• cümə, 19 Aprel, 23:18
  • Baku Bakı 24°C

Qazaxıstan istiqlalının 27-ci ilini qeyd edir

15.12.18 11:30 562
Qazaxıstan istiqlalının 27-ci ilini qeyd edir
İnsanlar bineyi-qədimdən keçmişə qayıdaraq əlamətdar anları bayram edib, onlara geniş yer ayırıblar. Bu, təsadüfi deyil. Çünki bayramlar cəmiyyəti səfərbər etməklə, özünüdərk hissini möhkəmləndirir, hər bir insana qürur verib, onu hərəkətə sövq edir.
Postsovet məmləkətlərində dövlətçiliyin yaranması ilə bilavasitə əlaqəli olan bayramlar, demək olar bənzərdirlər. Bu, təbiidir, çünki Sovet İttifaqının süqutu birdən-birə zəncirvari prosesləri qaçılmaz etdi. Qardaş Qazaxıstan hər il dekabrın 16-da İstiqlal bayramını qeyd edir. Bu il artıq 27-ci ildönümüdür.
Ölkənin yaxın keçmişinə baxış göstərir ki, qazax xalqının azadlıq arzusu çox çətin və məşəqqətli şəraitdə gerçəkləşdi. SSRİ-nin dağılması ittifaq respublikalarının xalqlarını çətin şəraitə saldı. Onların suverenliyə olan arzusu hədsiz idi, lakin iqtisadi baxımdan müstəqil inkişaf imkanları minimal səviyyədə idi. Buna görə də yeni suveren yaşayışa hazırlıq çox ağrılı tərzdə gedirdi. Xalqlar, demək olar yeni planlarını, niyyətlərini gərgin hərəkət əsnasında həyata keçirməyə məcbur idilər. Qazaxıstan da bu baxımdan istisna deyildi.
Şərait ağır, imkanlar məhdud idi. 90-ın əvvəlində bütün iqtisadi obyektlər, zavod və fabriklər hamısı dayandı. Elektrik enerjisi, məvaciblər kimi fasiləli olaraq verilirdi. Vəziyyət heç ürəkaçan deyildi. Məşhur amerikalı siyasətçi, ABŞ prezidentinin sabiq müşaviri Zbiqnev Bjezinski Qazaxıstanın çoxmillilik amilini rəhbər tutaraq ümumiyyətlə bu ölkənin gələcəyini qara boyalarda gördüyünü demişdi. O, hətta Qazaxıstanı parçalanmaya məhkum saymışdı.
Bu qəbildən olan proqnozlar az deyildi. Onlara baxmayaraq, Qazaxıstan cəmi iyirmi altı il ərzində böyük irəliləyişə nail olmaqla möhkəm məmləkətə çevrilə bildi. Maraqlıdır ki, hazırda məhz Qazaxıstan dünya çapında çoxmillilik şəraitində barışıq və tolerantlıq nümunəsi ifadə edir. Ölkə cəmiyyətini 100-dən artıq millətin və 18 dini konsessiyanın mənsubları tərənnüm edir.
Qazaxıstan iqtisadiyyatı rəqabətə dözümlülük baxımından dünya liderləri qrupundadır. Buna görə də ölkəyə çoxmilyardlı investisiyalar axını davam edir.
Bədbin proqnoz müəllifi Zbiqnev Bjezinski sonradan bildirdi: "Etiraf edirəm ki, Qazaxıstana lazımi diqqətlə yanaşmamışam. O vaxt mən təsəvvür etmirdim ki, Mərkəzi Asiyada məhz Qazaxıstan yeni reallığın təzahürünə çevriləcək. Şübhəsiz, suveren olduqdan sonra Qazaxıstan möhtəşəm iqtisadi inkişafda, bölgədə öz yerini müəyyən etməkdə, qonşu və digər məmləkətlərlə faydalı münasibətlər qurmaqda layiqli nümunə nümayiş etdirir”.
Nisbətən qısa zaman kəsiyində əldə edilmiş uğur və qazanclar böyük bir dövrün nailiyyətlərinə bərabərdir. Onların mahiyyət və tərkibinə nəzər salmağa dəyər. Əsas həlledici məqam ondan ibarətdir ki, ölkənin inkişaf strategiyası mövcuddur. Prezident Nursultan Nazarbayev əmindir ki, sabit və milli inkişaf üçün məmləkətin pozitiv obrazı ilə realistik hərəkət planı son dərəcə vacibdir.
90-ların əvvəllərindən ölkə özünün hansı istiqamətdə hərəkət edəcəyini özü üçün müəyyən etdi. 1992-ci ildə "Qazaxıstanın, suveren dövlət kimi dirçəliş və inkişaf strategiyası” adlı sənəd işıq üzü gördü. Bu sənəd vacib prioritetləri özündə ifadə etmişdi.
1997-ci ildə isə digər, daha iri miqyaslı "Qazaxıstan-2030” adlı sənəd qəbul edildi. O, ölkənin uzunmüddətli məqsədlərinə necə və hansı vasitələrlə çatacağına aydınlıq gətirən proqram sənədi oldu. Onda təsbit olunmuş məqsəd və göstəricilər ciddi və yüksək səviyyəli olduğundan yenə bir çoxları onları inandırıcı saymadılar. Lakin 2000-ci ilə qədər həmin məqsəd və prioritetlər artıq reallaşdırılmışdır. Belə ki, 16 il ərzində 33 il üçün nəzərdə tutulmuş iş həcmi artıq həllini tapmışdı.
2012-ci ildə bəlli oldu ki, «Qazaxıstan-2030» sənədindən irəli gələn prioritetlər bütövlüklə həllini tapıb. Həmin ildə ölkə əhalisinə yeni, 2050-ci il üçün nəzərdə tutulmuş yeni baza sənədi təqdim edildi. Simvolikdir ki, artıq həmin məqamda bədbinlərin sayı xeyli azalmışdı.
Ölkənin irəliləyişində vacib rol oynamış ikinci üstün cəhət isə ondan ibarətdir ki, Qazaxıstan təhsil və intellektual potensialın artmasına strateji diqqət yönəltdi. Bu sahədə təşəkkül tapmış planlı siyasət özünü tam doğrultdu. Müsbət nəticələr göz önündədir. Təsadüfi deyil ki, 90-ın əvvəllərində ölkə tənəzzülə qərq olunduqda N. Nazarbayev gənclərin kütləvi şəkildə dövlət hesabına xaricdə təhsil alması ilə bağlı qərar qəbul etdi və hərəkətə keçdi. Bu gedişin nəyə hesablandığı bəllidir. Lakin o zaman bir çoxları bu təşəbbüsün mahiyyətini layiqincə dərk edə bilmədilər. Bu da ondan irəli gəlirdi ki, dövlət büdcəsi kəsirli idi.
O vaxtdan 25 il ötür. Prezidentin "Bolaşaq” (Gələcək) proqramı hesabına 11 minə yaxın gənc dünyanın aparıcı ali təhsil müəssisələrində oxuyub, qabaqcıl texnologiya və təcrübəyə yiyələnib geri dönüb. Özü də bu proqram təhsil sahəsinin inkişaf konsepsiyasının cəmi bir qoludur.
Təhsil məsələsi müstəqilliyin ilk günündən vacib və əvəzsiz prioritetə çevrildi. Bura qoyulan illik investisiya həcmi tədricən artır. Ölkə üzrə daim yeni məktəb və təhsil ocaqları, kolleclər açılır. Uğurla fəaliyyət göstərən «Nazarbayev University» məşhur və dünyada qəbul olunmuş standartlar səviyyəsində işini aparan təhsil ocağıdır. Təhsil sistemini daim təkmilləşdirən məmləkətin gələcəyi mütləq ümidverici olur. Qazaxıstanın bu günü də zənginliyinə görə cəlbedicidir.
Üçüncü diqqət çəkən amil Qazaxıstanın biznes və investorlara açıq olmasıdır. Dünyanın aparıcı 30 ölkəsi sırasına daxil olmaq istəyi qanunvericiliyin və onun təsir mexanizmlərinin daim təkmilləşdirilməsini vacib edir. Bu, böyük biznesin maneəsiz və səmərəli davranmasına təminat verir. Buna görə Qazaxıstan əcnəbi investorları üçün cazibəli məkana çevrilib. 27 il ərzində ölkə iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Bu, ümumən Mərkəzi Asiya ölkələrinə oturdulmuş sərmayənin 70% -ni təşkil edir.
Bütün bu amillər Qazaxıstanın uğurlarına təsir göstərib. Ancaq əldə olunmuş irəliləyişin təminatçısı rolunda N.Nazarbayevin rolu misilsizdir. Onun siyasi qətiyyəti, zəkası və dönməzliyi olmasaydı, sadalanan yüksək nəticələri əldə etmək problemə çevrilərdi.
Milli inkişaf strategiyasında diqqət çəkən ölkə iqtisadiyyatının xam mal asılılığından xilas olmasıdır. On il əvvəl dövlət innovasiyalı sənaye inkişafına meylini rəsmiləşdirdi. Bu gediş Qazaxıstanın təbii resurslarının ehtiyatlarına görə dünya çapında altıncı yerdə olmasına baxmayaraq təşəkkül tapdı. Mendeleyevin cədvəlində təsbit olunmuş 110 elementdən 99-u ölkə ərazisində mövcuddur, 70-i tədqiq edilib, 60-ı isə istifadə olunur. Bunun hesabına Qazaxıstan müstəqilliyin ilk ağır dövrünü nisbətən ağrısız ötüşdürə bildi.
Bu gün Astana məqsədyönlü tərzdə xammal iqtisadiyyatından uzaqlaşır. Bu, diskurs inkişaf meylinin kökündə duran əsas komponentdir və özünü tam doğruldur.
Qazaxıstan xarici siyasət sahəsində də uğurlar əldə edib. Ölkə faktiki olaraq, ən aparıcı beynəlxalq təşkilatların üzvüdür. Söhbət BMT, ATƏT, MDB, İƏT, DTT, ŞƏT, KTMT, QDƏT və digərlərindən gedir. Qazaxıstan bir çox təşkilatlarda uğurla sədrlik etməyə müvəffəq olub. Ölkə həm də öz meydanında dünya dinləri liderlərinin zirvə görüşlərini keçirməklə beynəlxalq aləmdə olan münaqişələrin həllini tapmaq istiqamətində də fəallıq göstərir. Bütün bunlar müasir Qazaxıstan barədə dolğun və pozitiv təəssüratlar oyadır. Ölkənin gözəçarpan nailiyyətləri ilə özünün böyük uğurunun başlanğıc mərhələsindədir və qarşıda onu yeni zəfərlər gözləyir.
Yusif Abbaszadə
banner

Oxşar Xəbərlər