• cümə axşamı, 28 mart, 20:08
  • Baku Bakı 13°C

Qaz xətti kəndin kandarında ola... - PROBLEM

22.01.22 11:30 744
Qaz xətti kəndin kandarında ola... - PROBLEM
Astaranın bəzi kəndlərində qazın olmamağı ciddi problemlər yaradır. Kənd sakinləri deyirlər ki, meşədən odun gətirməyə icazə verilmədiyi üçün elektrik enerjisindən istifadə etməli olurlar, bu da büdcələrinə ciddi ziyan vurur.
Azərbaycanda əhalinin sıx məskunlaşdığı ərazilərdə qazlaşdırma mütəmadi şəkildə aparılsa da, hələ də bir sıra kəndlər mavi yanacaqla təmin edilməmiş qalır. Xüsusilə onu vurğulamaq yerinə düşər ki, COVİD-19 pandemiyası dönəmində ucqar kəndlərdə qazlaşdırmanın sürəti xeyli səngiyib. Bu sahəyə məsul olan qurum "Azəriqaz” İstehsalat Birliyinin açıqladığı rəqəmlərə görə isə 2022-ci ilin yanvarın 1-nə respublikada mənzillərin və fərdi evlərin qazlaşdırılması səviyyəsi 96,3 faizə çatıb. Deməli, 3,7 faiz əhali hələ də qaza həsrətdir. Mavi yanacağın çəkiləcəyi günü səbirsizliklə gözləyənlər sırasında Astara rayonunun Taxtanəkəran kəndinin sakinləri də var.

"Biz nə edəcəyik?”
Bu günlərdə "Kaspi” qəzetinə kənd sakinləri adından daxil olan müraciətdə qeyd edilir ki, qaz xətti kəndin bir addımlığına qədər gəlib çıxsa da, evlərə verilməsi illərdir mümkün deyil. Taxtanəkəran kənd sakini Aydın İsayev bizimlə söhbətində bildirdi ki, kənd camaatı uzun illər qışda evlərini isitmək üçün odundan istifadə edib. Onun sözlərinə görə, artıq indi yerli əhalinin bu imkanı da yoxdur: "Əvvəllər meşədən odun gətirə bilirdik, lakin indi meşədən ağac kəsmək qadağandır. Əslində, biz bu addımı təqdir edirik ki, meşələri qırmaq olmaz, bu, ekoloji tarazlığı pozur. Amma biz də soyuqda qalmamalı, istilik üçün nədənsə istifadə etməliyik. Hazırda elektrik enerjisindən istifadə edirik. Bu da bizim üçün baha başa gəlir. Həm də elektrik xətlərində hər hansı problem səbəbindən nasazlıq baş versə, onda vəziyyətimiz daha da çətin olur”.

"Hələ də gözləyirik”
Şikayətçinin sözlərinə görə, bir neçə il əvvəl Taxtanəkərana qazın çəkiləcəyi xəbəri veriləndə sakinlər çox sevinmişdi: "Qışda əziyyət çəkməyəcəkdik və bizim də evlərimiz isinəcəkdi. Lakin pandemiya ilə əlaqədar olaraq bu məsələ yarımçıq qaldı. Təsəvvür edin ki, bizdən aşağıda olan Rinə kəndinə qaz çəkildi. Onların problemi həll edildi. Lakin qaz xətti çəkilişi Taxtanəkəran kəndinin düz girişində dayandırıldı. Hətta kəndin girəcəyində olan iki ev mavi yanacaqla təmin edilib. Biz isə hələ də gözləyirik. Əlbəttə, biz də istəyirik ki, evlərimiz isti olsun, uşaqlarımız, yaşlılarımız soyuqdan əziyyət çəkməsin. Heç olmasa, qaz xətti çəkilənədək bizi odunla təmin etsinlər”.


A.İsayev qeyd etdi ki, Taxtanəkəran kəndində 60-a yaxın ev var: "Axı bizim kəndimiz kiçik deyil? Təsəvvür edin ki, qaz xətti ilə evlərin arası heç 100 metr olmaz. Bu xəttin çəkilişi dayandıqdan sonra müvafiq dövlət qurumlarına müraciət etdik. Bizə bildirdilər ki, 2021-ci ildə mütləq evlərinizdə qaz yanacaq. Amma görünən odur ki, kənddə mavi yanacaq yoxdur. Kənd camaatı adından rəsmi qurumlara məktubla da müraciət etmişik. Lakin hələ ki, nəticə yoxdur. İnanın, evlərimizi qızdıra bilmirik, havalar soyuq keçir. Bu qış keçdi, heç olmasa gələn qışa qədər bu problem həll olunsun”.

Kənd turizminin inkişafına maneə
Aydın müəllim deyir ki, kəndləri olduqca mənzərəlidir və burada kənd turizmini inkişaf etdirmək üçün hər cür şərait var. Amma qaz olmadığı üçün bu yöndə də ciddi problemlərlə üzləşirlər: "Kənd turizmində infrastrukturu qurmaq üçün qazın olması vacibdir. Təsəvvür edin ki, kəndə turist gəlir, amma evlərdə istilik sisteminin olmadığını görür. O turist həmin kənddə qalarmı? Belə gözəl təbiətimiz var, amma qaz olmadığı üçün infrastrukturu müasirləşdirə bilmirik. Bu da kəndin iqtisadi inkişafına ciddi ziyan vurur. Ümid edirik ki, yaxın vaxtlarda bu problemimiz həll ediləcək və bizim kəndimiz də prioritet sahə olan turizm sferasının inkişafına öz töhfəsini verəcək”.

"İndi də deyirlər ki...”
Taxtanəkəran kənd icra nümayəndəsi Xəlil Zahirov bizimlə söhbətində mavi yanacaqla bağlı kənd sakinlərinin haqlı narazılığının olmasını təsdiqləyib: "Bu problemlə bağlı "Azəriqaz” İstehsalat Birliyinə məlumat verilib. Məsələ ondadır ki, kəndin qazlaşdırılması 2021-ci ildə tamamlanmalı idi. Lakin "Azəriqaz”dan bizə bildirdilər ki, COVİD-19 pandemiyası və II Qarabağ müharibəsi ilə bağlı işlər ləngiyir. İndi də deyirlər ki, 2023-cü ilə qədər kəndin qazlaşdırılması başa çatacaq”.


X.Zahirov onu da qeyd etdi ki, Taxtanəkəran kəndi ilə yanaşı, Sığaloni, Marzəsə, Miki, Vağadi kimi kəndlərdə də qaz problemi var: "Ola bilsin ki, 2022-ci ildə xətlərin çəkilişinə başlasınlar. Hətta biz "Azəriqaz” rəhbərliyinin onlayn görüşü zamanı da məsələni qaldırdıq. Həmin görüşdə də vurğuladılar ki, 2023-cü ilə qədər kəndlərin qazlaşdırılması başa çatacaq”.

"Azəriqaz”: "Növbəti mərhələdə baxılacaq”
"Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Taxtanəkəran kəndi qazlaşdırılmamış yaşayış məntəqələrinin siyahısındadır: "Bu kənddə 60-a yaxın fərdi yaşayış evi mövcuddur. Kəndin yaxınlığından keçən qaz kəməri Rinə kəndinə çəkilmiş daşıyıcı qaz kəməridir. Qeyd edim ki, Rinə kəndi artıq qazdan istifadə edir. Taxtanəkəran kəndinin qazlaşdırılması məsələsinə növbəti mərhələdə baxılacaqdır”.

Göründüyü kimi, qurum rəsmisi konkret vaxt göstərməyib. Ümid edək ki, "növbəti mərhələ” "uzunmüddətli mərhələ” olmayacaq və turizm kəndləri tezliklə qazla təmin olunacaq. Bu, həm ekologiyanın qorunması, həm də vətəndaşların iqtisadi rifahının yüksəlməsi baxımından çox vacibdir.
Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər