AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qanunçuluğun, ictimai asayişin keşiyində

Qanunçuluğun, ictimai asayişin keşiyində

Cəmiyyət
02 İyul 2020, 00:00 4827
Azərbaycan Polisi yaranmasının 102-ci ildönümünü qeyd edir

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. 
 


Bu dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb. 
 


Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurlu olub. Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Dövlət başçısı İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub, sabitlik gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrilib. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən 17 ildə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb. Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
 
 

Hazırki pandemiya dövründə də polis əməkdaşları gücləndirilimiş rejimdə fəaliyyət göstərməklə, öz üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Milli Məclisin deputatı Məzahir Əfəndiyev mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu gün 102 yaşını qeyd edən Azərbaycan polisi öz vəzifə borcunu şərəflə yerinə yetirir, ictimai asayişin, qanunçuluğun keşiyini çəkir. Onun sözlərinə görə, Azərbaycan polisi indiki çətin günlərdə də hər an insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyində dayanır: "Koronavirusla mübarizədə həkimlərimizlə yanaşı, polislərimiz də çox böyük fədakarlıq nümunəsi ortaya qoyur, bu prosesə mühüm töhfə verirlər. Bununla yanaşı, Azərbaycan polisi özünün humanizmindən də qalmır, ciddi ehtiyac duyanlara yardım əli uzadır. Bütün bunlar Azərbaycan polisinin öz dövlətinə, xalqına, Vətəninə bağlılığını nümayiş etdirməklə bərabər, ölkə vətəndaşlarının rəğbəti ilə qarşılanır. Prezident İlham Əliyev tərəfindən peşə bayramı ərəfəsində şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi hər bir polis əməkdaşının gərgin əməyinə verilən ali qiymətin əyani təsdiqidir. Bu peşə bayramı ərəfəsində də dövlətimizin başçısının sərəncamı ilə Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı ali xüsusi rütbələr və medallarla təltif edilib. Həmçinin cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə 22 nəfər "Vətən uğrunda”, 4 nəfər "İgidliyə görə” medalı ilə təltif olunub. Şübhə yoxdur ki, milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Prezident İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək”.
 
Rufik İSMAYILOV