• cümə, 29 Mart, 06:18
  • Baku Bakı 5°C

Qədim və potensialı geniş olan turizm sərvəti

10.09.19 11:00 660
Qədim və potensialı geniş olan turizm sərvəti
Yaxın gələcəkdə hemofiliyalı xəstələrin müalicəsinin Naftalan nefti ilə aparılması üçün müvafiq dövlət strukturlarına və Səhiyyə Nazirliyinə müraciətlər ediləcək. Bunu Trend-ə açıqlamasında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib. Onun sözlərinə görə, hemofiliyalı xəstələrin çoxu oynaqlarda baş verən qansızmalar nəticəsində ağırlaşmalar ilə (artrit, artrozlar) üzləşirlər. Buna görə də, Naftalan vannaları oynaqların bərpasında faydalı ola bilər. G.Hüseynova hesab edir ki, bu müalicənin həkim nəzarəti altında aparılması və qanı laxtalandıran faktor konsentratından istifadə ilə tətbiqi, xəstənin vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərə bilər: "Sovet dövründə SSRİ-nin hər yerindən olan xəstələr - əzələ-dayaq sistemi xəstəlikləri, nevroloji, dəri, ginekoloji və uroloji xəstəliklərini müalicə etdirmək üçün Naftalana gəlirdilər. O zaman Naftalan vannalarından istifadə edən xəstələrin sayı ildə 70-90 min nəfərə yaxın olurdu. Bakı Elmi Tədqiqat Kurortologiya İnstitutunda Naftalanın bioloji təsirini öyrənmək üçün eksperimental laboratoriya təşkil edilmişdi və onun, xəstəliklərin müalicəsinə müsbət təsir göstərməsi elmi cəhətdən sübut olunmuşdu".
Qeyd edildiyi kimi, Naftalan nefti həqiqətən böyük müalicəvi əhəmiyyətə malikdir. Bu müalicəvi sərvət lap qədim zamanlardan bu günə qədər gəlib bizə çatıb. Ancaq bu da danılmaz faktdır ki, ölkəmizin turizm potensialının genişləndiyi bir dövrdə, Naftalan neftinin də bu işdə rolu az deyil. Belə ki, Azərbaycanda sağlamlıq turizminin inkişafına təkan verən, ölkəmizin dünya turistlərinə tanıdılmasında böyük əhəmiyyətə malik olan müalicəvi, turistik məkanlardan biridir Naftalan. Üstəlik, onu da nəzərə alaq ki, sağlamlıq turizminin inkişafına töhfə verəcək təbii sərvətlərimiz yetərincədir. Bu sıraya Naxçıvanda Duz dağını, Masallıda İstisuyu, Şabranda Qalaaltını misal göstərmək olar. Bəs təbiətin bu təbii sərvətlərinin potensialından sağlamlıq turizminin inkişafı yönündə yetərincə yararlanırıqmı? Ümumiyyətlə, belə məkanlar turizmin inkişafına necə təsir edir, hansı üstünlükləri var?
Turizm üzrə ekspert Müzəffər Ağakərimov qeyd etdi ki, malik olduğumuz potensialı bütün dünyaya tanıtmaq və turist axınını genişləndirmək üçün təbliğat və təşviqat işləri aparılmalıdır: "Naftalan nefti 19-cu əsrdən məşhurdur və elə həmin dövrdən əcnəbiləri ölkəmizə cəlb etmək üçün ən gözəl vasitə idi. Naftalan nefti dünyada analoqu olmayan müalicəvi əhəmiyyətli vasitədir. Dünyanın bir çox ölkəsindən insanlar şəfa tapmaq üçün məhz Naftalana gəlir. Hazırda da sırf Naftalanda müalicə almaq üçün Qazaxıstandan, Rusiyadan, keçmiş MDB ölkələrindən çoxlu turist gəlir. Lakin düşünürəm ki, Naftalanın tanıdılması üçün hələ də lazımı səviyyədə təbliğat işləri görülmür. Malik olduğumuz potensialı bütün dünyaya tanıtmaq və turist axını genişləndirmək üçün təbliğat və təşviqat işləri aparılmalıdır. Məsələn, əgər biz bu təbliğat işlərini Avropanın, Amerikanın, Asiyanın bir çox ölkələrində aparsaq, daha çox insanda maraq yaratmış olarıq. Çox yaxşı olardı ki, bu işdə turizm şirkətləri, media orqanları fəal iştirak etsinlər. Hətta deyərdim ki, xarici ölkələrdəki diasporlarımız, mədəniyyət evlərimiz də bu təbliğata qoşulsalar, çox yaxşı nəticələr əldə edə bilərik. Bu, bizim təbii sərvətimizdir, niyə də bundan istifadə etməyək? Məncə, biz Naxçıvandakı Duz dağını da lazımı səviyyədə təbliğ edə bilmirik. Hansı ki, həmin məkan da bir çox xəstəliklərin müalicəsində böyük əhəmiyyətə malikdir. İnanın, həmin müalicəvi məkanların ətrafında bir yox, bir neçə otel tikib turistləri lazımı səviyyədə qəbul etmək olar”.
AzTA-nın icraçı direktoru Əhməd Qurbanov deyir ki, sağlamlıq turizmi üçün gələnlərin müalicə üçün uzun müddət ölkəmizdə qalması iqtisadı baxımdan olduqca əlverişlidir: "Turizmin sürətli inkişafı davam edir. Bu da öz növbəsində daha çox turistin ölkəmizə cəlb olunmasında böyük rol oynayır. Azərbaycanda turizmin bir çoxu növü inkişaf edib. Hətta deyərdim ki, bütün növlərindən istifadə edilir. Onların içərisində isə turist cəlb etmək baxımından ən mənfəətlisi sağlamlıq turizmidir. Sağlamlıq turizmi ölkəmizdə ona görə geniş vüsət alıb ki, burada bir çox sağlamlıq mərkəzləri, təbii sərvətlər var. Naftalan həqiqətən regionda analoqu olmayan sağlamlıq mərkəzidir. Onun sağlamlığa olan xeyri artır bütün dünyaya bəllidir. Gələnlər arasında MDB ölkələrinin vətəndaşları üstünlük təşkil edir. Onu da qeyd edim ki, sağlamlıq turizmi mənfəətlidir. Çünki burada müddət uzun olur, yəni müalicə üçün gələnlər minimum 21 gün qalmalıdırlar. Bu da iqtisadi baxımdan çox əlverişli mühit formalaşdırır. Turistin ölkədə uzun müddət qalmasına, onun daha çox pul xərcləməsinə zəmin yaradır. Bu mənada deyərdim ki, təkcə Naftalan yox, Qalaaltı, İstisu və digər sağlamlıq mərkəzlərimiz ölkəyə turist cəlb etməkdə böyük əhəmiyyətə sahibdirlər”.
"Luna Travel” turizm şirkətinin direktoru Rəhman Quliyevsağlamlıq turizmi potensialımızı daha geniş arenada tanıtmaq üçün xarici turizm şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirdi: "Ölkəmizdə termal tipli müəssisələrin açılması turizmin inkişafına təkan verir. Əslində, belə sağlıq məkanlarının yaradılmasına üstünlük versək, daha çox irəliləyiş əldə etmiş olarıq. Məsələn, Qalaaltının suyu dünyada sayılıb-seçilən, müalicəvi əhəmiyyət daşıyan sulardandır. Naftalan sanatoriyasının da tarixi çox qədim zamanlara gedib çıxır. Qeyd edim ki, çox zamanlar Orta Asiya ölkələrində həkimlər xəstələrə Azərbaycandakı Naftalan sanatoriyasını məsləhət görərək, bizə yönləndirirlər. Az olsa da, Avropa ölkələrindən də gələnlər var. Bu yaxınlarda bəzi Avropa ölkələrinin turizm şirkətləri ilə əməkdaşlıq etməyə başlamışıq. Bu əməkdaşlıq nəticəsində ölkəmizin sağlamlıq turizmi potensialını daha geniş arealda tanıtmağa çalışırıq”.
Günel
banner

Oxşar Xəbərlər