• cümə axşamı, 28 mart, 13:58
  • Baku Bakı 16°C

Qara Kərimov: "Həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm"

18.02.19 09:07 470
Qara Kərimov: "Həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm"
Ermənilərin Qaradağlıda törətdikləri faciədən illər keçib. Amma hələ də, həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm.
Bu sözləriAZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Xocavənd rayonunun Qaradağlı kənd sakini Qara Kərimov deyib.
İyirmi yeddi il əvvəl ermənilər tərəfindən törədilən faciənin şahidi olmuş Qara kişi həmin ağrılı-acılı günləri belə xatırlayır: "Kəndimizi mühasirəyə almışdılar. Güclü atışma oldu. Silahımız çatışmırdı, kəndə kömək də gəlmirdi. Fevralın 17-də səhər "Zəki bulağı” tərəfdən çoxlu maşının gəldiyini gördük. Erməni hərbi qüvvələri kəndə dolurdu. Kənddəki idarə binasının alt mərtəbəsində toplaşdıq. Ermənilər hər tərəfdən binanı atəşə tuturdular. Oğlum Əliqismət üst mərtəbədə düşmənlərə cavab atəşi açırdı. Ermənilər oğlumu vurdular. O, ölüm ayağında ürək-dirək verib dedi ki, düşmənə təslim olmayın, son nəfəsinizədək kəndi müdafiə edin, qoymayın işğal altına düşsün. Binanı tam mühasirəyə almışdılar. Çıxış yolumuz yox idi, bizi əsir götürdülər.
Yaşlıları, qadınları bir maşına, cavanları isə başqa maşınlara doldurdular. Cəmiyyət kəndinin yanında maşını saxladılar. Burada poçtun müdiri Həbibi və Zahidi öldürdülər. Biz Malıbəyli körpüsünə çatanda erməni silahlıları maşını saxlayıb yerə düşməyimizi əmr etdilər. Bu vaxt cavanları gətirən maşın da Malıbəyli körpüsünə çatdı. Gördük ki, maşında adam az qalıb. Məlum oldu ki, ermənilər cavanların çoxunu "Bəylik bağı” deyilən ərazidə güllələyiblər.
Bizi Xankəndinə aparıb zirzəmiyə saldılar. Gecə çox üşüyürdük. Gecəni orda qaldıq. Bizə çox zülm, işgəncələr verirdilər. Ac-susuz saxlayırdılar. Mart ayında məni bizimkilər geri ala bildilər. Bu qoca vaxtımda ən böyük istəyim doğma yurdumuza qayıtmaqdır”, - deyə Qara Kərimov bildirib.
banner

Oxşar Xəbərlər