• şənbə, 20 Aprel, 07:18
  • Baku Bakı 14°C

Qəhrəmanın dönüşü

20.12.18 15:15 1622
Qəhrəmanın dönüşü
"Ovod" inqilabi-romantik romanı ilk dəfə 1897-ci ildə ABŞ-da çap olunub. Ovod – demək olar ki, dünyanın bütün dillərinə tərcümə olunub. Və maraqlısı budur ki, əsəri oxuyan bütün xalqlar onu özününkü bilir.
Əsərin əsas məzmunu italyan xalqının milli azadlıq və yadellilərə qarşı mübarizəsindən ibarətdir. "Ovod"un müəllifi ingilis-irland yazıçısı Etel-Lilan Voyniç (1864–1960) London mühacirliyinin inqilab dairələrinə çox yaxın idi. Səksəninci illərin əvvəllərində gənc Etel-Lilan Bul Sibir sürgünündə qaçıb İngiltərədə məskunlaşan polşalı ədəbiyyatçı-mühacir V.M.Voyniçə ərə gedir. O Eteli polyak və rus inqilabçı mühacirət dairələrinə gətirib çıxarır.
Hələ dekabristlər dövründən rus siyasi mühacirətinin Londonda bir çox nümayəndəsi vardı. Orada Hersen və onun tərəfdaşları da vardı. Həmin vaxtlarda Londonda ilk rus mətbəəsi yaradılmışdı. "Kolokol" (1857–1867-ci illərdə çap olunan ilk rus inqilab qəzeti) qəzeti də orada çap olunurdu.
1963-cü ildə Polşa üsyanının darmadağın edilməsindən sonra Londonda böyük bir qrup polyak mühacirləri yaşayırdı.
Rus və polyak mühacirlərinin atmosferi Voyniçdə inqilabi romantika hisslərini doğurmuşdusa da, bu romantikanın bədii təsdiqi üçün materialı o başqa sahədən – italyan xalq inqilabçılarının ölkələrinin azadlığı uğrunda apardığı mübarizələrdən əxz edib. Rus və polyak mühacirləriylə yanaşı, Londonda böyük koloniya italyan mühacirləri də yaşayırdı. Londonda həmçinin uzun müddət "Gənc İtaliyanın” ("Gənc İtaliya” – 1831–1834 və 1840–1848-ci illərdə fəaliyyət göstərən gizlin italyan inqilabi təşkilatı) başçısı Cuzeppe Madzini (1805–1872) də yaşayırdı. O, bütün ömrünü respublikaçı olub, Papa və kralların düşməni sayılıb. Madzinin mübarizəsi, "Gənc İtaliyanın” mübarizəsi yarım əsr davam etdi. Bu, Avropanın demokratiya uğrunda ümumi mübarizəsinin də bir hissəsini təşkil edirdi. Avropa əsasən "Gənc İtaliyaya” rəğbət bəsləyirdi. Məhz elə buna görə də Voyniç kitabı üçün material kimi bu mübarizənin müxtəlif epizodlarını götürmüşdü.
Etel Voyniç romanın mərkəzində "Gənc İtaliya"nın katolik ruhaniliyiylə mübarizəsini qoyur. Əsas düşmən burdadır. Katolik ruhaniliyi ölkədə feodalizmin başlıca dayağı idi, Roma papası isə yadelli zülmkar Habsburqlarla tərəfdaş idi. Kəndliləri katolik kilsəsinin ruhani təsirindən ayırmadan onları mübarizəyə qatmaq və İtaliyanı azad etmək mümkün deyildi.
Etel Voyniç yadlarla və daxili düşmənlərə mübarizənin "Gənc İtaliya"nın daxilindəki qarşıdurmalara görə çətinliyə düşdüyünü də bilirdi. Çünki "Gənc İtaliya"nın bəzi nümayəndələri burjuaziyadan gələnlər idi. Burjua məhdudiyyəti və qorxaqlığı həmin nümayəndələri mübarizənin müxtəlif inqilabi metodlarından qorxudur və reformçuların, adətən, üz tutduqları mübarizə fəndlərindən istifadə etməkdən çəkindirirdi.
Romanın ikinci xətti "Gənc İtaliya"nın daxilindəki mübarizədən qaynaqlanır. Bu mübarizə onun sosial münaqişələrini inqilabi hərəkatla həll etmək arzusunda olan radikal-üsyançı nümayəndələriylə leqal mətbuat, Avropa ictimai fikrinə, ümumiyyətlə, inqilabi hərəkatdan başqa hamıya və hər şeyə ümid edən, inanan liberak-burajua dairələri arasında idi.
Etel Voyniç bu tarixi-inqilabi romanını həyatda götürüldüyü kimi, olduğu kimi yazırdı – həqiqəti yazırdı. Çünki doxsanıncı illərdə yazıçı bu romanı yazanda İtaliyanın azadlığı uğrunda gedən mübarizəsi artıq bitmişdi. Lakin o təsvirlərinin aid olduğu otuzuncu-qırxıncı illərdə fəal olan heç bir real tarixi fiquru romanın mərkəzində qoymayıb. O, əməliyyatını uydurduğu fiqurlarla aparır. Amma qəhrəmanlarının xarakterlərində, cizgilərində, hərəkətlərində həmin dövrün bir çox həqiqətlərini canlandırır.
Qarşımızda "Gənc İtaliya”nın iki qrup nümayəndəsi var. Birinci – Artur, Cemma, onun dünyasını dəyişmiş əri Bolla, onun dostu Martini, Rivares-Ovodun tərəfdaşları, başqa sözlə desək, Arturun tərəfdaşları. Bunlar iti qılınc və iti sözlə hərəkət edən aktiv mübarizəçilərdir. Onlar üsyanın rəhbərləri və bilavasitə iştirakçılarıdır. Bu mübarizədə özlərinə tərəfdaşları yuxarı təbəqənin təhsilli, savadlı dairələrində deyil, xalqın içində, kəndlilərin içində axtarırdılar. İkinci qrup isə burjua professorları, meşşan jurnalistləri, bir sözlə, inqilab və cəsarətli inqilabi hərəkatlardan qorxan nümayəndələri idi.
Müxalifət onun canına ingilis qohumları ilə artıq vəfat etmiş anası arasında olan münaqişə, vətənindən uzaq düşməsiylə hopmuşdu. Onun damarlarında italyan qanı axırdı. Ona – coşqun, ekspansiv olan bir cənubluya qohumları sayılan tacirlərin ingilis rəsmiyyətçiliyi, süniliyi olduqca yad gəlirdir.
Əlbəttə ki, Artur canı-qanıyla ingilisəsilli ailəsinə bağlıydı və bu, tipik "Gənc İtaliya" döyüşçülərinə aid bir cəhəd deyildi. Bu cəhəti Voyniç özünün ingilis əsilliyindən, onun ingilis burjua ortamını bilməsindən irəli gələrək yazmışdı.
Voyniç Artur obrazına bu keyfiyyəti əlavə etməklə, ondan çox böyük uğurla qəhrəmanın daxili həyəcan və əhvalının əsaslandırmaqdan ötrü istifadə edib. Tənhalıq, öz vətənindən uzaq düşməsi ona "Gənc İtaliya"nın ideyalarını qəbul etməyə kömək edir və İtaliyanın azadlığı uğrunda qəhrəmanlıq yanğısının əsasını qoyur.
İkinci bir nüans – Artur çox sadəlövh və dürüst insandır. O, tərbiyəçisi keşiş (katolik keşişi) Montanelliyə sonsuz etibar edir və sevir. Onu vətənə olan sevgisi hələ ki, dinlə heç bir münaqişəyə girməyib və "Gənc İtaliyanın" nümayəndələri ateizm və materializmdən uzaqdadı. Onu dini katolik din idi. Onun katolik inancının əsası lap elə əvvəldən ingilis qohumlarına qarşı soyuqluğundan, həm də keşiş Montanelliyə olan sevgi və sadəqətiylə bağlıydı. Ona görə də Artur gizli fəaliyyət göstərən təşkilatın konspirativ faktlarını belə asanlıqla yeni keşişinə etibar edirdi. Özü də ki, ona təcili sürətdə keşişə günahını danışmaq, rahatlanmaq lazım idi: vətənə xidməti ürəyində Bollaya qarşı bəslədiyi həsəd hissiylə ləkələnmişdi. düşünürdü ki, sevdiyi qız onu sevir. Günahından azad olmaq onun üçün belə asandır. Keşişin dilindən "Tanrı və xalq" – el şüarını eşitmək ona çox xoşdur.
Onun ibadət etdiyi kilsə və çox sevdiyi keşiş Monatanelliylə sevdiyi qıza görə mübarizə apardığı inqilabi təşkilat arasında münaqişə olmadığına görə xoşbəxt idi. Onun fantaziyalarında iki idolu vardı. Onun təxəyyülündə Rayqe qarşısında bütün qara qüvvələrin yox olduğu rəhbər idi, apostol idi, peyğəmbər idi. Bəs Cemma? Cemmaysa barrikadaların mühafizəkarı olacaq. O, qarşıdan gələn üsyanın qəhrəmanı olmaq üçün yaranıb. Şairlərin ilham aldığı çox yaxşı dost, yoldaş, saf və cəsarətli qız obrazı olacaq... Onun qəlbində İtaliya və tarından başqa heç bir sevgiyə yer yoxdur. Tanrı və İtaliya – onun məbədidir, ona sitayiş edir və onunla nəfəs alır. Artur ona görə axtarış və həbs zamanı Bertonların təhqirləri və riyakar laqeydliklərini adi qarşılayır. Hansı istehza və təhqirlərə düçar olsa da, buna dayanmağa gücü və iradəsi yetər. O, tanrıya və İtaliyaya görə əziyyət çəkir, o Rayqe və Cemmaylə birgə əziyyət çəkir. Amma tanrı xəyanət edir, Montanellini əvəz edən keşiş onun sirrini jandarmlara satır. Elə Montanellini də aldatdı. O, sən demə, keşiş deyilmiş. Cemmanı artıq itirmişdi, çünki xəyanətdə və Bollanın batmasında əli olmadığına onu heç vaxt inandıra bilməzdi.
Arturun bütün hiss-həyəcanının, yaşantılarının, əhval-ruhiyyəsinin, Montanelli və Cemmaya olan münasibətinin romantik ab-havada azalmasına baxmayaraq, qalada istintaq vaxtı davranışı, Arturun faciə anına qədər bütün prosesi çox inandırıcı və bədii həqiqətlərlə təsvir olunub.
Romantika bu hekayəti nə süni, nə də ki uydurma edir. Və bu, hər şeydən əvvəl təsvir olunan həqiqətlərin özündə bir romantik ab-hava olduğuna görə də belədir. Axı Arturun gəncliyi dini qaydalarla tərbiyə alıb demokratik inqilabi mübarizədə keçən bir adamın gəncliyidir.
Arturun sonrakı davranışları nisbətən az inandırıcıdır. Onun ümidsizlik və intihar cəhdindən vaz keçərək, yeni qərar qəbul etməsi necə baş vermişdi? Hər cür imkana malik bir adam axı niyə hər şeydən imtina edərək uzaq yerlərə gedib əzab və kasıblıq çəkməyi üstün tutmalıydı? Bunlar artıq Voyniçin romantik metodlarının zəifliyi ilə əlaqədar olan macəra, qeyri-adilik elementləridir. Lakin bu qeyri-ənənəvi vəziyyəti Voyniç Arturun sonrakı davranışlarının əsası kimi çox uğurla istifadə edir. O, ölkəsini tamamilə pəriºan halda tərk edir. Özbaºınalıq, həyasızlıq və sarkazm onun qəlbini dərindən zəhərləmişdi.
Səyahət zamanı Artur böyük ehtiyac və hədsiz əzablara düçar oldu, inanılmaz təhqirlərə məruz qalaraq, ümidsizliyə qapıldı. O, düşməninə qarşı dəhşətli nifrət və xalqına sonsuz sədaqət hissiylə ölkəsinə qayıtdı. İti satirası hər şeydən əvvəl onun silahı idi. Ölümcül yaralı haldaykən daxilində bir satira zəhəri hazırladı. O ləbaləb sarkazmın içindədir. Və bu işdə çox amansızdır. Beləliklə, Artur Ovoda çevrilir.
Başlıca düşmən – kilsə və ibadət əhlidir. Şəxsi kədəri onu sosial ümumiləşməyə gətirib. Kilsəyə qarşı düşmənçiliyi ona xəyanət edənlərə qarşı qəzəbinə qarışır. Onun satirası ilk növbədə Monatanelliyə qarşı yönəlir.
Amma o, təkcə jurnalist deyil. ona görə də bircə satirik sözlə özünü məhdudlaşdırmır, əlbəttə ki. Ondan ötrü iti qılıncın iti sözdən heç bir fərqi yoxdur. Artur fəaliyyətini dayanmadan davam edir. O, mübarizəsində, üsyanında, inqilabi işlərdə cəsur olduğu kimi, pamfletlərində də qəddar və qorxmaz idi.
Arturun qəhrəmanlıq, əyilməzlik, iradə, dözümü Cemma obrazı üçün də xarakterikdi. Artur gənclik illərində Cemmanı barrikadalarda tərəfdaş kimi arzulayırdı. O, ürəyindəki bütün başqa sevgiləri susdurub, təkcə İtaliyaya olan sevgisiylə Arturla bu yolda bir addımlayırdı...
Arturun Cemmaya qarşı sevgisində, Arturun Montanelliylə münasibətlərinin təsvirlərində çox romatik təxəyyül məhsulu və uydurmalar var. Amma bu səhifələr çox parlaq və rəngarəng yazılıb. Voyniç Arturun Montanelliyə gizli rəğbətini inandırıcı göstərə bilib
Həmin o cür romantik inandırıcılıq Montanellinin də təsvirində verilib. O düşməndir. Lakin onun obrazı adi trafaretə uyğun deyil. əgər Montanelli tipik kardinal olsaydı, Artur onu sevə bilməzdi. O, kardinal özbaşınalığından, uzaq olan xeyirxah bir adamdır. O, vicdanını yezuit sofizmiylə sakitləşdirir və Arturun edamına razılığını verir. Oğluna xəyanət edən, satan Montanellinin müsbət keyfiyyətləri onun son moizəsinin yekun səhnəsini xüsusilə gərgin edir.
Əgər Artur, Cemma və Montanelli obrazlarının təsvirində müəllif romantik rənglərdən istifadə edibsə, liberalların, burjuaçıların təsvirində Voyniç Ovodun satirik palitrasından götürdüyü rənglərdən istifadə edib. Voyniç əsər boyu, ümumiyyətə, bir sıra satirik təsvirlər verib.
Lakin kitabının dəyəri liberalların açıq-aydın göstərilməsindən, ifşa olunmasından daha çox, inqilabi qəhrəmanlığın şöhrət tapmasındadır. Bütün inqilabçı gənclərin inqilaba qədər bu kitabı oxuması da əbəs yerə deyildi. İnqilabçılar onu işçi dairələrində təbliğat materialı kimi istifadə edirlər. Bu kitab qanunla qadağa edilmişdi. Amma buna baxmayaraq, indiyə qədər o, gənclərin ən sevimli kitabı olaraq qalır.
Təbii ki, bu kitabı İtaliyanın milli azadlığı uğrunda mübarizəsinin obyektiv bədii təsviri adlandırmaq düzgün olmazdı. Amma dünya ədəbiyyatında az sayda romantik əsərlər olar ki, özündə bu qədər həqiqət elementləri cəmləsin.
Kitabın romantikası həqiqət romantikasının bir çox elementlərini əks etdirdiyinə görə həm tərbiyəvi, həm də öyrədici əhəmiyyət daşıyır. Çünki bu cür romantizm nəzərə çarpacaq səviyyədə bir çox demokratik, qeyri-proletar inqilabi hərəkatlara aiddir.

Hazırladı: Xanım AYDIN

banner

Oxşar Xəbərlər