Qapıları bağlanan Avropa - TƏHLİL

Postsovet ölkələri vətəndaşları "köhnə qitə”dən deportasiya
edilir. Gürcülər, moldavanlar, ukraynalılar və ermənilər kütləvi şəkildə
ölkələrinə qaytarılırlar.
Miqrasiya min illərdir ki, bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən
biri kimi bu gün də aktuallığını qoruyub saxlayır. Lakin etiraf edək ki, indiki
kimi böyük təzadlı vəziyyət yaranmayıb. Qərb dövlətlərinin heç ağlına da
gəlməzdi ki, dağıdıb yerlə-yeksan etdikləri ölkələrin vətəndaşları onların
qapısının ağzını kəsdirəcək. Polşa-Belarus sərhədində yaşanan mühacir
gərginliyi Avropa ölkələrində növbəti həyəcan yaradıb. Bu, koronavirusdan sonra
ən prioritet məsələ kimi gündəmi zəbt edib. Lakin Qərb ölkələri çıxış yolunu
axının qarşısını almaqda yox, həm də, artıq məskunlaşan insanların
deportasiyasında görür.
Postsovet ölkələri hədəfdədir
Avropanın hədəfində Yaxın Şərq və Şimali Afrikadan olan miqrantlarla
yanaşı, postsovet məkanından gələnlər də var. Qərb, eləcə də, postsovet
məkanından olan ölkələrin mediasında rast gəlinən məlumatlar şok doğurur.
Avropa ölkələrinin miqrasiya xidmətləri siyasi sığınacaq və qaçqın statusunun
verilməsi ilə bağlı qaydaları da sərtləşdirməkdə davam edir. Müşahidəçilər
Avropanın düşdüyü miqrasiya böhranından sonra bu ölkələrdə sığınacaq almağın
elə də asan olmadığını xüsusi vurğulayırlar. Konkret olaraq, Almaniya miqrasiya
siyasətini yenidən nəzərdən keçirib və artıq qaçqınları deyil, əmək
miqrantlarını qəbul edəcək ölkəyə çevrilib. Federal hakimiyyət də qaçqın
statusunun verilməsi şərtlərini sərtləşdirib. Artıq postsovet ölkələrindən olan
insanların vətənlərinə qaytarılması planlaşdırılır. Beləliklə, Avropa
vəziyyətdən çıxış yolunu daxili sərhədlərini bağlamaqda görür. Bu isə
ümumavropa ailəsi anlayışının sonu ola bilər.
Gürcülər Avropadan kobud şəkildə qovulub
Daha çox da
Gürcüstan vətəndaşları ilə bağlı problem ortaya çıxıb. Gürcü mediasında yer
alan xəbərlərə görə, 60-a yaxın Gürcüstan vətəndaşı İsveç və Almaniyadan
vətənlərinə deportasiya edilib. Qeyd olunur ki, Gürcüstan vətəndaşları bu
ölkələrdə qeyri-qanuni yaşayıb. "Formula” telekanalı Avropa İttifaqının Xarici
Sərhədlərin Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, 60-a yaxın
Gürcüstan vətəndaşı Almaniya və İsveçdən xüsusi reyslə vətənlərinə deportasiya
edilib. "Frontex”in nümayəndəsi İrma Tsiramuanın sözlərinə görə, 2021-ci ildə
1500 nəfər zorla Gürcüstana qaytarılıb. Bundan əvvəl isə Avropanın "EUobserver”
nəşri Qərbi Balkan dövlətləri, həmçinin Moldova, Gürcüstan və Ukrayna
vətəndaşları üçün vizasız rejimin dayandırılmasının mümkünlüyü ilə bağlı məqalə
dərc edib. Qəzetin yazdığı kimi, məsələ bu ölkələrin vətəndaşları tərəfindən
miqrasiya qanunvericiliyinin və sığınacaq tələblərinin pozulması hallarının
artması ilə əlaqədar aktuallaşıb. Gürcüstan vətəndaşlarının turizm, işgüzar və
qonaq səfərləri üçün Şengen ölkələrinə qısamüddətli vizasız (180 gün ərzində 90
gün) səfər etmək hüququ var. Hökumət rəsmilərinin məlumatına görə, 2021-ci il
ərzində 2 minə yaxın Gürcüstan vətəndaşı Avropa İttifaqı ölkələrini tərk etmək
məcburiyyətində qalıb, onların əksəriyyəti Fransa və Almaniyadan deportasiya
edilib. Hər ay Avropadan Tbilisiyə deportasiya edilənlərlə bağlı iki-üç xüsusi
reys göndərilir. Koronavirus pandemiyası zamanı bu axın Aİ-yə giriş
qaydalarının sərtləşdirilməsi səbəbindən azalıb. Ekspertlər qeyd edirlər ki,
deportasiya yolu ilə vətənə qaytarılan Gürcüstan vətəndaşlarının axını, əsasən,
2016-cı ildən sonra xeyli artıb. Bu, Avropa İttifaqının Gürcüstanı hökumətin
sosial müdafiəsi olmayanlara iqtisadi və tibbi yardım göstərdiyi "təhlükəsiz
ölkələr” siyahısına daxil etməsi ilə bağlıdır.
Moldovanlar da eyni taleyi yaşayır
Gürcülərlə
yanaşı, Avropa İttifaqından üzvlük barədə təminat alan moldovanlar da eyni taleyi
yaşayır. Avropa ölkələrindən deportasiya olunanlar sırasında moldovanların da
sayı artıb. Son statistik rəqəmlərə görə, Avropa ölkələri moldovanlar arasında cinayətlərin sayının artdığını
əsas gətirir. Bir faktı qeyd edək ki, Moldova
bir neçə il vətəndaşları Avropadan sığınacaq alan ölkələr sırasında lider idi. On
minlərlə moldovalı Avropadan sığınacaq almaq üçün müraciət edib. Onların bir
çoxu ailələri ilə birlikdə Avropaya gəlirlər. İnsanlar yoxsulluqdan,
işsizlikdən və qeyri-sabitlikdən uzaqlaşır, lakin Avropa rəsmiləri haqlı olaraq
bunun qaçqın statusu almaq üçün kifayət etmədiyi qənaətindədirlər. Qərb
hüquq-mühafizə orqanlarını narahat edən isə moldovanlar arasında beynəlxalq cinayət sxeminə
daxil olan şəxslərin olmasıdır. Konkret olaraq Hollandiya polisi qanunsuz
miqrasiya və insan alverini təşkil etməkdə şübhəli bilinən bir neçə Moldova
vətəndaşını saxlayıb. İstintaq davam edir, moldovalıları Hollandiyaya gətirən
iki avtobus sürücüsü həbsdədir. Hollandiya tərəfindən rədd edilənlərin çoxu
şanslarını digər Aİ ölkələrində sınamaq qərarına gəlir. Moldovanın Hollandiyadakı
səfiri Tatyana Parvunun dediyinə görə, hollandiyalı "refusenik”lərin 70 faizə
qədəri Fransa və ya Almaniyaya müraciət edir. Bunun da mənası yoxdur, çünki
bütün imtinalar Aİ ölkələri üçün ümumi bazada qeyd olunur.
Ermənilər də
qovulanlar sırasındadır
Bir neçə il ərzində Avropa İttifaqının müxtəlif
ölkələrindən 120 qeyri-qanuni mühacir ailəsi Ermənistana deportasiya edilib.
Deportasiya Lixtenşteyn hökumətinin maliyyə dəstəyi ilə katolik "Caritas”
xeyriyyə təşkilatının Avstriya ofisinin xüsusi proqramı çərçivəsində həyata
keçirilib. Onların, daha çox sənədsiz getdikləri, fırıldaqla orada qalmağa
çalışdıqları, amma sonda qovulduqları bildirilir. Bu ailələrə qeyri-qanuni
yaşadıqları ölkəni tərk etmək üçün vaxt verilib. Onlardan bəziləri bu tələbi
könüllü yerinə yetiriblər, bəziləri isə məcburi şəkildə göndərilib.
Azər NURİYEV
