• şənbə, 20 Aprel, 02:58
  • Baku Bakı 15°C

Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ümidlər azalır

04.07.13 12:36 1282
Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ümidlər azalır
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Londonda keçirilən “Günün siyasi gündəminin formalaşması: Avropa kontekstində Britaniya-Azərbaycan münasibətləri” mövzusunda forumda deyib.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan müstəqillik illəri ərzində siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə çox nailiyyətə imza atıb. Onun sözlərinə görə, son on il ərzində Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib, işsizlik 5,2 faizə düşüb. Azərbaycan iqtisadiyyatı Qlobal Rəqabətə Qabiliyyətlilik İndeksinə görə 46-cı yerdə durur və hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir.
Azərbaycanla Böyük Britaniya ikitərəfli əməkdaşlıq münasibətlərindən danışan Novruz Məmmədov bu münasibətlərin davamlı inkişaf etdiyini deyib. O, ötən əsrin sonlarında Azərbaycanla BP şirkəti arasında “Əsrin müqaviləsi”nin imzalandığını xatırladıb: “Bu gün Britaniyanın onlarla şirkəti Azərbaycanın tikinti, energetika, ticarət, xidmət və digər sektorlarında sərmayəçi və podratçı qismində iştirak edirlər. Bu əməkdaşlığa ən parlaq nümunə energetika sahəsində BP – SOCAR əməkdaşlığıdır”.
Novruz Məmmədov çıxışında Azərbaycan üçün ən ağır problemin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması olduğunu deyib: “Münaqişənin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olmasına, digər beynəlxalq təşkilat və institutların tutduğu ədalətli mövqeyə baxmayaraq vəziyyət dəyişməyib və müharibə təhlükəsi hələ də qalmaqdadır. ATƏT-in Minsk Qrupunun həmsədrlərini səyləri münaqişənin nizamlanmasında tərəqqiyə səbəb olmayıb. Şəxsən mən hesab edirəm ki, proseslərin hazırkı gedişi münaqişənin sülh yolu ilə nizamlanmasına ümidləri azaldır. Həmsədrlərin bəyanatları beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsinə əsaslanmır. Hətta bu məsələ ilə bağlı son zamanlar verilən bəyanatlar belə müxtəlif beynəlxalq təşkilatların 5-6 il əvvəl qəbul etdikləri müxtəlif sənədlərlə əks olunan məsələlərdən fərqlənir. Bu, müzakirələrin gedişində problemlər yaradır”.
Novruz Məmmədov bəzi təşkilat və hökumət qurumlarının hesabatlarında Azərbaycanda demokratiya və insan haqlarının pozulduğu barədə fikirlərin yer almasına münasibət bildirib: “Bununla belə bu hesabatlarda milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulduğu barədə heç nə deyilmir”.
PA rəsmisi bildirib ki, Avropada multikulturalizmin səviyyəsinin aşağı düşdüyü bir vaxtda Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh və tolerantlıq şəraitində yaşayır: “Azərbaycan bütün dünya ölkələri, hətta Avropa üçün nümunə ola biləcək ideal və tolerant cəmiyyət qurmağa müvəffəq olub”.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycanda o qədər də əhəmiyyətli olmayan problemlər var: “Biz tənqidi normal qəbul edirik. Bununla belə hesab edirik ki, tənqid yanlış və ədalətsiz olmamalıdır. Yalnız ədalətli tənqid əməkdaşlıq xidmət edə və müxtəlif təhdid və təhlükələri dəf etməyə imkan verə bilər”.
banner

Oxşar Xəbərlər