Qeyri-bərabərliyin harmoniyası
Qeyri-bərabərliyin
harmoniyası, kainatın əsas, bəlkə birinci, bəlkə də yeganə qanunudur. Bərabər
ölçülər isə sadəcə, bir aldanışdır. Bərabərlikdə hərəkət yoxdur, doğuluş aktı
yoxdur, hətta ölüm də yoxdur, çünki bərabər ölçülərin münasibətində həyat da
yoxdur. Cisimlərin düzülüşü, bu düzülüşün cazibə və itələmə qanunlarındakı
sıfıra bərabər olan qeyri-dəqiqlik, bərabər ölçülü münasibətlərə borclu deyil.
Təkcə ona görə ki, cisimlərin öz ölçüləri və onlar arasındakı məsafə ölçülərinin
bərabərliyi təbiətdən yox, insan şüurundan qaynaqlanan bir şeydir. Yəni burada
zorakılıq var. Təbiətin "xaos"unu "kosmos"a çevirmək istəyi
yalnız insanın ağlına gələ bilər.
İnsan
heç zaman təbiətə "niyə" sualını verə bilməz. Bu "niyə"lər
insana qarşı məhz elə insanın öz şüurunda yaranmışdır. Belə ki, təbiətin
gizliliyini aşkara çıxarmaq əvəzinə, yeni qanunlar və ölçülər tərtib edən insan
şüuru elə insanın özü tərəfindən təkzib edilir. Bəşəriyyətin Yer kürəsinə gəldiyi
ilk gündən bəri, hələ elə bir qanun mövcud deyil ki, bir müddət sonra gücdən
düşməsin, rədd edilməsin. Elə bir təyinat yoxdur ki, ona qarşı "niyə"lər
ortaya çıxmasın. Ancaq dediyimiz kimi, insan təkcə təbiətə "niyə"
sualını verə bilmir. Çünki təbiətin qanunları bəsit və dialektik məntiqə tabe
deyil. Bu məntiqi icad edən isə yenə də insandır. İnsanın isə təbiətə gücü yetməz
- onu dağıdar, korlayar, yox edər, ancaq onun qanun və ölçülərini dəyişə bilməz.
Bizim bəhs etdiyimiz təbiət isə ətraf mühit,
ekologiya-filan deyil. Makro-aləm və mikro-aləm daxil olmaqla, bizim qəsd
etdiyimiz təbiət hərəkətin özü, ilkin və bizim iradəmizlə, yaxud da idarəmizlə
gerçəkləşməyən harmoniyadır. Quşların, suların, yarpaqların səsindəki inkarı
mümkün olmayan harmoniyanı kim və hansı qanunlar əsasında yaratdı? Bunun cavabı
"Tanrı" da olsa, "təbiət" də olsa, fərq etməz. Çünki söhbət
yaradandan deyil, yaradılandan gedir.
Cisimlər, onların səsləri, rəngləri, enerjiləri
arasındakı münasibət musiqinin dili ilə desək, temperasiyadır. Ancaq insan
oğlunun icad etdiyi bərabərölçülü temperasiyadan öncə qeyri-bərabər temperasiya
mövcud idi. Biz isə, "öncə" və "idi" kəlmələrini yerində
işlətmədik. Çünki qeyri-bərabərlik bərabərlikdən öncə deyil, onun kənarındadır.
Və beləliklə, tarix deyil, bu gündür, hər zaman məlum qanunlarla paralellik təşkil
edən naməlum qanunlardır.
Bununla bərabər, insan oğlunun hər bir icadı,
necə deyərlər, bir fədakarlıq bəhrəsidir. Sebastian Baxın YTK-sı ("Yaxşı
temperasiya olunmuş klavir") yaradıcı və ən əsası dahiyanə bir üsyanın nəticəsidir.
Dahilər Tanrının hədiyyəsidir. Ancaq illər və əsrlər keçir, insan şüuru yenə də
üsyan etməyə başlayır: nə üçün, niyə məhz bərabərölçülü temperasiya? Qeyri-bərabərlik
olsa və bizim təyin etdiyimiz ölçülər pozulsa, nə baş verər? Dissonanslıqmı?
Axı nədir dissonanslıq? Onu da, onun əksi olan konsonanslığı da biz
yaratmadıqmı? Əsrlər boyu musiqidəki harmoniya qanunlarına katolik kilsəsi
nəzarət etmədimi? Bethoveni də, Vaqneri də, Stravinskini də inkar edən, onları
"şeytanın köləsi" adlandıran zehniyyət haradan qaynaqlanırdı? Əgər bu
zehniyyət məna və zaman baxımından mütləq idisə, həmin "kölələr" niyə
bu gün sultandır?! Bethovenin harmoniyasını rədd edən kilsə niyə bu gün
Bethovensiz nəfəs ala bilmir? Bütün bu "niyələr”in bircə cavabı var: əbədi olan
şey insan şüurudur, onun məhsulu deyil! İnsan amili bütövlükdə, böyük mənada
götürülməlidir. İnsan bir millətin, bir dövrün, bir cərəyanın nümayəndəsi kimi
yox, bir cins kimi, növ kimi qəbul edilməlidir. Yalnız o zaman bu nəhayətsiz məxluq
- yəni insan zamana, məkana, irqə, millətə və yaxud da hansısa dinə, cərəyana
sığmayacaq.
İnsanı yenə də insan inkar edir. Ancaq insanın
insanı inkarı həm də və daha artıq insanın insanı təsdiqidir, onun davamıdır.
İnsan amili və insan şəxsiyyəti fərqli-fərqli şeylərdir. İnsan amili, dediyimiz
kimi, daha böyük, geniş və tanrısal bir anlayışdır. Ancaq insan şəxsiyyəti
inkarı və davamı qəbul etməyən, dar, kiçik və iddialı bir qavramdır. Adından da
göründüyü kimi, şəxsiyyət şəxslərdir, şəxslənmiş bir möhürdür. Halbuki təbiətin
axışı bütün möhürləri silir, bütün şəxsiyyətləri yox edir. Ancaq bu yoxetmə
prosesi yeni var olmanın əsasını təşkil etdiyi üçün, heç bir dahi ölmür.
Dediyimiz kimi, ölümə məhkum olan insan və insan şüuru deyil, bu şüurun məhsuludur.
İnsan şüuru əbədi olduğu üçün, hər zaman hansısa keçici qanunlara, müvəqqəti
ölçülərə hamilədir. Doğulan isə bir gün mütləq ölür. Yaranan şeyin ölümsüzlüyü
və ya ömrünün uzunluğu onun mütləq təbii yaranışın qeyri-bərabər ölçülərə malik
olan qanunlarına mümkün qədər yaxın olmasına bağlıdır. Deyirlər ki, filan dahi
öz zamanını ən azı, yüz il qabaqlayıb. Əslində isə zamanı qabaqlamaq mümkün
deyil. Təyin edilmiş bir öncəki ölçülərə tabe olan insan şüurudur ki, yüz il
geridədir. Bəli, təbiətin dialektikası yalnız iki şeyi mümkün edir; hərəkətə
paralellik və ya ondan geri qalmaq. Hərəkəti və zamanı qabaqlamaq isə təbii
axına ziddir. Əslində, dediyimiz kimi, konflikt zamanın üzərində deyil, şüurun
üzərindədir. Nisbi zamanı təyin edən insan şüurudur. Saatı da icad edən
insandır, əxlaq normalarını da, səslərin bərabərölçülü temperasiyasını da. Hər
zaman var olan şey mütləq zamandır. İnsan isə nisbi zamana özünü təhkim edib
sadəcə. Nisbi zaman nisbi məkan anlayışını doğur. Bu silsilədən isə nisbi
milliyyət, nisbi din, nisbi fəlsəfələr dünyaya gəlir. Dünyanı Şərqə və Qərbə
kim böldü?! Yenə də insan. Bəs bu bölgünün nəticəsi təkcə mədəniyyət və sivilizasiyaların
uzlaşmasınamı gətirib çıxardı? Belə düşünmək sadəlövhlük olardı. Bu gün Türkiyə
türklərinin tez-tez işlətdikləri bir "yabancı" kəlməsi var. Məlumdur
ki, bu söz ərəb dilindən gələn "xarici" sözünün türkcə qarşılığıdır.
Lakin bu, sadəcə filoloji baxımdan belədir. Halbuki, bu günün Türkiyə zehniyyətindəki
"yabancı" kəlməsi daha çox "yad", "bizimki
olmayan" və hətta və deməli "bizə zidd olan, zərərli olan"
anlamında işlədilir. Bu gün artıq Fazıl Say kimi çağdaş dünya piano sənətinin
liderlərindən biri, türklər və müsəlmanlar üçün "yabancı"dır, yaddır.
