“Qanuni oğrular” Paşinyana qarşı
Ermənistan
növbəti dəfə qarşıdurma meydanına çevrilə bilər. Sarkisyan-Köçəryan
klanı "qanuni oğru”ları Yerevana dəvət edib. Onları inandırmağa çalışırlar ki,
Nikol Paşinyan hakimiyyətini devirməklə nəinki Qarabağ torpaqlarını geri qaytaracaqlar,
eləcə də...
İkinci Qarabağ
Müharibəsi tək işğal altında olan torpaqların azad olunması ilə nəticələnmədi,
həm də bu torpaqlarda illər uzunu yaradılan terrorçu-cinayətkar, irimiqyaslı
beynəlxalq narkotrafikə də son qoymuş oldu. Dəfələrlə beynəlxalq və yerli
hesabatlarda bu ərazilər narkotik vasitələrin əkilib-becərildiyi münbit yer
kimi xarakterizə edilib. Bu səbəbdən də keçmiş "Qarabağ klanı” və Ermənistan
rəhbərliyi üçün uzun illər bu ərazilər əsas gəlir mənbəyi kimi götürülüb. Azərbaycan da 30 illik işğala son qoymaqla,
tək hərbi xuntanı deyil, onun havadarlarını da milyardlarla dollarlardan məhrum
etdi.
Köçəryan-Sarkisyan cütlüyünə
köməyə gəlirlər
Bəlli olduğu kimi,
illər uzunu Robert Köçəryan və Serj Sarkisyan rejimi bölgədə narkotik
plantasiyaları salaraq ərazidən gəlir mənbəyi kimi istifadə edib. Ermənistanda
2018-ci ildəki hakimiyyət dəyişikliyi klanın gəlirlərinə təsir etmədi. Paşinyan
hakimiyyəti, sadəcə onların öhdəsindən gələ bilmədi və ya gəlməyə cürəti
çatmadı. Yalnız 44 günlük müharibə və əldə olunan qələbə ilə onların bütün
planları alt-üst oldu. İndi əlləri hər yerdən üzülən "Qarabağ klanı”nın
nümayəndələri baş verənlərdə Nikol Paşinyan hökumətini günahlandırır, ona qarşı
yeni-yeni planlar, ssenarilər hazırlayırlar. Və özlərinə müttəfiq də tapmağa
müvəffəq olub. Bu dəfə onların üz tutduqları ünvan erməni "qanuni oğrular”ıdır. Onların nüfuzlu
nümayəndələrini İrəvana dəvət edir, müxtəlif plan və ssenarilər cızırlar.
Beləliklə, artıq demək olar ki,
Ermənistan hökuməti erməni kriminal dünyasının nüfuzlu üzvləri ilə
üz-üzə qalıb və bunun Nikol Paşinyan hakimiyyəti üçün hansı problemlərə səbəb
olacağını araşdırmağa çalışacağıq.
Niyə məhz "qanuni
oğru”lar?
Sirr deyil ki, erməni
cinayətkar şəbəkəsi beynəlxalq qruplaşmanın aktiv bir hissəsidir. Uzun illərdir
ki, Avropa, Rusiya və Qərbdə milyardlarla dollarlıq dövriyyəsi olub. Əvvəlki
rejimin əsas dayaqlarından biri də, məhz cinayətkar qruplaşmalar idi. İşğal
altında olan Azərbaycan torpaqlarında da narkotiklərin qanunsuz dövriyyəsi
onların köməyi ilə həyata keçirilirdi. Qarabağda narkotik trafiki Ermənistan
hakimiyyəti ilə yanaşı, kriminal aləmin də gəlir mənbələrindən biri olub. Qazanılan
pullar da bərabər qaydada bölüşdürülüb. Və indi Sarkisyan-Köçəryan klanı
onlarla əlaqə yaradaraq Yerevana dəvət edib. Onları inandırmağa çalışırlar ki,
Nikol Paşinyan hakimiyyətini devirməklə nəinki Qarabağ torpaqlarını geri qaytaracaqlar,
eləcə də, həmin ərazilərdə narkotik əkinini bərpa etməklə milyardlarla gəlir
qazanacaqlar. Lakin anlamırlar ki, onların arzularının üstündən ömürlük xətt
çəkilib. Hər hansı bir qüvvə həmin ərazilərin təkrar işğalına səbəb olmaz.
İrəvanda "razborka”nın qarşısı alınıb?
Lakin məsələ ondadır ki, Nikol Paşinyan hökuməti də
onların bu planını gözəl anlayır. "Qanuni oğru”ların İrəvana gəlməsini öz
kanalları vasitəsilə öyrənən hüquq-mühafizə orqanları bu istiqamətdə sərt
addımlar atıb. Erməni mediası yazır ki, İrəvan polisi onlara qarşı irimiqyaslı
əməliyyat aparıb. Adını da belə qoyub ki, polis "qanuni oğru”lar arasında
davanın qarşısını almaq üçün bu addımı atmalı olub. Məlumata görə, Sarkisyanın
qardaşına yaxın "Zapom” ilə mübahisəni araşdırmağa gələn şəxsilər həbs edilib.
39 yaşlı Vardkes İspiryan, Armençik Massivski kimi tanınan 37 yaşlı Armen
Arutyunyan və 35 yaşlı Artur Pokaryan (Ruj Arturik) həbs edilib. Saxlanılan
şəxslərdə "Makarov” tipli tapança aşkar edilib. Andranik Soqoyan (Zapom)
1968-ci ildə Gümrü şəhərində anadan olub və 1994-cü ildə "qanuni oğru” titulunu
götürüb. O, Rusiyanın cənubunda və Ukraynada fəaliyyət göstərib. Dəfələrlə Soçi
və Odessada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
2010-cu ildə o, Praqada erməni iş adamının qətlini təşkil etməkdə şübhəli
bilinərək saxlanılıb. Hazırda Çexiyanın tələbi ilə axtarışdadır. Bu yaxınlarda
bildirilib ki, Ermənistanda məhkəmə, kifayət qədər sübut olmadığına görə
Andranik Soqoyanın cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarıb. O,
Ermənistan Cinayət Məcəlləsinin 223.2-ci maddəsinin 2-ci hissəsi (cinayətkar
birlikdə iştirak) ilə ittiham olunub və bu maddə altı ildən on ilədək müddətə
azadlıqdan məhrumetməni nəzərdə tutur.
Paşinyan "qanuni
oğrular”ın "xaç atası” Serjiki zərərsizləşdirir?
Nikol Paşinyan "Serj-Robert” qruplaşmasının
planlarını önləmək üçün addımlar atmaq qərarına gəlib. Artıq Ermənistan
Korrupsiyaya Qarşı Mübarizə Komitəsində Serj Sarkisyana qarşı ittiham irəli
sürülüb. Qeyd olunub ki, məhkəmə, Serj Sarkisyana qarşı
qətimkan tədbiri kimi ölkədən çıxmamaq haqda qərar qəbul edib. Bundan öncə onun
vəkili Amram Makinyan bildirmişdi ki, Serj Sarkisyan təqsirləndirilən şəxs
qismində dindirilməyə çağırılıb. Bu isə onu deməyə əsas verir ki, "qanuni
oğrular”ı başsız qoymağa çalışılır.
Başqa bir sərt qərar isə Ermənistan Cinayət Məcəlləsinə edilən düzəlişlərdir.
Belə ki, artıq vətəndaşın cinayət məsuliyyətinə cəlb edilməsi üçün "qanuni
oğru” statusunun olması yetərlidir.
Görünən odur ki, tərəflər arasında gərginlik və nüfuz mübarizəsi hələ
uzun müddət davam edəcək. Nikol, hələ ki, onların öhdəsindən ustalıqla gəlir və
nəticədə də, rəqiblərini asanlıqla zərərsizləşdirməyə müvəffəq olur.
Azər NURİYEV