• cümə, 19 Aprel, 20:28
  • Baku Bakı 24°C

Qaynaqçılıqdan şirkət rəhbərinə gedən yol... - Uğur hekayəsi

07.02.20 10:04 7894
Qaynaqçılıqdan şirkət rəhbərinə gedən yol... - Uğur hekayəsi
Vüqar Aslanov: "Bir qapı bağlanırsa, digəri mütləq açılır”
A nöqtəsindən B nöqtəsinə çatmaq üçün özünə hədəflər qoyub. İşin çətinliyi onu qorxutmayıb. Universitet illərindən işləmək üçün əlindən gələni edib. 6 dəfə "yox” cavabı aldığı eyni şirkətə yenidən baş vurub və qaynaqçı köməkçisi işləyib. Qaynaqçı köməkçisi kimi başladığı şirkəti isə müdir kimi tərk edib.

Müsahibimiz Azərbaycanda biznesin bütün istiqamətləri üzrə ilk yerli biznes konsaltinq şirkəti olan "AVA Group Consulting”-in rəhbəri Vüqar Aslanovdur.

Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr və magistr pilləsi üzrə bitirib. İngiltərənin Mançester Universitetində Layihələrin idarəolunması üzrə magistratura təhsili alıb. Daha sonra Amerikanın Stanford Universitetində İnnovasiya və sahibkarlıq sertifikat proqramını bitirib. Hazırda isə İngiltərənin Sheffield Universitetində MBA üzrə təhsilini davam etdirir. Həmsöhbətimiz British Petroliumda layihə nəzarəti, IBM Şərq Avropa (BP )-da Məşvərətçi Konsultant, "SOCAR Polymer” MMC-nin strateji planlama üzrə departament müdiri və ERP layihə meneceri işləyib.

- Vüqar bəy pilotluq xəyalı ilə başlayıb, iqtisadiyyat təhsili ilə yol alan karyera neftlə davam edib. Bu, necə baş verdi?
- Uşaqlıqda pilot olmaq istəyirdim. Ailəm bu fikri dəstəkləmədiyi üçün o dövrün ən məşhur sahələrindən olan iqtisadiyyata yönəldim. Əslində, 1-ci qrupa hazırlaşırdım. Azərbaycan Dövlət Neft Akademiyası, Texniki Universitetə də qəbul ola bilərdim, amma o vaxt hesab etdim ki, İqtisad Universiteti daha yaxşıdır. Universitetdə oxuya-oxuya işləmək istədim. Həm ehtiyac var idi, həm də öyrənmək, təcrübə yığmaq istəyirdim. Bu gün iş tapmaq çox asandır. Amma o vaxt çətin idi. Elə bir iş axtarırdım ki, çətin olsun və mən zəhmətə alışım. 2003-cü ildə 3-cü kursda oxuyurdum, Səngəçal terminalı tikilirdi. Tələbə olduğum üçün məni işə də götürmürdülər. Bu səbəbdən təhsilimi əyanidən qiyabiyə keçirdim. Mən işə düzələnə qədər o terminala 6 dəfə gedib-gəldim. Hər dəfə bir problem deyir, işə qəbul etməmək üçün bəhanə axtarırdılar. Ya yaşım çatmır, ya təcrübəm yoxdur, ya da tələbə olduğum üçün alınmadığını deyirdilər. Qiyabiyə keçdikdən sonra məni qaynaqçı köməkçisi kimi işə götürdülər. Qaynaqçı işi görürdü, biz "laqonda” ilə yonub, səliqəyə salırdıq. 6 aydan sonra imtahan verdim və qaynaqçı sertifikatı aldım. Orada qaynaqçı kimi 1 il işlədim. Düzü, düşünürdüm ki, axırda qaynaqçı olacaq idimsə, niyə oxuyurdum? Fikirləşdim ki, ixtisasımı dəyişməliyəm. 2004-cü ildə "Şahdəniz” platforması tikilirdi. Oraya da anbar işlərini görməyə keçdim, yaxşı maaş verirdilər. Anbar işlərinin bir neçə pilləsi var idi ki, son pilləyə qədər qalxdım. Daha sonra tikdiyimiz platforma dənizə göndərildi mən də arxasınca getdim və dənizdə işləməyə başladım. 2 həftə dənizdə, 2 həftə evdəydim. 3 il dənizdə neftçi kimi işlədim. 2010-cu ildə artıq BP-nin baş ofisinə keçdim. Təchizatdan layihələrin idarə edilməsi işinə transfer oldum. Orada layihələrin idarə edilməsi, planlama, büdcə işlərinə baxırdım. BP-də ən aşağı səviyyədən başlayıb, professional işçi səviyyəsinə qədər qalxdım. Sonra işdən çıxdım və düşündüm ki, həyat davam edir, yenidən maraqlı sahədən başlamalıyam. Bir aydan sonra İBM şirkətində işləməyə başladım. İBM BP üçün proqram təminatı edir və təlimlər keçirdi. İBM-də də 1 il işlədim. 2016-cı ildə "SOCAR Polimer”dən təklif gəldi. 80 nəfərlik komandaya rəhbərlik edirdim. 2019-cu ildə oradan ayrıldım və artıq öz şirkətimi yaratmağın vaxt idi.


- Deyəsən, rahatlıqdan yorulursunuz...
- Komfort zonadan həmişə qaçırdım. Yerimdə saymaq istəmirəm. Öz üzərində işləməsən, uğur qazana bilməzsən. Mənim üçün iş heç vaxt bitmir. Bəzən mənə deyirlər ki, artıq əldə etdiyini etdin, bu məqamda qala bilərsən. Amma mən ona inanmıram. Sən dayansan, arxadakılar sürətlə səni gəlib keçəcək.

