AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qələbəni bizə yaşadanlar - BAŞ REDAKTORDAN

Qələbəni bizə yaşadanlar - BAŞ REDAKTORDAN

Cəmiyyət
25 Sentyabr 2021, 09:30 237
Günlər çox sürətlə gəlib keçir. Artıq bir gün sonra 44 günlük Vətən müharibəsinin başladığı mübarək 27 sentyabrın 1 ili tamam olacaq. Torpağın Vətənə, dövlətə çevrilməsi məhz belə günlərdə formalaşır, belə günlərdə möhkəmlənir, əyani təsdiqini tapır.

Hər şey həmkarımız Jalə Həsənlinin titrəyən səsi ilə Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndinin işğaldan azad olunduğunu elan etməsi ilə başladı.

Hətta bir kəndimizin belə işğaldan azad olunmasını xəyal kimi qəbul etdiyimiz günlərdə rəşadətli ordumuz qələbə marşını daha gur səslə ifa etməyə başladı. Cəsur əsgərlərimizin inanılmaz qəhrəmanlıqları, Ali Baş Komandanın qətiyyəti,  xalqımızın dəmir yumruq kimi birləşməsi qələbəni yaxınlaşdırdı. Xalq olaraq 44 gün ərzində çox qəhrəmanlar kəşf etdik, Xudayarları itirdik, topçu Vüsalları sevdik, simvollaşdırdıq.

Haqqın nahaq qarşısında önə keçmə günü

27 sentyabrdan keçən hər gün düşmənin qarşımızda necə gücsüz olduğunu dərk etməyə, öz böyüklüyümüzü, ordumuzun qüdrətini əyani şəkildə hiss etməyə başladıq.

Bizim qalib millət olmaq yolumuzun başlanğıcı məhz 27 sentyabr oldu. Bu müqəddəs gündən başlayaraq 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, tar-mar edilən, yer üzündən silinən kəndlərimizin, şəhərlərimizin iniltisini daha yaxından eşidə, onların imdadına daha sürətlə gedə bildik.  

27 sentyabr həm də haqqın nahaq qarşısında önə keçməyə başladığı bir dönəmin başlanğıcı oldu. Bir zərrə də şübhəmiz olmayan haqq işimizə dünyanı da, dostlarımızı da, qardaşlarımızı da inandıra bildik. Uğurumuzu, qələbəmizi həzm edə bilməyənləri isə səssizliyə çəkilməyə, bəzən min oyundan çıxıb guya haqqın yanında olduqlarını nümayiş etdirməyə məcbur etdik. Başqa sözlə desək, 27 sentyabr bizə dostlarımızı, düşmənlərimizi tam çılpaqlığı ilə tanımağa yardımçı oldu. 

Yaranan yeni reallıqlar

Ali Baş Komandanın da dəfələrlə vurğuladığı kimi, Azərbaycan 27 sentyabrdan başlayan Zəfər Yürüşü ilə həm də regionda yeni reallıqlar yaratdı. Dosta da, düşmənə də əyani şəkildə varlığını nümayiş etdirdi. Göstərdi ki, bu bölgədə görüləcək istənilən iş, yeni layihə ilə bağlı mütləq onun rəyi, mövqeyi nəzərə alınmalıdır.

Bu anım günü hələ uzun müddət Azərbaycanın şanlı tarixində cəsarət, qətiyyət, şücaət nümunəsi kimi xatırlanacaq. Hamı bizi qürurlandıran, məğlub millət kompleksindən azad edən ilk addımların məhz bu gün atıldığını minnətdarlıqla anacaq! Bu günü bizə yaşadan şəhidlərimizi qəhrəmanlar kimi xatırlayacaq, qazilərimizi baş tacı edəcək!
 
İlham Quliyev