AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qəlblərdə iz qoyub getdi

Qəlblərdə iz qoyub getdi

14 Mart 2013, 16:21 2245
Xatirələr insanı qocaldır deyirlər. Amma unutqanlıqla qazanılmış əbədi gəncliyin bir dəyəri yoxdur mənim üçün. Və artıq xeyli uzaq, amma hər nə olursa olsun işıqlı, doğma olan o keçmişimə xəyalımda getdikcə daha çox qayıdıram. Bu dəfə də tarixçi alimimiz, görkəmli şərqşünas, AMEA müxbir üzvü Oqtay Əfəndiyevin vəfatı xəbəri məni ötən əsrin 50-ci illərinə apardı.

M.Lomonosov adına Moskva Dövlət Universitetinin yataqxanasında o adlı-sanlı təhsil ocağına yenicə qəbul olunmuş biz bakılı qızları buranın köhnələri olan həmvətənlərimiz böyük hərarətlə qarşılamışdılar. Yadımdadır, aralarında buradakı otaqda qalan Moskva Şərqşünaslıq İnstitutunun məzunları və aspirantları Sabir Hüseynov, Əli Bünyadov, Rauf Seyidov, Fuad Əliyev, Oqtay Əfəndiyev və başqaları bizə çox mehribanlıq göstərdilər, yerləşməyə kömək etməyə hazır olduqlarını bildirdilər: “Qızlar, heç utanıb-çəkinməyin, biz axı həmvətənik”.

Oqtay Əfəndiyev yoldaşları arasında daha qaradinməz, hətta bir qədər utancaq gəlirdi mənə. Sanki içinə qapanmış, fikirli bir insandı, yəqin ona görə də çöhrəsində arabir müəmmalı təbəssüm görünürdü.

Vaxt ötüb keçirdi. Haradasa bir gözqırpımda ilk təhsil ilimiz başa çatdı, bizim şərqşünas dostlar da məzun olub vətənə döndülər. Oqtay isə tezliklə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı olaraq yenidən Moskvaya qayıtdı. Lakin biz universitet tələbələri daha onunla görüşmədik. Sonradan universiteti bitirib Bakıya qayıdaraq “Bakinski raboçi” qəzetində işə başlayanda Moskvadakı yataqxana yoldaşlarımın çoxunun, o cümlədən də Oqtay Əfəndiyevin Azərbaycan EA Tarix İnstitutunda müvəffəqiyyətlə elmi fəaliyyətlə məşğul olduqlarını öyrəndim.

Bütün bu köhnə xatirələr əla insan və böyük alim Oqtay Əfəndiyevin dünyasını dəyişməsi haqqında kədərli xəbəri eşidərkən hafizəmdə canlandı.

Onun 80 illiyi münasibətilə bir neçə il bundan əvvəl nəşr olunmuş, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun mənə nəzakətlə verdiyi kitabçanı vərəqləyirəm. Yubilyarın dostları, həmkarları, həmfikirlərinin xatirələrindən ibarət olan bu kitabçanın tərtibatçısı və redaktoru tarix elmləri namizədi Elmira Mirzəyevadır. Kitabı oxuyarkən bir tərəfdən hələ elmin zirvələrinə aparan yolun başlanğıcında tanıdığım insandan bəhs olunduğuna görə fəxr edir, digər tərəfdən isə uzun illərin jurnalisti kimi dəfələrlə mətbuatda birbaşa elm məsələlərinə dair məqalələr dərc etdiyim halda heç vaxt Oqtay Əfəndiyevin yaradıcılığına toxunmadığımdan çox-çox peşman olurdum. Bunun bir səbəbi də Azərbaycan tarixi elmində səfəvişünaslıq məktəbinin banisi olan Oqtay müəllimin həddindən artıq təvazökar, gördüyü işlərdən söz açmağı qəti xoşlamayan insan olmasıdır.

İndi də bu nöqsanımı azacıq da olsa, gec də olsa aradan qaldırmaq üçün mərhumun Azərbaycan dövlətçilik tarixi qarşısında göstərdiyi xidmətlərdən bir neçə kəlmə söyləmək istəyirəm. Məhz bu məsələlər 1993-cü ildə professor elmi rütbəsinə layiq görülmüş, 2001-ci ildə isə AMEA müxbir üzü seçilmiş Oqtay Əfəndiyevin elmi yaradıcılıq sahəsini təşkil edirdi. Aspiranturanı bitirən kimi elmi tədqiqat institutunda kiçik elmi işçi, sonra böyük elmi işçi kimi çalışmış və otuz ildən artıq, yəni ömrünün sonunadək Azərbaycan ortaçağ tarixi şöbəsinə rəhbərlik etmiş Oqtay müəllim haqlı olaraq ölkəmizin tarixində çox mühüm üç yüz illik dövrünün sanballı mütəxəssisi kimi qəbul olunur. Həmin dövrdə Azərbaycanı və qonşu bölgələrini əhatə edən iri dövlətlər yaranırdı. Yadımdadır, bu barədə 90-cı illərin ortalarında “Bakinski raboçi” qəzetində rəhmətlik akademik Ziya Bünyadov və tanınmış tarixçi alimimiz tarix elmləri doktoru Fəridə Məmmədovanın məqaləsində yazılmışdı. Orada göstərildiyi kimi, Oqtay Əfəndiyevin “XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması” və davamı olaraq “XVI əsr Azərbaycan Səfəvilər dövləti” əsərləri İran və bütövlüklə Ön Asiya, o cümlədən də Azərbaycan tarixinə çox dəyərli töhfə oldu. Müəllifin hərtərəfli elmi araşdırmalarının bəhrəsi olan, ona geniş şöhrət qazandıran bu kitablarda Səfəvilərin milliyyəti və onların müxtəlif türk xalqları ilə əlaqələri araşdırılıb, şah İsmayılın məhz həmin türk xalqlarının yardımı ilə əvvəlki Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi varisi olan Azərbaycan Səfəvilər dövlətini yaratdığı göstərilir. Bütün bu dövlətlərin məhz azərbaycanlı etnik ünsürü əsasında qurulduğu, həmin dövlətlərdə hakim dilin də Azərbaycan türkcəsi olduğu sübuta yetirilir. Bu dildə şah sarayında, orduda danışırdılar, Qaraqoyunlu hökmdarı Cahanşah və Səfəvi dövlətinin banisi şah İsmayıl Azərbaycan dilində yazıb-yaradırdılar, Ağqoyunlu Uzun Həsən isə hətta Quranı azərbaycancaya tərcümə etdirmək niyyətində olub. Adıçəkilən məqalədə də göstərilən bu maraqlı faktları ortaya çıxaran alim ondan əvvəl Səfəvilərin kürd, yaxud fars mənşəsi barədə elmdə hakim olan səhv fikirləri dəf edərək həm bu sülalənin milliyyətcə, həm də şah Birinci Abbasadək Səfəvi dövlətinin bütövlüklə mahiyyətcə azərbaycanlı olduqlarını əsaslandırıb. Bu müddəa da bütün dünyada qəbul olundu.
Bir sıra tarixçi alimlərin fikrincə, İranın və Azərbaycanın siyasi, iqtisadi və sosial tarixinin başlıca məsələlərinə həsr olunmuş Oqtay Əfədiyevin elmi araşdırmaları dərinlik, yenilik, orijinallıq baxımından diqqətəlayiq olmaqla əslində bu mürəkkəb dövrün belə dərinliklə ilk tədqiqatıdır.

Oqtay müəllimin dəfələrlə tarixi mövzulara dair müxtəlif geniş əhatəli elmi əsərlərin hazırlanmasına cəlb olunması təsadüfi sayıla bilməz. Onun rəyinə, səriştəsinə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənardakı həmkarları tərəfindən diqqət və hörmət göstərilərdi, bir çoxlarının azərbaycanlı alimlə yaradıcılıq əlaqələri olub.

Onu da qeyd etmək istəyirəm ki, Oqtay Əfəndiyev Azərbaycanın orta dövr tarixinə dair xəritələrin hazırlanması və nəşri sahəsində də böyük işlər görüb. Bununla yanaşı, böyük həvəslə pedaqoji fəaliyyətlə məşğul olan Oqtay müəllim ona xas olan doğma xalqın, ölkənin keçmişinə hədsiz marağı, həvəsi tələbələrinə də aşılamağa çalışırdı.

Oqtay Əfəndiyevin yorulmaz və səmərəli elmi fəaliyyəti dövlət tərəfindən yüksək mükafatlara layiq görülüb. Görünür, istedadın zəhmətə möhtac olduğu haqqında sözlər heç də əsassız deyilmiş.

Bu yazıya başlayarkən mərhum alimimizin ailəsilə də görüşmək istədim. Həm onlarla, həm də Tarix İnstitutundakı həmkarları ilə məni digər görkəmli tarixçi alimimiz, üstəlik mehriban, həmişə köməyə hazır olan alicənab insan Dilarə xanım Seyidzadə görüşdürdü. Elə Dilarə xanımdan da Oqtay müəllimin görkəmli Azərbaycan şairi Rəsul Rzaya qohumluğunun çatdığını öyrəndim.

Nəhayət, Oqtay müəllimgildəyəm. Alimin həyat yoldaşı Türkan xanım, qızı Vəfa bütün suallarıma həvəslə cavab verirlər. Birdən hiss edirəm ki, mərhum əzizləri haqqında söhbət etməyə darıxıblar sanki. Bəlkə də bu, böyük itkinin ağrı-acısını söndürmək, səngitmək üçün hansısa psixoloji müdafiə vasitəsidir.

Fotoalbomları aramla vərəqləyirəm. Oqtayın atası Əbdülkərim Əfəndiyev məşhur Qori seminariyasının məzunu, oğlu kimi tarixçi şərqşünasdır, anası Kübrə xanım Tiflisdəki Müqəddəs Nino məktəbinin və Bakı Tibb İnstitutunun məzunudur, ikinci dünya müharibəsi zamanı həkim olaraq Stalinqradda yararılara kömək edirdi. Kübrə xanımın kiçik qardaşı Rəsul Rza heç şübhəsiz, atasını erkən itirən bacıoğlusunun tərbiyəsinə böyük təsir göstərib. Bu insanların çöhrəsinə, üz cizgilərinə ailənin həssaslıqla saxladığı köhnə fotoşəkillərdə tamaşa edirəm. Birdən alman yazıçı və həkim Albert Şveytserin nə vaxtsa oxuduğum bir kəlamı yadıma düşür: hər birimiz xüsusi bir borc olaraq həyatın əvəzini həyatla ödəməliyik.

Amma yenə də Oqtayın atası, anası, böyük şer ustalarımızdan dayısı Rəsul Rza kimi dəyərli insanların artıq aramızda olmamasına adamın yaman heyfi gəlir. Elə böyük alim, əsl vətəndaş Oqtay Əfəndiyevin özünün də yeri çox görünür...

Elmira Əliyeva,
əməkdar jurnalist