• çərşənbə axşamı, 16 aprel, 21:06
  • Baku Bakı 18°C

Qərəzli hesabatlar yayanlar Azərbaycanın uğurlarını həzm edə bilmirlər

13.09.13 11:29 1139
Qərəzli hesabatlar yayanlar Azərbaycanın uğurlarını həzm edə bilmirlər
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatı özündə reallığı əks etdirməyən məqamları önə çəkdiyindən birmənalı qarşılanmayıb. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) "Azərbaycan Respublikası: müsbət idarəçilik modeli" sərlövhəli təhlili yazısı ilə həmin qərəzli hesabata tutarlı faktlarla cavab verib və bu yazını sentyabrın 9-da quruma məxsus saytda yerləşdirib.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət qəzetimizə açıqlamasında qərəzli hesabatı yayanları kəskin tənqid edərək bu məsələyə obyektiv yanaşanları və lazımi cavabı verənləri alqışladığını söylədi: “Mən o Mərkəzin sənədi ilə tanışam. Orada diqqətimi maraqlı bir məqam çəkdi. Sual olunur ki, niyə ATƏT Ermənistanla bağlı seçkiqabağı duruma qiymət verəndə gözlə görülən problemlərə əhəmiyyət vermir, Azərbaycanda isə mütləq axtarıb bir problem tapır? Doğrudan da, bir sıra beynəlxalq qurumlar, həmçinin ATƏT-in özü Azərbaycana münasibətdə çox zaman obyektivlikdən uzaq mövqe tutur. Düşünürəm ki, bu sadəcə ənənədən irəli gəlir. Çünki Azərbaycanda bir sıra marjinal qruplar var ki, onlar mütləq şəkildə ölkəmizin mənfi imicini yaratmaqla məşğuldurlar. Təəssüf ki, ATƏT kimi təşkilatlar da həmin şəxslərin yoluyla gedir, hətta ölkəmizdə baş verən müsbət inkişafı belə görməzlikdən gəlirlər. Örnək üçün deyim ki, hazırda Azərbaycanda gedən seçki prosesində heç bir problem müşahidə edilmir. Bütün namizədlərə bərabər şərait yaradılıb, arzu edən hər kəs namizədliyini irəli sürüb. Baxın, ATƏT bununla bağlı bir fikir söyləyirmi? Xeyr, onlar bu mövzuda susurlar. Halbuki seçki məsələləri ilə bağlı xırda bir problem olsaydı, onlar dünyanı ayağa qaldırardılar”.
Azər Həsrətin fikrincə, ümumiyyətlə, bir sıra beynəlxalq qurumların ölkəmizə çox zaman mənfi yanaşması təkcə onların öz fəaliyyəti deyil, Azərbaycanda yaşayıb ölkəmizi gözdən salmaq üçün dəridən-qabıqdan çıxan bəzi şəxslərin də əməlləri ilə birbaşa bağlıdır: “Bəzi adamlar bu yolla özlərinə dolanışıq təmin edirlər. Onlar düşünürlər ki, ölkədə problemlərin olması haqda nə qədər çox fikir yaysalar, bir o qədər çox qrant alıb lüks həyat qura bilərlər. Ona görə də jurnalistikaya dəxli olmayanlar jurnalist kimi, heç kimin tanımadığı təsadüfi adamlar hüquq müdafiəçisi kimi qələmə verilərək onlara qarşı basqıların olması haqqında rəy yaradılır. Nəticədə isə, Azərbaycanın imici zərər görür. Bu məsələdə ölkəmizə qarşı düşmən mövqeyi ilə seçilən bir sıra beynəlxalq qurumlar da öz fəallıqlarını əsirgəmirlər. Sadəcə onu deyə bilərəm ki, onlar bizi həzm edə bilmirlər və Azərbaycanın belə qısa bir müddət ərzində inkişaf edən dövlətə çevrilməsini gözləri götürmür.
Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə də Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan materialı çox yüksək qiymətləndirdi: “Dəfələrlə demişəm, yenə də deyirəm, qərəzli hesabatlara fikir vermək lazım deyil. Azərbaycanın sürətli inkişafı onları narahat etdiyindən belə hesabatlar verməyə məcburdular. Azərbaycanı Belarusa və ya Əfqanıstan Talibanına bənzədib təcavüzkar avtoritar rejim kimi təsvir etməklə ölkəmiz heç nə itirmədi, yalnız o şəxslər öz simalarını, qərəzlərini bir daha bəyan etmiş oldular. Əslində onların hər birinə ölkəmizdə düzgün idarəçilik sisteminin olduğu bəllidir. Mən hüquq müdafiəçisi kimi, ölkəmizdə seçkiyə hazırlıq prosesini olduqca yüksək qiymətləndirirəm. Qeyd edim ki, hər şey öz yolunda, öz axarı ilə gedir. Onlar sadəcə olaraq düşünülmüş planlar əsasında zaman-zaman bu addımları atırlar”.
Müsahibimiz təhlili yazıda Azərbaycan Respublikasının Cənubi Qafqaz regionunda bir istisna kimi qeyd edildiyini, hətta bu bölgədə bir sıra ölkələrin və hökumətlərin model kimi istifadə edə biləcəyi düzgün idarəçilik nümunəsinin olduğunu nəzərə çatdıraraq dedi ki, qərəzli hesabat yayanlara bundan tutarlı cavab ola bilməz: “Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanın siyasi və iqtisadi həyatındakı uğurlar mövcud hakimiyyətin adı ilə bağlıdır. Kimlərinsə bu faktı inkar etməsi ilə, ölkəmizdəki demokratiyanı danması ilə, nə dövlətimiz, nə də xalqımız zərər çəkəcək. Çünki vətəndaşlarımız da, xaricdə yaşayanlar da burada baş verənlər haqda kifayət qədər məlumatlıdırlar. Onların nəzərinə çatdırmaq istəyirəm ki, qərəzli hesabatı yaymazdan öncə ən azı ölkəmizdə ucaldılan binalara, çəkilən yollara baxsınlar. Azərbaycanın 22 illik müstəqillik dövründə qazandığı böyük uğurları görməzlikdən gəlmək onların problemidir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər