• şənbə, 20 Aprel, 17:17
  • Baku Bakı 23°C

Qeyri-neft sənayesinin 15 faizlik artımı dünya miqyasında rekord göstərici hesab oluna bilər

17.10.19 17:55 2101
Qeyri-neft sənayesinin 15 faizlik artımı dünya miqyasında rekord göstərici hesab oluna bilər
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət, geniş vüsət alan quruculuq və abadlıq tədbirləri Azərbaycanın hərtərəfli inkişafına səbəb olub. Məhz bu siyasət nəticəsində ölkəmizin paytaxtı ilə regionları arasında fərq azalıb, neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirilib, böyük sahibkar ordusu yaranıb, ümumilikdə iqtisadi tərəqqi əldə edilərək vətəndaşların sosial rifah halı ilbəil yaxşılaşdırılıb. Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə səsləndirilən faktlar Azərbaycan iqtisadiyyatının cari ildə də inkişaf etdiyini göstərib. Müzakirələrdə Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış etdilər.

Prezident İlham Əliyev cari ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinin müsbət olduğunu, iqtisadi artımın təmin edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Dövlət başçısının sözlərinə görə, bu, şaxələndirmə ilə bağlı tədbirlərin nəticə verməsi ilə əlaqədardır: "Biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik. Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Ölkə başçısı İlham Əliyev son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulduğunu vurğulayıb. Deyib ki, kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilib: "Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır. Digər iqtisadi göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.

Prezident İlham Əliyev inflyasiyanın çox aşağı səviyyədə - 2 faizdən bir qədər çox olmasına da diqqət çəkib. O bildirib ki, bu il çox ciddi və böyük sosial paket reallaşıb, 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb, pensiyalar, əməkhaqları, müavinətlər artırılıb: "Bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir”.


Müşavirədə səsləndirilən faktlarla bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili hazırda ölkəmizdə mühüm sosial-iqtisadi islahatlar həyata keçirildiyini və uğurlu nəticələrin göz qabağında olduğunu söyləyib. Deputat qeyd edib ki, oktyabrın 15-də Azərbaycan Prezidentinin yanında keçirilən iqtisadi müşavirəni üç mühüm hissəyə bölmək olar: "Birincisi ölkədə yaradılan iqtisadi və sosial şəraitdir ki, bu da beynəlxalq reytinqlərdə kifayət qədər yüksək qiymətləndirilir. Həmçinin biznesin uğurla aparılması, ölkənin potensialı, dövlət orqanlarının gələcəyə baxışları da bu sıraya aiddir. Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında mühüm irəliləyiş əldə edib və dünyada ən çox - 11 pillə irəliləyən ölkə olub. Azərbaycanın "Doing Business"də dünyanın ən çox islahat aparan 20-ci ölkəsi olması əslində o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün kifayət qədər yetərli zəmin yaradılıb. İkinci istiqamət yaradılan bu zəmindən sonra ölkədəki müvafiq iqtisadi artım, bununla bağlı Prezidentin qeydləri idi. Burada diqqəti cəlb edən mühüm məqamlardan biri ondan ibarətdir ki, bir çox sahələr üzrə Azərbaycanda rekord artım müşahidə olunur. Məsələn, qeyri-neft sənayesinin 15 faiz, kənd təsərrüfatı sektorunun 7 faiz artmasını göstərmək olar. Bunlar Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks etdirir”.

Millət vəkili deyib ki, Azərbaycanın ehtiyatları kifayət qədərdir, iqtisadiyyatımız daha çox böyüyə bilər. Onun fikrincə, əslində aparılan iqtisadi islahatlar və yaranmış biznes mühiti iqtisadiyyatımızın bütün sektorlarının daha sürətli inkişafına imkan yaradır: "Buna nail olmaq üçün ortada olan əngəlləri aradan qaldırmaq lazımdır. Bununla bağlı bir daha ölkə başçısı sərt xəbərdarlığını etdi. Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatlar mövcuddur. Bu ehtiyatları daha səmərəli istifadə etməklə, daha aktiv, dinamik şəkildə bir-biri ilə uzlaşdırmaqla həm ümumi daxili məhsulda, həm də qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə etmək mümkündür. Üçüncü istiqamətə gəldikdə, iqtisadi inkişafın daha sürətli getməsinə, eyni zamanda, iqtisadiyyatın həcminin daha çox artmasına əngəl törədən amilləri qeyd etmək olar. Müşavirədə Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə əlaqədar kifayət qədər sərt şəkildə xəbərdarlıq etməsi bunu deməyə əsas verir ki, Azərbaycanda bu mənfi hallarla mübarizə daha da gücləndiriləcək. Həm yeni mexanizmlərin yaranması, həm də yeni faktaraşdırıcı, elektronlaşma mexanizmlərinin tətbiqi şəffaflığın artırılmasında, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə təsirli addımlar olacaq”.

İqtisadçı ekspert Vüqar Bayramlı da qəzetimizə açıqlamasında bu ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatında artımın daha çox qeyri-neft sektoru istehsalı ilə formalaşdığını söyləyib. Ekspert bildirib ki, praktik olaraq qeyri-neft sektorundakı artım ümumi iqtisadiyyatdakı artım tempinin qorunub saxlanmasına imkan yaradır: "Qeyri-neft sənayesində 15 faiz artım qeydə alınıb və bu da ondan xəbər verir ki, artıq mərhələli şəkildə biz iqtisadi artımın neft sektorundan qeyri-neft sektoruna transfer olunmasını müşahidə edirik. Bu, iqtisadi inkişafın dayanıqlığı baxımından vacibdir. Eyni zamanda, 2019-cu ilin 9 ayının yekunları Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması ölkəmizdə gedən islahatların beynəlxalq qurumlar, o cümlədən beynəlxalq qiymətləndiricilər və maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi ilə yadda qaldı. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi sırasına daxil olundu. Ötən il də Azərbaycan məhz dünyanın ən islahatçı ölkələri sırasında idi. Digər iqtisadi rəqabətqabiliyyətli indeksində də ölkəmiz öz mövqelərini yaxşılaşdıra bildi. Bu da ondan xəbər verir ki, əslində, islahatlar bir tərəfdən makroiqtisadi sabitliyin qorunub saxlanmasına, artım tempinin formalaşmasına, həm də beynəlxalq səviyyədəki mövqeyimizin möhkəmlənməsinə səbəb oldu. Bu baxımdan 2019-cu ilin 9 ayının yekunları iqtisadiyyatın diversifikasiyası baxımından müsbət qiymətləndirilməlidir. Nəticələr göstərir ki, iqtisadiyyatın mərhələli şəkildə neft sektorundan qeyri-neft sektoruna diversifikasiyası müşahidə olunmaqdadır”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər