• bazar, 22 Dekabr, 16:48
  • Baku Bakı 9°C

Qatarlar azaldı, sıxlıq artdı

24.06.23 02:30 21195
Qatarlar azaldı, sıxlıq artdı

Bakı metrosunda yay rejiminə keçidlə bağlı sıxlıq müşahidə edilir. Müvafiq qurum hər şeyin nəzarətdə olduğunu bildirir. Lakin, ekspertlər iyun ayında belə bir qərarın verilməsini doğru saymırlar.  

Bakı metrosu 14 iyun tarixindən yay rejiminə keçib. Qatarlar arasında interval artırılıb. İnterval artımı insanlar arasında narazılığa səbəb olub. Sərnişinlər bəzən 5-7 dəqiqə qatar gözlədiklərini bildirirlər. Qatarların sayı azaldığından, interval artdığından sıxlıq müşahidə olunur. Vətəndaşlar bildirir ki, bu qərardan əvvəl, yəni, iyun ayının 1-dən 14-nə kimi metroda sıxlıq bu həddə deyildi. 
Yay və qış rejimləri arasındakı fərq

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirdi ki, rejimlər arasındakı fərq daha çox saatlardadır: “Əsas dəyişiklik ondan ibarətdir ki, payız-qış qrafikində gur və qeyri-gur saat anlayışı var. Pik vaxtlarda - səhər saat 7:00-dan 10:00-a, axşam 17:00-dan 20:00-a qədər intervallar 2 dəqiqə ilə tənzimlənir. Qalan vaxtlarda isə interval 2 dəqiqə yarım olur. Yay rejimində isə, səhər saat 7:00-dan axşam 21:00-a qədər vahid qrafik tətbiq edilir. Burada interval 2 dəqiqə yarımdır”. 

“Sıxlıq gözlədiyimiz kimidir”

B.Məmmədov vurğuladı ki, hər şey monitorinq əsasında müəyyən olunur: “Hər il rejimlər fərqli vaxtlarda dəyişir. Məsələn, keçən il pandemiyadan sonra, ilk dəfə iyun ayının sonunda yay rejimi tətbiq edildi. Amma bu il bir qədər tez oldu. Tədris mövsümünün sabit keçməsi ilə əlaqədar, həmçinin, aparılan monitorinqlər əsasında belə qərar verildi. Əgər monitorinqlər nəticəsində iyunun sonu, iyulun əvvəlinə qədər qrafikin dəyişməməli olduğu qərarı verilsə idi, həmin vaxt keçəcəkdik. Monitorinqlər göstərir ki, iyun ayından sərnişinlərin sayında əsaslı azalma baş verib. Bu, həm tədris mövsümünün başa çatması, həm də insanların əksəriyyətinin istirahətə getməsi ilə əlaqədardır. Amma bu o demək deyil ki, qatarların hərəkət qrafiki müəyyən olunubsa, yalnız o çərçivədə işləyir. Gün ərzində də monitorinqlər aparılır, zərurət yarandıqda ehtiyat qatarlar xəttə buraxılır. Bu, sərnişin istiqamətinin sıxlığına uyğun olaraq tənzimlənir. Səhər saatlarında bu amil nəzərə alınır, ehtiyat qatarlar buraxılır. Amma monitorinqlər göstərir ki, xüsusi ajiotaj yaradacaq sıxlıq yoxdur. Hər şey gözlədiyimiz kimidir”. 

“Tənzimlənmə olmasa, sərnişin sıxlığı daha da artar”

B.Məmmədovun sözlərinə görə, yay rejimində qatarları tənzimləmək daha rahatdır: “4-5 dəqiqə interval “28 May” stansiyasından sonra gələn “İçərişəhər” və “Dərnəgül” istiqamətindəki stansiyalarda olur. “28 May” stansiyasından qatarlar 2 dəfə artıq intervalla hərəkət edir. Amma 2 dəqiqəlik intervalı digər stansiyalarda tətbiq etmək texniki cəhətdən mümkün deyil. Səhər 8:00-9:00 aralığına xüsusi diqqət yetirilir, ehtiyat qatarlar xəttə buraxılır, 2 dəqiqəlik interval təmin olunur. Bu, insanların axın istiqaməti müəyyənləşdikdən sonra olur. Sərnişinlərin axın istiqamətində dəyişiklik müşahidə edilir. Əvvəl 08:20-də hər hansı stansiya yüklənirdisə, indi yüklənmənin istiqaməti və vaxtı dəyişir. Tənzimlənmə olmasa, sərnişin sıxlığı daha da artar və narazılıqlar çoxalar. Bu amillərə dəqiqə hesabı ilə nəzarət edilir. İmtahan və digər amillər nəzərə alınır. Payız-qış rejimində hər həftə əldə etdiyimiz məlumatlar müzakirə olunurdu və dəqiqələr dəyişə bilirdi. 2 dəqiqəlik intervalda ehtiyat qatarları hər dəqiqə xəttə buraxmaq olmurdu, müəyyən standart rejim var idi. Amma, yay rejimində ehtiyat qatarları günün istənilən vaxtı rahatlıqla xəttə buraxa bilirik. Sıxlığın istiqaməti, vaxtı, müddəti və s. dəyişir deyə, bu qrafiki tənzimləmək daha rahatdır”.    

Narazılığın olması başa düşüləndir

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə düşünür ki, avtobusların vəziyyəti də nəzərə alınaraq metronun tələsik yay rejiminə keçməsi düzgün addım deyil: “Metro yay rejiminə keçdikdə, məktəb, tədris dövrünün bitməsi, sərnişin sayının azalması nəzərə alınaraq qatarların sayı azalır, interval artır. Amma “Yay rejiminə keçirik” deyib qatarların sayını azaltmaq düzgün yanaşma deyil. Metroda istədikləri saatda qatarların sayını artıra bilirlər. Narazılığın olması başa düşüləndir. Çünki Bakıda ictimai nəqliyyat növü onsuz da, azdır. Yalnız 2 seçim - metro və avtobus mövcuddur. Bir azdan avtobuslar da deyəcək, “yay rejiminə keçirik, avtobusların sayını azaldırıq”. Metroda da qatarların sayı azaldığı üçün insanlar yolda qalacaq”.  

Nəzərə alınmalı nüanslar

Ekspertin fikrincə, iyun ayı bu qərarı vermək üçün çox tezdir: “İyun ayında birdən-birə qatarları azaltmaq düzgün deyil. Çünki iyunda məzuniyyətə çıxan insanların sayı da çox olmur. Məzuniyyətlər adətən iyul ayından başlayır. Dərs ili bitib, amma bölgələrdən şəhərə istirahətə gələn insanlar, həmçinin turistlər, üstəlik imtahanlara gedib-gələn tələbələr, kursa, hazırlığa gedən şəxslər də var. Bunları nəzərə almaq lazımdır. Nə qədər insan, hansı saatlarda, hansı istiqamətlərdə hərəkət edir. Rejimi dəyişmək tələbata uyğun olmalıdır. Hansısa rejimə keçmək sərnişinlərin rahatlığını pozmamalıdır”.

Zərif Salmanlı 

banner

Oxşar Xəbərlər