• cümə axşamı, 28 mart, 16:49
  • Baku Bakı 16°C

Qafqazın ən yaxşı ali təhsil müəssisəsi olmağı qarşımıza məqsəd qoymuşuq

28.12.18 12:15 1389
Qafqazın ən yaxşı ali təhsil müəssisəsi olmağı qarşımıza məqsəd qoymuşuq
Prezident İlham Əliyevin 2018–ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun MəmmədovAZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
–Ceyhun müəllim, artıq tədris ilinin qış imtahan sessiyasına az qalır. Görülən işlər, tələbələrin fəallığı sizi qane edirmi? Hansı yeniliklər gözlənilir?
-Bəli, bildiyiniz kimi, Prezident İlham Əliyevin 2018–ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun sentyabrın 17-də açılışı oldu. Qısa vaxt ərzində institutun formalaşması istiqamətində zəruri tədbirlər həyata keçirildi, tədris ilinə hazırlıq görüldü. Artıq institutda 2018-2019-cu tədris ilinin birinci yarımili yekunlaşıb. Beynəlxalq standartlara uyğun və dövlətin perspektiv tələbləri əsasında təhsilin səviyyəsini təmin etməyə çalışırıq və düşünürəm ki, biz buna qismən də olsa, nail olmuşuq. Tədris prosesində iştirak edən müəllimlər yüksək səviyyədə təhsil almış alimlər, mütəxəssislərdir.
İnstitut yeni yaradıldığı üçün ilk tədris ilində keçid balı minimum 150 bal götürülüb. Lakin orta ballara nəzər salsaq, görərik ki, islamşünaslıq ixtisası üzrə ən aşağı bal göstəricisi 177, dinşünaslıq üzrə isə 217-dir. Tələbələrlə vaxtaşırı ünsiyyət qururuq, problemləri ilə yaxından maraqlanırıq, onlara dəstək olmağa çalışırıq. Yüksək səviyyəyə, dünyagörüşünə malik ziyalılar yetişdirmək üçün bir çox layihələr həyata keçirir, diskussiyalar, yarışlar, konfranslar, təlimlər təşkil edirik. İşimizdə dünya və qonşu ölkələrin təcrübəsindən bəhrələnirik. İstəyirik ki, tələbələrimiz - gələcəyin ilahiyyatçıları savadlı, kamil mütəxəssislər olmaqla yanaşı, həm də səlis nitq qabiliyyətinə malik natiqlər olsunlar. Buna görə də onların öz seminarlarını təşkil edirik. Tələbələrin, valideynlərin və ictimaiyyətin münasibətini nəzərə alıb deyə bilərəm ki, bu, çox yaxşı effekt verir. Bəli, məhz din xadimi həm də çox yaxşı natiq olmalıdır.
-Yeni yaradılmış ali təhsil ocağında, təbii ki, maarifləndirməyə ehtiyac var. Bu sahədə nə kimi işlər görürsünüz?
-İlk vaxtlar bir qədər çətinliklərimiz oldu. Amma şükür Allaha, bu gün işimizi zamanın tələbləri səviyyəsində qura bilmişik. İnstitutumuzda maarifləndirmə mövzusunda tez-tez seminarlar keçirilir. Buraya müvafiq sahə üzrə alimlər, filosoflar, ilahiyyatçılar dəvət olunur, çıxış edir, tələbələri maraqlandıran sualları cavablandırırlar. Bizim beynəlxalq günlərə, ölkə əhəmiyyətli tarixi hadisələrin ildönümlərinə həsr edilən görüşlərimiz olur. Müxtəlif layihələr həyata keçiririk. Bunlardan ən mühümü ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş layihəmizdir ki, onu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə bu günlərdə sona çatdırdıq. İnstitutumuzda səfirlərlə keçirilən "Səfir saatı”, tələbələrimizin "Tələbə seminarları” layihələrini, ölkəmizin tanınmış simaları ilə görüşləri, təlim və konfransları davam etdirəcəyik.
-Uğurlu şüar seçmisiniz - "Yüksək təhsilin yeni ünvanı!”. Tələbələrə yüksək səviyyədə təhsil vermək üçün nələr edirsiniz?
-Azərbaycan dünyəvi dövlət olduğu üçün burada tədris də dünyəvi mahiyyətdədir. Biz ənənəvi üsullarla yanaşı, dövrün tələblərinə uyğun daha müasir metodlarla tələbələrə dərs deməyə səy göstəririk. Məqsədimiz yüksəkixtisaslı ilahiyyatçı kadrlar yetişdirməkdir. Dinə elmi yanaşırıq və onu elmi əsaslarla, dünya təcrübəsinə uyğun tətbiq edirik. Biz burada din fəlsəfəsi, dinin psixologiyası, sosiologiyası, müqəddəs mətnlər, hind-Çin dinləri, xristianlıq, yəhudilik, müqəddəs kitabların müqayisəli təhlili kimi geniş səpkidə tədrisi həyata keçiririk. İnstitutu bitirən tələbələrin gələcəkdə xarici ölkələrdə təhsillərini müxtəlif istiqamətlərdə davam etdirmələri, xarici dil biliklərini təkmilləşdirmələri nəzərdə tutulur. Xarici dilləri yüksək səviyyədə bilən ilahiyyatçılara da ehtiyacımız var ki, onlar bizi müxtəlif ölkələrdə layiqincə təmsil etsinlər.
-Xüsusi istedadı ilə seçilən, sabahına inamla baxdığınız fərqli tələbələriniz varmı?
-Bəli, çox gözəl nəsillə maraqlı bir tədris həyatı yaşayırıq. Tərbiyəli, oxumağa böyük həvəs göstərən gənclərimiz var. Onların potensialını ortaya çıxarmaq üçün həvəsləndirici üsullara əl atırıq. Əvvəllər utanıb auditoriya qarşısında danışa bilməyən tələbələrimiz bu gün respublika tədbirlərinin iştirakçısı olur, institutumuzu layiqincə təmsil edirlər. Konfranslarda, seminarlarda cəsarətli çıxışları ilə ilklərə imza atırlar. Xüsusi istedadı olan yaradıcı gənclərimiz də var. Belə gənclərə meydan vermək, onları həvəsləndirmək üçün müsabiqə elan etmişik. Qalibləri pulla, dilini öyrəndiyi ölkəyə birhəftəlik səyahət və digər hədiyyələrlə mükafatlandıracağıq.
-Sadaladıqlarınızın hər biri vətənpərvərlik nümunəsidir. Bəs hərbi vətənpərvərlik tərbiyəsini necə aparırsınız?
-Hərbi vətənpərvərlik tərbiyəsini bütün tədbirlərimizdə, dərslərdə, gündəlik təlim-tərbiyə prosesində aparırıq. Torpaqlarımızın 20 faizi işğal altındadır və şəxsən mən o ağrı-acını dadanlardan biriyəm. Doğulduğum kənd düşmən tapdağı altındadır. Dövlət Bayrağı Gününü işğaldan azad edilmiş Cocuq Mərcanlıda keçirdik. Tələbələrimiz gördülər ki, düşməndən 700 metr məsafədə həyat necə qaynayır, Azərbaycan Prezidentinin təkcə bu kəndin abadlığı üçün verdiyi altı Sərəncam necə icra olunur. Çoxları bunu televizorda görmüş, radiodan eşitmiş, KİV-lərdə oxumuşlar. Amma Qarabağın bu bölgəsindən qayıdandan sonra gənclərimizdə düşmənə qəzəb, nifrət, ondan qisas almaq hissinin necə gücləndiyinin şəxsən şahidi oldum. Ali Baş Komandanımız əmr etsə, hamımız döyüşə hazırıq - dedilər. Qürurvericidir, deyilmi?
-Bəli, əlbəttə! Fəaliyyət proqramınızda xaricə səfərlər də yer alıb. Rusiya və Türkiyədə işgüzar görüşləriniz olub. Əməkdaşlıq protokolları imzalanıb. Bu özünü hansı formada göstərəcək?
-Bu il noyabrın 21-dən 23-dək Rusiyanın Perm vilayətində konfransda oldum. Konfrans çərçivəsində buradakı ali məktəblərin və Moskva İslam Universitetinin nümayəndələri ilə görüşdüm. Bu görüşlərdə əməkdaşlıq haqqında müzakirələr aparıldı. Yaxın zamanda protokolları imzalamaq üçün Rusiya Federasiyasına səfərimiz olacaq. Dekabrın 16-dan 22-dək Türkiyənin iki şəhərində - Ankara və İstanbulda işgüzar səfərdə olduq. Artıq Mərmərə, 29 Mayıs və Ankara universitetləri ilə əməkdaşlıq protokolları imzalanıb. Yaxın günlərdə İstanbul Universiteti ilə də müvafiq memorandumun imzalanması nəzərdə tutulur. Bu protokollara əsasən, hər iki ali təhsil müəssisəsi qarşılıqlı olaraq müəllim-tələbə mübadiləsi həyata keçirə biləcək. Bu universitetlərin professor-müəllim heyəti bizim institutda dərs deyəcək, tələbələrimizlə görüşəcəklər. Biz dünya təcrübəsini öyrənərək, Qafqazın ən yaxşı ali təhsil müəssisəsi olmağı qarşımıza məqsəd qoymuşuq. Fikirləşirik ki, birlikdə beynəlxalq konfranslar keçirək, sanballı kadrlar yetişdirmək naminə əlimizdən gələni edək. Sivilizasiyaların qovuşduğu məkanda tolerantlığı ilə tanınan Azərbaycan üçün tolerant ilahiyyatçılar nəsli yetişdirək.
banner

Oxşar Xəbərlər