• çərşənbə, 24 Aprel, 02:09
  • Baku Bakı 14°C

“Qala divarının heç bir daşına ziyan vurmaq olmaz” - Fotolar

29.04.19 21:03 1510
“Qala divarının heç bir daşına ziyan vurmaq olmaz” - Fotolar
Ölkənin Birinci-vitse-prezidenti Mehriban xanım Əliyeva elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Ölkəmizdə maddi və qeyri-maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və sair elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Mehriban xanımın əməyi böyükdür. Məhz onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.

Mehriban Əliyevanın dünya mədəniyyətinə, o cümlədən Azərbaycan mədəni irsinin yaşadılmasına, qorunub saxlanmasına, gələcək nəsillərə çatdırılmasına həssas münasibəti indi də özünü göstərməkdədir. Belə ki, ötən həftə bəzi dairələr Azərbaycan əleyhinə kampaniya aparmaq üçün Bakının ən dəyərli incisi - "İçərişəhər” tarixi-memarlıq qoruğu barədə sosial şəbəkələrdə, xaricdən maliyyələşən onlayn mediada həqiqətlə uzlaşmayan məlumatlar yaymışdılar. Dezinformasiya xarakterli həmin məlumatlarda iddia edilirdi ki, 2000-ci ilin dekabrında YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmiş İçərişəhərin qala divarları dağıdılır, onun yerində isə iaşə obyektləri inşa edilir.
Həmin "xəbərlər” internetdə yayıldıqdan bir müddət sonra Birinci vitse-prezident Mehriban Əliyeva "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna baş çəkib, orada görülən işlərlə yerindəcə tanış olub. Bununla bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçərişəhərin qorunması diqqət mərkəzindədir.

Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərin doğma Bakımızın ürəyi olduğunu söyləyib. Bildirib ki, İçərişəhər çox dəyərli tarixi və mədəni abidədir: "Mənim yadımdadır, xatırlayıram, bir zamanlar İçərişəhər UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı. Sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı. Mənim yadımdadır, Novruz bayramında cənab Prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə ünsiyyətdə olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə, mən əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq”.

Mehriban xanım Əliyeva sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalan, böhtan, qarayaxma kampaniyaları və onları aparan insanlara da diqqət çəkib. Deyib ki, hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Birinci vitse-prezident əminliklə vurğulayıb ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Mehriban xanım İçərişəhərin gözəlliyini, bizim sərvətimiz olduğunu diqqətə çatdıraraq, bundan sonra da onun qorunub saxlanılacağını, gələcək nəsillərə eyni şəkildə təhvil veriləcəyini vurğulayıb: "Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən bu gün şəxsən bura gəldim. Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib. Burada yeni aşkar olunmuş tarixi abidəmiz – hamam bərpa olunur. Onu da qeyd etmək istəyirəm ki, son illər İçərişəhərdə Qala divarı üzərində aparılan bütün bərpa işlərinə bu sahədə ən aparıcı ekspertlər də cəlb olunub”.

İnternetdə İçərişəhərlə bağlı aparılan böhtan kampaniyasına ölkə vətəndaşlarının reaksiyası, Birinci vitse-prezidentin qoruq ərazisinə baş çəkməsi, orada aparılan işlərlə tanış olması, yerli sakinlərlə ünsiyyətdə olması İçərişəhərin Azərbaycan xalqı üçün doğma və əziz yer olduğunu, xalqımızın milli sərvətinin qədimiliyinin qorunmasına daim diqqət və qayğı ilə yanaşıldığını bir daha nümayiş etdirib.

Millət vəkili Rauf Əliyev hesab edir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ona həvalə olunmuş bütün vəzifələri uğurla həyata keçirir. Deputatın fikrincə, fəaliyyət dairəsinə aid olan bütün sahələr daima Mehriban xanımın diqqət və qayğısı ilə əhatə olunub: "Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan, Şirvan-Abşeron memarlıq məktəbinin ən məşhur nümunəsi kimi UNESKO-nun Dünya İrs Siyahısına daxil olan İçərişəhərin qorunması daim Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Aprelin 26-da Birinci vitse-prezidentin İçərişəhərə gəlməsi, orada aparılan işlərlə yerindəcə şəxsən tanış olması, sakinlərlə görüşüb söhbət etməsi buna əyani misaldır. Bununla yanaşı, həmin gün Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin yataqxanasında və Qaradağ rayonunda salınmış "Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə də görüşdü. Bu, bir daha göstərdi ki, Birinci vitse-prezidentin diqqət və nəzarətində olan ən vacib məsələlərdən biri də köçkünlərin və qaçqınların yaşayış şəraitlərinin yaxşılaşdırılmasıdır. Bundan başqa, ölkəmizdə uşaq müəssisələrinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərə də Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramının təqdimatı keçirilib və həmin vaxtdan Fond tərəfindən ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni müasir uşaq bağçalarının inşası sahəsində böyük işlər görülüb və görülməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinin mühüm istiqamətlərindən biri də sosial müdafiəyə ehtiyacı olan ailələrin, birinci növbədə şəhid ailələrinin, müharibə əlillərinin sosial vəziyyətlərinin daima diqqətdə saxlanılmasıdır. Bütün bunlar göstərir ki, Mehriban xanım Birinci vitse-prezident kimi ona həvalə olunmuş bütün vəzifələri uğurla həyata keçirir. Onun elm, təhsil, mədəniyyət, idman, əhalinin aztəminatlı hissəsinin problemlərinin və digər sosial məsələlərin həllinə diqqət və qayğı göstərməsi, bu sahələri daima nəzarətdə saxlaması cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir”.

Milli Məclisin deputatı Naqif Həmzəyev də bildirib ki, Azərbaycanın çiçəklənməsində, beynəlxalq miqyasda daha yüksək imiclə tanınmasında, ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında ölkə Prezidenti İlham Əliyevlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Millət vəkili deyib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli genefondun qorunmasına, təmiz, saf hisslərin şüurlarda məskən salmasına, ölkənin tərəqqisinə, xalqın problemlərinin həllinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına xidmət edir: "Mehriban xanım Əliyeva öz nəcib əməlləri, həssas ürəyi, ülviyyəti, yüksək mədəniyyəti, ziyalılığı, insanpərvərliyi ilə milyonlarla insanın ürəyinə yol tapıb, xalqın sevimlisinə çevrilib. Bütün fəaliyyətini xeyirxah işlərə, elmin, mədəniyyətin, təhsilin inkişafına, uşaqların problemlərinin həllinə yönəldən ölkəmizin birinci xanımı incə təbiətə, həssas qəlbə sahibdir. Buna Mehriban xanımın həm İçərişəhər sakinləri, həm də Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan "Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşdə bir daha şahid olduq. Hər iki görüş Mehriban xanım Əliyevanın vətənpərvərlik kimi əxlaqi-mənəvi keyfiyyətləri tam dolğunluğu ilə özündə əks etdirdiyini, tarixi-mədəni abidələrimizin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasına həssas münasibətini bir daha göstərdi”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər