• cümə, 26 Aprel, 19:13
  • Baku Bakı 22°C

Qarşıdakı işıq - İNCƏ BAXIŞ

11.09.21 11:45 790
Qarşıdakı işıq - İNCƏ BAXIŞ
"Məktəblər açılır...” Bu xəbər aydın səmada şimşək çaxmasına, qaranlıq buludların arxasından qəfil parlaq günəşin boylanmasına bənzədi. Parta arxasında ilk dəfə oturacaq birincilərdən tutmuş, tələbə adının sevincini yaşayan məzunlar, təhsilin növbəti mərhələsinə adlayan şagird və tələbələr, müəllimlər, valideynlər – hamı həyəcan içindədir.
Cavabsız suallar
Bu sevinclə bərabər, insanların içində koronavirus infeksiyası ilə bağlı xof da qalmaqdadır: "Görən, məktəblər nə qədər davam edəcək? Yenə də distant təhsilə keçiləcəkmi? Xəstə sayı artacaqmı və ya azalacaqmı...” kimi cavabsız suallar onların düşüncəsini tərk etmir.
Pandemiya keçən ilin mart ayından bütün dünyada təhsil sisteminə təsir edib. Orta və ali məktəblərin kütləvi bağlanmasına səbəb olub. Şagirdlərin parta arxasına keçib əyani oxumaq sevincini əllərindən alıb. Tələbələri gənclik illərinin ən sevimli məkanı olan auditoriyalardan uzaq salıb. Dünyada hər 5 təhsilalandan biri məktəbə getməyib. Distant təhsil heç də hamı üçün, xüsusən sosial həssas təbəqələr üçün əlçatan olmayıb. Onlayn dərslərə qoşulanlar da hər hansı entuziazm olmadan iştirak ediblər. İnsanlarda haqlı narahatlıq var: əgər yenə məktəblər bağlanarsa, uşaqlar təhsil ala bilməyəcək. Və bunun bir neçə nəsil üçün mənfi nəticələri olacaq.
Reallığı ÜST də başa düşür
Bu reallığı ÜST də başa düşür. Daha da qorxulu ştammların yayılması, onların mutasiya edə biləcəyi riskinə baxmayaraq, təşkilat məktəbə qayıtmağı tövsiyə edir. Ən əhəmiyyətlisi isə ÜST-ün əvvəlki kimi məktəbləri infeksiyanın əsas mənbəyi hesab etməməsidir. UNICEF də dünya ölkələrinin hökumətlərindən uşaqların onlayn formatda deyil, tam əyani təhsil almalarını xahiş edir. Xüsusən, birinci sinif şagirdlərinin məktəbdə ilk günlərinin sevincini yaşamaları üçün mümkün olan hər şeyi etmələrini tövsiyə edir: "O gün, illər keçsə də, hər birimizin yaddaşındadır. Bu gözəl xatirəni onlardan məhrum etməyək”.
Şükür ki, bizdə də məktəblər açılır
Şükür ki, bizdə də məktəblərin açılacağı qərarı səsləndi. Əlbəttə, təhsil yerlərinin daim dəyişən vəziyyətə görə müəyyən bir müddət üçün açıldığını və sonra yerli şərtlərdən asılı olaraq yenidən bağlanma qərarının ola biləcəyini istisna etmək olmaz. Amma bu, həm də özümüzdən - sosial məsuliyyətimizdən asılıdır. Məktəb, təhsil ictimai işdir. Bu işə ictimaiyyət olaraq hamılıqla dəstək verməliyik. Balalarımızın savadlanması, təhsildən geri qalmaması, gələcəyimizin daha aydın əllərdə olması üçün məsuliyyət hissimizi itirməməliyik. Qarşıda işıq görünür – onu sabahımız naminə sönməyə qoymayaq...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər