“Qərbçi” müxalifətin anti-Türkiyə çağırışları

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük
tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu
əlaqələri şərtləndirən amillər sırasında yer alır. Azərbaycanın beynəlxalq
aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə,
ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə
ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli
lider Heydər Əliyev də 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra qardaş
ölkə ilə münasibətlərə xüsusi diqqət yetirib. 2003-cü ildə Azərbaycan prezidenti
seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət
ayırıb. Fəxrlə deyə bilərik ki, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci
bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin "Biz bir
millət, iki dövlətik” fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki
ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə
dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.

Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb
dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Sevindirici
haldır ki, bu ənənə - qarşılıqlı dəstək müasir dövrümüzdə də davam
etdirilməkdədir. Misal üçün, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı
Qüvvələrinin bir qrup hərbçisi dövlət çevrilişinə cəhd etdi və bunun qarşısı
türk xalqı tərəfindən qətiyyətlə alındı. Sadə türk vətəndaşları silahlı
əsgərlərin, tankların qarşısına əliyalın çıxaraq Türkiyənin qanuni prezidenti
Rəcəb Tayyib Ərdoğanı, dövləti və dövlətçiliyi müdafiə etdilər. Türk xalqının
iradəsi qarşısında məğlub olan üsyançılar sonradan hüquq-mühafizə orqanları
tərəfindən ifşa edilərək məsuliyyətə cəlb edildilər. İstintaq materiallarından
məlum oldu ki, Türkiyədəki çevriliş planı okeanın o biri tayında hazırlanıb və
hazırda da ABŞ-ın Pensilvaniya ştatında xüsusi malikanəsində yaşayan Fətullah
Gülənin "nurçu” şəbəkəsi tərəfindən icra olunub.

Azərbaycanda da müstəqilliyin ilk illərində dövlət
çevrilişinə cəhdlər olduğundan və bu cəhdlərin qarşısı xalq tərəfindən
alındığından ölkə vətəndaşlarımız, rəsmi qurumlar 2016-cı ildə Türkiyədə
yaşananlara elə ilk vaxtlardan birmənalı münasibət sərgiləyib. Türkiyədə hərbi
çevriliş cəhdinə qarşı ilk etiraz edən və qardaş ölkənin qanuni hakimiyyətinə
açıq dəstək verən dövlət Azərbaycan Respublikası olub. Xarici İşlər Nazirliyi
çevriliş cəhdindən dərhal sonra bəyanat verərək rəsmi Bakının Türkiyə xalqı və
dövlətinin yanında olduğunu bildirib, Prezidentin İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov isə ölkə başçısı İlham Əliyevin bu hadisəni birmənalı
şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə xalqının milli maraqlarına, ölkənin
demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirdiyini bəyan
edib. Azərbaycan xalqının və iqtidarının bu cür qəti, birmənalı mövqeyi
Türkiyənin hökumət və dövlət rəsmiləri, eləcə də Türkiyənin Bakıdakı səfiri
tərəfindən dəfələrlə təqdir edilib.

2018-ci il iyunun 24-də Türkiyədə keçirilən
növbədənkənar parlament və prezident seçkilərindən sonra da qardaş ölkəni və
seçkinin qalibi R.T.Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev
olub. Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini
nəzərə alsaq, bütün bu davranışları sadəcə diplomatik jest kimi qiymətləndirmək
olmaz. Fakt budur ki, Azərbaycan xalqı və onun siyasi rəhbərliyi qardaş ölkədə
baş verən proseslərə həssas yanaşır və iki ölkə arasında siyasi, mədəni,
iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş
etdirir.

Lakin təəssüflər olsun ki, Azərbaycan iqtidarının
birmənalı mövqeyi, o zaman ölkəmizin siyasi palitrasının heç də bütün
seqmentləri tərəfindən bölüşülmür. Cəmiyyətimizin müəyyən təbəqələri bəzi
hallarda verdikləri açıqlamaların, səsləndirdikləri bəyanatların dövlətlər və
xalqlararası münasibətlərin ruhuna zidd olduğunun fərqini varmırlar. Misal üçün,
2016-cı ilin iyul hadisələrindən sonra AXCP sədri Əli Kərimli, onun təsiri
altında olan Milli Şura, rupora çevrilən "Azadlıq” qəzeti, "N!DA”çılar,
həmçinin AXCP tərəfdarları, xüsusən də Natiq Ədilov, Qənimət Zahid, Mahmud
Şərifov, Rəşid Cəfərov Vüqar Niftiyev və digərləri F.Gülənə dəstək olaraq
təbliğatlarını davam etdirib, Türkiyədə bu şəbəkənin darmadağın edilməsini
pisləyiblər. Ə.Kərimlinin mətbuat katibi Natiq Ədilov həmin vaxt sosial
şəbəkələrdə, - "Məxməri islam”ın iki mükəmməl modeli-Misirdə "Müsəlman
qardaşları”, Türkiyədə-Gülən camaatı. Təəssüf ki, hər iki müsəlman
qardaşlarımızı terrorçu elan etdilər”, - deyə fikirlərini bölüşüb. O, Türkiyədə
yaşananlarla bağlı digər qeydində Bakıda gülənçilərə qarşı mübarizəni pisləməyə
başlayıb: "Fətullah Gülən məktəblərini üç ölkə bağlayıb: Somali İordaniya və
Azərbaycan. Bu, acınacaqlı və gülməlidir!”.

Göründüyü kimi, o dövrdə Ə.Kərimli
"çetesi” tam gücü ilə F.Gülən şəbəkəsinin müdafiəsinə qalxıb. Kor tutduğundan
buraxmadığı kimi, Ə.Kərimli və "çetesi” də "gülən sevgisini” ürəklərindən
çıxara bilməyiblər. Cari il iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar
prezident və parlament seçkilərindən öncə, eləcə də seçkidən sonra bu şəxslər
sözügedən "sevgini” növbəti dəfə bəyan ediblər. Belə ki, AXCP sədri Ə.Kərimli,
Müsavat sədri Arif Hacılı, "REAL” funksionerlərindən Natiq Cəfərli, Milli Şura
fəalları, o cümlədən Gültəkin Hacıbəyli, Anar Məmmədli və başqaları,
müxalifətin nəzarətində olan "Azadlıq” qəzeti, "MeydanTV”, onlara yaxın saytlar,
sosial şəbəkədəki səhifələr seçkinin son saatlarınadək öz izləyicilərini,
oxucularını Türkiyədə seçki mühitinin ədalətsiz olduğuna inandırmağa çalışıblar.
Qeyd edilib ki, müxalifətin əsas namizədi olan Məhərrəm İncə qalib gəlməlidir
və ya ikinci tur keçirilməlidir. Bu baş verməsə, seçkinin saxtalaşdığını
söyləmək olar. Belə dəyərləndirmə seçki ərəfəsi Qərbin aparıcı media qurumları
tərəfindən R.T.Ərdoğan əleyhinə aparılan qaralam kampaniyası ilə üst-üstə düşüb.
Çünki, 2016-cı ilin iyulunda olduğu kimi, indi də eyni tezislər, fikrilər
tirajlanıb. Hətta seçkinin nəticələri barədə verdikləri "proqnozlar” da Qərbin
bəlli beynəlxalq QHT-lərinin və media qurumlarının qaralama kampaniyası
çərçivəsində səsləndirdikləri "proqnozlarla” eyni olub. Seçki başa çatandan
sonra isə bizim radikal müxalifət hazırda CHP və onun namizədi Məhərrəm İncəni
"ümidləri doğrultmayan qorxaq” kimi epitetlərlə aşağılamağa başlayıblar.

Qeyd edək ki, Türkiyəyə, türk dövlətinə və xüsusən R.T.Ərdoğan
iqtidarına qarşı belə münasibətin digər səbəbləri də var. Uzun illərdir
Kərimlinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin "Azərbaycan
saatı” adlı verilişi Türkiyənin "Barış TV” kanalının tezliyindən yayımlanırdı.
Dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hakimiyyəti "Barış TV”-ni
F.Gülənin qruplaşmasının nəzarətində olan bir çox KİV-lərlə birlikdə bağladı. Mediada
yer almış məlumatlara görə, Ə.Kərimli F.Gülən piramidasının baş maliyyəçisi
olan Murat Kılıclının vasitəsilə pul
yardımı alıb.

Bundan başqa, 2000-ci illərin ilk yarısından başlayaraq Müsavat
Partiyasına yaxın gənclər təşkilatları AKP-nin müvafiq strukturları ilə
əlaqələr qurmağa cəhd etsə də, bu cəhdlər effektsiz qalıb. Bu da klassik
radikal müxalifətin ikinci əsas partiyasını da R.T.Ərdoğan hakimiyyətinə qarşı
narazılar cərgəsinə salıb. Digər tərəfdən, həm AXCP, həm Müsavat, həm də "REAL”
Azərbaycanda "Müsəlman Birliyi” kimi radikal dini müxalifətlə əməkdaşlıq edərək,
onların sosial bazasına iddia etməkdədir. Həmin sosial baza isə İranı yaxın,
Türkiyəni, xüsusən də R.T.Ərdoğan iqtidarını özünə düşmən hesab etməkdədir. Ona
görə də bu sosial bazanı itirməmək üçün "qərbçi” müxalifət anti-Türkiyə,
anti-Ərdoğan çağırışlardan çəkinmir. Bütün bunlar bir daha göstərir ki,
Azərbaycanda özlərini "demokrat” adlandıran radikal müxalifət və onlara yaxın
adamlar daim xarici qüvvələrin əlində maşa olublar, indi də bu rolu
oynamaqdadırlar. Onlar üçün Azərbaycanın milli dövlətçilik maraqlarının
keşiyində dayanmaq, Türkiyə-Azərbaycan münasibətlərinin davamlı inkişafını
arzulamaq önəmli deyil.
Rufik İSMAYILOV