Nə oldu, necə oldu? Fazıl Say zamanınımı qabaqladı? Əsla! Müasir şəriət zehniyyəti
proqressiv türk xalqının böyük bir qismini ən az yüz il geri saldı! Bu mənada
toplumsal şüur və məkan anlayışı çox mühümdür. Eyni münasibət, yarımkürələrə
bölünmüş dünyanın Qərbində də mövcuddur. Ancaq onlar katolik və ya lüterian
zehniyyətinə tabe olmadıqları üçün, Şərqin malı hesab edilən, məsələn, qeyri-bərabər
temperasiyanı inkar etmir, öyrənməyə çalışır və bunu qəbul etməyənlərin
qarşısına çıxırlar. Orada zamanı qabaqlayanlar olmur, zamanın sürətinə yetişənlər
olur.
Şərqin və Qərbin "malı" olan dəyərlər əslində
insanın malıdır, insanlığın dəyəridir. İnsanın isə Şərqi, Qərbi olmur. Belə
olmasaydı, Höte "Şərq-Qərb" divanını, Qarayev isə "Don Kixot"
simfonik qravürlərini yazmazdı. Dünyada bu qədər gözəl şey var ikən, insanlar
niyə cəbhələşir, niyə mənasız və məqsədsiz qanlar tökülür, anlamaq olmur. Niyə
sağlamlıq deyil, xəstəlik yoluxucu olur? Nə üçün Tanrı virusu mövcud
deyil?
Ancaq insanlıq, üsyanını davam etdirməkdədir. Bu
üsyan düşünən vücudların hərəkətidir - daşlara, qayalara, keçidlərə hücum edib,
onların üzərindən özünə yol açan çaylar kimi, haradan gəldiyi, nə zaman
başladığı bilinməyən, önünü kəsən eybəcər inşaatlara və hətta onlardan qədim və
göz oxşayan əzəmətli dağlara rəğmən, əsib-əsib rəhmət dağıdan küləklər kimi...
İnsan şüuru dözülməz dərəcədə inadçı və gerilikçi, qarşısıalınmaz dərəcədə
üsyankar və yenilikçidir. Hər ikisi - inadçı gerilik də, üsyankar yenilik də
ehtiyacın bəhrəsidir. İnsan sükunətə də, hərəkətə də ehtiyac duyur. Bu ehtiyacı
formalaşdıran şey isə şüurun və zəkanın tərbiyəsindən törəyən fəlsəfəyə
bağlıdır. Məsələn, mən artıq qəzavü-qədərə, ulduzlara, alın yazısına-filan
inanmıram. Mən fəlsəfəyə inanıram. Türkiyəli bir dostumun da dediyi kimi,
"bilgi kaderi deyiştirir". Həqiqətən də tale fəlsəfənin əsəridir.
İnsanın öz taleyini, öz həyatını onun öz fəlsəfəsi formalaşdırır. Bundan başqa,
insan münasibətlərini müəyyən edən şey də yenə fəlsəfədir. Onları bir-birinə
dost və ya düşmən edən gülməli ulduz falları deyil, onların öz düşüncələridir.
Fəqət bizim qəsd etdiyimiz tale ölüm, xəstəlik,
sevgi, ayrılıq, vətən, qürbət-filan deyil.Bunlar həqiqətən də çox kiçik
şeylərdir. Düha deyilən qeyri-bərabər ölçülü gözlənilməz təhacüm sıradan həyat
gerçəklərinin çox-çox üstündədir. Əgər İqor Stravinski həyatını arvadının xəstəliyi,
1-ci Dünya Müharibəsi və ya Vera Südeykina ilə olan gizli roman üzərində
qursaydı, o zaman "Müqəddəs Bahar" onun yuxusuna girməzdi. Əlbəttə,
böyük maestro bu həyat gerçəklərinin hamısını yaşadı. Elə onu Rusiyadan
Avropaya götürən vasitə arvadının xəstəliyi və dünya savaşının amansızlığı oldu.
O, madam Qabriel Şanellə tutkulu sevgi yaşayarkən də öz ailəsinin qayğısı onu
rahat buraxmırdı. Ancaq burada incə bir ayrıntı var: onun ailəsi, sevgililəri həyatın
və taleyin kiçik və ötəri, ən əsası isə qaçılmaz cilvələri idi. Lakin bu
qaçılmazlığın tünd qoxulu, zillət qaranlığının içərisində yazılan partituralar
artıq qəzavü-qədər yox, məhz fəlsəfənin özü idi. Üzərindən az qala bir əsr
yarım keçməsinə baxmayaraq, Stravinski hələ bu gün də tam olaraq, müasir deyil.
Niyə? Yoxsa o da zamanı qabaqlamışdı?
Yox, dediyimiz kimi, dahilər zamanın addımını müşayiət edənlərdir. Ancaq məkan,
irq və dini görüşlərin süni şəkildə yaratdığı gərəksiz ölçülər toplumu dahilərdən
geri salır. Zaman heç vaxt şəxsiyyətin altında ola bilməz. O, hər şeyin üstündədir.
Bu gün Qərb klassik musiqisində qeyri-bərabər temperasiya haqqında
novatorsayağı düşüncələr baş alıb gedir. Onlar da yaxşı bilir ki, bu xaosun həlli
Şərqdədir. Ancaq bu və bu kimi məsələlərdə Şərq sadəcə, xammaldır, aktiv şüur
daşıyıcısı deyil. Qərbin orta əsrlərdəki dini konservatizmi Şərqdə yenidən
oyanmağa başlayıb. İsrarla və inadla iddia edilir ki, Şərq musiqisi çoxsəsli
ola bilməz. Çünki Şərq tonları qeyri-bərabər temperasiyaya malikdir. Əslində isə
alt qatda yenə də fəlsəfə yatır. Qərb yüz fərqli səsi eyni anda danışdıran
orkestr adlı İlahi kəşfə nail oldu. Və bunu bərabər temperasiyaya borclu deyil.
Bərabərlik də, qeyri-bərabərlik də sadəcə, alışqanlıqdır. Sanki bərabər
temperasiya ilə yazan İqor Stravinskiyə daş və yumurta atanlar parislilər
deyildi... Məsələ, şüurdakı ətalətin sındırılmasındadır. Bu gün hər iki
yarımkürədə fəlsəfi ətalət və ruhi tənbəllik hökm sürür. Deyirlər, Yer kürəsi
3-cü, 4-cü, ya neçənci boyuta keçib. Yəni artıq fırlanış və bu dövriyyənin
yaratdığı zaman məfhumu deformasiyaya uğramışdır. Bəlkə bir az sonra dünyanın ən
uca nöqtəsi Everest olmayacaq. Ölümlə və gücsüzlüklə barışmaq lazımdır. Zorla
yenilik olmadığı kimi, zorla köhnəlik də olmur. Bəşəriyyətin xilası nə aclığın
dəf olunmasında, nə axan qanların durmasında, nə də nə olduğu bilinməyən
"insan haqlarının bərpası"nda deyil. Bütün bunlar nəticədir. Bu nəticələrə
aparan yol isə şüurda və bu şüurun ortaya qoyacağı bağlantısız, təəssübsüz,
kainatın çevrəsinə hesablanan fəlsəfədədir.
Hərdən düşünürəm, görəsən, insanlar arasında rəng
irq, millət, ölkə, din ayrılığı olmasaydı, bəşər yenə də konfliktlərlə yaşayardı?
Ancaq belə məlum olur ki, bəşəriyyətin təzadı onun rəngində, irqində, dinində
deyil, fəlsəfi boşluğundadır. Diqqət etsək, görərik ki, dahilərin yaratdıqları,
sərhəd və millət tanımır. Deməli, problem sərhədlərdə deyil, sərhədsiz olan şüurlardadır.
Ola bilməz ki, insan dahiyanə bir əsəri çox sevə, ancaq onu "yabancı"
bilə. Bunu edirlər, ancaq nə qədər məntiqsiz və təəssüf doğuran bir şey
olduğunu bilmirlər. İnsan yaradıcıdır və onun hər yaratdığı bütün insanlığın ən
doğma, ən pozitiv, ən dəyərli sərvətidir.
Nəticə budur ki, doğmalığı icad edənlərin əsil məqsədi
yadlığı icad etməkmiş. Özününkünə "doğma" deyən,
başqasına mütləq "yad" deyəcək. Burada yeganə çıxış yolu özündən və
başqasından qurtulmaq, danılmaz və qarşısıalınmaz gözəlliklərə ömür sərf etmək
və beləliklə də, gözəl və hüzurlu yaşamaqdır. Başqa dürlü qurtuluş yollarının
heç birisi özünü doğrultmadı və doğrultmayacaq!
Fəxrəddin Salim