“Qardaş Briqada”sı - ŞƏRH
Azərbaycan
ordusu tək regionda deyil, dünyada sözünü deyə bilən ordular sırasına
addım-addım yaxınlaşır və baş verən proseslər buna bir işarədir
Azərbaycanla
Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yeni mərhələsi inkişaf edir. Dünyada
baş verən proseslər fonunda hərbi əməkdaşlığın daha intensiv şəkil alması həm də
Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, II Qarabağ
müharibəsindən sonra bölgədəki sabitliyi təmin etmək üçün Azərbaycan həm ikitərəfli,
həm də çoxtərəfli siyasi, iqtisadi, o cümlədən hərbi cəhətdən münasibətlərin
inkişafında maraqlıdır. Bu məsələdə ölkə rəhbərliyinin də iradəsi özünü göstərir.
Belə ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq tapşırığına əsasən, Müdafiə
Nazirliyi Türkiyənin Milli Müdafiə Nazirliyi ilə qurduğu əməkdaşlıq çərçivəsində
ilboyu birgə hərbi təlimlər keçirilir. Məqsəd isə Azərbaycan ordusunun döyüş
qabiliyyətini artırmağa, yeni təcrübənin tətbiqinə və döyüş uzlaşmasının təkmilləşdirilməsinə,
o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə
bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.
"Qardaşlarımızın
yanında olmağa davam edəcəyik”
Bu günlərdə
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı yeni açıqlama da iki qardaş ölkə
arasında mövcud hərbi əməkdaşlıq baxımından diqqəti cəlb edir. Bu qurumun rəsmisi
Pinar Kara qeyd edib ki, Türkiyə və Azərbaycan arasında hərbi sahədə qarşılıqlı
əlaqəni təmin etmək, təlim, idarəetmə və icra prinsiplərini uyğunlaşdırmaq üçün
"Qardaş Briqada” layihəsi başladılıb. O vurğulayıb ki, Türkiyə Azərbaycan
Ordusuna dəstək olmaq məqsədilə Ermənistanın işğalından azad edilmiş ərazilərdə
minatəmizləmə işlərini davam etdirir: "Türkiyə Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla
hərbi əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin
modernləşdirilməsinə və təlim fəaliyyətini dəstəkləməyə davam edir. "İki dövlət,
bir millət" anlayışı ilə kədər və sevinc içərisində bir yerdə olduğumuz azərbaycanlı
qardaşlarımızın yanında bütün imkanlarımızla olmağa davam edəcəyik".
Onu da
qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri "Qardaş Briqada” layihəsi
çərçivəsində Türkiyədə təlimdə iştirak etmək üçün Gelibolu vilayətinə gediblər.
İki qardaş
ölkə arasında "Qardaş Briqada”nın yaradılmasının əhəmiyyəti nədən ibarətdir? Bu
layihə bizə nə verəcək? Ümumiyyətlə, Azərbaycan və Türkiyənin bu addımı maraqlı
dövlətlər tərəfindən necə qarşılanacaq?
"Ali Baş
Komandanlıq səviyyəsində qərar verilib”
Ehtiyatda
olan polkovnik, hərbi ekspert Ruslan İmamquliyev "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan
müstəqilliyini əldə etdikdən sonra ölkəmizlə Türkiyə arasında bir çox istiqamətlərdə,
o cümlədən hərbi müstəvidə sıx əlaqələr olub: "Biz 44 günlük müharibədə də
bunun verdiyi faydanı görmüş olduq. Təbii ki, bundan sonra da Azərbaycanla
Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıq davam
etdirilməlidir. Bundan əvvəlki illərdə
digər ölkələrin nümunələri Azərbaycana tətbiq edilib. Lakin bu günün
reallığına uyğun olaraq ölkəmizdə Ali Baş Komandanlıq səviyyəsində qərar
verilib ki, Azərbaycan ordu quruculuğunda Türkiyə modelini əsas götürsün”.
"Regionda
söz sahibi ola bilmək üçün...”
Hərbi
ekspertin sözlərinə görə, Türkiyə ordu modelinin əsas götürülməsi o deməkdir
ki, bu sahədəki əlaqələr daha da inkişaf etdirilməlidir: "Bir sözlə, hərbi təlimlərin
keçirilməsi, hərbi təhsil sahəsində, o
cümlədən müdafiə sənayesinin inkişaf etdirilməsi baxımından Azərbaycan, Türkiyə
və Pakistanla olan əlaqələrin inkişafı olduqca vacibdir. Ümummilli lider Heydər
Əliyev təsadüfən "Bir millət, iki dövlət” fikrini səsləndirməyib. Məhz "Bir
millət, iki dövlət” prinsipi çərçivəsində regionda söz sahibi ola bilmək üçün Azərbaycan
və Türkiyə orduları mütəmadi olaraq ortaq təlimlər keçirir, müştərək beynəlxalq
əməkdaşlıq əməliyyatlarında iştirak edirlər. Biz bunun bariz nümunəsini Əfqanıstanda
Kabil hava limanının qorunmasında Türkiyə ilə Azərbaycanın ortaq fəaliyyətində
gördük”.
"Unutmayaq
ki, Türkiyə ordusu...”
R.İmamquliyev
qeyd etdi ki, Azərbaycanın Türkiyə ilə sıx əlaqələri silahlı qüvvələrimizin tək
regionda deyil, dünyadakı ordular sırasında yer alması üçün əhəmiyyətlidir: "Ola
bilsin ki, bu gün bu prosesin reallaşması bizə bir qədər uzaq görünə bilər. Amma
unutmayaq ki, Türkiyə ordusu bu gün bütün dünyada ən güclü ordulardan biridir. Dünyada
sözünü deyən bir ordu ilə eyni qanı daşımaq, eyni adət- ənənəyə sahib olmaq, müştərək
təlimlərdə iştirak etmək o deməkdir ki, Azərbaycan, sadəcə regionda deyil,
dünyada sözünü deyə bilən ordular sırasına addım-addım yaxınlaşır və baş verən
proseslər buna bir işarədir”.
Bəxtiyar Məmmədli