• şənbə, 19 Sentyabr, 05:33
  • Baku Bakı 23°C

Qara dənizdə üçüncü dünya müharibəsi?

10.07.21 09:00 894
Qara dənizdə üçüncü dünya müharibəsi?
Bölgədə gərginlik artmaqdadır
Son vaxtlar dünya ictimaiyyətinin diqqəti daha bir narahat bölgəyə - Qara dənizdə yaşanan gərginliyə yönəlib. Dünya güclərinin Qara dənizdə apardıqları rəqabət bölgədə yeni bir müharibə ehtimalını artırıb. Tarixin bütün dövrlərində Qara dəniz iqtisadiyyat, ticarət və nəqliyyat əlaqələri baxımından geosiyasi və geostrateji əhəmiyyətə malik bir bölgə olub. Buna görə Qara dəniz tarix boyu qlobal və regional güclər üçün əsas rəqabət sahələrindən biri olaraq qalıb.
Böyük dövlətlər o qədər məntiqsiz hərəkətlər edir ki...
Soyuq müharibədən sonrakı dövrdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsiri altında bölgədə "genişlənmiş Qara dəniz bölgəsi" anlayışı meydana gəldi. Bu dövrdə Qara dənizin təhlükəsizliyini təmin etmək üçün bir tərəfdən Avropa İttifaqı (Aİ), NATO, ATƏT kimi təşkilatların mexanizmləri işə salındı, digər tərəfdən, QDİƏT, Qara dəniz Hərbi Dəniz Qüvvələri İşçi Qüvvəsi (BLACKSEAFOR), Qara dəniz Harmoniyası əməliyyatı kimi yeni strukturlar yaradıldı. SSRİ-nin dağılmasından sonra "yeni dünya düzəni" elan edən və hegemonluğunu qorumağa çalışan ABŞ, nüfuz edə bilmədiyi yeganə dəniz olan Qara dənizə "mövcud maraqlar zonası" kimi baxır. ABŞ və Böyük Britaniyanın nöqteyi-nəzərindən NATO Qara dəniz də daxil olmaqla Avroatlantik bölgədəki əsas təhlükəsizlik qüvvəsidir və bu baxımdan, Qara dəniz bir NATO gölü halına gəlməlidir. Şimali Atlantika İttifaqı ilə yanaşı, ABŞ, Böyük Britaniya və digər NATO üzvü olan ölkələr, o cümlədən yardım proqramları və "rəngli inqilablar" vasitəsilə Rusiyanın bölgədəki təsirini cilovlamağa çalışır. "Regional münaqişələrə son qoymaq” və "enerji təhlükəsizliyi” barədə ritorika, əsasən, Rusiyanın təsirini məhdudlaşdırmağa yönəlib. Məsələ ondadır ki, bura Rusiya və ABŞ, NATO ölkələrinin maraqlarının toqquşduğu bölgədir. Krımın işğalından sonra Qara dənizin böyük hissəsinə iddiasını ortaya qoyan Moskva, Krımda bazalar formalaşdırıb. Bu da Ukrayna və NATO ölkələrini ciddi narahat edir. Ona görə də, onlar Qara dənizi tamamilə Rusiyanın ixtiyarına vermək istəmir. Ara-sıra regiona Amerika gəmiləri daxil olur və bu da Rusiyanı ciddi narahat edir. Üstəgəl, üçüncü istiqamətdə də gərginlik var. Amerika təyyarələri Rusiya sərhədinə yaxınlaşır. Kreml isə buna adekvat cavab verməyə çalışır. Yaxın müddətdə həm Aralıq, həm də Qara dənizdə gərginliyin azalacağına ümid azdır. Düzdür, böyük müharibə olmasa da, insidentlərin baş vermə ehtimalı güclüdür. Məsələn, hər hansı hərbi təyyarə digər ölkənin təyyarəsini vura bilər, yaxud gəmidən atəş açıla bilər. Yəni böyük dövlətlər o qədər məntiqsiz hərəkətlər edir ki, prosesin müharibə həddinə gəlib çıxmayacağını da iddia etmək olmur.

Rusiya üçün həyati maraq
Digər tərəfdən, Rusiya üçün Qara dəniz hövzəsi həyati maraqlar zonası kimi nəzərdən keçirilir. Boru kəməri marşrutları, enerji ötürmə kanalları, donanma, hərbi bazalar, regional təhlükəsizlik və ticarət kimi bir çox məsələ Qara dənizi Rusiya üçün strateji bir bölgəyə çevirir. Rusiya bir tərəfdən "Qara dənizdəki hökmranlığı", digər tərəfdən isə Qara dənizdən keçərək Aralıq dənizinə girmək və boğazlara nəzarət etmək fürsəti axtarır. Rusların Kerç boğazında və Azov dənizində varlığı və fəaliyyətinin artması Qara dəniz hövzəsindəki hərbi-siyasi tarazlığı tamamilə dəyişdirib. Rusiyanın Qara dəniz hövzəsi də daxil olmaqla bölgədəki təcavüzkar və genişləndirici siyasəti, müəyyən mənada NATO və Qərbin buradakı təsirini əngəlləyib. Rusiya, keçmiş imperiya dövründə olduğu kimi, tarixi imperatorluq strategiyası çərçivəsində bölgədə güc nümayiş etdirir və bölgə üzərində nəzarətini qurmağa çalışır. Bu müddətdə Rusiyanın Qara Dəniz Donanması 25 min hərbçi, 21 böyük hərbi gəmi, yeddi sualtı qayıq, 200 dəstək gəmisi potensialına çatıb. 28 mindən çox hərbçi bölgəyə göndərilib. Sevastopoldakı Qara dəniz Donanması ilə yanaşı, 2014-cü ildə Krımın ilhaqından sonra orada S-400 hava müdafiə sistemləri, Kh-35U raketləri, Su-24 və Su-30SM döyüş təyyarələri və Ka-27/29 helikopterləri yerləşdirilib. Rusiya neo-Avrasiya siyasətinin tələb etdiyi kimi, "yaxın xaricdə" üzərində nəzarət də daxil olmaqla, daxili bölgələrindəki Qərb nüfuzunun qarşısını almağa çalışır. 2008 Rusiya-Gürcüstan müharibəsi, 2014 Rusiya-Ukrayna-Donbas böhranı, həmçinin Krımın işğalı və sonrakı ilhaqı bu səbəbdən baş verdi. Kreml nəzarət etdiyi bölgədə Gürcüstan və Ukrayna üçün NATO üzvlüyünə mane olmaqla, NATO-nun Qara dənizdəki mütləq dominantlığına qarşı çıxdı. Rusiyanın hazırkı ərazisinin sahil xətti xeyli genişlənib. Donanmanın modernləşdirilməsi və inkişafı, eləcə də quru qüvvələrinin gücləndirilməsi sayəsində Rusiya bölgədə açıq bir üstünlük əldə edib. Qara dənizdəki şiddətli rəqabət bölgədəki təhlükəsizlik anlayışını dəyişdirib və tarazlıqları olduqca həssas edib. Ancaq Qara dəniz hövzəsini də əhatə edən Rusiyanın bu bölgədəki təcavüzkar və genişləndirici siyasətinin Çin, Suriya, İran və Türkiyə kimi ölkələrlə qurulmuş regional əməkdaşlıq sahələri ilə əlaqəli digər səbəbləri var. Bölgədəki güclü dövlət olan Türkiyə və Rusiya, Qara dənizdəki təhlükəsizlik siyasətlərini yeniləyib müttəfiq oldular. Qərb ölkələri, ilk növbədə ABŞ və Böyük Britaniya, Rusiyadan əks tərəfdədir. "Soyuq müharibə" dövründən başlanan ABŞ-İngiltərə müttəfiqliyinin Rusiya ilə rəqabəti Qara dənizdəki yeni dövrə qədər davam edir.

Qərbin bölgəyə nüfuzetmə cəhdləri
Qara dənizdə artan gərginliklər fonunda bütün gözlər Rusiya prezidenti Vladimir Putinə yönəlib. Ukrayna ilə bağlı bütün gərginliklərdə geri addım atmayan Putin, ingilis hərbi gəmisinin Krım sularına qanunsuz girdiyini və bunu Rusiya qüvvələrinin necə reaksiya verəcəyini müəyyənləşdirmək üçün etdiyini, üstəlik, gəminin ABŞ ilə koordinasiyalı hərəkət etdiyini söyləyib. Rusiya tərəfindən işğal edilən Krım sularındakı hərəkətlərlə əlaqədar olaraq Putin, "Bu gəmini batırsaydıq da, üçüncü dünya müharibəsinin başlayacağını düşünmək çətin olardı” deyərək, insidentin dərəcəsini nümayiş etdirmiş olub.

Beləliklə, Böyük Britaniya və ABŞ, "yeni dünya düzəni" və "bütöv və azad Avropa" ritorikasına uyğun olaraq Qara dəniz bölgəsini beynəlxalq kapitalist sistemə inteqrasiya etməyə çalışırlar. Gürcüstan və Ukrayna nümunələrində də göründüyü kimi, NATO bölgənin üzvlük və ya əməkdaşlıq yolu ilə Qərb sisteminə inteqrasiya edilməsində də mühüm rol oynayır. Digər tərəfdən, Rusiya Montrö Konvensiyasından hər şəkildə istifadə edərək Qara dənizin NATO gölü olmasının qarşısını almaq üçün strategiya hazırlayır. Əslində, Putinin siyasəti I Pyotrun isti dənizlərə girmək, xarici qüvvələrin yaxın xaricə nüfuz etməsinin qarşısını almaq və üstünlük qazanmaqla bağlı vəsiyyətinin tarixi siyasəti üzərində qurulub. Qara dəniz bölgəsi ciddi rəqabət sahəsi olmaqda davam edir. Bu rəqabətin dünyanı yeni bir müharibə astanasına gətirməməyi (gətirməməsi) və hadisələrin diplomatiya yolu ilə mülayim bir şəkildə həll edilməsi bölgənin sabitliyi üçün həyati əhəmiyyət daşıyır. Ancaq Qara dənizin suyu çox isti görünür. Bunu, son NATO sammitində Rusiyanın əsas təhdid kimi göstərildiyi də təsdiqləyir.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər