• cümə, 19 Aprel, 10:59
  • Baku Bakı 13°C

Qaranlığın və əzabın sərhədlərini ədəbiyyatla cızmış yazıçı

14.07.14 11:47 2316
Qaranlığın və əzabın sərhədlərini ədəbiyyatla cızmış yazıçı
Dünyanın tanınmış yazarlarının müsahibələrində “Ən çox sevdiyiniz yazar kimdir?” və ya “Kimin əsərləri sizi ədəbiyyata həvəsləndirib?” sualına tez-tez rast gəlirik. Edqar Allan Po bu sualların cavabında adı ən çox çəkilən müəlliflərdəndir.
Dünyaya Şekspir qəhrəmanı gəlir
1809-cu ildə aktyorluq qabiliyyətləri ilə ingilis teatrında taxt qurmuş Elizabet Arnold Hopkins Po və general ailəsindən çıxmış Devid Ponun qurduğu yoxsul ailədə dünyaya göz açan amerikalı dahi, böyük şair, tənqidçi Edqar Po həyatdan heç nə gözləməməyi çox erkən yaşlarda öyrənir. Ailə yenidən doğulan körpəyə Şekspirin “Kral Lir” əsərinin qəhrəmanın adını verir. Qısa müddət sonra o həqiqətən qəhrəmana çevrilməli və həyatı əzablar hesabına qurmalı və yaşamalı olur. Cəmi iki yaşında “ailə” məfhumuna daxil olan hamını itirən Edqar Con Allan adlı varlı tacir tərəfindən övladlığa götürülür. Conun xanımı Fransez Edqarın anasından sonra sevdiyi ikinci qadın olur. Con övladlığına əsla istilik göstərməsə də, hər cür çətinlikdə onu tək qoysa da, Edqar onun soyadını götürür və itirdiyi itirdiklərini özündə birləşdirir – Edqar Allan Po.
Gənclik illəri
Universitet illərində istedadını və ədəbi nəhəngliyini hamıya hiss etdirən Edqar içki, qumar aludəçiliyi, pulsuzluqdan oğurluğa cəhd etdiyi, dalaşdığı, sistemi tənqid edib, üsyankar davrandığı üçün universitetdən qovulur. Həyatına girmiş ilk qadın Sara Elmira Rosyter başqası ilə evləndikdən sonra Po hərbi xidmətə qoşulur və ayda beş dollar maaşla dolanır. Əsgərlik illərində yazdıqları ilə diqqət çəkə bilməyən gənc şair evə qayıdır. Dönüşündən çox keçmədən 13 yaşlı Virciniya Eliza Klemm ilə ailə quran Edqar tənqidçilər tərəfindən “pedofil” adlandırılıb, tənqid olunub. Amma 13 yaşlı Virciniya Edqarın yaradıcılığının ən gur dövrünün şahidi və ilham mənbəyi olur. 1833-cü ildə gərgin əməyinin və axtarışlarının nəticəsi kimi Edqar ilk ədəbi mükafatını alır, bununla önündə geniş qapılar açılır.
Ölümlərdən doğulan adam
1847-ci ilə kimi detektiv əsərlərin “tapılmalı adam tapılmalıdır” anlayışından tamamilə uzaq, orijinal və mükəmməl formalarını yaradan, layiq olduğu və gözlədiyi məşhurluğa və diqqətə çatmasa da, böhtanlara məruz qalsa da, yazmaqdan əl çəkməyən, Amerika ədəbiyyatının yönünü dəyişən yazar taleyin ona yazdıqlarını dəyişdirə bilmir. Anası və analığı Fransezdən sonra həyatına daxil olan qadın Virciniyanı 1847-ci ildə - 27 yaşında vərəm xəstəliyindən itirməsi içi ümid və həyəcan dolu, çölü üsyankar və asi adamın sonu olur. Allan Ponun ölümündən sonra tapılan “Annabel Lee” adlı şeiri onun Virciniyaya nə qədər dərin bağlandığının sübutudur – “Onun üçün bu böyük dünyada başqa heç nə yox idi – sevilməkdən və məni sevməkdən başqa heç nə. O azğın sahildə yatdığın yerdə gözləyəcəm səni, sevgilim, sevgilim, həyatım, gəlinim...” Virciniyanın ölümündən sonra bədəninin bütün hüceyrələrini içki ilə dolduran şairin ölümü ilə bağlı faktlar da qaranlıqdır. 1849-cu ildə “Ryan İnn” adlı şərab evindən ağır vəziyyətdə “Vaşinqton Kollec Xəstəxanası”na aparıldığı, dörd gündən sonra isə dünyasını dəyişdiyi yazılır.
Po yaradıcılığı
XIX-XX əsr dünya ədəbiyyatında sözünü və imzası tanıtmış ədiblərin təbii ki, hamısını tanımırıq. Onlardan yalnız az qismi öz əbədiliyini qoruyur, dövrlə səsləşmə tələbinə cavab verir. Çoxu isə yalnız öz ölkələrinin ədəbiyyat tarixində qala bilib. Lakin Edqar Allan Po sağlığında qədərincə qiymət verilməsə də, bütün dövrlərdə diqqət çəkə, özünə oxucu kütləsi tapa bilib. Dünya ədəbiyyatında toxunduğu özünəməxsus mövzuları, özünəməxsus üsullarla canlandıra bilən ədib xüsusilə qısa hekayələri və şeirləri ilə şöhrət qazanıb. “Annabel Lee”, “Zənglər” (“The Bells”), “Dənizdə şəhər” (“The City in the Sea”), “Yuxu içində yuxu” (“A dream within a dream”), “Eldorado”, “Lenore”, “Tamerlan”, “Raven” və s. kimi hələ də yenidən nəşr olunması üçün müraciət edən şeirlər və şeir topluları ilə özünə ölməzlik qazanan Po yaradıcılığının illər, qərinələr, hətta əsrlər sonra necə dəyərələnəcəyini təxmin edirdi. Onun qısa hekayələri bugün öz oxucu auditoriyasını ovsunlayır, təəccübləndirir, həyəcanlandırır. “Qara pişik” (“The Black cat”), “Oval Portret” (“The Oval portrait”), “Qırmızı ölüm” (“The masque of the red death”), “Hekayəni danış” (“The tell-tale heart”), “Tez qazılmış məzar (“Premature burial”) çoxsaylı hekayələri ilə də dünyaya sözün və həyatın dəyərini göstərən Edqar ən çox şeirə bağlı olduğunu deyirdi. Şair kimi Po oxucusu üstündə tərtəmiz, arınmış gözəllik duyğusu yaratmaq üçün şeiri korlanmamış musiqi kimi işləyib – “mələklərin yaşadığı yerdə çalınacaq musiqi”.
Hər sahədə istedadına çıxış yolu axtaran insanlar dahi hesab olunanlardan bir-birinə daban-dabana zidd olan tənqidlər alırlar. Po da müasirlərindən və özündən sonrakı ədəbi nəslin nümayəndələrindən belə ziddiyyətli tənqidlər eşitdi. Məsələn, mənbələrdən birində Yeats, Eliot, Huksler kimi şairlər onun yazdıqlarını bəyənməyib, Laurence, Liqeiya Ponun yaradıcılığını qeyri-insani adlandırıb, mexaniki fikirlərə bağlı olduğunu bildiriblər. Bununla yanaşı fransız şairlər Mallarne, Bodulear, Valeri onun istedadını yerə-göyə sığdıra bilmir, olduqca yüksək dəyərləndirirdilər. Dostoyevski onun əsla mövcud olmamış və olmayacaq hadisə və vəziyyətləri təsvir edərkən istifadə etdiyi ifadələrə, dilə, əlçatmaz xəyal gücünə, oxucunu bu qədər “olmaz”-a inandırmaq qabiliyyətinə, əsərlərindəki detalların incə tərtibatına heyranlığını həmişə vurğulayıb.

Bernard Şou: “Po ucuz cəlbediciliyə, intimliyə, vətənpərvərliyə, həssaslığa, acgözlülüyə və yazıçılığın gətirə biləcəyi digər kobud keyfiyyətlərə nə həyatında, nə yaradıcılığında yer verməyib”.

- Təvazökar davransanız da, bütün dünya sizi əfsanəvi yazıçı kimi qəbul edir. Bugün bizə vaxt ayırdığınıza görə minnətdaram. Haqqınızda ölüm xəbərini verəndə səsinizi heç vaxt eşidə bilməyəcəyim üçün çox pis oldum.
- Hə, orada nə hala düşdüyünüzü gördüm. Sevimli görünürdünüz. Mənim sevgim dünyanın hər yerində yalan danışdıra bilir.
- Tənha bir yerə keçib ağlaya da bilərdim, çox pis zarafat idi...
- O ki qaldı, tabutun arxasınca alacağınız müsahibə üçün minnətdarlığa, bu müsahibə təxminən mənim həmişə haqqında danışdığım ölümlə həyat arasındakı sərhəd məsələsindəki həlledici şey olacaq, kölgəli və qeyri-müəyyən. Kim həyatın harada bitib, ölümün harada başladığını deyə bilər ki, düzdür? Hətta məzarda olsan belə, heç nə bitmiş hesab olunmur. Sadəcə düşünürəm ki, torpağın altında təkbaşına qalmış heç kim cəsur davrana bilmir.
- Yazmağın ən çox hansı cəhətini sevirsiniz?
- Yazmaq gün ərzində xəyal etməkdən üzrlü və müvəqqəti ayrılıqdır. Gün ərzində xəyal edən insanlar yalnız gecələr xəyal quranların qaçırdığı çox şeydən xəbərdar olur. Yalnız onlar külrəngi görüntülər içərisində sonsuzluğun və həyəcanın parıltılarını görür, xəyal qurmağa fasilə verəndə isə özlərini böyük sirrin açarını tapmış kimi hiss edirlər. O insanlar həm də ona görə fərqlidirlər ki, azadlıq hissini qavrayırlar, bu yaxşıdır, dünyada pisliyin və qorxunun nə olduğu ilə də tanış olurlar, bu pisdir. Yəni yuxunun içində yuxu görməkdir xəyal və nə gördüyümüzü, gördüyümüzün içində necə göründüyümüzü göstərməkdir yazmaq.
- Yazdıqlarınızın çoxu mistik görkəmli fikirlər tərəfindən qaranlıqda və kölgəlikdə gizlənir. İnsanlığın keçdiyi təcrübənin ağırlığı altında yaşamaq və yazmaq fikri necə yarandı?
- Həyatdakı ən yaxşı şeylər sizi çətinliyə salan, tərlədən və mübarizə edərək əldə etdiklərinizdir. Öz yüksəlişi ilə gözəllik tapan hər şey həssas insanın ruhunu məsum insanın göz yaşları kimi həyəcanlandıra bilir. Dünyada mütləq gözəllik anlayışı yoxdur, müəyyənləşdirilmiş proporsiyalara uyğunluq əmsalı var. Melanxoliyanin xaotik, gərgin təbiətində belə gözəlliyin ayrılmaz cəhətləri var. Bundan başqa, bütün dinlər yalandan, qorxudan, xəyaldan və poeziyadan uzaq durdu, öz inkişaf yolunu bunlarsız seçdi. Çünki həqiqət bunlarda gizlidir. Halbuki heç bir din insanı nifrətdən qoruya bilmədi, üstəlik sevgini uduzdurdu. Həqiqət yükü altında əzilməyən sözün zərrə qədər gücü yoxdur. Hər bir şeir oxucuya öləcəyini xatırlada bilməlidir.
- Gənc oxuculara və həvəskar yazarlara nə kimi məsləhətlər verə bilərsiniz?
- Ədəbiyyat dünyanın ən kübar, ən alicənab sənətidir. Əslində, bu, insana verilmiş ruha yaraşan yeganə sənətdir. Şəxsən məni bu cığırdan çıxarmağa heç nəyin gücü çatmaz. Mənim üçün sözdən daha böyük səbəb yoxdur. Kitablar əslində zənginlikdir, lüksdür, cah-cəlalın rəmzidir. Onlar sizə fərqli baxa və görə bilməyi öyrədir. Kitabları tanıdığım gündən bəri mən başqaları ilə aramdakı fərqi hər addımda hiss edirəm, başqaları kimi baxmıram, başqaları kimi görmürəm. Əsla unutmayın ki, incəsənət baxmaqdır, tənqid etmək deyil. İçində yaşadığınız və ya yaşamaq xəyalı qurduğunuz dünya haqqında qeydlər aparın. Yaşaya biləcəyiniz ən mükəmməl şeylər sizi həyəcanlandıra bilənlərdir. Fərz edin ki, edam edildiyinizi, boğulduğunuzu, kimdənsə asılı olduğunuzu hiss edirsiniz, hamı belə hislər keçirir zaman-zaman. O hiss unutmayın, tez-tez xatırlamağa və əmin olmağa çalışın, sonra onu yazın, təsvir edin. Bir müddət sonra əlinizdə bəlkə də bu qədər zamandır heç bir yazıçının təsvir etmədiyi dahiyanə təsvirlərlə dolu vərəqlər olacaq. Jurnalistikadan uzaq durun. Birmənalı şəkildə yadda saxlayın ki, qəzetlər həqiqəti və səbəbi aşkarlamaqdan çox, maraq və diqqət mərkəzi, həyəcan və qarışıqlıq yaradacaq nöqtələr yaratmaqda maraqlıdırlar. Bütün bunları unutsanız, heç olmasa bunu unutmayın ki, xoşbəxtlik təəccüblənməkdir, xoşbəxtlik xəyal qurmaqdır.
- Ədəbi uğuru necə əldə etdiyinizi dəqiqliklə təsvir etdiyiniz şəxsi hekayələriniz hansılardır?
- Yazdığım hekayələrin çoxu, həyatımdakı qaranlıq vəziyyətlərdən, yollardan keçib, əziyyətdən və çətinlikdən doğulub. Rəddolunma, yolun sonu və qorxunc kasıblıq hisləri içki ilə qarışmışdı və mən uzun müddət belə vəziyyətdə yaşadım. Bütün bunların və depressiv rənglərin ahəng tapdığı tutqun səhifələrimin ağırlığını yalnız yazmaqla unutdum, mənəvi rahatlıq tapmaq üçün yazdım. Məsələn, “Tamerlan” (“Tamerlane”) hekayəsini kolleci bitirib, evə qayıtdıqdan sonra yazdım, öyrəndim ki, sevdiyim xanım başqa birisi ilə ailə qurub və məni görmək istəmir. Həmin hadisədən sonra uşaqlıq və yeniyetməlik sevgisini məqsədləri və hədəfləri naminə qoyub getmiş və nəticədə onu itirmiş Tamerlan yarandı. Ölümümdən sonra yazılacaq mənim bütün həyatımı təsvir edən hekayə, üstəlik məni həyatım boyu mənasız şeylərdən yazmaqda ittiham edən insanlar tərəfindən yazılacaq. Çünki insanlar nə qədər qaranlıq, əzablı və ağır olursa, olsun, yazdıqlarımın həqiqət olduğunu görəcək və inanacaqlar. Mən gələcəklə bağlı həmişə daha ağır öngörmələr qurmuşam. Heç nə məni güldürə və rahata qovuşdura bilməyib. Həyatım xəyali boşluğa bağlanmış gələcək xəyalları ilə ziyan olub. Ümidin ümidə qarşı olduğu həyat üçün belə olsa, mübarizə aparacağam.
- Həyatınızda nə baş verdi, hansı hadisə sizi incəsənətlə maraqlanmağa sürüklədi?
- Mənə elə gəlir ki, incəsənət adamları nəsə həmişə bir qədər sıxıntılı, narahat olur, elə bil bu mənəvi durumdan ilham alırıq. İki yaşım olanda xaraktercə çürük adam – atam bizi tərk edib, elə həmin il anam dünyasını dəyişib. Qardaş-bacım da başqa ailələrə övladlığa verilib. Məni də Allan ailəsi götürüb və onlarla birgə İngiltərəyə gəlmişəm. Ailəm məni Londonda bir qədər aralıda yerləşən nüfuzlu məktəblərdən birinə yazdırdı. Orada müəllimlərdən biri mənim yaxşı yazmaq qabiliyyətim olduğunu deyirdi və məni mütaliəyə, eyni zamanda özümü yazmaqla sınamağa həvəsləndirdi. Düzdür, maraq dairəm olduqca geniş idi, üzməyi sevirdim, yüngül atletika ilə məşğul olmağın dəlisi idim, amma çox keçmədi, özüm də başa düşdüm ki, mən özümü itirdiyim hər yerdən ancaq qələmimlə tapa, çəkib, çıxara bilirəm. Baxmayaraq ki, həyatımın böyük hissəsi kasıblıqla keçib, mən uğurun dadına çox erkən yaşlarımda baxa bildim. Amerikan ədəbiyyatının bütün yaşamını yalnız qələmi hesabına təmin edən ilk şairlərindənəm. Bilmirəm, kasıb yaşamağımın səbəbi olan bu cəhəti xoşbəxtlik, yoxsa bədbəxtlik adlandırırlar. Təbii ki, həmin vəziyyətin paralelində özünəməxsus bir çox pis vərdiş də var idi.
- Məsləhətçiniz yazıçı kimi maraqlarınızın və qabiliyyətlərinizin inkişafında necə rol oynadı?
- Bəzi müəllimlərim, məsləhətçilərin yazmağa və ədəbiyyata həvəslənməyimdə rolu olub, amma qısa hekayələr, şeirlər yazmağa başladım günlərdən bəri özüm öz yazdıqlarımın düzəliş edəni, tənqidçisi, öz həyatımın, yaradıcılığımın idaredicisi olmuşam. Artıq mütaliəyə olduqca geniş vaxt ayırırdım, müasirlərim arasında bəyənərək oxuduqlarım da var idi, amma elələri də var idi ki, ətrafımda hamı onları yaxşı yazar, şair kimi tanıyırdı, mən heç cür onları ədib kimi qəbul edə bilmirdim. Beş yaşımda ingilis ədəbiyyatının nəhəng əsərlərindən hissələri əzbər bilirdim. Sonralar Riçmondda oxuyanda müəllimlərdən biri haqqımda demişdi ki, “Uşaqlar hələ mexaniki üsullar üzərində işləyir, Poe artıq nəhəng ədəbi yaradıcılığın əsasını qoyub. Şair kimi doğulmaq budur”. Müəllimlərin həm də ona görə çox köməyi dəymirdi ki, mən həyatda da, ədəbiyyatda da həmişə solo oxumuşam. Həyatımın ilk illəri olduqca kədərli hadisələrlə – atamın gedişi, anamın ölümü, tanımadığım ailəyə verilmək, sonra həmin ailə tərəfindən oğurluq etdiyim və içki aludəçisi olduğum üçün rədd edilməyim – doludur. Ögey atam dəfələrlə küçədə qalmalı olduğum halda mənə heç çörək pulu belə verməzdi, hətta yetimə verilən sədəqə dəyərində nəsə verməyə belə əli gəlmirdi. O, dünyasını dəyişəndə dəfndə iştirak etmədim, baxmayaraq ki, sonralar onun soyadını “Allan”-ı qəbul edərək, özümdən bir parçaya çevirdim.
- Ədəbi aləmə qoşulduğunuz illərdə dövrün mövcud mədəni, iqtisadi və siyasi hadisələri, ümumi vəziyyət yaradıcılığınıza, əsərlərinizə necə təsir etdi?
- Himayədar ailə ilə birgə İngiltərəyə gələndə nə özüm, nə də məni götürən ailə varlı deyildi. Kollecdən Virciniya universitetinə göndəriləndən sonra məhkəmə tərəfindən dəfələrlə cərimələndim və borcum 2000 dollara çatdı. Təbii ki, ögey atam bu pulu ödəmədi və universitetdən qovuldum. Evə rəzil olmuş və tamamilə pulsuz vəziyyətdə qayıtdım. Məna axtarışında olan adamların taleyidir, deyəsən, kasıblıq, rəzil olmaq. Həmin dövrlər quldarlıq hələ də mövcud idi. Universitetdə oxuyanda sinif yoldaşlarımın bəzilərinin dərslərə qulları ilə gəlib-getdiklərini görmüşdüm. Ya da belə deyim də, bu əhalinin böyük hissəsi üçün “iş” idi. Elə dövr idi ki, ticarətlə məşğul olmursan və ya sənə miras qalmayıbsa, böyük ehtimalla kasıb, ən pis halda qul idin. Təbii ki, bütün bunlar həyatıma, şəraitimə və yaradıcılığıma təsir edirdi.
- Sizcə, sizi uğura aparan yol hansı şəxsi qərarla sonra açılıb?
- Özümü dərk etdiyim ilk illəri xatırlayıram, o vaxtdan yazıçı olmaq istəyirdim. Məncə, məni uğura aparan özümü ifadə etməyin ən yaxşı yolunun yazmaq olduğuna inanmağım idi. Hətta yazıçı üçün kafi hesab olunacaq qədər tanındıqdan, dəfələrlə nəşr olunduqdan sonra belə yazmayanda içimdə nəsə çoxalır, tıxanır, ağırlaşırdı. Yazmaq yaşatdığı hislə həyatın mənası, gətirdiyi qazancla həyatın səbəbi idi. Uğura yalnız bir yol aparmır, uğura müxtəlif yolları sınamaqla da çatmaq olar.
- İncəsənət, ədəbiyyat adamı olana kimi hansı çətinliklərdən, əngəllərdən keçdiniz?
- Valideyn sevgisi görmədən, doğmalıq hiss etmədən böyüdüm. Qardaşım cəmi 24 yaşında dünyasını dəyişdi. Bacım özünü institutun həyətində asıb, öldürdü. Biz hamımız həyatımızın ixtiyarı əlimizdə olmadan anamızın vəfatından sonra ayrı düşmüşdük. Məni böyüdən və həyatımda ən çox bağlandığım qadın – ögey anam belə çox gənc yaşlarında həyata gözlərini yumdu. Ögey atamla yola getmirdim, onun yanında özümü əlil, şikəst, heyvan kimi hiss edirdim. Dəfələrlə gözü dönmüş vəziyyətdə üstümə cummuşdu, qorxunc vəziyyətlərə düşmüşdüm. Kollecdən qayıdanda evlənməyi planlaşdırdığım qız başqa biri ilə evləndiyini və məni əsla görmək istəmədiyini dedi. Mənim üçün daha ağır hansı idi bilmirəm. Amma həyatın nə ağır üzləri hələ qarşıda məni gözləyirdi. Bütün bunlara baxmayaraq, yazıçı kimi çox yaxşı işlərə imza atdım. Şəxsi həyatım, içki aludəçiliyim uzun müddət karyerama, tanınmağıma, qəbul edilməyimə mane oldu. Bunun müəyyən müddət ömrü var idi, bundan əmin idim.
- Şəxsi və ədəbi həyatınızın axarını dəyişdirən açarlar, fürsətlər necə gəldi, nə idi?
- Bilmirəm onları “şans, fürsət” adlandırma nə dərəcədə doğrudur. Həyatımdakı hər şeyin səbəbi yaşadığım tragik və kədərli hadisələrdir, onları məni yalnız və kimsəsiz qoydu, xilas olmaq üçün təkbaşına mübarizəyə tərk etdi. Çoxları məni neqativ düşüncə zəncirindən çıxa bilməyən insan kimi görür, halbuki mən sadəcə ən sevdiyim işləri görürəm – içirəm və yazıram. Yaratdığım, insanları ədəbiyyata həvəsləndirən hekayə və şeirlərimin ilham mənbəyi həmin o tutqun iztirablı illərdir. Yazarlıq müsabiqəsində qalib olub, cənab Kennedi ilə görüşdükdən sonra o məni sonralar Cənub Ədəbiyyat üzrə iş şöbəsində həftəfə 10 dollar maaşla redaktor assistenti işinə dəvət edən Tomas Uaytla tanış etdi. Orada işlədiyim ilk il – 1835-ci ildə dörd kitabımı yenidən işlədim, yeni yazdığım 3 hekayəni əlavə edib, nəşr etdirdim.
Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər