AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qanuni oğru”lar Zelenskiyə qarşı

“Qanuni oğru”lar Zelenskiyə qarşı

Təfsilat
12 İyun 2021, 09:30 560
Cinayətkar aləmin 18 azərbaycanlı nüfuzlu üzvü də Ukraynadan çıxarılacaq 
 
Hər şey ondan başladı ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclaslarından birində prezident Vladimir Zelenski cinayətkar aləmin, kriminal avtoritetlərin 700-dək üzvünə, "qanuni oğru”lara qarşı sanksiyalar tətbiq edəcəyini elan etdi. "Qara siyahı”ya düşən şəxslərin adlarını açıqlamayan prezidentin ünvanına, heç üç gün keçmədi ki, hədələr səslənməyə başladı. Hakimiyyət bu hədələrə o qədər ciddi yanaşdı ki, potensial terrorçuların axtarışı ilə məşğul olacaq xüsusi qrup yaratmaq qərarına gəlib.

Bu mövzu Ukrayna mediasında, hazırda müzakirə olunan əsas prioritetlərdən biridir. Cinayətkar qruplaşma ilə mübarizədən, Zelenski qalib çıxmağa müvəffəq olacaqmı? Bu sual hazırda ölkədə az qala Donbas və Krım məsələsi kimi aktuallaşıb. Zelenskinin Saakaşvili yolu ilə gedib bu prosesdən qalib çıxacağı, bir qədər inandırıcı görünmür. Bir məsələ də var ki, Donbas ətrafında hərbi əməliyyatlar getmir və perspektivdə də görünmür. Rəsmi Kiyevə Qərbdən gələn mesajlarda da bu, aydın görünür. Prosesin yalnız və yalnız danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanır. Bu da Zelenskiyə əlavə imkanlar yaradır.
 

 
Yarısı gürcülərdir
 
Ukrayna mediasında dərc olunan məlumatlarda maraqlı statistikalar əks olunub. Bu gün postsovet məkanında kriminal dünyadan 428 aktiv "qanuni oğru” fəaliyyət göstərir ki, onlardan da yarısı gürcülərdir. Sonrakı yerdə isə ruslar gəlir. 2000-ci illərdə Gürcüstanda kriminal o qədər dövlət sisteminə sıx girmişdi ki, onları bir-birindən ayırmaq çətin idi. Məsələni radikal şəkildə həll etmək qərarına gəldilər – total təmizləməyə başlayaraq 2003-cü ildə mütəşəkkil cinayətkarlığa qarşı qanun hazırladılar. Sənəd, uzun illər cəzasız şəkildə başqalarının əli ilə hərəkət edən kriminalın ali rəhbərliyi ilə bağlı problemi hüquqi müstəvidə həll etməyə imkan verdi. Qanuna, ilk dəfə olaraq "sxodka” "oğru cəmiyyəti” "razborka” kimi anlayışların daxil edilməsi baş verdi. Kriminal dünyanın bu kimi elementləri ilə hər hansı bir əlaqə, cəzaların verilməsini nəzərdə tuturdu. Bundan əlavə, yerli cinayət məcəlləsinə edilən dəyişikliklər "qanuni oğru”ların mülkiyyətinin alınaraq dövlətə və yaxud əsl mülkiyyətçisinə geri qaytarılmasını nəzərdə tuturdu. Dəyişikliklər qüvvəyə minəndən sonra avtoritetlərin bir qismi həbsxana divarları arasına düşdülər, bir qisim isə yaxın MDB ölkələrində daha dinc həyat axtarışına çıxdılar. Analoji hal Rusiyada da həyata keçirildi. 2019-cu ildə Rusiya prezidenti Vladimir Putin ali kriminal status daşıyan şəxslərə qarşı cinayət məsuliyyətinin tətbiq olunması barədə qanuna qəbul etdi. "Antioğru” maddə bir çox avtoritetlərin həyatını çətinləşdirdi, onları yerindən tərpətdi. Beləliklə, "kriminal generallar”ın sakit həyat tərzi sürə biləcəyi yer Ukrayna oldu.
 
 
 
Klanların hakimiyyəti altında
 
Ukrayna mediasına müsahibəsində ölkənin cinayət axtarış idarəsinin keçmiş rəisi Vyaçeslav Avbroskin "qanuni oğru”ların bir neçə əsas klanlarının mövcudluğundan danışıb. Onlardan ən nüfuzlusu "Dneprovskiy” qruplaşmasıdır. Onlara rəhbərliyi isə kriminal dairələrdə "Umka” kimi tanınan Sergey Oleynik adlı şəxs edir. "Qanuni oğru” titulunu isə 2014-cü ildə "qanuni oğruları”nın Sankt-Peterburqda keçirilən iclasında alıb. Ona dəstəyi Vladimir Dribni (Poltava) göstərib. Onun "qanuni oğru” tutulu alması ilə bağlı kriminal aləmdə fikirlər haçalanır. Bir versiyaya görə, Oleynik bu statusu satın alıb, başqa versiyaya görə, Dnepropetrovsk vilayətinin koloniya rəhbərini pulla alaraq bu ada layiq görülüb. Başqa bir klana isə Gürcüstan vətəndaşı Paata Çxartişvili (Şahzadə) rəhbərlik edir. Bu şəxs Zaporojye  ərazisinə nəzarəti həyata keçirir. O da Rusiyada "qanuni oğru” statusunu alıb. Rusiya həbsxanasında oğurluq üstündə cəza çəkdikdən sonra Gürcüstana gedib. Lakin orada antioğru maddə qəbul edildikdən sonra Ukraynaya qaçıb. 2004-cü ildə Çxartişvili Nikolaevdə məskunlaşaraq yerli oğrular və narkotik dövriyyəsi üzərində nəzarəti ələ aldı. Qərbi və Mərkəzi Ukrayna üzərində nəzarət isə Andrey Nezelskiyə (Nedelya və yaxud Andrey Lvovski) məxsusdur. 2019-cu ilə kimi cinayətkar aləmin ən nüfuzlu şəxslərindən biri olub. Lakin elə həmin il onun durumu ağırlaşdı. Oktyabrın 12-də toylardan birində bərk döydülər və nəticədə tituldan məhrum edildi. Bəzi məlumatlara görə, bunu üç "qanuni oğru”, o cümlədən David Osmanov (Dato Krasnodarski) və Nodari Asoyan (Nodar Rustavski) törədib. Bu şəxslər Rusiya kriminal dünyasının lideri hesab edilən "Şakro Molodoy” klanının nümayəndəsidirlər. Başqa bir qanuni oğru - Lera Sumski da diqqət cəlb edir. Ötən əsrin 90-cı illərində onu Ukraynaya nəzarət edən şəxs adlandırırdılar. Bu gün də ən nüfuzu "qanuni oğru” kimi qalmaqdadır. Azadlıqdan məhrumetmə yerlərində nəzarəti ələ alan bu şəxs, aktiv şəkildə alkoqol, silah və narkotik ticarətini həyata keçirir. Kriminal dünyanın daha bir neçə lideri Ukraynada cinayətkar dünyanın hakimləri rolunda çıxış edir, paralel olaraq qeyri-leqal bizneslə məşğul olurlar.
 
Qonşuların mübarizə metodları effekt verəcəkmi?
 
Ukrayna prezidenti kriminalitet rəhbərliyi ilə mübarizədə qonşuların mübarizə metodlarından yararlanmaq qərarına gəlib. Yuxarıda qeyd etdiyimiz kimi, Cinayət Məcəlləsinə dəyişikliklər edərək şəbəkənin cinayətlərinə görə məsuliyyətin tətbiq edilməsi barədə qərar qəbul edib. Gürcü versiyasına uyğun olaraq, "qanuni oğru”, "sxodka” "avtoritet” ifadələri qanuna daxil edilib. Adi bir "oğru” görüşü keçirməklə özünü artıq həbsxanada hiss edə bilərsən. Cəza, avtoritetlərə, kömək üçün müraciət edən şəxslərə də tətbiq edilir. Cinayətkar nüfuzu olan şəxsə, yəni "qanuni oğru”ya kömək üçün müraciət edən şəxsə də 3 ildən 7 ilə kimi cəzanın verilməsi nəzərdə tutulur. Ukrayna Milli Polis İdarəsinin rəhbəri İqor Klimenkonun sözlərinə görə, belə tədbirlər "qanuni oğru”lar ətrafında yaradılan kriminal piramidanı məhv etmək üçün atılır. "Qanuni oğru” statusunun özünəməxsusluğu ondadır ki, bu şəxslər özləri aktiv cinayət hərəkətinə yol vermir. Hər bir "qanuni oğru” tərəfdarlarından ibarət bütöv bir piramida yaradır. Lakin bu, kriminalitetə qarşı mübarizədə ilk addımdır. Qeyd edildiyi kimi, Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında ölkədə sanksiya altına düşəcək "qanuni oğru”ların və kriminal avtoritetlərin siyahısını təsdiqləyib. Orada 700 nəfərin adı var ki, onlardan da 550-si "qanuni oğru”dur. Yalnız 15-i Ukrayna vətəndaşıdır. Bundan əlavə, siyahıda Ukrayna ərazisində yaşayan və kriminal avtoritet hesab edilən 111 əcnəbi də var. Prezidentin qərarına görə, onların ölkə ərazisinə girişi qadağan edilib. Bir sözlə, Ukraynada olmayan oğru və avtoritetlərin bura gəlmələri mümkünsüzdür. Burada ilişib qalanların isə ləngimələrinə zərurət qalmayacaq.
 

 
Zelenski təzyiqlərə davam gətirə biləcək?
 
Oğru dünyasının Zelenskinin qərarlarına reaksiyasını gözləmək çox çəkməyib. Ukrayna teleqram-kanalları artıq öz mənbələrinə istinadən yazıblar ki, dövlət başçısının ofisi Zelenskini hədələyən qəzəbli kriminal avtoritetlərin anonim məktublarını alıb. Sonradan bu hədələri bir sıra kütləvi informasiya vasitələri də alıb. Dərhal da prezidentin və ailə üzvlərinin mühafizəsi gücləndirilib. Ukrayna Təhlükəsizlik Şurası isə prezidentə hədələrlə bağlı xüsusi qrup yaratmaq qərarına gəlib. Buna baxmayaraq bütün ölkə boyu adı qara siyahıda olan "oğru” və avtoritetlərin aktiv şəkildə saxlanılmasına start verilib. Artıq Umka və Laşa Svan həbs olunub. Onları mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham ediblər. İstintaq orqanlarının məlumatına görə, onlar öz nümayəndələri hesabına ölkənin cinayətkar dünyasına rəhbərlik ediblər. Bir neçə gün əvvəl isə daha bir qanuni oğru - Armen Xaçatryan (Armen xoxol) həbs olunub. Hüquq-mühafizə orqanları onu mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda ittiham edib. Az sonra bəlli olub ki, Ukrayna polisi ölkədən onlarla kriminal avtoriteti sürgün edib. Aralarında da daha çox Ermənistan və  Gürcüstan vətəndaşları var. Onlar nəinki öz ölkələrindəki kriminalitet nümayəndələri ilə, eləcə də, Ukraynanın müxtəlif regionlarında əlaqələr yaradırdılar. Daha 27 şəxs isə ölkə ərazisində yaşamaq hüququndan məhrum edilib. Onların bir qismi həbsxanalarda "nəzarətçi” kateqoriyasına məxsus olublar. Hakimiyyət qarşısında, Ukrayna kriminalların nəzarətindən azad olduqdan sonra daha mürəkkəb məsələ dayanır - qayda-qanun yaratmaq.
 

 
Cəmiyyət dəstəkləyir
 
Yeri gəlmişkən, Ukraynada azərbaycanlı qanuni oğrular çox deyil. Ötən il Lvov vilayətinin polis əməkdaşları kriminal aləmdə Dato Ağcabədinski kimi tanınan azərbaycanlı "qanuni oğru", 43 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Cəmil İntizar oğlunu Ukrayna ərazisindən çıxarıb. Onun ölkəyə girişinə 5 il müddətinə qadağa qoyulub. Ukrayna Milli Polisinin məlumatına görə, Dato Ağcabədinski Ukrayna ərazisinə qanunsuz daxil olub. Çünki iki ay bundan əvvəl o, Ukraynaya girişinə 3 il qadağa qoyulmaq şərti ilə ölkədən çıxarılıb. Son məlumatlara görə, 18 azərbaycanlı "qanuni oğru” da sanksiyaya məruz qalanlar siyahısındadır.

Yekun olaraq onu demək olar ki, ölkədə kriminogen vəziyyət o qədər ağırdır ki, nizamlanma prosesi uzun çəkə bilər. Bu sahədən əldə olunan gəlir milyardlarla dollarlarla ölçülür və qruplaşmalar ondan məhrum olmaq istəmir. "Qanuni oğrular”ın həbsi, prosesin nəzarət altına alınacağından xəbər vermir. Məsələn, təkcə bir Ukrayna koloniyası "qanuni oğru”lara yüz min dollardan artıq gəlir gətirir.

Ukraynalı ekspertlər hesab edir ki, illər uzunu ölkə "qanuni oğru”lar üçün cənnət olub. Postsovet məkanının heç bir ölkəsində buradakı kimi özlərini rahat hiss etməyiblər. Yalnız Ermənistan istisna olmaqla. Orada da yalnız özlərinkini qəbul edirlər. Bəziləri hesab edir ki, Zelenskinin hədəfi tək  "qanuni oğru”lar, avtoritetlər deyil, həm də oliqarxlardır. Belə bir fikir də var ki, "qanuni oğrular”ın Zelenskini hədəfə almaları inandırıcı görünmür. Yəni onlar heç bir zaman siyasi terrorizmlə məşğul olmayıblar. Bu səbəbdən də prezidentə hədələri xüsusi xidmət orqanlarının piar-aksiyası kimi də qəbul etmək olar. Vaxtilə Gürcüstanda belə bir söhbət var idi ki, "qanuni oğrular” Saakaşivlini öldürməklə hədələyirlər. Lakin əslində bütün bunlar söz-söhbətdən başqa bir şey deyildi. İstənilən halda, Zelenskinin bu addımı ciddi bir təşəbbüsdür və cəmiyyət tərəfindən də dəstəklənir.
 
Azər NURİYEV