- Komfort zonadan çıxmaq əslində çətindir. Çünki istədiyi məqama gəlib, orada rahat pul qazandıqdan sonra hər kəs getmir...
- Düzdür. Bəzi insanlar var ki, 30 il eyni işi görürlər və xoşbəxtdirlər. Bu, məndə yoxdur. Mən istəyirəm ki, işə gələndə motivasiyam olsun. İşin sonunda deyim ki, bunu düzəltdim və bacardım. İş olmayanda mən həmin yerdə qala bilmirəm. Pillədən pilləyə qalxdıqca, çalışıram ki həmin pilləni də mükəmməl bilmək üçün təhsilini alım. Oturub boş-boş xəyal qurmaq olmaz ki, mən qaynaqçı idim, indi layihə meneceri olacam. Hədəf qoymaq böyük rol oynayır. Amma o hədəfi də konkretləşdirmək lazımdır. Ardımızca gələn gənclik çox güclüdür və öz üzərlərində işləyirlər. Onlar bizə çatırlar və ötüb keçəcəklər. Bu, çox sevindiricidir, biz də geri qalmamaq üçün çalışmalıyıq.

- Karyera yolunuz fərqlidir. Pilot olmaq istəmisiniz amma qaynaqçıdan konsultanta qədər çatmısınız. Heç pilot olmadığınız üçün peşman olmusunuzmu?
- Bizim müştərilərimizdən biri Ukrayna şirkəti idi, onlar üçün biznes plan hazırlayırdıq. Şirkətin rəhbərlərindən biri ilə söhbət zamanı məlum oldu ki, təyyarə sürür. 52 yaşı var idi, 42 yaşında sürməyi öyrənib. Düşündüm ki, hələ vaxtım var. Düzü, bu hadisə ilə rastlaşmazdan öncə deyirdim ki, mən gərək pilot olardım. Çünki ən yaxşı məşğuliyyət arzuladığın, sevdiyin işi görməkdir.

- BP-də işləyəndə deyirdiniz ki, bütün işim BP-lə bağlı olacaq, işdən çıxdınız. Startapa başlamaq istədiniz alınmadı. Kədəriniz necə keçdi?
- İlkin mərhələdə pozitiv düşünmək çox çətindir. Mən həmişə özümü pozitiv düşünməyə kökləmişəm. Əslində, qarşına çıxan hər neqativ də bir təcrübədir. İnsan daim öyrənir. Neqativ hadisələr məni möhkəmləndirdi. Bir qapı bağlanırsa, digəri mütləq açılır. İdeyalar tükənmir. Geriyə addım atmaq olmaz. Əsas odur ki, canın sağlam olsun. Can sağlam olduqdan sonra insan istədiyi hər şeyi etməyə qadirdir. Valideynlərim həmişə deyirdi ki, bir işdə uğur qazanmaq istəyirəsənsə, bir yerdə ixtisaslaşmalısan. Bəlkə də bütün həyatımı BP-yə bağlamağımın səbəbi odur.


- Karyerada ən aşağı pilləni də dadmısınız, ən üstü də. Bir çox müdirlə işləmisiniz. Yaxşı müdir necə olmalıdır?
- Mən hər müdirdən öyrənmişəm. Hətta elə müdir var idi ki, işin spesifikliyini bilmirdi. Amma o həcmi götürürdü bir neçə yerə bölürdü və hazır olmasını izləyirdi. Bu, çox gözəl alınırdı. Hər insandan öyrənmək olur. Müdir işçisinə işçi kimi yox, insan kimi yanaşmalı, qayğı göstərilməlidir. Həmin işçiyə şans verməlidir ki, özünü göstərə bilsin və işçiyə etibar etsin. Bütün işlərə özü qatılan müdir uğurlu olmaz. Bu, işçidə inamsızlıq yaradır və bacarığını nümayiş etdirə bilmir. Müdir bu zaman özü də xırda şeylərə başı qarışdığı üçün fokusunu itirir. Müdir işçiyə motivasiya verməyə çalışmalıdır. Məqsədi olan işçini işə götürmək lazımdır ki, nə isə yaratsın. İşçi var ki, şirkətə nə isə gətirir, işçi var ki, şirkətdən götürür. Əgər şirkəti inkişaf etdirmək istəyirsənsə, məqsədləri olan əməkdaşlarla işləməlisən.

- İnkişafa meyilli gənclər olduğu kimi tənbəllər də az deyil. Onlara nə məsləhət verərdiniz?
- Öz ayaqlarınızın üstündə durmağa çalışmalı, öz bacarıqlarınızı nümayiş etdirməlisiniz. Asan heç nə yoxdur. Çalışdıqca yeni tanışlıqlar yaranır. Tanışlıqlar da yeni təkliflər yaradır. İş yoxdur deyib evdə oturmaqla heç nə əldə etmək olmaz. Heç bir uğurlu insan demir ki, bu yol asandır. Ən birinci istək olmalıdır. İstək varsa, çox şey alınacaq. Strategiya qurulmalıdır. Sən bu gün A nöqtəsindəsənsə, B nöqtəsinə çatmaq üçün özünə hədəflər qoymalısan.

- Ənənəvi sualımız. Uğurunuz sirri nədir?
- Hədəflərin olmalıdır. Nə olmaq istədiyini bilməlisən. İkincisi həmin o hədəfə çatmaq üçün hansı işləri görmək lazım olduğunu hesablamalısan. Nə iş görürsənsə, layiqincə görmək lazımdır. Fərqi yoxdur rəhbərsən, yaxud fəhlə. İşində seçilməli, can yandırmalısan. Heç vaxt təslim olmamalısan və hər bir problemlə təcrübə kimi yanaşmalısan. Bu zaman uğur sizinlə olacaq.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər