• şənbə, 11 May, 06:36
  • Baku Bakı 12°C

Qalibi olmayan seçki

04.06.21 17:30 1070
Qalibi olmayan seçki
Onillik problem və həmin Əsəd, bəs sonra?
Suriya xalqı 10 il bundan əvvəl demokratiya tələbi ilə küçəyə çıxanda ümidli idi ki, avtoritar rejimi devirib yerində sivil bir ölkə quracaq. Lakin sən saydığını say, gör qlobal güclər nə sayır. Vətəndaş müharibəsi 2011-ci ilin yazında, praktiki olaraq bütün ərəb dünyasını etrazlar dalğası bürüdüyü zaman başlayıb. "Ərəb baharı” Misir, Tunis, Yəməndə inqilablar, Liviyada vətəndaş müharibəsi, bir sıra dövlətlərdə kütləvi etiraz aksiyaları ilə nəticələnib. Konkret olaraq on il ərzində suriyalıların "qazancı” sonu görünməyən müharibə, dağılmış ölkə və əvvəlki avtoritar liderin idarəçiliyinin qalmasıdır. 2011-ci il martın 15-də suriyalıların Bəşər Əsəd hökumətinə qarşı etirazları ilə başlayan münaqişə, 500 mindən çox insanın həyatını itirməsi və milyonların məcburi köçkün olması ilə nəticələnib. Ölkə əhalisinin 55 faizi, yaxud 22 milyon nəfər öz evlərini tərk edib, onların 5,6 milyonu qonşu ölkələrdə və Avropada qaçqın kimi yaşayır. Qaçqın suriyalıların 93 faizi qonşu Türkiyə, Livan, İordaniyada sığınacaq tapıb. 10 il əvvəl etirazlar o dövr üçün adi olan səbəblərdən start götürdü – siyasi məhbusları azad etmək, 1963-cü ildən davam edən fövqəladə vəziyyətin ləğvi, iqtisadi, siyasi və fərdi azadlıqların bərpası, korrupsiyanın aradan qaldırılması və s. Kütləvi çıxışlara səbəb, yeniyetmələrin saxlanılması oldu: onlar Deraa şəhərinin divarlarında, evlər qarşısında antihökumət qraffitləri çəkirdilər. Polis idarəsində onlara qarşı sərt davranıb, ağır işgəncələr verilməsi faktı sosial şəbəkədə ildırım sürəti ilə yayıldı. Bunu eşidən yaxınları və dostları uşaqların azad edilməsi tələbi ilə polis idarəsi qarşısında toplaşdılar. Əvəzində də polis onlara atəş açdı. Bir neçə nəfərin öldürülməsi kütləvi etirazlar və nümayişlərə səbəb oldu, aksiyalar digər şəhərləri də bürüdü. Sosial şəbəkələrdə etirazlara çağırışlar effektiv oldu. Minlərlə insan küçələrə çıxdı, polisin onları gülləboran etməsi ilə ölkədə vətəndaş müharibəsi start götürdü. Əsas səbəb həm də o idi ki, Bəşər Əsəd rejimi bütün sivil, dünyəvi siyasi təşəbbüsləri beşikdəcə boğurdu. Əsəd ailəsi BƏƏS partiyası üzərində hekayə qururdu, dini radikallığın qarşısını etnik, sekulyar millətçiliklə almağa çalışırdı. Ən acınacaqlısı odur ki, üstündən iki il keçəndən sonra suriyalılar ayılıb gördülər ki, artıq Suriya müharibəsi daxili münaqişə deyil, inkişaf edərək digər dövlətlərin maraqlarına toxunmağa başlayıb. Özü də təkcə Suriyaya qonşu dövlətlərin yox. Münaqişənin mümkün nəticələri artıq regiondan min km-lərlə uzaqda olanları da əhatə edir və getdikcə də, daha çox oyunçunu özünə cəlb edir.
Əsəd növbəti prezidentdir - bəs sonra?
Belə bir vəziyyətdə bir neçə gün əvvəl Bəşər Əsəd növbəti dəfə Suriya prezidenti kürsüsünü qoruyub saxlamağa müvəffəq oldu. Bəşər Əsədə görünməmiş həddə - seçicilərin 95 faizi səs verdi. Seçicilərin iştirak faizi 14 milyonluq ölkədə 75 faiz təşkil etdi. Suriya parlamentinin sədri Hammud Sabaq bildirib ki, seçki prosesi normal və pozuntusuz başa çatıb. 2000-ci ildən prezident kürsüsündə əyləşən Əsədə 2014-cü ildə vətəndaşların 88 faizi səs vermişdi. O zaman Əsəd Aralıq dənizi boyu ərazilərə nəzarət edirdi. Ona qarşı silahlı müxalifət və fəaliyyəti bir sıra ölkələrdə qadağan edilən "Ən-Nüsrə” və "İslam Dövləti” kimi terror qruplaşmaları çıxırdı. İndi isə vəziyyət dəyişib və ona ölkə ərazisinin üçdə ikisi tabedir. Dəməşqə, üsyançı vilayətlərin tabe etdirilməsi Rusiya silahlı qüvvələri və İranın hərbi-iqtisadi dəstəyi ilə mümkün oldu. Yeganə problemli nöqtələr "Ən Nüsrə” qruplaşması üzvlərinin qaldığı İdlib və Fərat çayının arxa torpaqlarıdır. Burada isə Pentaqonun dəstək verdiyi və PKK terror təşkilatının bir qolu hesab edilən YPG silahlı birləşmələri yerləşib.
Əsəd hakimiyyətdə qalmağa müvəffəq olacaqmı və növbəti yeddi ildə qarşıya qoyulan hədəflərə çata biləcəkmi? Fikirlər ən müxtəlifdir. Lakin ən əsas olan odur ki, Suriya xalqı bu seçimi edib. Və seçkilərin nəticələrinə etiraz etmədi. On il bundan əvvəl olduğu kimi, küçələrə çıxmadı. Digər dövlətlər də bu seçimlə razılaşmalı olacaq. Növbəti yeddi ildə proseslər Birləşmiş Ştatların yeni administrasiyasının bu ölkə ilə bağlı siyasətini necə quracağından asılı olacaq. Suriya Ərəb Respublikasında on ildir davam edən vətəndaş müharibəsi, bu münaqişə ilə bağlı mövqelərin haçalanmasına səbəb oldu. Başda ABŞ və Qərb ölkələri Bəşər Əsədin getməsində israrlı olsalar da, Rusiya və İran rejimin saxlanması üçün hərtərəfli yardım göstərdilər. Bu səbəbdən də Əsədin hakimiyyətdə qalmasına nail oldular. Udan tərəf bəlli olmasa da, uduzan bir tərəf var, o da Suriya xalqıdır. Görünən odur ki, Əsədin seçilməsi ilə problem həllini tapmayacaq.
Müşahidəçilərin qənaətincə, Bəşər Əsədin qələbəsi gözlənilən idi və hər hansı bir qeyri-adi sürpriz gözləmək düz deyildi. Sadəcə Əsədin yenidən Suriyaya rəhbərlik edəcəyini rəsmiləşdirmək gərək idi. Dövlət sistemi əvvəlki seçkilərlə müqayisədə heç bir dəyişikliyə səbəb olmadı. Mahiyyət etibarilə Əsəd alternativ olmayan lider idi, rəqibləri də ciddi və tanınmış deyildi. Bu seçkilər BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə zidd idi. Orada göstərilirdi ki, ilk növbədə icra strukturunun yeni inklüziv orqanı yaradılmalıdır. Bu orqan da yeni qanunlara müvafiq olaraq konstitusiya islahatı keçirməlidir. Bunların isə heç biri həyata keçirilmədi. Bəs Əsədin qələbəsinin səbəbi nədir? Çoxları hesab edir ki, bunun səbəbi onun siyasi nailiyyətlərindədir. Nə qədər tənqid etsələr də, böyük əksəriyyət ona dəstək verməkdədir. 10 illik müddət ərzində onun reytinqi yüksək olaraq qalır. Əsəd sübut etdi ki, ölkənin əsas lideridir, ən ciddi çağırışlar qarşılığında ölkən idarə etmək iqtidarındadır. Rusiya kimi müttəfiqləri cəlb etməklə hakimiyyətini qorumağa müvəffəq oldu.
Legitimlik və Əsədin gələcəyi
Qərbdə isə seçkilərin legitimliyinə şübhə ilə yanaşırlar. Əsas arqument də odur ki, milyonlarla suriyalı qaçqın seçkilərdə səs verə bilmədi. İlk reaksiya isə sərt olub. "Seçkilərə, köçkünlər, qaçqınlar, bütün suriyalılar təhlükəsiz və bitərəf mühitdə, azad və ədalətli siyasi rəqabətdə iştirak edəcəyi təqdirdə etibar edilə bilər”. Bunu Avropa İttifaqının baş diplomatı Jozep Borrell deyib. O, Suriyada keçirilən seçkilərin heç bir demokratik qaydaya cavab vermədiyini, ölkədəki problemin həllini təmin etməyəcəyini və həll yolundakı səyləri zəiflətdiyini bildirib: "Bu seçki Suriya rejimi ilə beynəlxalq normallaşmanı təmin edə bilməz”.
Hesab edirlər ki, Əsəd növbəti 7 il müddətinə hakimiyyətdə qala biləcək. Seçkilərdə suriyalıların yarısı ancaq iştirak edə bilərdi. Suriyalı qaçqınlar, hakimiyyət orqanlarının bəyanatlarına baxmayaraq seçkilərdə iştirak etmək hüququndan məhrum idilər. Onlar, istəsəydilər də, səs vermələri mümkün olmazdı. Şərqşünas Andrey Ontikov hesab edir ki, Bəşər Əsədin istefası üçün zəmin yoxdur: "Əsədin hakimiyyəti əlində saxlaya bilməyəcəyinə dair heç bir əlamət yoxdur. Gedərsə, bu, Qərb ölkələrinin güclü hərbi təzyiqinin nəticəsində mümkün olacaq. Lakin Rusiya qoşunlarının ölkədə olacağı təqdirdə, bu, mümkünsüz görünür". Şərqşünas qeyd edib ki, yaxın yeddi ildə Əsədin əsas vəzifəsi xarici qoşunların mövcudluğu problemini həll etmək olacaq. "Əsəd, ilk növbədə xarici qoşunların və nəzarətsiz ərazilərin mövcudluğu məsələsini həll etməlidir. BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində göstərildiyi kimi, bütün ərazilərinin Suriya hakimiyyətinin nəzarətinə qaytarılması üçün şərait yaradılmalıdır. Hər şeydən əvvəl İdlib əyalətini nəzərdə tuturam. Digər bir əsas vəzifə də Fəratın şərqindəki problemlərin həllidir. Amerikalıların hələ də mövcud olduğu və federal bölgə adlanan ərazilərdən söhbət gedir. Kürdlər burada ilk skripka rolunu oynayırlar. Beləliklə, Əsəd qələbəsini qeyd edəcək, amma yenə də həlli vacib çox işlər görməli olacaq" - deyə Ontikov bildirib. Əlavə edib ki, Moskva, kürdləri Dəməşqlə dialoqa getməyə təşviq etməlidir. Rusiya Əsədlə kürd yaraqlıları arasında əlaqə yaratmaq üçün dəfələrlə səy göstərib. Ancaq sonuncular ABŞ-la yaxınlaşmağı üstün tutdu. Türkiyə YPG-yə qarşı iki hərbi əməliyyat keçirərək Afrindən ("Zeytun budağı”, yanvar 2018) və Türkiyə-Suriya sərhədi boyunca Fərat çayı üzərindəki 120 kilometrlik bölgədən sıxışdırdı ("Sülh baharı”, oktyabr-noyabr 2019). İkinci əməliyyat Kremlin vasitəçiliyi sayəsində dayandırıldı. 22 oktyabr 2019-cu il tarixində Rusiya və Türkiyə YPG qüvvələrini cənuba çəkmək və Türkiyə-Suriya sərhədini ortaq şəkildə patrul etmək barədə razılığa gəldilər.
Aİ ölkələri və ABŞ isə səsvermənin nəticələrini gözləmədən mövqelərini təsdiqlədilər. 26 mayda ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın xarici işlər nazirləri prezident seçkilərini pislədilər. Beş NATO ölkəsindən ortaq şərh gəldi. . Əsədin legitimliyi əksər ərəb dövlətləri, Türkiyə və bir sıra digər ölkələr tərəfindən tanınmır. Suriya Prezidentini Rusiya, İran və Çin dəstəkləyir.
Nəticə
Beləliklə, bu irimiqyaslı münaqişənin hazırkı qalibi, məğlubu kimdir? Üstündən 10 il keçməsinə baxmayaraq, hələ də onun həlli mümkünsüz görünür. İran və ABŞ arasında münasibətlərin necə olacağı münaqişənin həllində əhəmiyyətli rol oynaya bilər. Münaqişə konservləşdirilmə formasında uzun illər davam gətirə bilər. Perspektiv çox qarışıqdır, iqtisadi vəziyyət hələ də pisdir. Beynəlxalq səviyyədə, çətin ki, nə isə dəyişsin, yalnız beynəlxalq güclər nəsə etmək iqtidarındadır. Qərbin sanksiyaları, siyasi islahatlar olmadan Suriyanın bərpasını mümkünsüz edir. Əsəd isə könüllü gedənə oxşamır, əksinə mövqeyini gücləndirməkdədir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər