• cümə, 19 Aprel, 23:44
  • Baku Bakı 24°C

Qara rəngin ağ şəhəri

16.10.18 11:45 1849
Qara rəngin ağ şəhəri
Neçə vaxtdır ki, ürəyimdə ancaq sənlə danışıram, şeirlərinlə səhərimi açıb, axşamımı qarşılayıram. Səndən sonra nələr oldu, hamısını fani dünyanın gərdişi kimi qəbul etdim. Sənlə bağlı nəsə yazmaq istəyəndə də sözlərim itik düşdü, qələmim titrədi, ürəyimdəki qəm yükünün ağırlığı, ovqatımdakı pərişanlıq məni şeirlərinlə söhbətə çəkdi. Səsini eşitdim, nidalarına baş əydim, bədii hökmlərinin, xəbərdarlığının mənasını anlamağa çalışdım. Həyatın bütün rəngləri gözlərimin önündə sayrışdı. Bir daha "Vəsiyyət”ındəki mətləblər barəsində düşündüm:
Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara ciliddə.
Tünd qara.
Qoy qara kağızım olsun,
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim.
Adını da süd rəngində həkk edilməsini tapşırırdın . Qara torpaq rəngidir… Əslində qara ilə ağ düşmən deyil, dostdurlar. Dünya var olandan bir-birinin əlindən tutaraq yerlərini dəyişir, qəmlə sevinci görüşdürür, təzadların varlığının labüdlüyünü təsdiqləyirlər. Zülmət gecələrinin ağ səhərləri elə qaranlığın bətnindən doğulmurmu? Onların kəsb etdiyi məna da çoxdur, məsələn, "qara gözlü qız”, "ağciyər kişi”. Biri gözəlliyin, biri də qorxaqlığın ifadəsi…
Heç vaxt tərcümeyi-halını geniş yazmağı sevməzdin: "Əsil tərcümeyi-hal şairin şeirləridir” deyirdin. Sənin oxucu ürəyindəki portretini də elə öz poeziyan yaradırdı. Həmişə bu barədə düşünən də aşağıdakı misraların yadıma düşür:
Məni şerimdə gəz bir insan kimi,
` Qəlbimdə nə varsa, ona demişəm.
Anadan, bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.
Gizlətmədiyin üçün də səni tanımaq çətin olmadı. Bir addımlıq ömür yolunda fırtınaya necə tor atmağından, "cavanlıqdan od saxlayan olmadığından”, bir ocaqda külə dönən ömür çırpılarının xiffətindən, ayrılığın doğurduğu səadətdən, "od kimi, su kimi köhnə…”liyindən, "axır səni düzdə qoydu bu düzlük” etirafından, "unut məni, aldat məni, at məni” yalanından, "Tanrım, məni məndən qopar, qoş məni dağ küləyinə…” yalvarışından, eləcə də səni yoran xatirələrdən xəbər tutduqca sanki bütün gizlinlərinə bələdləşirik. Dünya haqqında yazdığın şeirlərinin məna yükü də çox çeşidlidir. Bu müxtəlif rənglərin al-əlvanlığından təbiətin naxışları ilə bərabər, dünyanın təzadları boylanır:
Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub hay salar,
Haydan utanmaz,
Günəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?
Əslində sən nəinki dünyadan, heç kimdən küsmədin! Sənin təbiətində bu xüsusiyyət yoxuydu. Ömrün boyu özünü qınadın! "Zaman özü dönüklərə zəmanət verir…” kəlamındakı həqiqət çoxumuzun zirvəyə gedən yolunun ünvanını dəyişdi. "Daş heyifdir, vəfasıza, daş atma hədər”dir, dedin. Amma şeirlərində ruhumuzu dara çəkən elə məqamlara toxunmusan ki, oxuduqca, düşündükcə ağlı-qaralı dünyanın bu dəhşətli hökmü iti neştər kimi ürəyimə sancılır:
Gedən gedər, qəmi qalar bir içim,
Fərq yoxdu: ya üç mini, ya üçü…
Məzar üstə çoxu gələr görk üçün,
Ağlayırsan- sağlığımda ağla sən!
Təbii ki, bu, sadəcə göz yaşı tökmək yox, qədirbilənlikdir. Məni üzən bir məqama da cavab almaq istədim səndən, əmi (mən ona həmişə "əmi” xitab edərdim-F.X.), bəs elə sağlığında sənə vəfasızlıq edən, yaxşılıqlarını unudanları necə ayıltmaq, haqsız olduğunu necə anlatmaq olar? Axı hər şeyi də zamana etibar etmək olmur? Yenə misraların qolumdan tutdu, ürəyimə təpər gəldi:
Ziyasız olanlar ziyanı dandı,
Yox üzüqarası "qara kütlə”nin.
Bir az gec inandım,
Yaxşı inandım,
Dişləri pis kəsmir ağlı kütlərin!
Amandır, qoruyun bir-birinizi!
"Beş gün əlinizə düşən dünya”da bir-birinizi bada verməyin desən də, özün də bilirdin ki, "xəyanət selinən, yelinən gəlir, ədalət gələndə quş caynağında”. Buna görə də, əmi, hələ də təbrikə, təhrikə mahir olanlar bizi güdaza verməkdə davamlıdırlar. "Düşmən qılıncında - bu dost əlidir.” Bax onda yenə də səni oxuyuram, amma bu dəfə dilimə qanadlanan nəğmələr təsəllimə çevrilir:
Öz dərdinə ortaq da ol,
Öz içində dustaq da ol,
Dön özünə bıçaq da ol,
Təklənmə, könül, təklənmə!
Sən təkcə mənəvi dünyamızın zənginləşməsində ustad deyilsən, vətənpərvərlik duyğularımızın daim oyaq olmasında əvəzsizsən! Dilimizin əzbəri olan şeirlərin bizi qabil sərkərdə kimi Vətən uğrunda hər cür mücadiləyə çağırır. Sənin Azərbaycan sevgili şeirlərin əsil vətən himnidir!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərə yatır bizi,
Ya bilmərə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa qalx, Azərbaycan,
Səninləyəm!
Bu, sənin ləngərli çağırışın! Arzun, diləyin də var idi:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim!..
Əslində bu arzuna da çatmısan. Əlbəttə, sən qayalarda bitən mamır yox, bütün millətin ürəyində və müqəddəs torpağımızda-Fəxri Xiyabanda ucalan abidəyə dönmüsən. Yurdumuzun misralarla çəkdiyin tablosunda "Azərbaycan- qayalarda bitən bir çiçək, Azərbaycan- çiçəklərin içində qaya” deməklə sən öz mənəvi ucalığının ünvanını bizə nişan vermisən. Sən bütün varlığın, ağrı-acıların ilə birlikdə Azərbaycanın özü demək idin! Araz çayı ilə Araz dilində danışan şair! Hələ 1967-ci ildə yazdığın "Arazın nəğməsi” adlı şeirində məramını elə dəqiqliklə dilə gətirmışdin ki, cəsarətinə, sərrastlığına heyrət edirəm. O vaxt millətlə, torpaqla bağlı bəzi həqiqətləri demək qəhrəmanlığa bərabər idi. Sözünə həmişə əməl etdin: "Sabah dastanını başlayacaqdır, bu Araz şerinin Araz şairi…” Təkcə dastanını yaratmadın ki… Adını da öz isminlə qoşa yaşatdın!
Duyğularının kövrək ünvanlarından biri də ana haqqında yazdığın şeirlərdir. Hər dəfə onları oxuyanda ürəyim elə yuxalır, sən bu şeirləri bütün analar barəsində yazmısan. Hər kəs o misraların titrək ahəngində öz həyəcanlarını hiss edir. "Daha gəlməyəcək anamın səsi…” Adamın varlığına bir göynərti dolur. Bütün varlığınla hayqırmaq istəyirsən, nə qədər ki, bu doğma səs kəsilməyib, nəfəs sona yetməyib, ananızın qədrini bilin! Bu yaxınlarda bir tanışım oğlunun ona yazdığı tənəli və soyuq "mesaj”dan ağlar halda söz açdı. "Əlimdən nə gəlirdi, onun üçün etmışəm, yenə məndən incikdir. Daha gücüm tükənib”. "Məmməd Arazın şeirlərini göndər oxusun”, dedim. Qoy anasız açılan səhərlərin möhnətini anlasın. Sonra nə oldu bilmirəm, soruşmağa üşəndim. Axı hər kəs də belə rübabları anlamaz ki… Məmməd Araz deyərdi ki, ailənin ürəyi ana, çırağı da atadır. Biz köçəri quşlarıq. Nə isə…
…Yenə elə kövrəldim ki, yaxşı ki, sənin şeirlərin mənim validolum ola bilir. Elə sənin misralarınla yazıma son verirəm:
Ta heç nə demirəm, heç nə demirəm,
Alışır sinəmdə söz aram-aram.
Mən sənə bir kövrək, yaddaşı möhkəm,
Vəfalı xatirə bağışlayıram.
…və mən son nöqtəni qoya bilmədim. Bu il sənin 85 illiyindi… Ürəyimi tərpədən misralarım məni yenə titrətdi. Əvvəllər mənə "şeir yazma” deyirdin, sonra bağışladığın kitablarda "özünün gözəl poetik dünyası olan” yazırdın. Elə Yazıçılar Birliyinə üzv olmaq istəyəndə də zəmanəti sən vermişdin, əmi! Bir il haqsız yerə işsiz qalanda da həyəcan keçirən sən oldun, "mənim taleyimi yaşama” dedin. Mən ki sənin bir parçanam. Yenə Bakımızın soyuq payızıdır…
Ayların, illərin qovhaqovudur,
Axırı yoxuymuş bu çarpışmanın.
Bu payız qəlbimiz qəmlə doludur,
Gəlmir qulaqlara səsin-sorağın…
Varsanmı, yoxsanmı-
Eh, kimə gərək!
Dünyanın çox işi tərsinə dönüb,
Düz əməl pis əldə ərsinə dönüb…
Sən elə əzəldən bir ruh idin,
Gəzəri heykələ döndün neçə il.
Qovrulan millətin, yanan torpağın,
Zülmünə boylanan bir səhər idin.
Səni sevənlərin qəlbi çox geniş,
Cibində dəyirman suyu sovrulur.
Qalxan edənlərin ruhu ölüdür,
İçində min həsəd yanıb qovrulur,
Üzlərə bax, sözlərə bax, şairim,
Səni duymayanlar səndən danışır.
Sənə dərd verənlər həndəvərində,
Dərdindən ölənlər ziyarətində.
Kiminə Məkkəsən, kiminə məqam,
Kiminə xatirə, kiminə şöhrət,
Kiminə heykəlsən, kiminə qəbir.
Yatdığın o torpaq möhnət ünvanı,
Cızdağım çıxınca yanaram elə.
Həqiqət sinəmdə ağzı qıfıllı,
Danışa bilmərəm dilim alışar,
Ruhun tərpədər daşı, divarı,
Sən ki boylanırsan şeirlərindən…
Yoxluğunun əzabları min rəng,
Beş-on manat harayına düşən var.
Sən indi azadsan, indi bəxtəvər,
Möhürlənmış görüşlərin yox indi.
Son mənzilin qapısında duran yox,
Qaş-qabağın töküb boynun buran yox.
Özünü torpaqda dəfn etsələr də,
Sözlərin əbədi yaşadır səni.
Ömrünü zalımlar qəhr etsələr də,
Diriykən ölüyə dönənlər nə çox.
Daş dünyada daş olmaqdan qorundun,
Sözbazlara aş olmaqdan qorundun.
Məhəbbətin ürəklərdə dolaşır,
Bu minvalla ömür keçir, il aşır.
Danışdır uşağı, dindir ahılı,
Tərpət o qayanı,qaldır o daşı,
Eşidib görərsən hər kəlməbaşı,
Bu yurdun Günəşi,
Ayı, Ulduzu- Məmməd Araz yaşayır.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər