• cümə axşamı, 28 mart, 19:17
  • Baku Bakı 13°C

Qarabağdan erməni köçü səngimir

08.04.16 11:01 2329
Qarabağdan erməni köçü səngimir
Son günlər cəbhə zonasında yaşananlar işğal altında olan torpaqlarda zorla məskunlaşdırılan erməni əhalisi arasında əməlli-başlı təşviş, həyəcan yaradıb. Hərbi əməliyyatlar gedən zaman qaçanlar geri qayıdıb əşyalarını da aparmağa başlayıblar. Erməni saytları, mətbu orqanlar hər vəchlə bu tip xəbərləri gizlətməyə çalışsalar da, onların əsas havadarları olan rus mediası bu kimi xəbərləri işğal altında olan torpaqlardan hazırladıqları reportajlarda yayırlar.
Bu sırada Rusiyanın “Kommersant” qəzetini göstərmək olar. Nəşrin son nömrəsində dərc edilən məqalədə bundan bəhs edilir. Qəzetin əməkdaşı İlya Barabanov yazır ki, ermənilər sürətlə əraziləri tərk edib gedirlər. “Qarşımıza xeyli içərilərində yüklər dolu avtomobillər çıxdı. Əhali bölgədə atəşkəsin uzunmüddətli olmayacağı qənaətindədir. Yaranmış sakit vəziyyətdən istifadə edib sürətlə buranı tərk etməyə çalışırlar” - deyə müəllif yazır. Qəzetin əməkdaşı işğal altındakı kəndlərdən birinin rəhbəri Vilen Petrosyanla söhbət edib. Erməni icra nümayəndəsi bildirir ki, “rəhbəri olduğu kənddə hərbi əməliyyatlardan əvvəl 600 nəfər yaşayırdı. İndi isə heç 50 nəfər belə yoxdu. Onlar da getməyə hazırlaşırlar”. Qeyd edək ki, Rusiya KİV-ləri yazırlar ki, hərbi əməliyyatlardan sonra üç minə yaxın sakin ərazini tərk edib gedib. Ermənilərin Ağdərə və ətraf kəndləri də boşaltmaqda davam etdikləri bildirilir. Sözügedən ərazidə çəkiliş aparan rus jurnalistlər sakinlərin yük maşınları ilə əşyalarını kəndlərdən daşıdığını çəkib. Azərbaycanın təmas xəttindəki mühüm yüksəklikləri ələ keçirərək hərbi üstünlük əldə etməsindən sonra Ermənistan tərəfi böyük təşvişə düşüb. Onsuz da vahimə içində olan erməni əhali ümumiyyətlə Qarabağdan çıxmağa çalışır. Ancaq separatçı rejim mülki əhalinin qarşısını postlarla kəsərək ölümə məhkum edir.
Xalqın saxta məlumatlarla başını qatan rejim bu köçün qarşısını almağın yollarını axtarsa da, vəziyyət ümidsizdir. Ümumiyyətlə, hərbi əməliyyatlar, Azərbaycan ordusunun cavab tədbirləri erməni cəmiyyətində böyük ajiotaja səbəb olub. Özü də tək cəmiyyətdə deyil, rəhbərlikdə də bu təşviş hiss olunur. İş o yerə çatıb ki, Azərbaycan ordusunun malik olduğu hərbi silah və texnikadan düşmən ölkənin rəhbərliyi də danışmağa başlayıb. Almaniyaya səfəri zamanı prezident Serj Sarkisyan kansler Angela Merkelə şikayət də edib. Ermənistan prezidenti Azərbaycan Ordusunun malik olduğu müasir silahlardan danışıb. S.Sarkisyan bildirib ki, Azərbaycandan fərqli olaraq Ermənistan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür. “Azərbaycan modern silahlarının olduğunu 3 gündə özünü göstərdi” – Sarkisyan deyib. Ermənistan prezidenti Rusiyanın Azərbaycana silah satması məsələsinə də toxunub. O, rəsmi Yerevanın bu faktdan narahat olduğunu deyib: “Rusiya bizim strateji müttəfiqimizdir. Bizim təhlükəsizliyimiz bir sistem ətrafında birləşib. Təbii ki Rusiyanın Azərbaycana silah satmasından məmnun deyilik”.
Əslində erməni lider belə sözlər deməli deyildi. Serj Sarkisyan anlamalı idi ki, belə sözlər separatçı bölgənin əhalisi arasında təşviş yaradacaq. Axı heç kim təminat verə bilməz ki, bu atəşkəs əbədi olacaq. Qondarma qurumun yenidən təxribatçı əməllərə yol verəcəyi gözləniləndir və bu zaman həmin silahlar yenidən işə düşəcək. Elə bu səbəbdəndir ki, atəşkəs barədə xəbərləri ermənilər sevinclə qeyd etməyə tələsiblər. “BBC”nin yaydığı xəbərdə göstərilir ki, ermənilər Qarabağda atəşin dayandırılmasını ehtiyatlı bir nikbinliklə qələbə kimi qəbul ediblər.
