Qəbələ Qızıl Balıqartırma Zavodu yenidən qurulacaq

Qəbələ Qızıl Balıqartırma Zavodu yenidən qurulacaq

İqtisadiyyat
15 Oktyabr 2019, 15:30 121
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilmiş "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan olunub.
Komitədən bildirilib ki, ƏMDK bu il iyulun 30-da "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Aidiyyəti dövlət qurumlarının təmsil olunduğu müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya və sosial şərtlər qoyulub. Əsas şərtlər müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunmasıdır. Müsabiqədə iştirak etmək üçün iddiaçılar tərəfindən investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra komissiya üzvləri arasında açıq səsvermə yolu ilə "Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1,2 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək. Eyni zamanda, ümumi həcmi 1,1 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin əməkhaqqı və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borclarının ödənilməsi, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini şirkət öz üzərinə götürüb.
İnvestisiya Proqramına əsasən qalib şirkət səhmdar cəmiyyətində hovuz və nohurların yenidən qurulması, əlavə nohurların inşası, su təchizatı sisteminin bərpası, yeni avadanlıqların alınmasını reallaşdıracaq. O cümlədən, investisiyalar dövriyyə vəsaitlərinin artırılması, bütün tikili və qurğuların, inzibati binanın əsaslı təmiri, abadlıq və digər işlərin görülməsinə cəlb olunacaq.
Səhmdar cəmiyyətinə investisiyaların iki il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növdə balıqların yetişdirilməsinə şərait yaratmaqla yanaşı, yeyinti sənayesinin inkişafına və əhalinin bu məhsullara olan tələbatının ödənilməsinə xidmət edəcək.