QAN PULU
...Üç aydan
artıq olardı ki, İstanbula köçmüşdülər. Nüfuzlu bir tikinti şirkətinin dəvəti
ilə işləməyə gəlmişdi, O, özü də ev-eşik məsələsini həll etmədən, necə
deyərlər, itli-pişikli minib təyyarəyə enmişdilər Atatürk Hava Limanına. Ötən bu vaxt bəzi ölkələrdə yeni seçilən prezidentə
verilən sınaq dövrü sayılırdı. O da bu sınaqdan üzüağ çıxmışdı. Di gəl ki,
işlər sahmana düşməmişdi. Özü də tərs kimi məktəblər açılandan 2 ay sonra, yəni
qışın oğlan çağında gəlmişdilər dünyanın gözü İstanbula. Söhbət Təmkindən
gedir. Bu o, Təmkindir ki, ailənin gözünün ağı-qarası bircə oğul idi. Kənddə
böyümüş, 16 yaşından gəlib çıxmışdı Bakıya. Dalınca əsgərlik, sonra Qarabağ
savaşı, lap sonralar da Türkiyə. Qəribə də bu idi ki, dünyanın ondan artıq
ölkəsinin torpağını ayaqladığı halda, burdan-bura çoxlarının gəlib nahar edib
qayıtdığı İstanbula ilk dəfə 2015-ci ildə salam vermişdi. Bir tərəfdən iş, bir
tərəfdən də oğlanlarının məktəbə gedə bilməməsi, o biri tərəfdən arvadın
mısmırığı canını boğaza yığmışdı. Az qalırdı, ana-balanı yığıb gəldikləri kimi
də geri göndərsin. Elə bu arada şirkətdə çalışdığı təzə tanışlarından biri
köməyinə çatdı. İllik viza alana qədər oğlu Fərid, Kamal və Nazimin dövlət
məktəbinə getməsi üçün bir məktəb direktorunu razı salmışdılar. Təmkin bu şad
xəbərlə birlikdə evə o qədər tələsik girdi ki, az qala qapının astanasında
üzüquylu yerə yıxılacaqdı. Elə havadan asılı olduğu məqamda da ağlına gəldi ki,
ölsə bir problem, yıxılıb yarımcan olsa başqa dərd yaşayacaqdılar. Məktəb məsələsinin
xəbəri arvadın mısmırığını az da olsa düzəltdi. Təmkin də fürsəti əldən
vermədi:
– Di,
toparlanın, Boğaza gedirik. Üç gün sonra məktəbə gedəcəklər, gərək gecə-gündüz
oxuyalar ki, boş buraxdıqları vaxtın əvəzi çıxsın.
...Bu Təmkin
dediyimiz hündür, təxminən 35-dən yuxarı yaşlı sarışın kişiydi. Hamı ilə dil
tapa bilirdi. Di gəl ki, tələskən və çılğının biri idi. Uşaqlıqdan dədəsi onu
kənddə nə kinoya buraxardı, nə də
futbola-filana. Ona görə də bir müddət kənddə "mamabalası” deyərdilər ona. Özü
də bu ləqəbi kim yapışdırmışdısa mama və bala sözlərini elə ardıcıl tələffüz
eləmişdi ki, daha onları heç kim bir-birindən ayırmaq fikrinə düşməmişdi. Zaman
keçdi, ata-anası dünyadan köçdü. Yavaş-yavaş Təmkin kəndi unutdu, kənddəkilər
də onu yaddan çıxardı. İndi daha heç kim ona "mamabalası” demirdi. İşgüzar və
qoçaq, həm də tərbiyəli idi. Yeniyetməlikdə olduğu kimi, gəncliyində də
kinodan-teatrdan uzaq gəzirdi. Bu mühafizəkarlıq qanına elə hopmuşdu ki,
yavaş-yavaş ailəsini də öz gününə salmışdı. Nə ora-bura çox gedərdilər, nə də
çox gəlib-gedənləri olardı. Hara da getdilər, iki-üç saata qalxıb
sağollaşardılar. Bir sözlə yaşlandıqca xasiyyəti adına daha uyğunlaşırdı. Ona
görə də birdən-birə Təmkinin ailə-uşağı Boğaz mənzərəsini seyr etməyə aparması
təklifi evdə elə bir uğultu yaratdı ki, oğlanların səsi zəlzələdən əvvəl şahə
qalxan kəhər atın kişnərtisi kimi evin döşəmə və tavanında belə hiss olundu. Nə
biləydilər ki, əsl zəlzələ bir-iki saatdan sonra özü də dalbadala başlarının
üstünü alacaq.
Evdən çıxanda
kirayə qaldıqları evin sahibi – aşağıdakı qonşuları ilə rastlaşdılar. Azdanışan
olsa da bu qadın çox diqqətcil və qayğıkeş idi. Gəldikləri gündən qapanıb evdə
qalan bu ailənin gəzməyə çıxdığını görüb bir az sevinən kimi oldu və asta bir
səslə "Şəmsiyə götürün, yağmur olacaq”, – dedi. Təmkin evə gələndə hava çox
açıq idi. Odur ki, bir az ürəkli:
– Abla, hava çox
açıqdı, yağmaz, inşallah!
Qadın yenə də
asta səslə dilləndi:
– İstanbulun
havasına, qarısına, parasına!
Oğlanların
pilləkənləri silkələyən ayaq tappıltısı qadının səsini eşitməz etdi və onsuz da
o, sözünü deyib qapını içəridən örtmüşdü. Təmkin nəzərdə tutmuşdu ki, metro ilə
Eminönünə gedib oradan ayaqla körpünün altındakı balıq restoranlarının birinə
girsinlər. Sonra fikirləşdi ki, "ayda-ildə bir namaz, onu da şeytan qoymaz”. Bu
həvəslə gəzməyə çıxartdığı uşaqları bir saat da yerin yeddinci qatında
relslərin üstü ilə yırğalamasın. Elə xidməti maşınla getsələr yaxşıdır. Maşına
təzəcə çatmışdılar ki, bu vaxt telefonuna zəng gəldi. İş yoldaşıydı. Şirkətin
maşınlarından biri qəza törətmişdi. Şükür ki, ölüm-itim olmamışdı. Ondan maşını
istəyirdilər. Sürücünü hadisə yerinə göndərib aşağı küçədəki taksi dayanacağına
getdilər. Böyük oğlunu qabaqda oturdub özləri birtəhər arxada yer-yurd oldular.
"Eminönünə”, – deyib ünvanı söyləyəndə sürücü ədalı bir görkəmdə əllərini
sükana çırpdı:
– Çox
trafikdi!
Amma daha yola
çıxmışdılar. Metro ilə 25 dəqiqəyə gedə biləcəkləri yolu iki saatdan da artıq
zaman itirmişdilər. Hövsələlər daralmış, iştahaları da küsmüşdü. Arvadın da mısmırığı
qısa fasilədən sonra elə özünün həmişəki yerində bənd alıb dayanırdı. Taksi
Eminönünə metronun sirkəçi stansiyası səmti
tərəfdən girmişdi. Nəyə görə isə polis yolu bağlamışdı. Metronun qarşısında
düşdülər. Təmkin cibindən çıxardığı bir ədəd yüzlük lirəni sürücüyə uzatmağı
ilə sürücünün qıyya vurub bağırmağı bir oldu:
– Bana saxta
para veriyorsun? Dolandırıcı... şimdi polisə gideceyik.
Təmkin sakit bir
görkəmdə əlini uzadıb pulları geri çəkdi və onların saxta olduğuna dərhal əmin
oldu. Əlini atıb cibindən başqa pul çıxardı. Onlar da saxta idilər. Belə işmi
olardı? Yaxşı ki, xanımının kisəsində bir neçə ədəd əllilik dollar və lirə
vardı. Onları ərinə uzatdı. Təmkin də əlliliklərdən ikisini sürücüyə uzatdı:
"Kusura baxma daha yox”, elə birbaşa dalbadal: "Üzr diləyirəm” – deyib pulunun
qalanını da istəmədi ki, polisə ilişməsin. Pulları ona yolüstü dollar dəyişəndə
sırımışdılar. Özü də çox məharətlə. Sürücünün gözündə dələduz görünsə də
dələduzların güdazına keçmişdi. Bu bəladan təzəcə qurtarmışdılar ki, açıq
səmanı qəflətən qara buludlar aldı. Havaya elə bir qaranlıq gəldi ki, sanki sıx
meşədə illərdən bəri budanmayan qocaman ceviz ağacının altında nəfəs almağa
hava axtarırdın.
Qəflətən yağış
tökdü. Yaxınlıqdakı bütün dükanlar qapılar çəkib içəridən kilidlədilər ki,
yağışdan daldalanmaq istəyən yoldan keçənlər içəri soxulmasınlar. Beş dəqiqənin
içində islanıb lilli suya düşən cücəyə oxşadılar. Yaxşı ki, lap yaxınlıqda
paltar dükanı vardı. Təmkin arvadın ilişən vallar kimi dəqiqə başı "gəlin
qayıdaq evə, gəlin qayıdaq evə”, kəlməsinə məhəl qoymayıb hamını çəkdi bu
dükana. İstanbula gələndən ilk paltar bazarlıqları pis olmadı. Elə arvadı da
iki cüt çit oyma alıb mısmırığını açmışdı bir
az. İslanmış paltarlarını torbalara doldurub çıxdılar küçəyə. Hava açılmış,
yağış da kəsmişdi. Kirayəçi arvadın dediyi, para və hava öz gücünü göstərmişdi,
indi qalırdı qarı. Arvadın mısmırığının açılması Təmkini lap açmışdı. Amma o
üçüncü qarı məsələsi heç qulağından çəkilib getmirdi ki, getmirdi. Ürəyində
özünə təskinlik verirdi ki, arvad-uşağı yanında, kimin bunlarla işi ola bilər
axı? Özü də şükür Allaha ki, heç bir həlləm-qəlləm işi yox idi ki, kimdənsə
qorxub çəkinə. Arzu etmədiyi kimsə qəfildən qarşılarına çıxa. Bu minvalla gəlib
çatdılar körpünün altındakı sıralama balıq restoranlarının qarşısında uzanan
açıq dəhlizə. Boğazın havası, balığın iyi hamısının iştahasını açmışdı.
Əyinlərindəki təzə paltarlar da keflərini lap kökəltmişdi. Beləcə, körpünün tən
ortasındakı "Bay balıq” da özlərinə yer tutdular.
Oturan kimi
ortancıl oğlu Fərid özü ilə gətirdiyi bayrağı çıxarıb masanın üstünə qoydu.
Zehinləri lap açıldı. Onlardan başqa, masa üstünə bayraq qoyan yox idi.
Sifarişlər verildi. Səbirsizliklə yeməyi gözləyirdilər. Heç kimdən səs
çıxmırdı. Hamı mədəsi ilə təkbətək qalmışdı. Bütün gözlər restoranın o biri
başından yaydan çıxan ox kimi əllərinə götürdükləri yeməyi masalara daşıyan
ofisiantlara dikilmişdi ki, görsünlər, nə vaxt onlara tərəf gələn olacaq. Elə
bu vaxt bir nəfər dəhlizdən keçib düz onların masasına tərəf addımlamağa
başladı. Bu, ofisiant deyildi. zəbərdəst,
özündən razı görkəmdə biri, yırğalana-yırğalana ildırım sürəti ilə onlara tərəf
gəlirdi, özü də söyə-söyə. Əlində də bükülü vəziyyətdə olan qırmızı qulplu
düymə ilə açılıb-bağlanan bıçaq vardı.
Təmkingilin
masasının arxasında dörd nəfər oturmuşdu. Avropalı olduqları həm
görkəmlərindən, həm də danışıqlarından bəlliydi. Sağda bir zənci ailə
əyləşmişdi. Soldakılar, deyəsən, ərəbə oxşayırdılar. Əlqərəz, diqqətlə qulaq
asıb ətrafdakıları dinləyə bilsən, bütün dillərdə söz eşidərdin. Amma bu
söyüşkən niyə isə elə onların masasına tərəf cumurdu. Özü də söyməyi bir tərəfə
dursun, səsini eşitməsən belə əl-qol işarələrindən də söydüyü bəlliydi. Söyən
dəhlizin açıq yerinin axırına çatanda yuxarıdan böyük bir kölgə onun bütün
vücudunu qaraltdı. Təmkinin təmkini pozuldu, deyəsən. Bu vaxta qədər onun
ailəsində söyüş yox, heç bir-birilərinə səs də ucaltmamışdılar. Təkcə "mısmırıq”
məsələsi idi ki, o da heç – adətkərdə olmuşdular, onların evinin bəzəyi idi.
"Mısmırıq”sız darıxdığı vaxtlar da olmuşdu.
Təmkin kənddə
tərbiyə almış, şəhərdə püxtələşmişdi. Uşaq vaxtı yıxılıb əlinin, dizinin
çapığındakı sızıltıdan dızıldayanda "kişi ağlamaz”, məhəllədə və yaxud məktəbdə
uşaqlar arasında çox vaxt söyüş üstündə dava düşəndə "kişi söyüş söyməz”
kəlməsini çox eşitmiş, demək olar ki, bunları qulaqlarına "sırğa” eləmişdi.
Əsgərlikdə də, eynilə beləydi: bəzən bir kəlmə söyüşə görə 20-30 nəfər
bir-birinin ətini didmişdi. Həmişə də söyən günahkar olmuşdu.
Təmkin sərt bir
hərəkətlə ayağa qalxanda xanımının çöhrəsi dəyişdi, qorxu və təlaş bütün
vücuduna hakim kəsildi. Az qaldı özünü Təmkinin ayaqlarına atsın ki: "İşin
yoxdur bu tərbiyəsizlə, heç balıq da istəmirik, təki sağ-salamat,
xatasız-bəlasız çıxıb gedək buradan”. Artıq iş-işdən keçmişdi. Təmkin masadan
çoxdan aralanmışdı. Ətrafdakı ağ, qara, boz, qonur dərili nə qədər adam
vardısa, nəzərlərini Təmkinin getdiyi yola dikmişdilər. Söyüş söyə-söyə irəli
şığıyan yaddan çıxmışdı, indi bütün diqqətlər Təmkindəydi desək, daha düzgün
olar. Bir anlığa restoranda bütün həyat dondu. Kassir pul saymağından, ofisiant
yemək daşımağından, iri qara tavada balıq qızardan kababçı balıqları
çevirməyindən, masaları təmizləyən islaq əskiləri tələm-tələsik çəkməyindən əl
saxlayıb baş verəcək hadisəni izləməyə başladılar. Bir anlığa yarıçiy,
yarıbişmiş balıq tikələrini həvəslə çeynəyən çənələrin hərəkəti dayandı. Təkcə
gözlər öz işində idi. Elə bil ki, ətrafdakıların hamısının başqa orqanları
fəaliyyətlərini dondurub güclərini gözlərinə vermişdi. Hamını nəticə
maraqlandırırdı.
...Təmkinlə
söyə-söyə irəli şığıyan "cəngavər” qarşılaşanda hamının gözlədiyi hadisə baş
vermədi. Təmkin nə onu vurdu, nə vuruldu, nə də ki, itələyib dəhlizə tərəf
aparmadı. Qulağına nə isə dedi. Elə bil qurbağa gölünə daş atdılar. Sehrli bir
vəziyyət yaranmışdı. Daha söyüş eşidilmirdi. Təmkin "cəngavər”in qoluna girib
kənardakı boş masaya apardı. Bir azdan nə isə danışırdılar. Deyəsən, dava baş
tutmadığı üçün onların nə danışdıqları heç kimə maraqlı deyildi. Bir az
keçəndən sonra Təmkin "cəngavər”i yola salıb ailəsinin yanına qayıtdı.
Arvadının mısmırığı yernən gedirdi. Elə bil ki, bayaq Təmkin yerindən qalxıb
hücum vəziyyətini alanda qorxan bu deyildi. Bayaqdan bəri bir neçə dəfə "sən
ona niyə pul verdin”, – deməyinin nəhayət, qısa bir cavabı oldu:
– Mən ona qan
pulu verdim.
Arvad təəccüblə:
– Saxtaları
verdin?
– Yox, səndə!
Məndən elə iş gözləyirssən? Bu kişilikdən deyil, gedib
polisə-zada ilişər. Evdə yandıracağam onları.
Təmkindən başqa
hamı qarnını doyurmuşdu. "Cəngavər”in hücumu ərəfəsində də, dəf olub getdiyi
anda da ətrafda olanlardan heç kim gözə dəymirdi. Yeni müştərilər gəlmişdi.
İşçilərdən başqa bütün sifətlər təzə idi. İşçilər də ki öz lirələrini
qazanmağın hayındaydılar. Axır ki, getmək zamanı gəldi. İstanbulun "parasına,
havasına, qarısına” atalar məsələsi onların birgünlük gəzintisində tam olmasa
da, özünü göstərmişdi. Təmkin bu məsəlin bir neçə dəqiqə sonra elə tam olaraq
doğrulacağını ağlına da gətirə bilməzi. Qulağı səksəkədə idi ki, elə indilərdə
nə isə bir şey yenə baş verəcək. Verdi də... Qərara gəlmişdi ki, evə metro ilə
qayıtsınlar. Körpüdən təzəcə aralanmışdılar ki, bir də gördülər camaat yığılıb.
Təmkin "Burada gözləyin.” – deyib toplaşanlara yaxınlaşdı. Polislər qətlə
yetirilmiş adamı ortadan götürməyə çalışırdılar. Təmkin onun bayaqkı söyüş
söyən "cəngavər” olduğunu görüb heyrətə gəldi.
...Təmkin bu
qanlı və həyat dərsi olan hadisənin təsirindən donub qalmışdı. Geri dönmək
istəyirdi ki, xanımı və oğlanlarının da qanlı səhnəyə tamaşa etdiklərini gördü.
Yoldaşı dayanmadan gözlərini qırpırdı. Onun həyəcan dolu baxışlarında həm qorxu
vardı, həm də böyük bir bəladan xilas olmaq sevinci. Həm də onun öldürülməsinə
yox, kişi paltarı geyinən qadın olduğuna heyrətlənmişdilər. Polislərdən biri
onun cibindən çıxardığı açılıb-bağlanan bıçağı açmaq istəyəndə məlum oldu ki,
heç bıçağın dili də yoxdu.
Sabir Şahtaxtı