• cümə axşamı, 25 aprel, 05:58
  • Baku Bakı 19°C

“Qarabağ ermənilərinə xüsusi status lazım deyil”

06.08.21 17:15 330
“Qarabağ ermənilərinə xüsusi status lazım deyil”
Nüfuzlu "The National Interest” nəşri bunu təsbit edən 10 səbəbi göstərib
44 günlük müharibə işğal altında olan Azərbaycan torpaqlarının azad olunması ilə yanaşı, Qarabağ ermənilərinə status verilməsi barədə Ermənistanın arzularının da üstündən birdəfəlik xətt çəkmiş oldu. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, status məsələsinin müzakirəsindən danışmağına artıq lüzum yoxdur. Əksinə, Ermənistan Azərbaycan ərazisində yaşayan ermənilər üçün xüsusi status alınmasına çalışmaqla onlara əlavə problemlər yaratmış olurlar.

Nüfuzlu qərb nəşrinin yanaşması

Artıq nüfuzlu qərb nəşrlərində də ermənilərin status tələblərinin əsassızlığı vurğulanır. Məsələn, "The National Interest” qəzetində dərc olunan məqalədə vurğulanır ki, 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Azərbaycan 30 il erməni işğalı altında olan ərazilərini azad etdi. Müharibə bitdikdən sonra Azərbaycan Ermənistana iki dövlətin ərazi bütövlüyünə əsaslanan şərtlərlə danışıqlara hazır olduğunu bildirərək sülh müqaviləsi təklif etdi. Lakin iyunun 19-da keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn Ermənistanın baş naziri Nikol Paşinyan bildirir ki, tərəflər arasında yekun sülh razılaşmasının əldə olunması üçün Dağlıq Qarabağın statusu vacib şərtdir. Beləliklə, erməni tərəfi iki müharibəyə və 1993-2020-ci illərdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin işğalına səbəb olan Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun tanınmasını tələb etməkdə davam edir. Prezident İlham Əliyev isə erməni əhalisinə xüsusi status verilməyəcəyini deyir. Nəşr yazır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin xüsusi siyasi statusa malik olmaması üçün nə az, nə çox - düz 10 səbəb var.

Bu, əraziləri genişləndirmək cəhdidir

Birincisi, erməni millətçi hərəkatı 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) erməni dilində "birləşmək" mənasını verən "miatsum" şüarı altında başladı. Beləliklə, bu, Ermənistanın öz müqəddəratını təyin etmək istəyi deyil, ərazisini genişləndirmək üçün irredentist bir layihə idi.

1923-cü ildən başlayan təxribat

İkincisi, 7 iyul 1923-cü ildə sovet hakimiyyəti tərəfindən keçmiş Dağlıq Qarabağa verilən muxtariyyət təkcə ermənilərə deyil, azərbaycanlılara da verilmişdi. Qeyd etmək lazımdır ki, tarixi Qarabağ dağlıq və ovalıq hissələrdən ibarət bir vahid idi. Dağlıq Qarabağ Sovet İttifaqı tərəfindən süni şəkildə yaradıldı və yeni yaradılan kommunist inzibati vahiddə ermənilər çoxluq təşkil etdi. 1988-ci il fevralın 20-də də DQMV Xalq Deputatları Şurasından olan erməni millət vəkilləri Azərbaycan və SSRİ qanunlarına zidd olaraq bu bölgənin Ermənistana birləşdirilməsinə səs verdilər.

Azərbaycanın jesti, ermənilərin cavabı

Üçüncüsü, Azərbaycan hökuməti 1988-1991-ci illərdə Qarabağda yaşayan ermənilərin sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaqla bağlı tələblərini səbrlə yerinə yetirdi. Baxmayaraq ki, Qarabağ ermənilərinin yaşayış səviyyəsi başqa yerlərdə yaşayan azərbaycanlılardan daha yaxşı idi. Daha sonra Moskva Dağlıq Qarabağ Muxtar Vilayətinin Xüsusi İdarəetmə Komitəsini yaratdı, lakin erməni millətçiləri bundan sonra da Ermənistanla birləşmək üçün irredentist proqramını davam etdirdilər. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistanın tərkibinə daxil edilməsi haqqında qanunsuz qərar qəbul etdi. Amma bu qərar dərhal SSRİ Ali Soveti tərəfindən ləğv edildi.

DQMV 30 ildir yoxdur

Dördüncüsü, ermənilər dinc əhaliyə hücum etməyə başladıqdan sonra 1991-ci il noyabrın 26-da Azərbaycan Ali Soveti DQMV-nin ləğvi haqqında qərar qəbul etdi. Azərbaycanın Konstitusiyasına və qanunlarına görə Dağlıq Qarabağ Muxtar Vilayəti kimi bir ərazi vahidi yoxdur. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanındı və BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi ilə təsdiq edildi.
Hüquqi boşluqlar

Beşincisi, Ermənistanın bəyanatlarının əksinə olaraq, SSRİ Konstitusiyası yalnız on beş ittifaq respublikasına öz müqəddəratını təyin etmək hüququ verirdi. Digər tərəfdən, Dağlıq Qarabağın Azərbaycandan ayrılmaq üçün konstitusiya hüququ yox idi. Erməni tərəfi Dağlıq Qarabağın "müstəqilliyinin elan edilməsi"nin 1990-cı il aprelin 3-də qəbul edilmiş "İttifaq respublikalarının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında" SSRİ qanununa uyğun olaraq həyata keçirildiyini iddia edir. Bu qanunun şərtlərinə görə, hər hansı bir muxtar qurumun müstəqil seçim etmək hüququ var: Sovet İttifaqında qalmaq və ya tərk etmək. Lakin Azərbaycan və Ermənistan digər sovet respublikaları kimi, 1991-ci il 8 dekabrda Belovejskaya müqavilələri əsasında Sovet İttifaqını tərk etmişdilər.

Beynəlxalq hüquq nə deyir?

Altıncısı, beynəlxalq hüquq heç də bütün insan qruplarına öz müqəddəratını təyin etmək hüququ vermir. Bu hüququn tətbiq oluna biləcəyini müəyyən edən bir sıra şərtlər var. Erməni millətçilərinin fərziyyələrinin əksinə olaraq Qarabağ erməniləri öz müqəddəratını təyin etmək məqsədi ilə ortaya atdıqları "xalq" anlayışına uyğun gəlmirlər. 700 min azərbaycanlının öz ev-eşiyindən qovulması, infrastrukturun və mədəni irs obyektlərinin tamamilə məhv edilməsi Ermənistanın öz müqəddəratını təyin etmə tələblərinin mənəvi əsaslarını da şübhə altına alır. Üstəlik, 2015-ci il 16 iyunda Avropa İnsan Haqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı" işində Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarına nəzarət faktını təsdiq edən qərarını elan edib.

Qanunsuz ayrılma qərarı

Yeddincisi, Qarabağda yaşayan ermənilərin qanunsuz ayrılma ilə bağlı qərarı Bakıda qəbul edilmədikdə Ermənistan buna silah tətbiqi ilə nail olmağa çalışdı. Nəticədə, birinci müharibədə 30 min insan öldü, 4 min insan itkin düşdü. İkinci müharibə zamanı 5 minə yaxın erməni və 2.906 azərbaycanlı öldürüldü. Helsinki Yekun Aktı və beynəlxalq hüququn digər müvafiq müddəaları yalnız mərkəzi hökumətin razılığı ilə sərhədlərin sülh yolu ilə dəyişdirilməsinin mümkünlüyünü təmin edir.
Səkkizincisi, 1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra tərəflər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinə başladılar. Azərbaycan Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılması müqabilində muxtariyyət statusu təklif etdi. Lakin Ermənistan bununla razılaşmadı və 2020-ci ilin mart-aprel aylarında ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında hazırlanan Madrid prinsiplərini rədd etdi. Bu da ermənilər üçün biabırçı məğlubiyyətlə başa çatan 2020-ci il müharibəsinə gətirib çıxardı.
25 min erməniyə nə status?
Doqquzuncusu, son məlumatlara görə, hazırda Dağlıq Qarabağda 20-25 min erməni yaşayır. Bu, 10 milyonluq Azərbaycan əhalisinin 0,2%-ni təşkil edir. Yəni Azərbaycanda yaşayan digər etnik qrupların sayı ermənilərin sayını xeyli üstələyir. Başqa sözlə desək, Qarabağ erməniləri də Azərbaycan vətəndaşı olaraq ölkədəki digər etnik qruplar kimi öz mədəni və dini hüquqlarını sərbəst şəkildə reallaşdıra bilərlər. Bunun üçün heç bir siyasi statusa ehtiyac yoxdur.

Çıxış yolu birgə yaşamaqdır

Onuncusu, erməni azlıqları qonşu ölkələrdə də yaşayır, lakin indiyə qədər onların heç birinə xüsusi siyasi status verilməyib. Prezident İlham Əliyev müsahibələrinin birində Gürcüstanda və Rusiyada azərbaycanlıların və ermənilərin bir yerdə yaşamasını nümunə göstərərək bunun üçün Azərbaycanda da bütün imkanların olduğunu nəzərə çatdırıb.
Göründüyü kimi, Azərbaycanda ermənilər üçün xüsusi status istəyənlərin məqsədi problemi həll etmək deyil, onu daha da ağırlaşdırmaqdır. Onlar Qarabağdakı ermənilərə xüsusi status verərək gələcəkdə Azərbaycana və bölgəyə müdaxilə üçün yeni imkanlar qazanmaq istəyirlər. Ancaq indi iki ölkənin ərazi bütövlüyünə və azlıqların hüquqlarına qarşılıqlı hörmətə əsaslanan dayanıqlı bir təhlükəsizlik həllinə çatmaq üçün real fürsət var. Bu da dinc gələcək üçün yeganə mümkün perspektivdir.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər