• cümə, 09 May, 09:07
  • Baku Bakı 15°C

Qazaxıstan Aral dənizinin bərpası üçün səylərini gücləndirir

12.04.16 15:21 3246
Qazaxıstan Aral dənizinin bərpası üçün səylərini gücləndirir
Bir qədər yaşlı nəslin yaxşı yadında olar ki, ötən əsrin ikinci yarısından başlayaraq sovet hökuməti Mərkəzi Asiyada dünyanın ən iri pambıq istehsalını yaratmaq istəyirdi. Keçmiş İttifaqa daxil olan respublikaların rəhbərləri gecə-gündüz bilmədən bu məqsədə xidmət edirdilər. Odur ki, illər ötdükcə pambıqçılığın inkişafı məqsədilə aqressiv irriqasiya siyasətinin tətbiqi nəticəsində dünyada 4-cü ən iri göl - Aral dənizinin 90 faiz hissəsinin səhraya çevrilməsinə gətirib çıxardı. Sahəsi 60 min kv. km, dərinliyi bəzi yerlərdə 40 m olan bu su hövzəsinin böyük bir hissəsi sanki havaya sovruldu. Əvvəlki Aral dənizinin bu gün yalnız 10 faizi qalıb. O da məhz, Qazaxıstanın yürütdüyü ardıcıl və düşünülmüş siyasətin nəticəsində.
Bu gün Mərkəzi Asiya dövlətlərindən məhz Qazaxıstan həm daxili resursları, həm də beynəlxalq maliyyə institutları ilə birgə müasir dövrümüzün ən böyük ekoloji fəlakətlərindən biri olan Aral dənizinin bərpası uğrunda mübarizə aparır. Bu, o zaman baş verir ki, ölkənin özündə praktiki olaraq su mənbələri yoxdur və Qazaxıstan demək olar ki, bütünlüklə transsərhəd su hövzələrindən asılı bir vəziyyətdədir. Yeri gəlmişkən, xatırladaq ki, Aral dənizinin quruması problemi dünya ekoloqlarını Amazon meşələrinin qırılması qədər narahat edir. Belə ki, son 30 ildə Aral dənizi öz su hövzəsini demək olar ki, 90 % azaldıb. Dənizin quruması əsrin fəlakətinə çevrilib, onun dibində olan duzu külək demək olar ki dünyanın dörd bir tərəfinə, - hətta Antarktidadan tutmuş Şimal Qütbünədək -bütün planetə səpələyib. Mütəxəssislərin fikrincə, bu amil hətta uzun illərdən bəri mövcud olan buzlaqların əriməsinə belə gətirib çıxarıb. Ekoloji vəziyyətin belə ağırlaşdığını görən Aral dənizinin yerləşdiyi Mərkəzi Asiya dövlətləri, nəhayət, son illər ərzində bu problemlə ciddi məşğul olmağa başlayıblar. 1993-cü ildə hətta Aral dənizinin xilası məqsədilə Beynəlxalq Fond (ADXBF) belə yaradılıb. Fonda bir sıra beynəlxalq təsisatlar, maliyyə institutları cəlb edilib. Verilən məlumatlara görə, bu illər ərzində Fonda 10 milyard dollaradək vəsait cəlb edilib. Lakin, ADXBF-ə daxil olan ölkələr həmin vəsaitləri müxtəlif istiqamətlərdə istifadə etməkdədirlər. Bu gün faktiki olaraq yalnız bir ölkə - Qazaxıstan bu qlobal ekoloji problemin həlli istiqamətində səylərin gücləndirməkdədir. Mütəxəssislərin fikrincə, bu gün Aral dənizi demək olar ki, iki hissəyə bölünüb – böyük (Cənub) və kiçik (Şimal). Bunlardan birincisi Özbəkistanın ərazisində yerləşir və regionun ən böyük çaylarından olan Amudərya çayının suyu ilə qidalanır. Digəri isə Qazaxıstanın ərazisində düşür və regionun digər böyük su hövzəsi - Sırdərya çayı ilə qidalanır. Xatırlatmaq yerinə düşər ki, Sırdərya çayı, həmçinin, Türkmənistan, Özbəkistan və Tacikistanın ərazilərindən keçir. Bu çayın sularından, demək olar ki, bütünlüklə həmin ölkələrin ərazilərində kənd təsərrüfatı torpaqlarının suvarılmasında aktiv istifadə olunur.
Aral dənizinin qurumasına gətirən çıxaran əsas səbəblərdən biri də məhz budur. Ekoloqlar bildirirlər ki, 1990-cı illərin əvvəllərində, daha doğrusu, ADXBF fəaliyyətə başladığı illərdə Qazaxıstan Aral dənizinin özünə aid hissəsinin xilası məqsədilə səylərini ortaya qoymağa başladı. Dənizin suyunun Cənub hissədən Şimala axmasının qarşısını almaq məqsədilə xüsusi torpaq dambalar quruldu. Bunda əsas məqsəd Şimal hissəyə axan su kütləsinin buxarlanma nəticəsində həcminin azalmasının qarşısını almaq idi. Lakin buna baxmayaraq, 1999-cu ildə suyun katostrafik şəkildə torpaq dambanı yuması nəticəsində həmin texniki qurğu dağıldı. Hadisədən bir neçə il ötdükdən sonra, vəziyyətin ciddiliyi nəzərə alaraq, Dünya Bankı Kokaral (Kiçik Aral) bəndinin tikinti layihəsinə 85 milyon dollar vəsait ayırdı. Layihənin tikintisi 2005-ci ildə tam başa çatdırıldı. Uzunluğu 13 km, hündürlüyü 6 metr olan bənd dənizdə suyun Şimal hissdən Cənuba axmasını tənzimləyən hidrotexniki qurğulara da malikdir. Başqa sözlə, Qazaxıstan, faktiki olaraq, dənizin Şimal hissəsini qapalı gölə çevirməyi bacardı, öz daxili su hövzələri hesabına onun su ilə təchizatını təmin edə bildi. Məhz bunun nəticədə cəmi bir il ərzində Aral dənizində suyun səviyyəsi 40 metrdən 42 metrədək yüksəldi, hətta dünya okeanının səviyyəsini belə keçdi. Dənizin su hövzəsinin sahəsi 18 % artdı, suyun duzluluğu demək olar ki, iki dəfə azalaraq hər litrə görə 20 qramdan 10 qramadək aşağı endi. Dənizdə suyun artması ətraf ərazilərdə məskunlaşan əhalinin həyat səviyyəsinin də dirçəlməsinə səbəb oldu. Balıqçılıq təsərrüfatları inkişaf etməyə başladı. Ətraf ərazilərinin ekoloji durumu da yaxşılaşdı. Amma, bütün bunlar dənizin yalnız Qazaxıstana aid olan hissəsində baş verirdi. Amudərya çayından Aral dənizinin digər-böyük hissəsinə axan suyun həcmi isə getdikcə azalmaqda idi.
Yeri gəlmişkən, ekoloqların bildirirlər ki, hazırda Aral dənizinin qarşı tərəfdə olan hissəsinə axan çayın sularının təqribən 92 %-i kənd təsərrüfatı sahələrinin suvarılmasına sərf olunur. Başqa sözlə, Aralın böyük (Cənub) hissəsinə praktiki olaraq, su daxil olmur. Bu hissədəki su həcmləri, demək olar ki, Şimal hissədən - dənizin dibi ilə Qazaxıstana aid olan hissədən, - axıb gələn suların hesabına formalaşır. Ekoloqların sözlərinə görə, hazırda kənd təsərrüfatı sahələrinin damcı üsulu ilə suvarılması və digər müasir texnologiyaların tətbiqindən aktiv şəkildə istifadə edən Qazaxıstandan fərqli olaraq, nə Özbəkistan, nə Türkmənistan, nə də ki, Tacikistanda müasir suvarma metodlarından istifadə olunur. Mütəxəssislərin fikrincə, həmin respublikalarda suvarma sistemlərində müasir metodlardan istifadə olunması böyük həcmdə su kütləsinin çatlar vasitəsilə boş yerə torpaq qatlarına axmasının qarşısını ala bilərdi. Suvarma sistemlərinin müasirləşdirilməsi hər il 12 kubkilometr suya qənaət etməyə imkan verərdi. Doğrudur, sözügedən layihənin gerçəkləşməsi üçün böyük həcmdə - təqribən 16 milyard ABŞ dolları miqdarında maliyyə vəsaitinə ehtiyac duyulur. Dünyada baş verən maliyyə böhranının təsirinə məruz qalan Mərkəzi Asiya respublikalarda isə, təbii ki, bu həcmdə vəsait tapmaq çətindir. Digər tərəfdən isə, mütəxəssislər belə hesab edirlər ki, pambıq ixracını ildən-ilə artıran Türkmənistan və Özbəkistan kənd təsərrüfatının bu sahəsinə xüsusi diqqət ayırır. Tarlaların suvarılması nəticədə çaylarda suyun səviyyəli hər il daha da aşağı düşür. Yeri gəlmişkən, ekoloqlar xatırladırlar ki, bir neçə il bundan əvvəl Özbəkistan prezidenti İslam Kərimov ADXBF-i təsis edən ölkələrin dövlət başçılarının görüşündə çıxışı zamanı bəyan edib ki, «çətin ki, bundan sonra Aral dənizini xilas etmək mümkün olsun». Məhz bu səbəbdən də özbəklərin lideri belə bir təklif irəli sürüb ki, fondda toplanan, eləcə də, bu məqsədlə beynəlxalq donor təşkilatlardan ayrılacaq vəsaitləri Aral dənizinin xilası məqsədilə deyil, baş verəcək fəlakətin nəticələrinin aradan qaldırılması üçün istifadə edilsin. Mütəxəssislər belə hesab edirlər ki, Özbəkistan prezidentinin həmin təklifini, xəstəliyin müalicəsindən daha çox, onun əlamətlərinin aradan qaldırılması kimi də başa düşmək olar. Görüşdə səsləndirilən fikirlərdən biri də ondan ibarət idi ki, dənizin qalan suları hesabına mini-göl yaradılsın və Aralın suyunun qurumuş hissəsində - dənizin dibində geniş meşə massivi salınsın, kütləvi şəkildə ağaclar əkilsin. Həmçinin yerli əhalinin içməli suya olan tələbatı təmin olunsun, kommunal, eləcə də müalicə müəssisələri suyun zərərli maddələrlə yoluxmasının qarşısını alan müvafiq texniki avadanlıqlara təchiz edilsin, suyun xlorlaşdırılması, su hövzəsinin mühafizə məqsədi ilə dəniz sahilinin hasarlanması və s. işlər həyata keçirilsin. Bir sözlə, uzun-uzadı söz yığnağından ibarət cümlələr!
Burada ekoloqlar xatırladırlar ki, ötən il Özbəkistan hökuməti yaxın 4 il ərzində Aral dənizinin quruması nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə 4,3 milyard ABŞ dolları həcmində vəsait ayıracağını bəyan edib. Həmin vəsait Aral dənizinin Özbəkistana aid hissəsinin sosial-iqtisadi inkişafı və bərpa işləri üçün sərf olunacaq. Mütəxəssislərin fikrincə, bu, qarşıdakı illər üçün proqnozlardır. Hazırda isə Aral dənizinin Qazaxıstana aid hissəsi aktiv şəkildə su ilə dolmaqdadır. Bu, Qazaxıstanda həyata keçirilən bir sıra layihələrin reallaşması nəticəsində mümkün olub. Bunların sırasında Sırdərya çayının mənsəbinin təmizlənməsi layihəsi də vardır. Ekspertlərin proqnozlarına görə, Aral dənizinə suyun daxil olmasının indiki həcmi saxlanılmaq şərti ilə, dənizin Şimal hissəsi yaxın 10-15 il ərzində bütünlüklə bərpa oluna bilər. Yeri gəlmişkən, mütəxəssislər xatırladırlar ki, dənizi doldurmaqla yanaşı, Qazaxıstan tərəfi Sırdərya vadisindəki göllər sisteminin bərpası istiqamətində də mühüm işlər həyata keçirir. Bu, eyni zamanda, qrunt sularının da Aral dənizinə axmasına şərait yaradacaqdır. Ekoloqlar belə hesab edirlər ki, Aral dənizinin Şimal hissəsinin tam bərpası üçün təkcə buraya suların axıb gəlməsi deyil, eyni zamanda Kokaral bəndinin genişlənməsi də çox vacibdir. Bu, Aral dənizinin Şimal hissəsində suyun dövretmə qabiliyyətinin artırılması, eləcə də Cənub istiqamətdə axıb gedəcək su itkilərinin qarşısını almaq məqsədi ilə çox mühüm bir məsələdir. Mütəxəssislərin fikrincə, hələlik görünən odur ki, nə Aşqabadda, nə Daşkənddə, nə də ki Düşənbədə kimsə bu istiqamətdə səylərini artırmaq fikrində deyildir. Aral dənizinin Şimal hissəsinin - Kiçik Aralın bərpası planının reallaşması istiqamətində isə Qazaxıstana beynəlxalq donor təşkilatları tərəfindən maliyyə yardımına ehtiyac duyulur. İlk növbədə, Dünya Bankı sözügedən bəndin tikintisinin başa çatdırılması üçün vəsait ayırmalıdır. Bir sözlə, Kiçik Aralın bərpası istiqamətində Qazaxıstanın səyləri, eləcə də beynəlxalq maliyyə institutlarının yardımları hesabına gələcəkdə baş verə biləcək ekoloji fəlakətləri minimuma endirmək mümkün olar. Digər tərəfdən isə mütəxəssislər belə hesab edirlər ki, burada qazanılan təcrübədən və insan resurslarından gələcəkdə digər regionlarda da su hövzələrinin bərpası işində istifadə etmək olar. Əlbəttə, əgər, Mərkəzi Asiya dövlətləri Aral dənizini qorumaq məqsədilə birgə səylərini ortaya qoyarlarsa...
Fuad

banner

Oxşar Xəbərlər