“Yerevanın mərkəzində Ermənistan bayraqları ilə bəzədilmiş maşınlarda gənc oğlanlar pəncərələrdən bayraq yelləyir, nəsə qışqırırdılar. Lakin küçənin adi nəqliyyat gurultusu onların nə dediklərini başa düşməyə imkanı vermirdi. Onlar Azərbaycanla son illərin ən böyük hərbi qarşıdurmasının başa çatmasını bayram edirdilər. Üç sutkadan çox müddətdə davam edən bu qarşıdurma onlarca insanın - dinc sakinlərin, qocaların və uşaqların, çağırışçıların və zabitlərin həyatına son qoymuşdu” - deyə reportajda xüsusi vurğulanır. “Döyüşlərin davam etdiyi üç gündən çox müddətdə Yerevanda və eləcə də bütün Ermənistanda narahatlıq hakim idi. Adamlar ruhdan düşmüşdülər və Qarabağda – təmas xəttində baş verənlərdən nigarançılıqlarını gizlətmirdilər”. Qeyd edilir ki, sosial şəbəkələrdə Qarabağda baş verənlərdən narazılıq dolu statuslar çoxluq təşkil edib: “Həmin statuslarda “dəhşətli itkilərdən”, “qaçaq düşən kəndlərdən”, ““Artsax”ın bizə lazım olmadığından” yazanlar da vardı. Bütün yerevanlılar üçün bir sual açıq qalıb: “Bu atəşkəs çoxmu davam edəcək?”.
Gəlinən qənaət budur ki, Azərbaycan öz torpaqlarının işğal altında qalması ilə barışmaq niyyətində deyil. Elə “BBC”nin ermənilər arasında apardığı söhbətlər də maraqlı nəticəyə gəlməyə imkan verib. “Hər şey o qədər dərinə gedib ki, Azərbaycan tərəfi artıq dayanmayacaq. Analitiklərdən tutmuş, tələbələrə və adi vətəndaşlaradək danışmağa imkan tapdığım adamların hamısı bu və ya digər şəkildə belə düşünürdülər” - deyə reportaj müəllifi yazır.
Yaranmış vəziyyətdə ermənilərin Rusiyanın ünvanına ittihamları güclənib. Bu sırada “ArmenianReport” nəşri fərqlənir. Saytın “Proqnoz edilən faciə” yazısında qeyd edilir ki, Ermənistan rəhbərliyi nəhayət ki, özündə cəsarət tapıb Rusiyanı baş verənlərdə günahkar hesab edib. Məhz Rusiya silahla Azərbaycanı təchiz edir. Həmin silahlar da bizim Qarabağda oğullarımızın məhvinə səbəb olur. Nəşr yazır ki, xarici işlər nazirinin müavini Şavarş Köçəryan açıq şəkildə Kremli ittiham edib. İndiyə qədər heç bir rəsmi bu tərzdə Rusiyanı ittiham etməyib. Nəşr əlavə edir ki, prezident Serj Sarkisyan da də üstüörtülü şəkildə Almaniya kansleri ilə görüşdə Rusiyanı ittiham edib. Nəşr maraqlı bir nüansa da toxunur. “Sarkisyan Merkelə bildirib ki, Azərbaycan ən müasir silahlarla təchiz olunub. Ermənistan isə 80-ci illərin silahları ilə döyüşür. Almaniya kansleri çox güman, belə bir etirafdan təəccübünü gizlədə bilməyib. Bir prezident ki deyirsə, onun ordusu ölkənin təhlükəsizliyini həyata keçirmək iqtidarında deyil, necə öz postunda qala bilər? Axı bizimkilər hər zaman iddia edirdilər ki, düşmənin hədələri boş bir şeydir. Onlar həm də yalandan iddia edirdilər ki, Rusiya ermənilərə qarşı hücuma yol verməz” - deyə nəşr yazıb.
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, baş verənlər tam şəkildə Ermənistanın mövcud durumunu daha da ağırlaşdıracaq. Etirazların həm Qarabağı tərk edib getməyə məcbur olanlar, həm də övladları cəbhə zonasında ölənlərin yaxınları tərəfindən bildiriləcəyi şəksizdir. Böyük ehtimalla hələ ki başları meyitlərini dəfn etməyə qarışan onlarla erməni anaları bir müddət sonra narazılıqlarını kütləvi şəkildə bəyan edəcəklər. Bu isə hərbi xuntanın tam iflasını bir az da yaxınlaşdıracaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər