• cümə axşamı, 18 aprel, 22:32
  • Baku Bakı 21°C

“Qeyri-qanuni fəaliyyət” alibisi

29.08.19 16:51 3360
“Qeyri-qanuni fəaliyyət” alibisi
Aavqustun 28-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) rayonun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş dağlıq əraziyə yollanıb və sürücü Ələmdar Ağayevin hadisə zamanı dünyasını dəyişdiyi müəyyən olunub. Şöbənin Dövlət yol polisi bölməsinin yol patrul xidmətinin və digər polis əməkdaşlarının fəal iştirakı ilə avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil olunub.


Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Trend-ə bildirib ki, Lənkəranda qəzaya düşən avtobus Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) fərqlənmə nişanı almayan, qeyri-qanuni fəaliyyət göstərən daşıyıcı olub Onun sözlərinə görə, avtobus Lənkəran daxilində fəaliyyət göstərib: "Qəzaya düşən avtobus müntəzəm sərnişin daşımırdı, sadəcə ayda bir, iki dəfə xəttə çıxırdı. Avtobus fəhlələri, ya da ona sifariş əsasında müraciət edən insanları daşıyırdı. Bizdən xəbərsiz və fərqlənmə nişanı olmadan işləyən sürücü hadisə səbəbindən dünyasını dəyişib”.

Xatırladaq ki, Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. Xəsarət alanların 10-u xəstəxanada müalicəsini davam etdirəcək, digərləri ambulator müalicəyə göndəriləcək. Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik qiymətləndirilir. Açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. Digər qadının diaqnozu qapalı kəllə-beyin travması və qabırğa sınığıdır. Onun da vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.

Artıq bu cür ağır yol-qəza hadisələri demək olar ki, adi hala çevrilib. Hər dəfə də hadisədə n sonra rəsmi qurumlar avtobusların qeyri-qanuni fəaliyyət göstərdiyini bildirilir. "Qeyri-qanuni fəaliyyət göstərir” ifadəsi sanki alibiyə çevrilib. Rəsmi qurumlar bu açıqlamanı verməklə, "mən məsuliyyət daşımıram” deyir. Bəs onda kim məsuliyyət daşıyır? Qeyri-qanuni daşıma ilə məşğul olan avtobus sürücülərinin qarşısını hansı qurum almalıdır? Onlara qarşı hansı cəza tətbiq edilməlidir? Bu məsələ qanunvericilikdə həllini necə tapıb.


Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişindaşımada istifadə olunan avtonəqliyyat vasitələri daşıyıcılarına fərqlənmə nişanı təqdim edir: "Yəni müəyyən olunan marşrut xətti üzrə daşıyıcı müraciət edir və tender elan olunur. Həmin daşıyıcıya xəttin həvalə olunması təmin edilir. Əgər o daşıyıcının avtobusları uyğun kriteriyalara cavab verirsə, onların fəaliyyətinə icazə verilir. Biz ümumilikdə bu məsələyə nəzarət edirik. Qeyri-qanuni daşımalara gəldikdə isə bununla bağlı aidiyyəti üzrə qurumlar var. Yəni Dövlət Avtomobil Nəqliyyatı Xidməti cəza verən qurum deyil, bizim belə bir səlahiyyətimiz yoxdur. Ötən il DİN ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında protokol imzalandı. Protokola əsasən qeyri-qanuni daşımalara qarşı həyata keçirilən tədbirlərdə 3 qurum birgə iştirak etdik. Bu avtobusların kompakt yığışdığı ərazilərdə müxtəlif tədbirlər və reydlər keçirildi. Həmin reydlərdə DANX tərəfindən qeyri-qanuni daşıyıcılar arasında maarifləndirmə işi aparıldı. Cəza və cərimə tətbiq etmək bizim səlahiyyətimizdə deyil”.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovbildirdi ki, aidiyyəti qurumlar bu məsələni diqqətdə saxlamalı və nəzarət etməlidir: "Aidiyyəti qurumlar dedikdə yerli İcra Hakimiyyəti orqanları, Dövlət Yol Polisi, Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyat Xidməti nəzərdə tutulur. Bu qurumlar arasında kompleks tədbirlər həyata keçirilərsə, qeyri-qanuni fəaliyyətlə məşğul olan daşınma xidmətlərinin qarşısı alına bilər. Amma bir məsələ var ki, sərt inzibati qərarlar vəziyyəti düzəltmək əvəzinə, daha da pisləşdirə bilər. Bu məqam bazar iqtisadiyyatı şəraitində yerli sahibkarların narazılığına gətirib çıxara bilər. Ona görə də, bu məsələdə bütün tərəflərin maraqlarını nəzərə almaqla qeyri-qanuni fəaliyyətlə məşğul olan şirkətlərə və fiziki şəxslərə nəzarət etmək lazımdır. Aydın məsələdir ki, qeyri-qanuni sərnişin daşıma fəaliyyəti hər zaman olub və yəqin ki, bundan sonra da olacaq. Onlarla mübarizə aparmaqla yanaşı, maarifləndirməyə də ehtiyac var. Məsələn, qeyri-qanuni fəaliyyətlə məşğul olan şirkətlərin xidmətindən yararlanan insanlar maarifləndirilməlidir. Bu məsələdə kompleks yanaşma irəli sürülməlidir. Çünki qiymət ucuzdur deyə, bu fəaliyyətlə məşğul olan daşınma xidmətlərindən istifadə edirlər. Bu istiqamətdə lazımi tədbirlər həyata keçirilərsə, nəticə əldə etmək mümkündür”.


Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlıdeyir ki, qeyri-qanuni fəaliyyətlə məşğul olan yüzlərlə, minlərlə avtobus sürücüləri var. Bunu danmaq və ya qarşısını almaq artıq mümkünsüz hala çevrilib: "Çünki bu işlə məşğul olan şəxslər müxtəlif bəhanələrlə məsuliyyətdən yayınırlar. Bəzi işbazlar isə bu vəziyyətdən yararlanırlar. Nəticədə isə neqativ halların sayı gün-gündən daha da artır. Vəziyyət o qədər qəlizləşib ki, bunun qarşısını almaq da olmur. Ona görə də vətəndaşlara müraciət edirik ki, qanunsuz fəaliyyət göstərən avtobus və taksi xidmətlərindən istifadə etməsinlər. Bu məsələlər kompleks yanaşma tələb edir. Yəni problemin kökünə enmək lazımdır. Elə bir sistem qurulmalıdır ki, kənar müdaxilələr edilməsin. Təkcə bölgələrdə deyil, Bakı şəhərində belə fəaliyyətlə məşğul olanların sayı həddən artıqdır. Bəzi avtobus və taksilər demək olar ki, istifadəyə yararlı vəziyyətdə deyil. Bir çox sahibkarlar və sürücülər lisenziya alaraq qanuni fəaliyyət göstərməkdən yayınırlar. Heç kim dövlətə vergi ödəmək istəmir. Ona görə də, nəzarət mexanizmi gücləndirilməlidir. Dövlət bu məsələyə nəzarət etməlidir”.

Şəbnəm

banner

Oxşar Xəbərlər