• cümə axşamı, 25 aprel, 15:51
  • Baku Bakı 23°C

Qərbdə islamofobiya sindromu

08.01.15 09:35 1456
Qərbdə islamofobiya sindromu
Ötən ilin sonları və 2015-ci ilin ilk günləri Avropada islamofobiya yönümlü tədbirlərin, aksiyaların artması ilə yadda qalacaq. İsveçrədə məscidlərə qarşı edilən hücumlardan sonra müsəlmanların daha çox yaşadığı Almaniyada antiislam yönümlü aksiyaların sayı artıb. Bu dəfə iri şəhərlərdə keçirilən aksiyalarda əsas şüarlar Avropanın islamlaşmasına qarşı olub. Aksiyaların təşəbbüskarı isə PEGİDA - “Vətənpərvər Avropalılar Qərbin İslamlaşması Əleyhinə” adlanan qrupdur. Bəlli olduğu kimi, Almaniya Avropa İttifaqına üzv ölkələr arasında ən çox qaçqın və sığınacaq qəbul edən dövlətdir. Almaniyada qaçqın və sığınacaq istəyənlərin əksəriyyətini isə Suriya vətəndaşları təşkil edir. Əldə olan bütün imkanlarla müsəlman dövlətlərini artan radikallıq və xristianların hüquqlarını qorumamaqda ittiham edən Avropada 2012-ci ildən 2014-cü ilin sonlarına kimi 80 məscidə “Molotov kokteyli” atılaraq müxtəlif dərəcədə zərər vurulub. İsveçdə 2014-cü ildə məscidlərə qarşı 12 vandallıq aktı qeydə alınıb. Son illər Avropada müşahidə olunan islamofobiya hazırda Almaniyada ən pik nöqtəsindədir. Belə ki, ötən ilin dekabr ayının sonlarında Almaniyanın Drezden şəhərində 17 mindən çox insan küçələrə çıxaraq islam əleyhinə aksiyalara qatıldı. İslam və müsəlmanlar əleyhinə təşkil edilən bu aksiya sayca 10-cu idi və PEGİDA hərəkatı tərəfindən “Avropalı vətənpərvərlər Avropanın islamlaşmasına qarşıdır” şüarı altında keçirilir. Aksiyaçılar Avropada müsəlmanların artmasından narahat olduqlarını və dövlətin miqrasiya siyasətini sərtləşdirməsi tələbini də ortaya qoyurlar. Son illər dünyada yaranan iqtisadi böhrandan ən çox əziyyət çəkən ölkələrin Aİ-yə üzv olan dövlətlər olduğu nəzərə alınsa, bəzi siyasi qüvvələrin islamofobiyadan öz maraqları naminə məharətlə istifadə etdiyini söyləmək olar. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, istər islam dünyasında, istərsə də Qərbdə artan radikallığın kökündə əksər hallarda iqtisadi amillər dayanır. İslam dünyasından fərqli olaraq, Qərb bu amili gözəl bir şəkildə ört-basdır etməyi bacarır.
PEGİDA nədir?
Təşkilat 2014-cü ilin oktyabr ayında fəal Lutz Baçmann tərəfindən Drezdendə təsis olunub. Sağ təmayüllü qrupların çətir təşkilatı olan PEGİDA mühafizəkarlardan tutmuş neonasist və futbol xuliqanları kimi müxtəlif qrupların dəstəyini qazanır. Qrup Avropa boyu İslamın “təhlükəli nüfuzunun” artması əleyhinə küçə çıxışları təşkil edir. Maraqlıdır ki, PEGİDA nasist meyllər və ksenofobiyaya yol verməsilə bağlı ittihamları rədd edir. Qrupun 19 bənddən ibarət bəyannaməsində PEGİDA-nın ekstremizm əleyhinə olduğu bildirilir. Bəndlərdən biri Almaniyada Yəhudi-Xristian mədəniyyətinin qorunmasına səsləyir.
Almanlar PEGİDA-ya qarşı
Maraqlısı odur ki, Almaniyada siyasətçilər və məşhur şəxslər “Avropanın İslamlaşması”na qarşı çıxış edən PEGİDA qrupu əleyhinə kampaniyaya qatılıblar. Bu kampaniya PEGİDA qrupu tərəfdarları və əleyhdarlarının Almaniya boyunca keçirdiyi bir sıra rəqib nümayişlərə təsadüf edib. PEGİDA əleyhinə “Bild” qəzetində yayımlanan petisiyaya imza atmış 80 adam arasında sabiq kansler Helmut Şmidt, aktrisa Karoline Herfurt və keçmiş futbolçu Oliver Bieroffun adları da var. PEGİDA əleyhinə çağırışda təşkilat “əsassız qərəzçilik, ksenofobiya və dözümsüzlük” hisslərini qızışdırmaqda suçlanır. PEGİDA əleyhinə mitinqlər də təşkil olunub: Berlin və Drezden şəhərlərində keçirilən mitinqlər minlərlə iştirakçını cəlb edib. DPS agentliyi Ştutqart, Münster və Hamburq şəhərlərindəki anti-PEGİDA nümayişlərinə 22 min adamın qatıldığını bildirir. Berlində isə PEGİDA əleyhdarlarının 5 min fəalı təşkilatın yürüşünə müdaxilə edib. Kölndə antiislam yürüşlərinə etiraz əlaməti olaraq şəhərin əsas kilsəsi ilə yanaşı mərkəzdəki bir sıra binalar və Reyn çayı üzərindən keçən körpüdəki işıqlar söndürülüb. PEGİDA əleyhinə mitinq iştirakçıları təşkilatı irqçilikdə ittiham ediblər.
Almaniyalı jurnalist Sigrun Rottman PEGİDA mitinqlərində müxtəlif qüvvələrlə yanaşı sağçı və irqçi qrupların da iştirak etdiyini deyib. Onun sözlərinə görə, başqa şəhərlərlə müqayisədə Drezdenin çox az immiqrant və müsəlman sakininə malik olduğunu qeyd etmək önəmlidir. Avtomobil istehsalı üzrə Volkswagen şirkəti Drezdendəki avtomobil zavodunda işıqları söndürməklə “açıq, azad və demokratik cəmiyyətə dəstək” göstərdiyini bəyan edib.
Almaniya kansleri Angela Merkel Yeni il müraciətində təşkilatı tənqid edərkən onun liderlərini “qərəzçilik, soyuqluq və hətta nifaqda” suçlayıb. İl sonu müraciətində Almaniya kansleri mühacir və islam əleyhdarı olan bu cür qrupları irqçi, ksenofob və antisemit ekstremistlər adlandırıb, alman cəmiyyətini içi nifrətlə dolu olan bu cür tiplərə qarşı səsini qaldırmağa çağırıb.
ABŞ-da islamofobiya
Ümumiyyətlə, islamofobiya tək Avropada deyil, ABŞ-da da vüsət olmağa başlayıb. Lakin qeyd edilir ki, bu gün ABŞ-dakı islamofobiya siyasi, Avropadakı islamofobiya isə əsasən ictimaidir. 2012-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində respublikaçılar islamofobiyadan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışdılar. Belə ki, “Zogby Analiz”in hesabatına əsasən, ABŞ-dakı respublikaçıların 47 faizi müsəlmanları ölkə üçün real təhlükə hesab edir. Hesabata əsasən, demokratların 23 faizi ABŞ-da İslam və müsəlmanları təhlükə kimi görürü. Ümumilikdə isə ABŞ əhalisinin 48 faizi islamın ölkə üçün real təhlükə olduğu dünyagörüşünə sahibdirlər. Bu isə demokratik dəyərlər və tolerantlıqla öyünən ABŞ üçün heç də yaxşı göstərici deyil. Digər tərəfdən, 2011 və 2012-ci illərdə Konqresə müsəlmanların ibadət azadlığını əngəlləyən 78 qanun layihəsi təqdim olunub və bunlardan 73-ü respublikaçılar tərəfindən təsdiq edilib. “Gallup” sorğu mərkəzinin 2011-ci ildə apardığı araşdırmaya əsasən, ABŞ-dakı müsəlmanların 48 faizi dini və irqi ayrı-seçkiliyin qurbanıdır. İslam dünyasındakı münaqişə ocaqları istisna olmaqla, heç bir müsəlman ölkəsində kilsələrə zərər yetirilməyib. Lakin ABŞ-da 2009-cu ildə 13, 2010-cu ildə 53, 2011-ci ildə 22, 2012-ci ildə isə 29 məscidə müxtəlif dərəcədə zərər vurulub.
Türkiyə və Azərbaycan - islamofobiyaya məruz qalan ölkələr
Qardaş Türkiyə islamofobiyaya məruz qalan ölkə kimi misal göstərilə bilər. Bunu daha çox Türkiyə-Avropa İttifaqı münasibətləri fonunda da müşahidə etmək olar. 50 ildən artıqdır ki, qardaş ölkə min bir bəhanə ilə quruma üzv qəbul etdirməkdən boyun qaçırırlar. Bu yaxınlarda IPSOS şirkətinin Fransanın aparıcı “Le Figaro” qəzeti üçün apardığı araşdırmaya görə, fransızların 56 faizinin Türkiyənin sırf müsəlman ölkəsi olduğu üçün Aİ-yə üzv olmasını istəmədikləri üzə çıxıb. Bu isə daim insan hüquq və azadlıqlarından dəm vuran Fransa üçün yaxşı göstərici deyil. İslamofobiya hallarının artdığını tək Türkiyəyə qarşı deyil, ölkəmizə qarşı siyasətdə də görmək mümkündür. Avropanın, ABŞ-ın əksər dairələrində də yaxşı bilirlər ki, xristian dövləti olan Ermənistan 20 ildən artıqdır ki, müsəlman Azərbaycana məxsus torpaqları işğal edib, 1 milyondan artıq insanı öz ev-eşiyindən məhrum edib. Xocalı soyqırımı kimi bir dəhşətli qətliam törədilib. BMT kimi ali bir qurum bununla bağlı dəfələrlə bəyanat səsləndirsə də, hələ də ona əməl edən yoxdur.
Kamran
banner

Oxşar Xəbərlər