Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək

Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək

Mədəniyyət
20 İyul 2019, 17:45 19306
2009-cu ildə əsası qoyulan və ötən müddətdə dünya musiqi xəritəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalı XI dəfə sənətsevərlərin görüşünə gələcək.
 
AZƏRTAC xəbər verir ki, xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl bir ənənəyə çevrilən festival bu dəfə iyulun 31-dən – avqustun 5-dək reallaşacaq.
Qəbələ festivalında Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən görkəmli musiqiçilər, ifaçılar iştirak edəcək. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları təşkil olunur. Budəfəki musiqi bayramına Rusiya, ABŞ, Macarıstan, Türkiyə, İtaliya, Gürcüstan, Çin, Ukrayna kimi ölkələrdən tanınmış ifaçı və kollektivlər, həmçinin Azərbaycanın musiqi kollektivləri dəvət olunub.
 
İyulun 31-də festivalın ilk konsertini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestri verəcək. Cavad Tağızadənin dirijorluğu ilə gerçəkləşəcək konsertdə solistlər Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Rəsul Əliyev (fleyta), Nəzrin Aslanlı (violin), Safura Aslan (vokal), Məhəmmədəli Paşazadə (klarnet) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini təqdim edəcəklər.
 
Avqustun 1-də festivalın təntənəli açılış mərasimi olacaq. Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı gözlənilir. Həmin gün Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Yeganə Axundova (piano) da səhnəyə çıxacaq. Hər il olduğu kimi, bu dəfə də festivalın proqramı zəngin və maraqlıdır.