• cümə, 29 Mart, 17:29
  • Baku Bakı 14°C

"Qafqazın türk xalqlarından təmizlənməsi» ilə bağlı məxfi sənədlər var”

12.12.19 09:30 10587
"Qafqazın türk xalqlarından təmizlənməsi» ilə bağlı məxfi sənədlər var”
Yəhya Əliyev: "Mənlik olsaydı, o şüarı aparıb BMT-nin qarşısında vurardım”
Şərəfli bir nəslin övladıdır. Ata-babaları Şahsevənlər tayfası, Səfəvilər zümrəsindəndir. Şəcərəni təkcə özü üçün deyil, ümumən hər bir nəsil üçün mühüm hesab edir. "Şəcərəsini bilməyən millətini, Vətənini sevə bilməz” deyir. Bu günlərdə 70 yaşını qeyd edən Türk Xalqları Konqresinin prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Jurnalistlər Assosiasiyasının türk dünyası üzrə sədr müavini, professor Yəhya Əliyev (Canıyar) "Kaspi”yə müsahibəsində hamıya ibrət olan həyat hekayəsindən danışır.
- 1937-ci ildə bizim tayfamız ağır repressiyaya məruz qalıb. Bu, sovet hökumətinin siyasəti idi. Repressiyaya məruz qalan təkcə bizim nəslimiz deyildi. Azərbaycanda üç yüz minə yaxın insan bu siyasətin qurbanı olub. Yüz minə yaxın insan güllələnib, yüz əlli minə yaxın insanın haqqında cinayət işi qaldırılıb, onlar həbs olunub və islah-əmək düşərgələrinə göndərilib. O insanların təxminən 20 faizi geri qayıdıb. Yüz əlli min Azərbaycan ailəsi sürgün olunub. Onlardan biri də bizim ailəmiz idi. Nəslimizdən 36 nəfər, o cümlədən, doğma babam Nurəli xan, Əmiraslan və Böyükağa əmim və üç dayım daxil olmaqla, on doqquz nəfər güllələnib, on yeddi nəfər də həbs olunub və bir daha qayıtmayıblar. Ailəmizi Qazaxıstana sürgün ediblər. Altı ay mal vaqonlarında yol gediblər. Heç kəs bilmirdi ki, onları hara aparırlar. Yolda üç bacım dünyasını dəyişib. Onların cəsədlərini vaqondan atıblar. İnsanlara o cümlədən, bizim tayfaya bu cür divan tutulub, işgəncələr verilib. Sonra da adamları Qazaxıstanda bir səhraya töküb, əllərinə bel verərək "özünüzə qazma hazırlayın” deyiblər. Həmin məşəqqətli hadisələrdən yalnız bir qardaşım sağ qaldı, o da iki il bundan əvvəl vəfat etdi. Atam, anam və qohum-əqrabalarım hamısı Qazaxıstanda vəfat edərək dəfn olunub.

Sürgünə məruz qalan millətlər arasında faizlə götürsək, Azərbaycanda hər on nəfərdən biri sürgün olunub və yaxud cinayət məsuliyyətinə cəlb olunub, güllələnib. Ermənistanda on bir min yeddi yüz, Gürcüstanda iyirmi mindən çox, Azərbaycanda isə üç yüz on min nəfər repressiyaya məruz qalıb. Ona görə, bu fakt, repressiyanın türk xalqlarına qarşı olduğunu deməyə əsas verir. Stalin qəddar, antitürk siyasəti yeridirdi. «Qafqazın türk xalqlarından təmizlənməsi» ilə bağlı məxfi sənədlər var. Böyük Vətən müharibəsinin başlanması bu prosesi yarıda qoydu.

Demək olar ki, bu siyasət indiyə qədər də davam edir. Kinorejissor Oqtay Mirqasımov xatirələrim və sənədlər əsasında «Ağır günlər, xoş xatirələr» adlı bir film çəkib. Mən həmin ekran əsərinin baş məsləhətçisiyəm. 2016-cı ildə film Almaatı kino festivalında laureat oldu.

- Siz doğulandan sonra da repressiya illərinin dəhşətləri bitməyib. Ən çox yadınızda qalanlar nədir?

