsələni unutmaq olmaz ki, dövlət dəstəyi ictimai rəydə qəbul edilən, xüsusi çəkiyə malik kütləvi informasiya vasitələrinin mövcudluğunun təminatı üçündür. Dövlət vəsaiti ianə deyil, məqsədyönlüdür. Digər tərəfdən, dediyiniz şərtləri qəbul edən konkret dövlət qurumudur. Ancaq bəzilərinin iddialarının əksinə olaraq onu demək istəyirəm ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu açıqladığı şərtlərlə heç də qəzetçiliyə zərbə vurmadı. Əksinə, yeni mərhələnin əsasını qoydu. Bu, o mərhələdir ki, hər bir qəzet istehsalçısı, yaxud qəzet istehsal etmək niyyətində olan şəxs fəaliyyət minimumunu həmin şərtlərə uyğun götürəcəkdir. Qəzet ictimai məhsuldur. Onu istehsal edənlər dövlətin dəstəyindən faydalanaraq həm özlərini təkmilləşdirmək, maliyyə imkanlarını yaxşılaşdırmaq, həm də dövlətin cəmiyyətə yönələn media siyasətinin tərkibində olmaq istəyəcəklərsə, cəmiyyətin maraq və mənafelərindən irəli gələn prinsipləri media müstəvisində reallaşdırmağı prioritet seçəcəklərsə, deməli, rəqabət aparmalı da olacaqlar. Bu rəqabət eyni zamanda ictimai rəydə tanınmaq uğrundadır. Məsələni belə təqdim edərdim. Təbii ki, hər bir proses itkilərsiz ötüşmür. Bəli, bəzi qəzetlər elektron varianta, bəziləri həftəliyə keçdiklərini bəyan etdilər. Bu, istər-istəməz ixtisarlara səbəb olacaqdır. Əsasən də texniki heyət baxımından. Düşünürəm ki, yaxın iki-üç ay ərzində loru dillə desək, bütün daşlar yerinə oturacaqdır. Ümumən peşəkar jurnalistlərə hər zaman tələbat var və olacaqdır. Qeyd ediləcək daha bir məqam yaradıcılığa baxışla əlaqədardır. Bir neçə dəfə bildirmişəm ki, bizə internet media orqanlarından, sosial şəbəkələrdən oxuduğumuz məlumatı ertəsi gün dərc edən qəzetlər lazım deyil. Dünyada da belədir. Çap mediası məzmununda dəyişikliklər aparır. İnsanlar qəzetdən hansısa hadisəni deyil, həmin hadisənin doğurduğu, yaxud doğura biləcəyi vəziyyəti öyrənirlər. Əslində bu tələb müəyyən mənada internet mediaya da aiddir. İndi onlar üçün də sadə xəbərçilik artıq aktual sayılmır. Bu mənada qəzetə daha böyük yük düşür. Üstəlik, qəzet geniş imkanlara malikdir. Sadəcə, işə yaradıcı yanaşmaq lazımdır. Oxucuya fərqli nəsə təqdim edilməlidir. Eyni zamanda, bizim yüksək keyfiyyətli kağızda nəşr olunan, rəngli qəzetlərimiz olmalıdır. Hesab edirəm ki, bütün bunlar dəyişikliklərin başlıca motivini təşkil edən məsələlərdir.
- Çap mediasının iqtisadi müstəqilliyini təmin edəcək amillərdən biri də reklam bazarının mövcudluğu, qəzetlərin reklam gəlirlərinin yüksək olmasıdır. Bu bazarın formalaşması istiqamətində nə kimi işlər görülməlidir?
- Mətbuat Şurasının İdarə Heyətinin son iclasında bu məsələ də geniş müzakirə olundu. Əslində dövlət dəstəyinin fəlsəfəsini medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi təşkil edir. Bu məqam «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nda yetərincə geniş şərh olunur. O ki qaldı reklam bazarına, əlbəttə nəzəri baxımdan bu, çoxşaxəli prosesdir və ümumən iqtisadi sistemə söykənir. Bəli, hazırda media ölkənin reklam bazarında zəif təmsil olunur. Bunun obyektiv və subyektiv səbəbləri var. Bəzi məsələləri bazar özü tənzimləməlidir, ona müdaxilə yolverilməzdir. Hansısa sahibkara necə demək olar ki, sən reklamını telekanala deyil, qəzetə ver. Mümkün deyil. Ona görə biz hələlik dövlət qurumlarının elan və reklamlarının mediada, xüsusən çap mediasında verilməsi üzərində dayanırıq. Əlbəttə, prinsipial yanaşsaq, hansısa dövlət qurumu reklamını oxunmayan qəzetdə vermək istəməz. Çünki o, sosial mahiyyət daşıyan elan və reklamları ilə bir növ, cəmiyyətə müraciət edir. Cəmiyyət dövlətin tədbirlərindən məlumatlı olmalıdır. Amma bu sahədə də fərqli vəziyyət müşahidə edilməkdədir. Bəzi dövlət qurumları büdcələrində reklam və elanlar üçün nəzərdə tutulan məbləği özlərinin təsis etdikləri media orqanlarına yönləndirirlər. Həmin media orqanlarından cəmiyyətin böyük hesabla xəbəri yoxdur. Deməli, məsələyə yanaşma dəyişməlidir. Onu da deyim ki, dövlət qurumlarının reklam və elanlar üçün büdcədə nəzərdə tutulan vəsaitinin miqdarı imkan verir ki, ictimai rəyə təsir göstərən çap mediası onun köməyi ilə özünün gəlirlərini artırsın. Hələlik bu məsələnin gerçəkləşməsinə çalışırıq.
- Siz Milli Məclisin iclaslarında tez-tez qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi barədə təkliflər səsləndirirsiniz. Elə son plenar iclasda da çap məhsullarının, kitab və jurnalların üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif etmisiniz. Sizcə, bu təkliflərinizin nəzərə alınması qəzetləri üzləşdiyi problemlərdən tam azad edə bilərmi?
- Bununla əlaqədar parlamentdə bir neçə dəfə çıxış etmişəm. Mətbuat Şurasının ayrı-ayrı vaxtlarda müvafiq dövlət qurumlarına müraciətləri də olub. Ümumən məsələnin qoyuluşu belədir ki, dövlətin qanunvericilik yolu ilə müəyyənləşdirdiyi imtiyazlar özlüyündə mediaya dəstəkdir. Vaxtilə ulu öndər Heydər Əliyev qəzetlərin «Azərbaycan» Nəşriyyatına olan borclarının dondurulması barədə sərəncam imzalamışdı. Prezident İlham Əliyev bu borcun dövlət hesabına silinməsini təmin etdi. Əlbəttə, böyük dəstək idi. Eləcə də bütün növ çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsini götürək. Bilirsiniz ki, bu məsələ Vergi Məcəlləsi ilə tənzimlənir. Konkret olaraq 164.1 və 164.1.7-cü maddələrlə. Maraqlıdır ki, 2005-ci ildə Nazirlər Kabineti 11 saylı qərar qəbul edib. Həmin qərarda da idxal olunan KİV məhsullarının ƏDV-dən azad edildiyi vurğulanıb. 2015-ci ildə Nazirlər Kabinetinin həmin qərarı ləğv edilib və məhz buna görə ƏDV-nin tətbiqinə başlanılıb. Əlbəttə, dövlət qurumları müxtəlif səbəblər gətirir, əsaslandırmalar aparırlar. Biz isə izah etmək istəyirik ki, istəyimiz ƏDV-nin tətbiqinin dayandırılmasıdır. Bu zaman onu da nəzərə alırıq ki, ƏDV-nin tətbiqi ilə dövlət büdcəsinə elə də ciddi vəsait daxil olmur. Amma bu, KİV-lərin durumuna mənfi təsir göstərir. Mən parlamentdə "Kitabxanalar haqqında” qanuna dəyişikliyin müzakirəsində də bildirmişdim ki, kitabların qiyməti bahadır. Yəni məsələdən əziyyət çəkən yalnız KİV-lər deyil. Amma KİV-lər və yayım firmaları buna görə ixtisarlara gedirlər. Neçə-neçə adam öz iş yerini itirir. Hesablayanda görürsən ki, həmin adamlara görə hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə ödənilən vəsaitin miqdarı da azalıb. Göründüyü kimi, ƏDV-nin tətbiqi bir tərəfdən dövlət büdcəsinə vəsait daşıdısa, digər tərəfdən daxil olmalı olan vəsait azaldı. Belədə uduş nədir? Heç nə. Hesab edirik ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızının üzərindən ƏDV-nin götürülməsi media sektorunda canlanmaya səbəb olacaqdır.
- Fəaliyyətini dayandıracaq qəzetlərin sayt versiyasına üstünlük verməsi və ümumilikdə elektron medianın maliyyələşdirilməsi kimi məsələlər də aktualdır. Sizcə, bu proses hansı şəkildə həyata keçirilə bilər? Bunun üçün hansısa mexanizm varmı? Hüquqi status hansı formada olmalıdır?
- Ümumiyyətlə, çap mediası saxlanılmalıdır. Biz deyə bilmərik ki, on, iyirmi, otuz, əlli, yüz il sonra nə olacaq? İnternet qalacaqmı? Bu mənada çap mediası gələcək üçün təminatdır. Hansı ölkə çap mediasından imtina edib ki, biz də edək? Əslində son günlər aparılan diskussiyaların mahiyyətində bu sayaq məsələlər dayanır. Amma reallıq da var. Bu gün dünyanın bir sıra aparıcı media vasitələri internet üzərindən yayıma üstünlük verir. Ümumən ictimai rəyi əsasən internet üzərindən yayımlanan KİV-lər formalaşdırırlar. Vəziyyəti nəzərə almalıyıq. Dediyiniz kimi, KİVDF-nin məlum qərarından sonra bəzi KİV-lər elektron yayıma keçdiklərini bəyan etdilər. Bəli, onlar hazırda təşkilati-hüquqi forma baxımından KİV-dirlər. «İnformasiya əldə etmək haqqında» qanun onların öz elektron resurslarını yaratmaq öhdəliklərini müəyyənləşdirir. Elektron resursları isə var. Bu durumda əlbəttə, dövlət dəstəyindən faydalanmalıdırlar. O ki qaldı, digər elektron media orqanlarına, bəli, biz dəfələrlə bildirmişik və əsaslandırmışıq ki, onlara da dövlət dəstəyi şamil edilməlidir. Hüquqi status məsələsini də doğru vurğuladınız. Hesab edirik ki, məsələyə kompleks baxış elə buna söykənir. Düzdür, bir sıra qanunvericilik aktlarında, əsasən də «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və «Telekommunikasiya haqqında» qanunlarda ciddi dəyişikliklər edilib. Müəyyən məsuliyyət növləri müəyyənləşib. Ancaq hesab edirəm ki, bu, yetərli deyil. İnternet media hüquqi münasibətlər sistemində müstəqil şəkildə təmsil olunmalıdır. Yəni, onunla bağlı ayrıca qanuna ehtiyac var. Qanun həm də mövcud məkandakı sui-istifadələrlə mübarizə üçün vacibdir. Mübarizədə konkret hüquqa əsaslanmaq lazımdır. Yaxşı yadımdadır ki, bir rayon məhkəməsi bizə müraciət etmişdi. Hansısa internet media orqanı ilə bağlı qərar verməkdə çətinlik çəkirdi. Məhkəmə müəyyənləşdirə bilmirdi ki, məsələni necə mübahisələndirsin. İnternet xəbər daşıyıcısı kimi fəaliyyət göstərən quruma KİV, yoxsa kommersiya təşkilatı kimi müraciət etsin. Faktiki olaraq KİV-dir. Ancaq təşkilati-hüquqi forma baxımından əksəriyyəti MMC-dir. Belə olan halda biz də düşünməliyik. İnternet media ənənəvi media kimi KİV statusunda çıxış etməlidir. Təbii ki, burada müəyyən texniki məqamlar da əsas götürülməlidir. Məsələn, qəzetə KİV deməyimiz üçün qanunvericilik minimum tələblər müəyyənləşdirir. Tiraj və sair. Eyni tələblər internet media üçün də işlək hala gətirilməlidir. Ancaq burada artıq İP göstəricilər və digər məsələlər nəzərə alınmalıdır. Bu yolu sürətlə getməliyik ki, tez bir zamanda internet media dövlət yardımından bəhrələnə bilsin. Təbii ki, ayrıca maliyyələşmə kriteriyaları da olmalıdır. Məsələn, müxtəlif dillərdə yayımlanma. Nəzərə alınmalıdır ki, biz Azərbaycan həqiqətlərinin xaricdə təbliğini istəyirik. Biz istəyirik ki, KİV-lərimiz dünyanın media məkanına inteqrasiya etsinlər. Ümumən internet medianın potensialının dövlət və cəmiyyət üçün vacib məsələlərə səfərbər edilməsi günün tələbidir.
- Rəhbərlik etdiyiniz qurum tərəfindən "Mətbuat Şurası haqqında” qanun layihəsinin hazırlanmasına dair xəbərlər var. İstərdim bu sənəd barədə bir qədər ətraflı məlumat verəsiniz. Sözügedən qanun layihəsində nələr əhatə olunacaq?
- Mətbuat Şurası haqqında qanun layihəsi artıq hazırdır və müvafiq dövlət qurumuna təqdim olunub. Layihə üzərində iş aparılmalıdır və aparılacaq da. Bildiyiniz kimi, Şura hazırda ictimai təşkilatdır. Bu status bir çox layihələrin reallaşması, eyni zamanda media məkanındakı sui-istifadələrə qarşı mübarizə aparmaq üçün o qədər də effektiv platforma deyil. Əlbəttə, ötən 16 ildə Mətbuat Şurasının uğurları yetərincədir. Biz məhdud imkanlarla cəmiyyətdə tanına bilmişik. Vətəndaşlar Şuraya etimad göstərirlər. Ancaq elə situasiyalar olur ki, gücsüzük. Bəzi KİV-lər var ki, ictimai qınaqdan nəticə çıxarmırlar. Onların hərəkətlərindən isə bütövlükdə cəmiyyət narazı qalır. Hətta əziyyət çəkir. Ayrı-ayrı cəmiyyət üzvlərinin mənafeyinin təmin olunmaması, hüquqlarının məhz media müstəvisində pozulması isə yolverilməzdir. Nəzərə alaq ki, insanlar mətbuata, ümumən KİV-ə nicat yolu kimi baxırlar. Həmişə də belə olub və bu, bir növ ənənədir. Təsəvvür edin ki, media özü insan hüquq və azadlıqlarını heçə sayır. Belə bir durumda nə etmək olar? Əslində bu sualla çox üzləşirik. Qərar çıxarırıq, tövsiyə edirik ki, xoşagəlməz hallar təkrarlanmasın, amma əhəmiyyət verilmir. Vaxtilə Mətbuat Şurası nəyə görə yaranmışdı? Media ilə bağlı narazılıqların məhkəmələrə daşınmaması üçün. Əlbəttə, baxış ondan ibarət idi ki, çoxsaylı məhkəmə prosesləri həm medianın ziyanınadır, həm də məhkəmələr yüklənir. Mətbuat Şurası ötən 16 ildəki fəaliyyəti ilə bu yükü aradan qaldırdı. Daha doğrusu, yükü öz üzərinə götürdü və daşıdı. Qeyd etdiyim kimi, uğurlar da əldə etdi. Ancaq elə o zaman da, indi də bu yük Şura üçün ağırdır. Çünki təsir mexanizmi məhduddur. Baxın, internet media orqanlarının sayı artır. Mediadan narazılıq isə dünyanın hər yerində var. İstəmirik ki, bizdəki narazılıqlar yenidən məhkəmə müstəvisinə daşınsın. Bu, media üçün də əlverişli deyil. Belədə Mətbuat Şurasının fəaliyyətinə daha sistemli yanaşmaq zərurəti meydana çıxır. Qanun da bu sistemliliyin təminatı üçündür. Mətbuat Şurası haqqında qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərən qəzet, jurnal, informasiya agentliyi və internet informasiya resurslarında öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləmək, KİV məkanındakı sui-istifadələr və digər neqativ halların qarşısının alınması üçün effektiv hüquqi mexanizmlərin tətbiq etmək, medianın özünütənzimləmə orqanı olan Azərbaycan Mətbuat Şurasının fəaliyyətini təkmilləşdirmək məqsədini daşıyır. Sual yaranır - burada dövlətin marağı nədən ibarətdir? Nə üçün dövlət Mətbuat Şurasının fəaliyyətini qanuniləşdirməkdə maraqlı olmalıdır? Ona görə maraqlı olmalıdır ki, dövlət ölkədə söz və ifadə azadlığının dərinləşməsi, bu sahədə cəmiyyətin istəyindən irəli gələn mühitin formalaşmasını, Azərbaycan KİV-lərinin beynəlxalq informasiya məkanına inteqrasiyasında səmərəliliyin artırılmasını istəyir. Göründüyü kimi, qanun dövlətlə media ictimaiyyətinin ortaq maraqlarının təminat vasitəsi kimi çıxış edir. Ümumən Mətbuat Şurası haqqında qanun layihəsi barədə bunları deyə bilərəm. Əlbəttə, sənəd üzərində iş gedir. İnanıram ki, işlər müsbət nəticə verəcəkdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər