• cümə axşamı, 28 mart, 20:07
  • Baku Bakı 13°C

Qeyri-milli, anarxist qüvvələrin “fəaliyyəti” iflasa məhkumdur

23.04.19 20:10 764
Qeyri-milli, anarxist qüvvələrin “fəaliyyəti” iflasa məhkumdur
Azərbaycanın uğurlarını həzm etməyən xarici qüvvələr, imperialist dövlətlər müxtəlif vasitələrlə, o cümlədən "sapı özümüzdən olan baltalar”la - radikal qruplarla əlbir olub ölkəmiz əleyhinə kampaniya aparırlar. Bu anti-Azərbaycan təbliğat beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində, ölkəmizin reallaşdırdığı qlobal xarakterli layihələr müddətində daha kəskin xarakter alır. Özlərini müxalifət libasına bürüyən radikallar xaricdən alıqları sifarişlər əsasında Azərbaycan iqtidarının, hakimiyyətin atdığı bütün addımları qaralamağa, yeri gəldi-gəlmədi əsassız bəyanatlar verərək yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. Həyata qara eynək arxasından baxan belə qaraguruhçular cəmiyyətdə narazılıq yaratmaq, ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmaq üçün dəridən qabıqdan çıxırlar. Sonra da bütün bunları müxalifətçilik, siyasi mübarizə və sair kimi qələmə verirlər. Bununla da onlar yaşadıqları ölkənin, təmsil etdikləri xalqın və dövlətin maraqlarına qarşı çıxır, Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə yönəlik cəhdlər etməklə erməni dəyirmanına su tökürlər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü” adlı məqaləsi özünü "müxalifətçi” adlandıran antimilli ünsürlərin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. "Facebook”dakı "Prezident İlham Əliyevin dostları” adlı səhifədə paylaşılan həmin məqalədə qeyd olunub ki, istər daxildə, istərsə də xaricdə bəzi şəxslər və təşkilatlar tərəfindən Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur, səmimi səslənmir, ən əsası da ictimaiyyət tərəfdən də qəbul olunmur: "Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək Formula 1 yarışları "zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən Formula 1 səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların "əsəbini tarıma çəkir”. Təbii ki, bu, özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birisinə yaraşmayan, olduqca qərəzli yanaşmadır. Çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür və anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir edən insanların səmimiyyətinə inanmır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev də "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan əleyhinə xaricdəki dairələrin sifarişi ilə kampaniya aparanlar qeyri-milli, anarxist qüvvələrdir. Deputat deyib ki, xarici xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə başqa dövlətlərə xidmət edən bu anarxistlərin məqsədi Azərbaycanda pozuculuq hərəkətləri törətməkdir: "Müxalifətçilik hadisələrə qarşı, baş verən olaylara, görülən işlərə qarşı nöqsan olduğu halda sağlam münasibət bildirməkdən, vəziyyətdən çıxış üçün doğru olan, alternativ yolu göstərməkdən ibarətdir. Hakimiyyətə gəlməyin də yolu budur. Yəni, mövcud fikirlərə alternativ olan, daha yaxşı sayılan fikirlər cəmiyyətə təqdim olunur, cəmiyyət də həmin fikirləri və onların daşıyıcılarını dəstəkləyir, hakimiyyətə gətirir. Lakin antimilli, anarxist qüvvələr hadisələrə qan düşmənçiliyi prizmasından yanaşırlar. Onlar üçün yaxşı-pis fərq etmir. Əgər hansısa yaxşı bir fikri onların arzulamadığı şəxs deyirsə, buna əhəmiyyət vermir, doğru fikri də qəbul etmirlər. Təbii ki, bu, cəmiyyət tərəfindən qəbul edilən yanaşma deyil. Əsl reallıqda o anarxist, antimilli şəxslər vəziyyətin necə olduğunu, hansısa fikrin, yaxud iqtidarın doğru addımlarının əhəmiyyətini, məqsədini dərk edirlər. Lakin onları yönəldən qüvvələr imkan vermirlər ki, o şəxslər həqiqətləri olduğu kimi desinlər və ya dəstəkləsinlər. Çünki, onlar öz iradəsi ilə deyil, sifarişli şəkildə davranır, addım atır, rəy bildirilər. Onların məqsədi ölkə daxilində anarxiya, narazılıq, sosial gərginlik yaratmaqdır. Bundan başqa amacları yoxdur. Bu, özünü ifşadan başqa bir şey deyil. Həmin qüvvələr xaricdən aldıqları qrantlar müqabilində siyasi sifarişləri yerinə yetirməyə məhkum olublar. Onların bundan başqa çıxış yolu, fərqli davranmaq imkanları yoxdur”.

Millət vəkili Sahibə Qafarova da bildirib ki, yüksək nüfuza malik olan Azərbaycan beynəlxalq müstəvidə güclü, nüfuzlu dövlət kimi tanınır, ölkəmizin dostlarının, tərəfdaşlarının sayı davamlı olaraq artır. Deputatın fikrincə, bütün bu uğurları gözü götürməyən qüvvələr ölkə daxilindəki uzantıları vasitəsilə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar: "Ötən müddət ərzində dünyanın bir sıra regionlarda qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları baş verib, beynəlxalq vəziyyət olduqca gərginləşib. Bütün bunlara baxmayaraq, Azərbaycan dinamik inkişafını uğurla və inamla davam etdirib, bütün sahələrdə parlaq nailiyyətlər əldə olunub, ölkəmizdə möhkəm əsaslara söykənən sabitlik, təhlükəsizlik qorunub saxlanılıb. Azərbaycanda güclü xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir, dövlətimizin başçısına sonsuz etimad və rəğbətini ifadə edir. Fransanın "Opinion Way” şirkətinin bu ilin mart ayında ölkəmizdə keçirdiyi rəy sorğusunun nəticələri bu reallığı bir daha təsdiqləyir. Şübhəsiz ki, bütün bu uğurlar Ermənistanı, erməni lobbisini, xaricdəki bir sıra anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Ona görə də həmin dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, ölkəmizin uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə müxtəlif vasitələrdən, o cümlədən "5-ci kolon” adlandırılan, maşa rolunu oynayan şəxslərdən də istifadə edirlər. Əlbəttə, məqsəd Azərbaycana təzyiq göstərməkdir. Amma bu cür vasitələrlə ölkəmizi inkişaf yolundan və milli maraqlara əsaslanan prinsipial, müstəqil siyasətindən döndərmək mümkün deyil. Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik davam etdirəcək, beynəlxalq müstəvidə yeni nailiyyətlər qazanacaq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər