• cümə, 19 Aprel, 23:55
  • Baku Bakı 24°C

Qəbirdəki uşaq

16.05.16 10:50 1666
Qəbirdəki uşaq

Çox ağır bir gün idi. Evdə olan hər kəsin ürəyi kədərlə dolu idi. Çünki ailənin ən balaca uşağı, valideynlərinin sevinci və ümidi olan dörd yaşlı oğlan ölmüşdü. Ailədə olan iki qız ağlayıb yorulmuşdular. Bu qızlar da qəşəng, yaraşıqlı idi, ancaq valideynlər üçün ölən uşaq həmişə daha əziz olur. Əgər ölən uşaq ailənin ən kiçik uşağı, həm də oğlandırsa, valdeynlərin dərdi daha ağır olur. Qızlar öz yaşıdları necə yas saxlayarsa eləcə yas saxlayır, ən çox valideynlərinin halına yanıb-ağlayırdılar. Atanın ürəyi para-para olmuşdu, ancaq ana dərin kədər içində özünü tamam itirmişdi. Çünki o gecə-gündüz xəstə oğluna qulluq etmiş, bütün günü onu özüylə gəzdirmişdi - özünün bir hissəsi kimi. Ana uşağının ölməsi faktını qəbul edə bilmirdi. Ağlına sığışdıra bilmirdi ki, uşağını tabutda torpağın altına qoyacaqlar. Ana fikirləşirdi ki, Allah əziz balasını onun əlindən almaz. Ancaq uşağının öldüyünü dərk edəndə öz-özünə deyirdi: "Allahın bundan xəbəri yoxdur, Allah bunu bilmir. Yer üzündə Allahın amansız ruhları var, onlar da necə istəyirlərsə elə də hərəkət edirlər. Anaların yalvarışlarına fikir vermirlər.”

Beləcə, ağır kədər yükü daşıyan ananın Allaha inamı itdi, əvəzində o ürəyində ölümə hörmət etməyə başladı. Ana inanırdı ki, insan tozdan başqa heç nə deyil. Amma bu fikirlər də anaya sakitlik gətirmirdi. O dibi görünməz olan ümidsizlik quyusundaydı sanki. Ən ağır dəqiqələrdə ana göz yaşı axıtmırdı, heç sağ-salamat olan iki qızını da fikirləşmirdi. Ərinin yanağından süzülən göz yaşlarını da hiss etmirdi, çünki onun bütün fikri-zikri ölən uşağının yanındaydı. Sanki ananın bütün vucudu xatirələrə, bir vaxt məsum uşağın dediyi sözlərə bükülmüşdü.

Balaca uşağın dəfn günü gəlib çatdı. Dəfndən əvvəlki günlərdə o gecələr yatmamışdı, ona görə də səhərə yaxın yorğun ana dərin yuxuya getdi. Ana yuxuda olanda tabutu evin o biri başında olan otağa apardılar, uşağı tabuta qoyub tabutun ağzını mismarladılar. Ana çəkicin səsini də eşitmədi. Ana yuxudan oyananda uşağı görmək istədi, əri göz yaşı içində dedi:

- Biz tabutun qapağını mismarladıq, belə lazım idi.

- Əgər Allah mənə qarşı amansız olubsa, mən insanlardan yaxşı nə gözləyə bilərəm? - ana göz yaşı içində dedi.

Tabutu qəbirstanlığa aparanda kirimək bilməyən ana iki qızıyla birgə evdə qaldı. Ana qızlarının üzünə baxırdı. Ancaq onları görmürdü, çünki onun xəyalı evdən çox uzaqda idi. Ana özünü kədərinin ixtiyarına vermişdi, kədər də onu gah irəli, gah geri atırdı- dəniz sükansız, kompassız gəmini necə atıb tutursa, kədər də ananı elə atıb-tuturdu.

Beləcə, dəfn günü geridə qaldı, oxşar günlər bir-birini əvəz etdi. Qızlar qəmli-qəmli anaya baxdılar, ana onları görmədi, əri onu sakitləşdirmək istədi, ancaq o ərinin bircə sözünü də eşitmədi. Bir tərəfdən də, əgər bu qızlar, əgər bu qızların atası kədər içindədirsə, onlar hansı sözlə ananı sakitləşdirə bilərdilər? Adama elə gəlirdi ki, ana bir daha yuxu nə olduğunu bilməyəcək, bir daha heç vaxt yatmayacaq.

Ancaq ananın özünə ən yaxın dost bildiyi ölüm ananın ürəyinə azacıq sakitlik bəxş etdi. Bu vaxt əri və qızları onu aparıb yerinə uzatdılar. O elə sakit uzandı ki, sanki yuxuya getmişdi.

Neçə gün ana bu vəziyyətdə qaldı. Əri hər gecə onun yanında dayanar, onun nəfəs aldığını görəndə rahat olardı. Bir gecə yenə də o qadının nəfəs aldığını yoxlayıb arxayın oldu ki, o dərin yuxuya gedib. Nəhayət, arvadının yuxuya getdiyini görəndən sonra qollarını sinəsində qatlayıb Allaha dua etdi, sonra özü də arxayınca yuxuya getdi. Kişi dərin yuxuda olduğundan arvadının oyandığını, tələsik paltarını geyinib evdən çıxdığını, xəyalının daim məskən saldığı yerə -uşağınn qəbrinə tərəf yollandığını hiss etmədi.

Ana bağın içindən keçdi, birbaşa qəbirstanlığa aparan cığırla irəlilədi. Ana qəbirstanlığa gedəndə yolda onu heç kim görmədi o da heç kimi görmürdü. Çünki onun gözləri getdiyi yerdən başqa heç nəyi, heç kimi görmürdü. Sentyabrın əvvəlləri, aylı-ulduzlu bir gecə idi. Hava mülayım idi.

Beləcə. ana qəbirstanlığa girib balaca, ətirli çiçəklərdən hörülmüş buketə bənzər qəbrin, balaca oğlunun qəbri yanında oturdu. Ana qəbrə elə baxırdı ki, sanki torpağın altındakı balasını görə bilirdi. Oğlunun təbəssümü, hətta xəstə olduğu vaxtlarda da gülümsəyən çöhrəsi ananın gözləri önündə canlandı. İlahi, oğlunun gözlərindəki ifadə elə gözəl idi ki, ana qəbrin üstünə əyildi. Bir vaxtlar uşağın çarpaysının qırağında oturan ana indi də onun qəbrinın qırağında oturmuşdu, göz yaşları qəbrə axırdı.

Bu vaxt lap yaxından bir səs eşidildi.

- Sən istəyirsənsə yerin altına enib uşağınla bir yerdə ola bilərsən, - səs dedi.

Sözlər elə aydın deyilirdi ki, birbaşa qadının ürəyinə girdi.

Qadın başını qaldırıb baxdı, onun yanında qara plaşa bürünmüş bir kişi durmuşdu. Plaşının kapüşonunu üzünə çəkmişdi.. Amma qadın diqqətlə baxanda kapüşonun altından onun üzünü görə bildi. Sərt üzü vardı, ancaq gözləri işıldayırdı.

- Yerin altına, uşağımın yanına, - qadın kişinin sözlərini təkrar etdi. Qadının səsində həm ümidsizlik, həm də yalvarış hiss olunurdu.

- Mənim arxamca gəlməyə cürətin çatarmı? - kişi dedi. - Mən Ölüməm.

Qadın razılıq əlaməti olaraq baş əydi.

Qəflətən sanki göydəki ulduzlar qəbrin üstünü bəzəyən güllər kimi rəngbərəng olub işıq saldı. Qəbrin üstündəki torpaq pərdə kimi yana çəkildi. Qara plaşlı kabus onu qara plaşa bürüdü. Qadın qəbirqazanın qazdığından da daha dərinə endi. Qəbiristan başı üstə bir dam olana qədər qəbrin içinə endi. Sonra onun büründüyü qara plaşı çəkib götürdülər, qadın gördü ki, bir geniş zaldadır. Zalda zəif işıq vardı, alatoranlıqda olduğu kimi. Bir an sonra ananın uşağı peyda oldu. Gülümsəyirdi, indi əvvəlkindən də gözəl görünürdü. Ana uşağını sinəsinə sıxdı - səssiz ağlaya-ağlaya. Bu vaxt gözəl musiqi səsləndi - musiqinin səsi gah yaxından, gah uzaqdan gəlirdi. Ana heç vaxt belə musiqiyə qulaq asmamışdı. Bu səs qara pərdənin o biri üzündən, ölüm regionu ilə o biri dünyanı ayıran pərdənin o biri üzündən gəlirdi.

- Mənim əziz, şirin anam, - uşaq dedi.

Ana uşağının səsini eşitdi. Bu səs ona elə doğmaydı ki... Ana oğlunu qucaqlayıb öpdü,... öpdü, sonsuz sevinclə. Sonra uşaq qara pərdəyə işarə edib dedi:

- Yer üzü heç bura kimi gözəl, rahat deyil. Ana, sən bu gözəlliyi görmürsən? Burda olmaq həqiqətən xoşbəxtlikdir.

Ana uşaq göstərən tərəfə baxanda qara pərdədən başqa heç nə görmədi. Gözlərini silib daha diqqətlə baxdı, ancaq Allahın öz yanına apardığı uşağının gördüklərini görə bilmədi. Ana musiqi səsləri eşidə bilirdi, ancaq o heç bir söz eşidə bilmirdi. Söz eşitsəydi ana inananrdı.

- Ana, mən indi uçmağı bacarıram, - uşaq dedi. - Başqa xoşbəxt uşaqlarla birgə Allahın dərgahında uça bilirik. Mən indi də həvəslə uça bilərəm, ancaq sən indi ağladığın kimi ağlasan məni bir də görməyəcəksən. Mənim uçmağımı istəmirsən? Əziz ana, sən də tezliklə yanıma gələcəksən, elə deyil?

- Ah, dayan, dayan! – ana yalvardı. -Bircə dəqiqə də dayan! Qoy bir sənə yenə də baxım, yenə də öpüm, yenə də səni sinəmə sıxım.

Ana uşağıını öpdü, bağrına basdı, başına sığal çəkdi. Qəflətən yuxarıdan ananın adını çəkdilər. Bu nə demək idi? Qəmli səslə ananı çağırırdılar.

- Sən hələ burdasan? – uşaq dedi. - Səni çağıran atamdır.

Bu vaxt hıçqırıq səsləri də eşidildi, elə bil kimsə ağlayırdı.

- O ağlayanlar isə bacılarımdır. Ana, deyəsən, bacılarımı unutmusan.

Elə bu vaxt ana ərini, qızlarını xatırladı. Birdən onu dəhşət bürüdü. O ətrafına, qaranlığa baxdı. Hardansa işıq süzülürdü. Elə bil qadın bu işığı tanıyırdı. Bu işıqlar ölüm regionundan qara pərdəyə tərəf süzülür, sonra orda yox olurdu. Görəsən, onun əri və qızları da uçub gedib? Yox, qadın hələ də onların səsini, hönkürtüsünü eşidə bilirdi. Uşağı öləndən bəri ana demək olar ki, onları yaddan çıxartmışdı.

- Ana, bir bax, göylərin zəngi çalınır, - uşaq dedi - ana, indi günəş çıxacaq.

Ananın üstünə işıq düşdü. Uşaq görünməz oldu. Ana isə yuxarıya qalxırdı, onun bədəni buz kimi idi. O başını qaldırdı, gördü ki, qəbirstanlıqda, uşağının qəbri üstə uzanıb.

Yuxuda olarkən Allah onun ayaqlarına bələdçi, ruhuna isə işıq olmuşdu. Ana dizi üstə durub Allahdan onun bağışlamasını rica etdi. Ana arzuladı ki, ruhu uçub getməsin. Ana qoyub gəldiyi qızlarına olan borcunu unutmuşdu. O indi özünü rahat hiss edirdi. Günəş şəfəqlərini ətrafa yaydı. Balaca bir quş nəğməsini oxuyurdu. Kilsədən zəng səsləri gəldi, insanları ibadətə səsləyirdi.

Ana səhvini başa düşdü. O Tanrının müqəddəsliyini etiraf etdi, o qızları qarşısındakı borcunu yadına saldı və evinə çatmağa tələsdi. Hələ yuxudan durmayan əri qarşısında baş əydi. Ərini öpdü, bu isti öpüş onu yuxudan oyatdı. Hər ikisi sevgi dolu sözlər pıçıldadı bir-birinə.

İndi o bir ana kimi, arvad kimi güclüydü. O ərinə inamla dedi:

- Allah nə edirsə düz edir. Allahn etdiyi hər şey yaxşıdır.

Sonra əri ondan soruşdu:

- Sən birdən-birə necə oldu ki, belə qüvvətli oldun? Bu inam səndə necə yarandı?

Qadın ərini və qızlarını öpüb dedi:

- Bu inamı mənə Allah və qəbirdəki uşağım qaytardı.

İngiliscədən tərcümə edən: Sevil Gültən

banner

Oxşar Xəbərlər