- Ata babam Qazaxıstanın Cambul vilayətinə sürgün olunub. Mən 1949-cü il dekabrın 5-də Merke rayonunda anadan olmuşam. Bizə "xalq düşməni” kimi yanaşırdılar. Yadımdadır ki, Qazaxıstanda məktəbdə oxuyanda da, küçədə gəzəndə də bizə belə deyirdilər. Bir dəfə müəllim məni belə adla sinifdən qovdu. Bu, ümumi mərkəzdən irəli sürülən bir siyasət idi. 1965-ci ilə qədər biz Qazaxıstanda komendatura altında yaşamışıq. Baxmayaraq ki, 1959-cu ildə, Xuruşov gələndən sonra bütün sürgündə olanların reabilitasiya edilməsi ilə bağlı qərar verdi, amma ondan sonra da Azərbaycana qayıtmağa icazə yox idi. 1965-ci ilə qədər «xalq düşməni» maddəsi bizim üzərimizdən götürülməmişdi. Sonra Brejnev sürgündə olanların bəraəti olunması ilə bağlı sərəncam verdi. Ondan sonra atam Azərbaycana qayıtmağı qarşısına məqsəd qoydu.
- Sizi Azərbaycana çəkib gətirən dədə-baba yurdunun həsrəti idimi?

- Mənim taleyim bir qədər başqadır. Məndən savayı qohumlar Qazaxıstanda yaşamaqda davam edirlər. Üç yüz mindən çox azərbaycanlı artıq Qazaxıstan cəmiyyətinə inteqrasiya olunub. Orada müxtəlif sahələrdə çalışırlar.

Mən məktəbi 1966-cı ildə bitirdim və Azərbaycana getmək istədiyimi bildirdim. Bakıya gəldim. Gecələmək üçün özümə yer tapa bilmədim. Üç gün qonaq evinin qarşısındakı skamyanın üstündə yatdım. Nəhayət, rəhm göstərib bir yer verdilər.

Sənədlərimi hüquq fakültəsinə verdim. İki il staj tələb olunurdu. Xələfov soyadlı dekan «Sən ya tarix, ya da Şərq dilləri fakültəsinə daxil ol, sonra biz səni hüquq fakültəsinə köçürərik» dedi. Mən də imtahanları əla qiymətlərlə verib tarix fakültəsinə qəbul oldum. Universiteti fərqlənmə diplomu ilə bitirdim. O müddətdə ailəmizdə xoş olmayan hadisələr baş verdi, atam, sonra anam rəhmətə getdi. Bu hadisələrdən sonra qardaşlarım Azərbaycana köçmədilər. Mən də institutu bitirəndən sonra azad təyinat olduğu üçün məcbur qalıb Qazaxıstana qayıtdım. Orada komsomolun ikinci katibi vəzifəsində çalışdım və sonra daxili işlər orqanlarına daxil oldum. Adi əməliyyat işçisindən başlayaraq Canbul vilayətinin idarə rəisi vəzifəsinə qədər yüksəldim. Sonra Qazaxıstan universitetində hüquq fakültəsini bitirdim. Daha sonra məni oxumaq üçün Moskvaya, SSRİ DİN-nin Akademiyasına göndərdilər və o məktəbi də fərqlənmə diplomu ilə bitirdim.

O vaxt Azərbaycana gəlməyə çalışsam da, bəzi subyektiv səbəblərdən mümkün olmadı. Mən yenə Qazaxıstanda çalışdım. 90-cı ildə isə sırf Qarabağ hadisələri ilə bağlı Azərbaycana gəldim. Raport yazaraq general-mayor Məhəmməd Əsədovun qəbulunda oldum. İş yerimi Azərbaycana dəyişərək üç il Şuşada istintaq-əməliyyat qrupunun, sonra briqada və korpusun komandiri oldum. Qarabağ uğrunda döyüşlərdə bilavasitə iştirak etdim, yaralandım, girov düşdüm. Orada vuruşlardan, kəndlərin boşalmasından sonra bu qənaətə gəldim ki, üçüncü bir qüvvə qarışmasa, bu münaqişəni həll etmək qısa bir zamanın işidir.

Həmin ərəfədə xeyli layiqli insanları tanıdım. Ramil Usubov mənimlə Şuşada tanış oldu. Döyüşlərdən sonra o, məni Qazaxıstana qayıtmağa qoymadı və işlə təmin etdi. Ondan sonra burada müxtəlif vəzifələrdə işlədim. Artıq on ildir ki, təqaüddəyəm.
- Türk Xalqlarının Ümumdünya Konqresi adlı ictimai təşkilat yaradıbsınız. Bu təşkilatın məramı nədir?

- Türk dünyası deyəndə Dunaydan tutmuş Uzaq Şərqə, Sakit okeana qədər türk xalqları yaşayan coğrafi məkan nəzərdə tutulur. Bu coğrafiyada yüz əllidən çox xalq yaşayır. Türk etnosu, adət-ənənələri, mentaliteti onları birləşdirib və doğmalaşdırıb. Bizim təşkilatın əsas məqsədi türk dünyasının intellektual dirçəlişinə dəstək göstərməkdir. Bilirsiniz ki, türk xalqlarının çox zəngin tarixi var. Dədə-babalarımızın şanlı qələbələri var. Məqsədimiz, uyğun adət-ənənələrimizin bərpası, dilimizin, ədəbi və diplomatik dövlət dili kimi istifadə edilməsi və gələcəkdə də Birləşmiş Millətlər Təşkilatının dillərindən biri kimi təqdim olunmasına nail olmaqdır. Ortaq türk dili məsələsinə nail olmaq üçün biz 33 hərifdən ibarət əlifbanı işləyib təqdim etmişik. Bu işi dünya miqyasında həyata keçirməyə çalışırıq.

- Siz ömrünüz boyu hüquq-mühafizə orqanlarında çalışıbsınız. Bəs bu tədqiqatlar, yazdığınız kitablara marağınız və həvəsiniz hardan qaynaqlanır?

- Türk ruhu mənim ürəyimin ən dərin guşəsindədir. O türk ruhu bizdə qalıb. Biz də gözümüzü açaraq, qazax millətinin bizə münasibətini görərək və özümüzə arxa bilərək yaşadıq. Elə incəliklər var ki, onları izah etmək mümkün deyil. Mən Qazaxıstanda gözümü açandan qazax millətini ətrafımızda gördüm. Atam söhbət edirdi ki, biz yolda aclığa məruz qaldıq. Atamgili Sibirə aparmaq istəyirmişlər. Qatar iki gün Sibir yolunda dayanır. Öyrənəndə ki, onları Sibirə göndərəcəklər, əmimgil danışıqlara gedir, 10 ədəd onluq qızıl verəndən sonra qatarı cənuba yönləndirirlər. Atam deyirdi ki, hər stansiyada dayananda qazaxların bizim dildə danışdıqlarını eşidib. Məndə də gözümü açandan qazaxlara bir doğmalıq yaranıb. Onlar olmasaydı, biz məhv olardıq. Ona görə də, bizdə o millətə qarşı rəğbət yaranıb. Sonradan da gördük ki, onlar bizim qardaşlarımız, eyni soykökün övladlarıdır. Dilimiz, qanımız birdir. Sovet dövründə belə bir iş aparmaq mümkün deyildi, amma bununla belə, bütün ədəbiyyatları oxuyurdum. Atam deyirdi ki, qardaşım xəstə idi və onlar bizə dava-dərman gətirirdilər. Qan doğmalığı olmasa, onlar bu yardımı heç vaxt etməzlər. Ona görə, biz qazaxlarla doğmalaşdıq, onlara qız verib, qız aldıq. Dilin, ənənənin bir olması bizim qazaxları doğma kimi qəbul etməyimizə səbəb oldu. Bəlkə də buna görə, azərbaycanlılara vətənlərinə qayıtmağa icazə veriləndə 5 faizdən çox qayıdan olmadı. Çünki ora da türk məkanıdır. Mən məktəbdə oxuyanda rus dilində Azərbaycan və Qazaxıstan haqqında şeirlər yazırdım. Özümü dərk edəndən sonra isə tamamilə bu yola bağlandım. Biz eyni etnosun övladlarıyıq. Əvvəla, məni etnik mənsubiyyət cəlb etdi. Mən «türkdilli xalqlar» sözünün əleyhinəyəm. Dil əsas komponentlərdən biridir. Dildən başqa adət-ənənə, tarix, vahid coğrafi məkan, psixologiya, mimika, emosiya, hərəkət, intonasiya – bütün türk xalqlarında reaksiyalar da, xasiyyətlər də eynidir. "Türkdilli” deyəndə bu məsələ çox kasıblaşır. Belə çıxır ki, yalnız dilimiz bir-birinə oxşayır. Ona görə də, mən bu sözün «türk xalqları» sözü ilə əvəzolunmasının tərəfdarıyam. Türk dünyası həmişə ümumi xalqların evi olub. Türk dünyası bu coğrafiyada yerləşən bütün millətləri birləşdirərək gözəl nümunələr qoyub. Biz bir etnos, bir xalq, bir millətik. Müxtəlif dialektlərdə danışırıq. Amma ümumi dilimiz olsa və bu dil qəbul olunsa, biz böyük uğura imza atmış olarıq. Əsas dil və təhsildir.

Yazdığım kitablara gəlincə, ilk əsərimi 1965-ci ildə, ikinci kurs tələbəsi olanda çap etdirmişəm. Ancaq məni o əsərə görə xeyli danladılar. Bu cür əziyyətlər çəkmişik, ancaq öz amalımızdan dönməmişik. Hazırda 19 kitab müəllifiyəm və 20-ci kitabımı yazıram.
- Ata-ananızın, qohumlarınızın məzarının Qazaxıstanda olduğunu, yaxınlarınızın orada yaşadığını söylədiniz. Nə vaxtsa oralara həmişəlik qayıtmaq istəyirsinizmi?

- Söhbət qayıtmaqdan getmir. Türk dünyasında sərhədlər yoxdur. Dədə-babalarımız sərhəd qoymayıb, türklər belə yaşayıb. Dünya bizimdir. Bizim dünyəvi fəlsəfəmiz var. Türk dünyasından öyrənməyə çox şey var. Ona görə, ora da mənimdir, bura da – türk dünyası mənimdir. Türklər belə yaşayıblar, dövlətlər yaradıblar, sivilizasiyalar gətiriblər. Biz intellektual inqilabın tərəfdarıyıq. Mən Qarabağda olanda Qazaxıstanın daxili işlər nazirinin müavini Sanlal Serikov könüllü surətdə gəldi və Qarakənddə həlak oldu. 1986-cı ildə Qazaxıstanda hadisələr olanda bütün azərbaycanlılar küçəyə axışdı və 21 nəfəri həbs olundu. Onlardan biri - Vaqif Hüseynov dünyasını dəyişdi. Bu, ürəyin tələbidir. Mən millətçi deyiləm, vətənpərvərəm. Millətçi olmaq üçün gərək bir obraz ola. Obraz olanda millətçilik yaranır. Azərbaycanda elə bir şair-yazıçı tapmaq mümkün deyil ki, millətpərəstliyə, şovinizmə yönəldilmiş bir əsər yazsın. Bizdə millətçilik, şovinizm yoxdur. Zori Balayan «Ocaq»ı yazıb camaatı qaldırdı. Bizdə isə belə bir psixologiya, belə bir tərbiyə yoxdur. Mən istəsəm də, onu yaza bilmərəm, eləsini də tanımıram ki, onu yazsın. Əgər bilsəm ki, orda bəşər nöqteyi-nəzərindən türk dünyasının marağı var, mən ora gedərəm. Türk dünyasının psixologiyası «bütün dünyanın insanlarını öz doğma bacı və qardaşlarınız kimi sevin»dir. Mənlik olsaydı, o şüarı aparıb BMT-nin qarşısında vurardım.
- 70 yaşınızı qeyd etdiniz. İndiyə qədər etmək istədikləriniz etdiklərinizdən çoxdurmu?

- Etmədiyim işlər, əlbəttə, etdiklərimdən qat-qat çoxdur. Mən Mübariz İbrahimov haqqında kitabın müəllifiyəm. Onun haqqında «Turan Mübarizi» adlı kitab yazmışam. Bu kitabı Rusiyanın baş naziri Medvedyevə də bağışladım. Bizim üçün ən böyük qələbələrdən biri "monqol-tatar işğalı” sözünü Rusiya tarixindən və Azərbaycan tarixindən götürməyimizlə bağlıdır. Görmək istədiklərim işlər türk dünyasına yönəli işlərdir.

- Hazırda fərqli gənclik böyüyür. Onlara "rəqəmsal” gənclik də deyirlər. Gənclərə tövsiyəniz nədir?

- Mənim altı nəvəm var. Nəvələrimin biri İngiltərədə, biri Türkiyədə oxuyur, qalanları məktəblidir. Bizim zəmanəmizin gözəl qəhrəmanı var – Mübariz İbrahimov. 2011-ci ildə onun haqqında kitab yazmışam. O, 150 nəfərə yaxın ermənini məhv etdi. Mənim tərbiyəm budur. Nümunə də gözümüzün qabağındadır. Mübariz şeir yazırdı. Onun 39 şeiri var, ancaq o, şair olmadı, qəhrəman oldu. Bu, bizim ürəyimizdir, istəyəndə şeir yazırıq, istəyəndə vuruşuruq. Mənim gənclərə tövsiyəm budur ki, onlar Mübarizə oxşasınlar. Vətəni onun kimi sevsinlər, lazım gələndə, onun kimi döyüşsünlər...

Söhbətləşdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər